Ucalıq

Bakı Dövlət Universitetinin ikinci kursunda
oxuyurdum. İyun ayı idi və semestr imtahanları başlanmışdı. Hər imtahana ciddi hazırlaşırdım. Boş vaxtım
olanda ya qaldığım yataqxananın həyətində gəzişir, ya da yataqxananın birinci mərtəbəsində yerləşən ümumi zala enirdim. Orada televizor
qoyulmuşdu. Həmin gün də yorğunluğumu çıxarmaq üçün ora endim. Televiziyanın «Xəbərlər»
proqramı gedirdi, belə bir informasiya verildi ki, Azərbaycan KP MK-nın plenumu
keçirilib, plenum təşkilat məsələsinə baxıb və Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçilib. Mən bu iki il ərzində Azərbaycanda baş verən
proseslərlə qətiyyən maraqlanmamışdım, fikirləşirdim ki, tələbə babayam, dərslərimi
oxuyum, «beş»lərimi alım (əlaçı idim) bəsimdir, yolum universitet, bir də
Axundov kitabxanasına düşürdü. Kitablara qapılmışdım.
Heydər Əliyev hakimiyyətə gəldi və onun elə ilk
aylardan başlayaraq Azərbaycanda apardığı böyük işlər, quruculuq missiyası,
xüsusilə neqativ hallara qarşı kəskin mübarizəsi məndə bu böyük şəxsiyyətə
qarşı dərin bir maraq oyatdı. Azərbaycan
SSRİ miqyasında o qədər də tanınmayan bir respublikadan şöhrətli bir
respublikaya çevrildi. Heydər Əliyev Azərbaycanı diriltdi, onu nəinki SSRİ
miqyasında, bütün dünyada tanıtdı. Açığını deyim, mən onun vurğununa çevrildim.
O, hər il Azərbaycandan SSRİ-nin müxtəlif
şəhərlərinə təhsil almağa yollanan gəncləri qəbul edir, onlara xeyir-dua
verirdi. Gənclər onu sevirdilər və bu sevgi qarşılıqlı idi.
Çox tezliklə Azərbaycan sənayedə, kənd təsərrüfatında
qabaqcıl respublikalardan birinə çevrildi. Heydər Əliyevin səyi ilə Azərbaycan
nəhəng bir tikinti poliqonuna çevrildi, yeni fabriklər, zavodlar inşa edildi, təhsil,
mədəniyyət sahəsində misli görünməmiş nailiyyətlər əldə edildi. Xalq onu sevirdi
və onu həmişə xalqla ünsiyyətdə, xalqın arasında görürdük. Onun mədəniyyətə,
xüsusilə ədəbiyyata göstərdiyi qayğı isə tariximizin ən yaddaqalan səhifələridir.
Elə bir vaxt gəldi ki, Heydər Əliyev bir müddət Azərbaycandan
ayrılmalı oldu. O, Moskvada böyük bir vəzifəyə təyin olundu və öz tükənməz
yaradıcılıq enerjisini daha böyük bir miqyasda həyata keçirməyə başladı. Biz fəxr
edirdik, öyünürdük ki, Heydər Əliyev yeganə azərbaycanlıdır ki, SSRİ-ni idarə
edənlərdən biridir. Amma məlum hadisələr baş verdi və Kreml «bosları» onu vəzifədən
uzaqlaşdırdılar. Böyük şəxsiyyətlərin həyatında belə hadisələr olur - Qorbaçov
və erməni mafiyası elə zənn etdilər ki, istəklərinə çatıblar. Amma Heydər
Əliyev sarsılmadı, xalqımızın ağır günlərində 20 Yanvar qırğınını törədən
günahkarları ittiham etdi. Bu, böyük cəsarət idi. Bu zaman Azərbaycanda məmləkətimizin
müstəqilliyi - azadlığı məsələsi həll olunurdu. Xalq ayağa qalxmışdı, lakin
aparıcı bir Liderə ehtiyac duyurdu. Və bu zaman Heydər Əliyev Azərbaycana
döndü. İflasa uğramış Azərbaycan rəhbərliyi dərk elədi ki, onlar bu xalqı irəli
apara bilməyəcəklər. O zaman Heydər Əliyev xalqın tələbilə yenidən hakimiyyətə
gəldi. Çətin, üzüntülü illər başlandı, amma Heydər Əliyev öz möhkəm iradəsi,
böyük təşkilatçılıq bacarığı ilə Azərbaycanı bəlalardan xilas etdi. 1993-cü ildəki
zəif, iqtisadiyyatı geridə qalmış bir ölkə bir neçə ildən sonra tədricən güclü,
qüdrətli bir məmləkətə çevrildi. Beynəlxalq aləmdə - dünya miqyasında məhz onun
mövqeyi çox şeyi həll etdi. Ordumuz qüvvətləndi. Sənayemiz tərəqqi etdi. Kənd təsərrüfatı
sürətlə inkişaf etdi. Azərbaycan nefti onun qüdrətinin göstəricisinə çevrildi.
