Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Günləri
keçiriləcəyini hələ 2 ay öncə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov bildirmişdi və bu xüsusda qarşılıqlı
işlər, səfər hazırlıqları həmin vaxtdan görülməkdə idi. Ölkəmizi təmsil edəcək
sənətkarlar isə dəqiq və zövqlü seçimlər idi: Əməkdar artistlər Bəyimxanım
Vəliyeva və Ehtiram Hüseynov. Müasir muğam sənətimizin mahir ifaçıları,
dinləyicilərə daim zövq aşılamağı bacaran, sənəti əsl sənət hörmətində təqdim
etməyi özlərinə yaradıcılıq məqsədi seçmiş bu iki dəyərli sənətkarlarla yol
yoldaşı olmaq, onların mədəniyyətimizi hansı hörmətdə təqdim etməsinə şahidlik
etmək, əlbəttə ki, maraqlı idi. Qısa
müddət ərzində hazırlıqlar, yeni musiqilərin yazılması, özbək dilində
mahnıların hazırlanması və oradakı auditoriyanın zövqünü nəzərə alaraq seçilən
mahnılar olduqca gərgin bir iş prosesdən xəbər verirdi. Həmin prosesi yaxından
izləyən, sənətkarlarımızla bu işlərdə ünsiyyətdə olan biri kimi deyə bilərəm
ki, bütün hazırlıqlar həm də bizi
gözləyən "Böyük gün”ün müjdəçisi idi. Bildiyiniz kimi, ölkəmizin təbliği
istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi gərəkli və
millətəlazım işlər görür və həmin işlərin siyahısını yazmağa "dəryalar mürəkkəb
qamışlar qələm” olsa çatmaz. Hər səfərimdə adı çəkilən mərkəzə gedəndə bütün
işçiləri tələskən, həyəcanlı görəndə, gərgin qaçhaqovlarına fikir verəndə başa
düşürəm ki, başda mərkəzin direktoru olmaqla əməkdaşların əksəri daim
mədəniyyətimiz və ədəbiyyatımız üçün səfərbərdirlər, bütün gücləri ilə
çalışırlar, xalqımızı, millətimizi, dövlətimizi Özbəkistanda gərəyincə təbliğ
edirlər.
Vaxt bietibardır, bir də gördün elə xəbərsiz ötüb-keçdi, arxadakı
ayların, günlərin "xatirə tüstüsü” elə uzaqdan göründü ki... Bu dəfə də dəyişən
bir şey olmadı. Yenə də aylar sürətlə keçdi və deyilən vaxt gəlib yetişdi. Bir
də onu gördük ki, səhər hava limanında Özbəkistandakı Heydər Əliyev adına
Mədəniyyət Mərkəzinin dəvəti ilə 4 nəfər – Beynəlxalq Mətbuat Mərkəzinin
direktoru Azər Vəliyev, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov
və mən artıq yol üstəyik…
İLK GÜN
Yol boyunca Özbəkistan haqqında səfər yoldaşlarımla adı çəkilən
ölkədəki reallıqlar, tarixi hadisələr, mərkəzin fəaliyyəti barədə söhbət
edirdik və əlbəttə ki, getdiyimiz gün Sırdərya vilayətini Gülüstan şəhərində
baş tutacaq konsert haqqında söhbətləşir, əhatəli planlarımızı müzakirə
edirdik. Söhbət yolumuzu "qısaltdı”, bir də gördük hava limanına enişlə bağlı
"xəbərdarlıq” oxunur. Hava gözəl idi, – Daşkənd bizi "qaşqabaqlı”
qarşılamamışdı. Hava Limanında bizi mərkəzin direktoru və əməkdaşları
qarşıladılar, diplomatik nümayəndələrin köməyi ilə asanca pasport yoxlanışından
keçib "Özbəkistan” otelində yerləşdik. Bir-iki saat dincələndən sonra, nahar
edib üz tutduq Sırdərya vilayətinin mərkəzi Gülüstan şəhərinə
Sırdəryaya gedən yolların nahamarlığı bizi yorsa da, təbiətinin,
havasının gözəlliyi, insanların istiqanlılığı, təbiiliyi, həyatın qaynarlığı
