• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

Uğurlu layihələr xarici investorları bir daha əmin edir ki, Azərbaycan investisiya qoyuluşu üçün etibarlı məkandır

22.01.20 15:15 970
Uğurlu layihələr xarici investorları bir daha əmin edir ki, Azərbaycan investisiya qoyuluşu üçün etibarlı məkandır
Bütün iqtisadi tədbirlər arasında Davos İqtisadi Forumu ən nüfuzlu forum hesab olunur. Elə bu səbəbdəndir ki, bu forumda səsləndirilən fikirlər, aparılan müzakirələr hər zaman geniş ictimaiyyətin diqqətini cəlb edir və daha qlobal miqyasda müzakirələrə səbəb olur.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, bu forum əsnasında hər bir ölkə, onun iqtisadiyyatı, sənayesi, iqtisadiyyatının rəqabət qabiliyyətliliyi, dayanıqlılığı haqqında müəyyən bir fikir və imic formalaşır: "Məhz bu amil xarici investorlar üçün bir strateji xəritə, kompas rolunu oynayır. Ölkənin birinci rəsmi şəxsindən bilavasitə məlumat almaq xarici investorları sövq edir ki, Azərbaycana investisiya qoyuluşunu artırsınlar. Uğurla reallaşdırılan layihələr xarici investorları bir daha əmin edir ki, Azərbaycan investisiya qoyuluşu üçün etibarlı məkandır.
Elə bu səbəbdəndir ki, Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi də Azərbaycanın artan iqtisadi gücünü geniş şəkildə əks etdirir. Bundan əlavə, sözügedən məqalə dünya iqtisadçıları tərəfindən rəğbətlə qarşılanmış və gələcək iqtisadi artıma zəmin yaratmışdır. Prezident İlham Əliyevin builki məqaləsini 2016-cı ildə "Azərbaycan İqtisadiyyatının gələcəyi” başlığı altında nəşr olunan məqaləsi ilə müqayisə etsək, görərik ki, əgər ötən məqalədə dövlət başçısı gələcək islahatlara nəzər salır, proqnozlar verirsə, bu dəfə konkret rəqəmlər göstərir və bu da əvvəlki proqnozların uğurlu nəticəsidir. 2019-cu il üzrə iqtisadi göstəricilərə nəzər salmaq kifayətdir ki, qarşıya qoyulan bütün işlərin uğurla yekunlaşdığının şahidi olaq".
Ş.Həsəvova vurğulayıb ki, sözügedən məqalədə eyni zamanda Azərbaycanın enerji layihələrinin də uğurla icra etdiyini göstərən Prezident İlham Əliyev TANAP layihəsinin önəminə toxunaraq onun Türkiyə və Avropanın enerji təhlükəsizliyindəki artan yerini və rolunu qeyd edir: "Bu, onu deməyə əsas verir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinə öz səmərəli töhvəsini verir və bundan sonra da bu istiqamətdə işləri davam etdirəcək. Uğurla reallaşdırılan bütün layihələr bir daha onu göstərdi ki, Azərbaycan investisiya qoyuluşu üçün etibarlı ölkə, strateji tərəfdaşdır. Hazırda uğurla reallaşdırılan enerji layihələri də bunu deməyə əsas verir.
Ümumilikdə 2019-cu il üzrə iqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, ümumi daxili məhsul 2,2 faiz artmışdır, qeyri-neft sektorunda isə bu artım 3,5 faiz olmuşdur. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə 14 faizdir. Bu artım həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində qeydə alınmışdır. 2019-cu ilin iqtisadi uğurları arasında Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etməsini xüsusilə qeyd etmək lazımdır. Bu, onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyev tərəfindən aparılan köklü islahatlar dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də rəğbətlə qarşılanır".
banner

Oxşar Xəbərlər