Heydər Əliyevin sayəsində mədəniyyətimiz yeni bir mərhələyə
qədəm qoydu. Azərbaycan ədəbiyyatı, bu ədəbiyyatın aparıcı qüvvələri Heydər
Əliyevin simasında böyük messanatlarını gördülər.
Bu dünyada mənim - bir Azərbaycan söz adamının-tənqidçinin
ən böyük arzusu o olub ki, Heydər Əliyevi - o böyük şəxsiyyəti lap yaxından
görüm, onun qarşısında bir dəqiqə də olsa, çıxış edim, ürək sözlərimi söyləyim.
Bu, xəyal idi. Amma bir gün bu xəyal həqiqətə çevrildi. 1997-ci ildə –Azərbaycan
yazıçılarının X qurultayı ərəfəsində, səhv eləmirəmsə, 31 oktyabrda nazir Əbülfəz
Qarayev mənə zəng etdi. Dedi ki, bu gün Prezidentimiz cavan yazarlarla görüşmək
istəyir. Siz cavanların yaradıcılığından xeyli yazılar yazmısınız, on-on beş dəqiqə
Heydər müəllimin qarşısında çıxış edəcəksiniz, hazırlaşın. Həmin gün mən xəstə
idim, amma Prezidentin qarşısında çıxış edəcəyimi düşünüb hazırlaşdım. Deməli,
xəyal həqiqətə çevrilir.
Mənim tənqidçi kimi fəaliyyətimin böyük bir qismini
ədəbi gəncliklə bağlı yazılarım təşkil edir. Artıq bir neçə ədəbi nəslin
yaradıcılığını izləmişəm, həm onların ümumi yaradıcılıq problemləri, həm də
ayrı-ayrılıqda hər birisinin yazıları haqda söz açan onlarla məqalələrim,
resenziyalarım işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin bir müşavirəsində
(1997-ci ildə) bu mövzuda məruzə də etmişəm. Ona görə də bu mövzu heç bir çətinlik
törətmirdi. Amma söhbət Prezidentin qarşısında çıxış etməkdən gedirdi.
Saat 4-də Prezident bizi qəbul etdi. Çox səmimi
görünürdü. Elə bil özü də xeyli cavanlaşmışdı. Mən həmişə onun yazıçılarla, sənət
adamları ilə görüşlərində sifətinin necə işıqlandığını müşahidə etmişdim. Heydər
Əliyev Azərbaycan yazıçılarını sevirdi və qoruyurdu. Vaxtilə, neçə əsr əvvəl
Şah İsmayıl Xətai də sənətkarları belə sevirmiş. Döyüşlərə yollananda o, sənət
adamlarını mağarada gizlədirmiş ki, onlar təhlükədən uzaq olsunlar. Belə bir
missiyanı Heydər Əliyevin simasında, daha parlaq şəkildə gördük.