hər cür narahatlığı gözardı etməyə bəs etdi. Gülüstan şəhəri olduqca
heyrətamiz, yaşıllıqlarla zəngin, gözəl parkları, geniş prospektləri,
gözoxşayan binaları ilə seçilən bir yerdir. Xüsusən isə şəhərdəki teatr
binalarının quruluşu çox diqqətçəkən idi. Gəlib gördük ki, artıq Gülüstan şəhərindəki Nəvai adına mərkəzi parkda "Azərbaycan
mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışına xeyli sayda yerli əhali
toplanıb və həsrətlə tədbirlərin başlanacağı vaxtı gözləyirlər. Təşkil edilən
sərgilər onlara konsert başlayana qədərki vaxtı səmərəli keçirməyə kömək
edirdi. Belə ki, parkda "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı sərgi
təqdim olunmuşdu. Sərgidə milli mədəniyyətimiz, habelə ölkəmizin əldə etdiyi
nailiyyətlər, dövlətçiliyimizlə bağlı nəşrlər, xalçalar, suvenirlər, milli
geyimlər nümayiş etdirilirdi. Tədbirdə şəhər rəhbərliyi, vilayət
ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, yerli
azərbaycanlılar, jurnalistlər iştirak edirdilər.
Bu yerdə qeyd edim ki, vilayətdə həm də çoxlu sayda
azərbaycanlı yaşayırlar. Bundan başqa, ayrıcı kitab sərgisi də fəaliyyət
göstərirdi. Burada Azərbaycan dövlətçiliyinə, siyasi xadimlərə, mədəniyyət və
ədəbiyyatımıza aid dəyərli kitablar sərgilənirdi. Günəş yandırmaqda davam etsə
də, getdikcə kölgənin də "hakimiyyəti güclənirdi” və bu da tamaşaçıların
konserti rahat izləməsinə şərait yaradırdı. Axır ki, gözlənilən an gəldi –
tədbir başladı. Tədbir haqqında, onun mahiyyəti barədə, Azərbaycan mədəniyyəti
haqqında danışan aparıcı sözü Sırdərya vilayət hakiminin müavini Otabek
Abduqaniyevə verdi. O, Azərbaycan mədəniyyətinə həsr olunan belə tədbirlərin
əhəmiyyətindən danışdı, vilayətdə digər millətlər kimi azərbaycanlıların da
yaşadığını, onların bölgənin inkişafına öz töhfələrini verdiklərini qeyd etdi
və hər iki xalqın mədəniyyətinin, adət-ənənələrinin bir-birinə çox yaxın
olduğunu vurğuladı.
Sonra səhnəyə Mərkəzin direktoru Samir Abbasov
dəvət olundu. Samir müəllim "Azərbaycan
mədəniyyəti və ədəbiyyatı günləri” haqqında əhatəli məlumat verib, xalqımızın
yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, onun bəşər sivilizasiyasına verdiyi
töhfələrdən danışdı, o, Şərqdə ilk demokratik cümhuriyyət quran, ilk operanın
əsasını qoyan, dünya sivilizasiyasına təkrarsız mədəniyyət, ədəbiyyat inciləri
ixrac edən, muğam, aşıq sənəti kimi nadir musiqi sənəti yaradan, zəngin
dəyərlərə malik Azərbaycan xalqının nailiyyətlərini tamaşaçıların diqqətinə
çatdırdı. Samir müəllim nitqini belə yekunlaşdırdı ki, Azərbaycan və Özbəkistan
dost ölkələrdirlər, xalqlarımız daim
yaxın olublar, müstəqillik əldə etdikdən
sonra isə ulu öndər Heydər Əliyevin, Cənab Prezident İlham Əliyevin xidmətləri
sayəsində bu dostluq daha da möhkəmlənib.
TÜRKÜN GƏLİŞİ
Natiqlərin çıxışdan sonra "Türkün gəlişi” adlı konsert başladı.
"Türkün gəlişi” duetini Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva ifa etdilər.
