• şənbə, 27 Iyul, 12:05
  • Baku Bakı 28°C

Ulu Öndər ehtiramla anıldı

11.05.24 00:08 1895
Ulu Öndər ehtiramla anıldı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər. Gün ərzində Ulu Öndərin parlaq xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılıb.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam oldu. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad edib.

Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Dövlət rəsmiləri Fəxri xiyabanda

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Xalq Fəxri xiyabana axın etdi

Qeyd edək ki, Ulu Öndərin parlaq xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılıb.

Dünən səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, ruhu qarşısında baş əyiblər. Məzar və abidə önünə təzə-tər güllər düzülüb, əklillər qoyulub. Dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq duyğuları ilə xatırlanıb.

Müasir tariximizin bütöv bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyev həyatda olmasa da, mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır. Qarabağın azadlığa qovuşması, dövlət suverenliyimizin tam bərpası əsası ulu öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının məntiqi nəticəsidir.
Xalqımız Azərbaycanın qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.

Fəxri xiyabandakı izdiham bir daha göstərir ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.

 

banner

Oxşar Xəbərlər