Görüş başlandı. Əvvəldə Prezident Heydər Əliyev
danışdı. Ədəbi gənclik haqqında çox önəmli fikirlər söylədi. Sonra Yazıçılar
Birliyinin sədri Anar müəllim söz aldı. Anar müəllim çıxışının sonunu belə
bitirdi: «Güman edirəm ki, buraya toplaşanların taleyini heç kəs əvvəlcədən xəbər
verə bilməz. Amma mən arzu edərdim ki, onların yaradıcılıq taleyi uğurlu olsun
və gələn görüşlərdə hörmətli Prezident bugünkü gənclər Sizinlə artıq
ağsaqqallar kimi görüşsünlər və onlardan sonra gənc nəsil gəlsin. Hələ ağsaqqal
olana qədər onlar cavandırlar, burada çıxış edib öz sözlərini deyə bilərlər.
Mən xahiş edərdim ki, tənqidçi Vaqif Yusifli onların yaradıcılığı
haqqında qısa məlumat versin».
Mən kürsüyə qalxdım. Ani olaraq Prezidentə baxdım.
O işıqlı təbəssümü gördüm və qorxu, həyəcan bir andaca çəkilib getdi. Və
çıxışıma başladım.
- Hörmətli Prezident!
Hörmətli görüş iştirakçıları!
Çağdaş Azərbaycan ədəbiyyatının cavan nəsli ilə keçirilən
belə bir görüş, heç şübhəsiz, ədəbi-tarixi bir görüşdür və belə bir missiyanın
yerinə yetirilməsidir.
Hörmətli Prezidentimiz əvvəlki illərdə də
cavanların yaradıcılığı ilə ciddi maraqlanmış, onların ayrı-ayrı əsərlərinə,
bütöv yaradıcılıqlarına öz münasibətini bildirmişdir.
Yazıçıların X qurultayı ərəfəsində ədəbiyyatımızın
gələcəyi olan istedadlı gəncliyin ölkə Prezidentinin məsləhət və tövsiyələrini,
xeyir-dualarını eşitməsi xoşdur.
Qədim yunan filosofu Sokratın belə bir məşhur kəlamı
var: «Bircə şey bilirəm ki, heç bir şey bilmirəm». Əslində, bu müdrik kəlamı
söyləyənə qədər Sokrat çox şey bilirdi, zəmanəsinin ən böyük filosofu səviyyəsinə
yüksəlmişdi. Lakin çox bilməyi ilə
öyünmürdü və bildiklərini bilmədiklərinin
müqabilində dəryadan, ümmandan bir zərrə hesab edirdi.
Bu gün hər bir gəncin söz eşitməyə, öz yaradıcılığı
barədə hansısa bir tövsiyəni eşitməyə doğrudan da böyük ehtiyacı vardır. Əlbəttə,
onların istedadının, yaradıcılığının daha da çiçəklənməsi, üzə çıxması üçün belə
bir görüşdən çox şey gözləyirlər. Hörmətli Prezident, onların adından Sizə öz
minnətdarlığımı bildirirəm.
Mən əvvəlcə hörmətli Prezidentimizi buradakı gənclərin
adları ilə tanış etmək istəyirəm. Burada ədəbiyyatın müxtəlif janrlarında
yazıb-yaradan gənclər əyləşiblər. Gənc nasir Mübariz Cəfərlinin bir neçə hekayə
və povest kitabı çıxıb. Onun yanında oturan Orxan Fikrətoğlu gözəl şairimiz
Fikrət Sadığın oğludur, o, bir neçə hekayələr kitabının müəllifidir. Daha sonra - «Ulduz» jurnalının baş redaktoru
Ələkbər Salahzadə, «Ədəbiyyat qəzeti»nin
redaktor müavini Tehran Əlişanoğlu, gənc şair Əjdər Ol, orijinal yazıları ilə
diqqəti cəlb edən gənc şairlər- Salam Sarvan, Əlizadə Nuri, Saday Şəkərli,
Yalçın Qoca, Mahirə Abdulla, Mahir Qarayev, yaşı az olsa da öz elmi yazıları ilə
professorluq səviyyəsinə çox tez yüksələn tənqidçi-ədəbiyyatşünas Nizami Cəfərov,
özünü gənclikdən qətiyyən ayırmayan filologiya elmləri doktoru Rafael Hüseynov,
gənc ədəbiyyatşünas Şəlalə Hüseynova, yazıçı Xeyrəddin Qoca, yaradıcılığa yeni
başlayan Səyyad Aran.