Qeyd edim ki, bu mahnı şair, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın
eyni adlı şeirinə bəstələnib. Müğənnilər elə oxuduqları ilk mahnıdaca –
tamaşaçıları ələ almağı bacardılar. Tamaşaçıların böyük əksəriyyəti meydanda
oxunan mahnının sədaları altında rəqs etməyə başladılar. Daha sonra Azərbaycan-Qarabağ
geyimlərindən ibarət moda sərgisinin nümayişi başladı. Geyimləri biri-birindən
gözəl özbək qızları geyinmişdilər. Hər bir geyim təqdim olunanda onun tarixi,
hansı yaşda insanın geyinməsi, paltarın rənginin fəlsəfəsi izah olunurdu. Sərgi
olduqca maraqla qarşılandı, sonra konsert proqramı yenidən davam etdi və
B.Vəliyeva "Yollara yağış yağır” mahnısını oxudu. Xanım müğənni özbəkcə də bir
mahnı – "Qara göz boy-boy” ifa etdi. Bu dəfə də meydan gurladı, tamaşaçılar
oynamaq üçün meydana axışdılar. Daha sonra Ehtiram Hüseynov "Qadan mən alım” və
"Ceyranım gəl, gəl” ilə ürəklərə yol tapdı. Çoşqunluq eyni ahəngdə davam etdi.
Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” adlı rəqs
ansamblı səhnəyə çıxdı və "Qafqaz rəqsi”ni oynadılar. Qızlar son anda
papaqlarını çıxaranda tamaşaçılar "şok yaşadılar”, çünki o vaxta qədər hamı
oynayanları oğlan zənn edirdi.
Bəyimxanım Vəliyeva "Şirin çiçək” və "Yar-yar”la, Ehtiram Hüseynov
isə "Maral qaçar”, "Ay qız sənə ailəm”lə ifalarına davam etdilər, sonra səhnəyə
yenə "Azərbaycan qızları” rəqs qrupu çıxdı və "Tello”nu oynadılar. Konsert
xanəndələrin "Vətənim” dueti və aramsız alqışların müşayiəti ilə sona çatdı. Tədbirin sonunda Sırdərya vilayət hakimiyyəti adından
azərbaycanlı qonaqlar təltif edildilər, onlara özbək milli geyimləri – çapan
bağışlandı.
Tədbir boyunca bir sıra məqamlara fikir verirdim,
onlardan biri parkdakı köşklərdən birinin üstünə yazılan bu sözlər idi:
"Ədəbiyyat yaşadısa, millət yaşadı”. Düşünürəm ki, eyni sözləri mədəniyyətin
əksər sütun sahələrinə də aid etmək olar. S.Abbasovun çıxışından sonra ölkəmizə
ünvanlanan alqış, B.Vəliyevanın, E.Hüseynvun oxuduğu mahnılara olan coşqun
reaksiya, doğurdan da bir vətəndaş kimi insanı çox qürurlandırır. Düşünürsən
ki, neçə-neçə insan bu gün bizi bir mədəniyyətin daşıyıcısı olan bir xalq kimi
sevir. Azərbaycan musiqisi həqiqətən də sirayətedici, təsirli,
ürəyəyoltapandır, onu səs özəlliyi, sənətkar nəfəsi ilə insanlara çatdıranda
onda həqiqətən də, millətə, xalqa, mədəniyyətimizə gözləniləndən də artıq
məhəbbət qazanmaq olur. Xanəndələrimizin musiqimizi, Özbəkistandakı Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin mədəniyyətimiz və ədəbiyyatımızı bu
hörmətdə, belə yüksək səviyyədə təqdim etməsi, elə bilirəm, oradakı hər bir
azərbaycanlının sinəsini iftixar hissi ilə doldurdu, hər kəs yüksək fəxarət duyğuları
ilə öyündü...
