Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?-CƏMİYYƏT
Keçirdikləri
stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə
ifadə etmək məcburiyyətində qalırlar. Ən çox da bu vərdişlər üç-dörd yaşından
sonra yaranmağa başlayır.
"Qızımın 2 yaşı var. İməkləyəndən fikir verirəm ki, xalçada, yaxud divanın üstündə tük görəndə ağzına aparır. Düzdür, uşaqlar bir çox əşyalarla belə davranırlar. Amma fikir verirəm ki, bu uşaq daha çox tük görəndə diqqətini çəkir. Nə qədər tərgitdirməyə çalışsaq da, hələ ki faydası olmayıb” - bu sözlər valideyn Ülvi Yaqubluya aiddir. Yəqin ki, hamımız azyaşlı uşaqlarda saçı yolmaq, saçı yemək, barmaq sormaq, dırnaq yemək və s. kimi davranışların olduğunu müşahidə etmişik. Çox vaxt bunlara uşaq vərdişləri deyib keçirik. Amma bəzən qalıcı da olur. Məsələn, Fəridə Quliyevanın övladındakı kimi: "10 yaşında oğlum var. Uşağın dırnaqlarını hər dəfə kəsmək istədikdə görürəm ki, artıq dişləri ilə həll edib. Bu vərdiş övladımda uzun müddətdir var. Hər dəfə danlasaq da, "etmə” desək də, bu davranışından əl çəkə bilmir”.
Sual
yaranır: Bizim uşaq vərdişi dediyimiz hallar niyə uşaq böyüdükcə keçib getmir?
Ümumiyyətlə, bunlar uşaqlıq vərdişidir, yoxsa problemin göstəricisi?
Qayğı, sevgi, diqqət görməyəndə
Psixoloq
Aygül Məlikova
deyir ki, uşaqlarda dırnaq yemək, saç yolmaq kimi zərərli vərdişlərin səbəbi
iki faktor ola bilər: "Uşaqların doğulandan iki yaşına qədər olan mərhələlərinə
baxmalıyıq. Uşaqlar ailədən yetərincə qayğı, sevgi, diqqət görməyəndə diqqət çəkmək
məqsədi ilə bunları edə bilərlər. Yaxud da ailədə normadan çox diqqət, qayğı,
sevgi görüb, amma bağçada, məktəbdə öz yaşıdları ilə ünsiyyətdə bunları görmədikdə,
o zaman da etmələri mümkündür. Bəzən uşaqlar dırnaqlarını eyni ölçüdə görmək
istəyir və qayçı ilə alınmayacağını düşünürlər. Ona görə də dırnaqlarını yeyərək
eyni ölçüdə saxlamaq istəyirlər”.
Daim valideynlərə izah edirik ki...
Pediatr
Gülnar Abdullayeva
bildirir ki, uşaqlarda zərərli vərdişlər hər hansı xəstəliyin göstəricisi
deyil, daha çox psixoloji faktorlar nəticəsində meydana gəlir: "Uşaqlar
keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə
ifadə etmək məcburiyyətində qalırlar. Ən çox bu vərdişlər üç-dörd yaşından
sonra yaranmağa başlayır. Uşaq daim ananın, atanın yanında olursa, bağçaya gedəndə
və ya valideynlər, xüsusən də ana işə getdikdə, onlardan uzaq qaldığı üçün
dırnaq yemək pozğunluqları yaranır və vərdişə çevrilir. Əşyaları dişləmək kiçik
yaşlı uşaqlarda rast gəlinə bilən hadisə olub, aqressivlik nəticəsində yarana
bilir. Həmişə valideynlərə izah edirik ki, böyüklər bir əşyanın bərk və yumşaq
olduğunu öyrənmək üçün ona əli ilə toxunur, amma uşaqlar ağızlarına aparmaqla
bunu hiss edir. Bu vərdiş üç ayından əmələ gəlir, on səkkiz aya kimi davam edə
bilir. Sonra öz-özünə keçib gedir. Saçı yolmaq, yemək ən çox psixoloji durum nəticəsində
əmələ gəlir. Biz bunları aradan qaldırmaq üçün psixoloji dəstək məsləhət
görürük”.
Yaranma səbəbindən asılıdır
Aygül Məlikovanın
sözlərinə görə, vərdişlərin qalıcı olub-olmamağı, onun yaranma səbəbindən
asılıdır: "Əgər travmaları yoxdursa, çox hallarda bu davranışın qalıcı olduğunu
müşahidə etmirik. Ağır travma keçiriblərsə, buna bağlı olaraq barmaqlarını
sormağa davam edirlərsə, qalıcı ola bilər. Dırnaqlarını yemək gərginlik və
obsessiyalara bağlı olduğuna görə, bəzən qalıcı olur”.
Vərdişlərin fəsadlarıPsixoloq bildirir ki, zərərli vərdişlər qalıcı
olarsa, orqanizmdə müəyyən fəsadlara səbəb ola bilər: "Vərdişlərin hansı fəsadlar
verməsinə də diqqət etməliyik. Məsələn, saçı yolmaq, yemək kimi zərərli vərdişlər
zamanı tüklər uşaqların mədələrində toplana və sonra mədə spazmasına səbəb ola
bilir. Dırnaq yeyən, barmaq soran uşaqların artikular aparatında, xüsusilə də, damaq hissəsində
fəsadlara çox rast gəlirik”.
Psixoloq dəstəyiA.Məlikovanın sözlərinə görə, bu vərdişlər zamanı
psixoloji yardım almaq vacibdir: "Qalıcı olmamağı üçün yaxşı olar ki, zamanında
düzgün terapiya alsınlar. Saçı yemək, yolmaq və yaxud da əşyaları dişləmək kimi
problemlər zamanı, uşaqdırsa, uşaq psixiatrından, yetkindirsə, yetkin
psixiatrından məsləhət almağı, müalicə qəbul etməyi vacib hesab edirik. Çünki bəzən
yalnız psixoloqun dəstəyi yetərli olmur”.
Nələri etmək olmaz?
Pediatr deyir ki, valideynlərin bəzi davranışları
uşaqları daha da qıcıqlandıra bilər: "Həmin zaman uşağa gülmək, lağ etmək və ya
yaxşı bir hərəkət edirmiş kimi alqışlamaq olmaz. Ağızlarına vurmaq, "bir də eləsən
dilinə istiot çəkərəm”, "yandıraram”, "olmaz”, "eləmə” demək, şillə vurmaq
tövsiyə olunmur. Bunlar, onun bu hərəkətləri artırmasına səbəb olacaq. Bu vərdişləri
etdiyi zaman, sadəcə fikrini yayındırmaq, başqa yerə yönəltmək lazımdır”.
Zərif Salmanlı