Daha sonra-lap gənc, istedadlı şair, ilk şeir
kitabının müəllifi İlqar İlkin, adı çəkilən «Avanqard» ədəbi birliyinin rəhbəri
Dəyanət Osmanlı, iki şairə bacımız Səhər və Təranə, gənc şairlər- Əkbər Qoşalı
və Mətləb Ağa, bu yaxınlarda 40 yaşını qeyd edən gözəl şairimiz Rüstəm Behrudi.
Daha sonra-gənc şairlər Maarif Soltan, Vaqif Bəhmənli,
Akif Əhmədgil, Akif Səməd, Musa Urud, gənc nasir Saday Budaqlı, gənc tənqidçilər
Arif Əmrahoğlu, Cavanşir Yusifli.
Hörmətli prezident, əlbəttə, ədəbiyyatı nəsillər
üzrə təsnifləşdirmək, cavan, orta, yaşlı nəsil bölgüləri üzrə bir-birindən seçmək,
ayırmaq, fərqləndirmək heç bir zaman xeyir verməyib. Müxtəlif dövrlərdə ədəbiyyatda
bu cür ayrı-seçkilik bəzən cavanların istedadları qarşısında bir sədd çəkib.
Heç şübhəsiz, ədəbiyyatı nəsillər yox, müxtəlif nəsillərin yaratdığı əsərlər,
özü də ən yaxşı əsərlər tanıdıb. Yəni ən yaxşı əsərlərin nə cavanı, nə orta
yaşlısı, nə də qocası olur. Ən yaxşı əsərlərin
əbədisi olur, uzunömürlüsü olur. Amma
bir fakt, bir həqiqət danılmazdır ki, ədəbiyyatda şərti mənada işlədilən «yeni
nəsil» ifadəsi daha çox ədəbiyyatda yenilik, novatorluq məfhumu ilə
çarpazlaşır. Ədəbiyyata yeni nəsil gəlirsə, bu yeni nəsil gərək ədəbiyyata yeni
səs, hava, çalar, yeni ideyalar gətirsin.
20-ci illərin axırlarını -30-cu illərin əvvəllərini
xatırlamaq kifayətdir. Bu illərdə yeni nəsil - Azərbaycan sovet ədəbiyyatının
yaradıcıları hesab olunacaq gənclər diqqət mərkəzində idilər- şairlərdən Səməd
Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məmməd Rahim, Osman Sarıvəlli,
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, nasirlərdən Mirzə İbrahimov, Mehdi Hüseyn, Mir
Cəlal, Əbülhəsən, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı və başqaları.
Çox keçmədən, elə otuzuncu illərin əvvəllərində
onlar öz yaradıcılıqları ilə ədəbi mühitdə özlərini təsdiq etdilər, bir nəsil
kimi formalaşdılar. Müharibə illərində və sonrakı dövrdə ədəbiyyata ikinci bir
nəsil gəldi - Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Qabil, Əliağa
Kürçaylı, Adil Babayev, İslam Səfərli, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli,
Hüseyn Abbaszadə, Vidadi Babanlı, Əzizə Cəfərzadə.. Çox keçmədən bu nəsil də öz
istedadı sayəsində ədəbiyyatın aparıcı qüvvələrinə çevrilməyə başladı.
50-ci illərin ortaları, 60-cı illərin əvvəllərində
Azərbaycan ədəbiyyatının müxtəlif nəsilləri içərisində yeni bir nəsil də seçilməyə
başladı - Əli Kərim, Məmməd Araz, Nəriman Həsənzadə, Xəlil Rza, Cabir Novruz,
Fikrət Sadıq, Hüseyn Kürdoğlu, Yusif Səmədoğlu, Əkrəm Əylisli, Fərman Kərimzadə,
Tofiq Bayram, Anar, Elçin, İsi Məlikzadə, Maqsud və Rüstəm İbrahimbəyov
qardaşları, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə Məmməd Aslan, İsa İsmayılzadə, Məmməd
İsmayıl, Musa Yaqub, Səyavuş Sərxanlı -
bu nəsil öz yaradıcılığı ilə ədəbiyyatımızı xeyli zənginləşdirdi.