SƏMƏRQƏNDƏ YOL
GÖRÜNDÜ
İkinci gün – 2 iyunda tədbirlər yox idi deyə
istədik ki, dörd yol yoldaşı vaxtımızı səmərəli keçirək. Qərara gəldik ki, bir
gün ərzində Səmərqənddəki tarixi abidələri ziyarət edək. Beləcə səhər saat
00:06-da Daşkənd Beynəlxalq Hava Limanında olduq və daxili relslə Səmərqəndə
yola düşdük. Səmərqəndə hava təmiz, amma tutqun idi, bizi sonradan haqlayacaq
yağış öz nəfəsini öncədən hiss etdirirdi. Vaxtımız dar, planlarımız geniş idi,
amma bir gün ərzində bütün əsas abidələri ziyarət etməyə özümüzü qadir hiss
edirdik. Bəlkə də, Səmərqəndə səfər etmiş kimlərəsə təəccüblü görünəcək, amma
bir gün içərisində bu abidələri ziyarət elədik: Səhih əl-Buxari ziyarətgahında,
Əmir Teymurun uyuduğu Gur-əmir mavzoleyində, Şahi-zində memarlıq kompleksində,
Uluqbəy rəsədxanasında, Bibixanım saray-məscid kompleksində, Registanda (qum meydanı,
qum ölkəsi adlanan meydandakı üç mədrəsədən
– Uluqbəy mədrəsəsi(XV əsr),Şir-Dor mədrəsəsi(XVII əsr) vəTilla-Karı mədrəsəsi(XVII əsr) ibarətdir), Danyal
peyğəmbər ziyarətgahında (Məzarın uzunluğu 18 metrdir. Məzarın bu uzunluqda
olmasının səbəbi cənazənin hissələrinin bir-birinə yaxın məsafədə ayrı-ayrı
yerlərə basdırılmasıdır) olduq.
Dayanmadan, bir-birimizə xoş əhval-ruhiyyə bəxş edərək, şirin və
mahiyyətli söhbətlərin, yerində işlənən zarafatların "müşayiəti ilə” gün
boyunca diz qatlamadan bütün əsas abidələri ziyarət etdik. Səhər saat 10:00-dan
başlayan səfərimiz axşamüstü 19:00-a qədər davam etdi. Gün boyunca abidələri
ziyarət edə-edə faniliyin nəfəsini, gəldi-gedərliyin diktəsini, zamanın amansız
qanunlarını, ölümün labüdlüyünü daha dərindən anladıq. Yol boyunca
yoldaşlarımın bir-birindən maraqlı təəssüratları, müşahidələri, təcrübələri
səfərimizi daha ürəyəyatan edirdi və heç kəsin yadına yorulmaq, nədənsə az da
olsa narahat olmaq düşmürdü. Hər birimiz müsbət enerji ilə günə davam
edirdik... Özbəklərin qonaqpərvərliyi, Azərbaycan adı gələndə üzlərinə qonan
təbəssümün bizə bağışladığı məmnunluq da öz yerində. Hər gözəl şey kimi o gözəl
gün də bitdi və biz Səmərqənddə unudulmayacaq təəssüratlar, xoş xatirələr, hər
zaman yaddaşımızda yaşadacağımız dəyərli təəssüratlarla növbəti günün səhəri
Daşkəndə qayıtdıq...
ÜLVİYYƏTİM
Üçüncü günün əsas tədbiri
Daşkənddəki Sənət və Mədəniyyət Universitetində saat 14:00-da başlayan
"Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir, möhtəşəm konsert proqramı
idi. Tədbirdə sözügedən ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə
heyəti, ölkənin elm, mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və
Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak edirdilər. Zal
sənətsevərlərlə, musiqi sərrafları ilə dolu idi.
Tədbiri giriş sözü ilə açan
Özbəkistan Sənət və Mədəniyyət Universitetinin rektoru, professor İbrahim
Yuldaşov "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində rəhbərlik
etdiyi ali məktəbin də iştirak etməsindən məmnun olduğunu qeyd etdi. Rektor diqqətə çatdırdı ki, dünyada
Özbəkistan və Azərbaycan kimi bir-birinə yaxın olan az xalq var. O, bu
münasibətlərin həm orta əsrlərdə, həm Sovet dövründə, həm də ölkələrimiz
istiqlaliyyət əldə etdikdən sonra uğurla davam etdiyini söyləyərək,
Azərbaycanın zəngin mədəniyyətinin öyrənilməyə layiq olduğunu dedi. Rektor
2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanan memorandumun uğurla
icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə
universitetlərində iki dostluq konsertinin keçirildiyini, universitetdə Qara
Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını
qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə
görə Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirdi.
Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov rəhbərlik etdiyi mərkəzin layihəsi ilə hər il qardaş
ölkədə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında
məlumat verərək, bu cür tədbirlərin xalqlarımızı bir-birinə yaxınlaşdırdığını
vurğuladı. Samir müəllim Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına
böyük maraq və sevgi gördüyünü və bunun əsas səbəbinin xalqlarımızın bir-birinə
ruhən yaxınlığı olduğunu qeyd etdi.
Konsert proqramında
Özbəkistanın xalq çalğı alətləri ansamblı "SOQDİANA” Azərbaycan musiqisinin
inciləri, dünya şöhrətli bəstəkarlarımızın əsərlərini ifa etdilər. Özbəkistanın
Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbər olduğu konsert
proqramında "Koroğlu uvertürası”, "Qarabağ Azərbaycanın incisi” adlı əsərlər
səsləndirildi.
Daha sonra "Azərbaycan,
sənsən mənim ülviyyətim” adlı möhtəşəm konsert proqramı başladı. Yenə də səhnədə
Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva idi və onlar bir-birindən gözəl
mahnılarla tamaşaçıların qəlbini fəth edirdilər. Qeyd edim ki, tədbir
tamaşaçıların alqışları ilə və böyük anşlaqla keçdi.
Sonda Azərbaycan
sənətçiləri Fəxri Fərmanlara layiq görüldülər.
BİZƏ
NƏ QALDI?
Salonda dahi Üzeyir bəyin "Koroğlu”su səslədikcə,
cəngi ruhlu bu musiqini özbəklərin arasında dinlədikcə öz-özümə düşünürdüm:
Hamıya aid olmaq, əbədi olmaq budur. Dahilik özünə əbədi ehtiyac yaratmaqdır.
Adi adamlara, sadə, saya insanlara ancaq bu gün ehtiyac duyulur, dahilik isə
zamansızlıq hadisəsidir. Ehtiram bəyin, Bəyimxanım müəllimənin bir-birindən
gözəl ifaları, yapışıqlı səsləri, ən əsası Azərbaycan musiqisinin ecazı bütün
zalı coşdurmuşdu. Tələbələr xanəndələrə güllər hədiyyə edirdilər. Zalın
kənarında isə şən musiqilərin sədaları altında onlarla tələbə rəqs edirdi.
Sirayətedici mədəniyyətimizi, təsirli musiqimizi dünyaya tanıtmaq, dövlətimizin
adını hər istiqamətdə uca etmək şərəfli işdir və bu işdə az da olsa rolu olan
adam səadətli və xoşbəxtdir. Ölkəmizdə və dünyada keçirilən istənilən tədbirdə
Azərbaycanın adını uca, təmsil olunduğu sahənin zirvəsində görmək böyük
qürurdur. "Ən böyük vətənpərvərlik peşəkarlıqdır” deyirlər. Mədəniyyət və ədəbiyyat
günlərini təşkil edən mərkəz və ölkəmizi təmsil edən hər kəs o deyimin haqlı
olduğunu bir daha öz əməlləri ilə isbat elədi... SONRASI
Qeyd edim ki,
Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri yalnız gündəliyini yazdığım
tədbirlərlə başa çatmır. Hələ bu il yüz illiyini qeyd edən
Özbəkistanın "Turan” kitabxana-informasiya mərkəzi ilə AMM arasında
əməkdaşlığa dair Memorandumun imzalanması, kitabxanada "Azərbaycan”
fondunun yaradılması, Özbəkistan Yazıçılar Birliyində "Azərbaycan
ədəbiyyatı özbək dilində” adlı sərginin açılışı da planlaşdırılır. Sərgidə
AMM-nin layihəsi ilə son 5 ildə Daşkənddə özbək dilində işıq üzü görən
kitabların Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat sahəsinin mütəxəssislərinə,
ictimaiyyət nümayəndələrinə təqdim olunması, Özbəkistan Yazıçılar Birliyində
tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr
etdiyi və özbək dilinə tərcümə olunmuş "Ovçu" romanının təqdimatı
kimi silsilə tədbirlər də keçiriləcək.