Daha sonrakı onilliklərdə, 70-80-ci illərdə də ədəbiyyat beləcə yeni səslər, nəfəslər ilə diqqəti
cəlb etdi. Nəhayət, bu gün buraya toplaşan
ədəbi gəncliyi yeni nəsil hesab etməyə tam mənəvi haqqımız var. Mən bu gün bir
tənqidçi kimi bu ədəbi nəsil haqqında bədgüman deyiləm. Yəni çağdaş Azərbaycan ədəbiyyatının
bu cavan qolu sənətin sabahına - XXI əsrin ədəbiyyatına müəyyən dərəcədə bir
inam yaradır. Bu inamı onlar öz yaradıcılıqları ilə, dünyaya, gerçəkliyə, həyata
yeni , orijinal baxışları ilə yaratmışlar. Onların içərisində ola bilsin, ədəbiyyat
aləmində, müəyyən mənada hələ öz cığırını çox çətinliklə tapan, hələ
eksperimentlərə uyan, axtarışlar aparan gənclər var.
Hörmətli Prezident, bugün bilavasitə ədəbi gəncliyin
qayğıları və problemləri ilə bağlı mən ancaq bir məsələni sizin nəzərinizə
çatdırmaq istəyirəm. Ola bilsin, bizim gənclərimiz-cavan şairlər, nasirlər
onları düşündürən qayğılarla, problemlərlə əlaqədar öz sözlərini deyəcəklər. Qoqolun belə bir sözü var: «Gənclik ona görə
xoşbəxtdir ki, onun gələcəyi var». Əgər ədəbiyyatımızın
gələcəyi doğrudan da bu gənclikdən
asılıdırsa, onda bu gənclərin ümumi yaradıcılıq problemlərinin həllinə yönəldilmiş səylər bir yerdə birləşməlidir. Vaxtilə bizdə
«Ulduz» jurnalı nəşr olunurdu. İndi maliyyə çətinlikləri üzündən həmin aylıq
jurnal ildə zor-bəla bir dəfə işıq üzü görür.
Ona görə də bu jurnalın tam nəşrinə qayğı lazımdır. Çünki «Ulduz» jurnalı cavanların üz tutduğu
birinci dərgidir. Mən hörmətli Fikrət Qocanın 1995-ci ildə keçirilən yubileyini
xatırlayıram. O tədbirdə «Azərbaycan» jurnalından və «Ədəbiyyat qəzeti»ndən söz
düşdü. Siz, hörmətli Prezident, «Azərbaycan» jurnalının -hansı ki, o jurnal ədəbiyyatımızın
güzgüsüdür- çətin maliyyə səbəbləri üzündən az qala öz nəşrini dayandırdığını
eşidib elə oradaca tapşırıq verdiniz ki, jurnalın nəşri qaydasına düşsün. İndi
sizin qayğınız öz bəhrəsini verir, «Azərbayjan» və «Qobustan» jurnalları
vaxtaşırı çıxır. Ədəbiyyat jurnallarda yaşayır, jurnal-qəzet ədəbiyyatın
güzgüsüdür, saf aynasıdır. Məhz ədəbi gəncliyi də bu nəşrlər ətrafında birləşdirmək
daha məqsədəuyğundur.
Mən çıxışımı hörmətli Prezidentə öz adımdan və
buraya toplaşan cavanlar adından minnətdarlığımı bildirməklə bitirmək istəyirəm.
Böyük Hüseyn Cavidin bir misrasını xatırlayıram: «Türkün nicatı-Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət». Mədəniyyətimizi
yaşatmaq istəyiriksə, onun bir qolu da cavan şairlərdir, yazıçılardır,
ümid edirəm ki, mədəniyyətimiz yaşayacaq,
XXI əsrdə də öz ənənələrini davam etdirəcək.
Çıxışımı bitirdim və hiss etdim ki, Prezident razı
qaldı. Bu, mənim unuda bilmədiyim bir hadisə oldu. Mən o UCALIQ qarşısında, o böyük şəxsiyyətin önündə çıxış
etdiyimə görə özümü xoşbəxt hesab edirəm.
Vaqif YUSİFLİ
