Türk xalqları ədəbiyyatına qiymətli töhfə

Türk xalqları ədəbiyyatına qiymətli töhfə

03 Noyabr 2019, 11:30 773
"Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” kitabı bugünlərdə işıq üzü görüb. Kitabın müəllifi ADPU Şəki filialının baş müəllimi Vaqif Aslandır. Elmi-nəzəri və təcrübi əhəmiyyət daşıdığına görə  Dr.Prof., Akademik Nizami Cəfərov, ADPU "Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının professoru, filologiya elmləri doktoru Elman Quliyev, "Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan "Mühazirələr”ə rəy vermiş və onların dərs vəsaiti kimi çap olunmasını məsləhət biliblər. Kitabın redaktorları filologiya elmləri doktoru, professor Ramiz Əskər, tarix elmləri üzrə fəlsəfə doktoru  Vüsal Baxışov, jurnalist Murad Nəbibəyovdur. Sözügedən dərs vəsaiti tarix, inanclar və hadisələr müstəvisindən türk ədəbiyyatına, ədəbiyyat və ədəbi nümunələr müstəvisindən isə türk tarixinə, inancları və taleyinə baxış kimidir. Kitabın ön sözündə Vaqif Aslan vurğulayır ki, təqdim etdiyi dərs vəsaitində toplanan mühazirələr, demək olar ki, ona qədər çap olunmuş dərsliklərdə öz əksini tapmayan və ya qismən tapan mövzuları əhatə edir. Bu mühazirələr predimeti görmə bucağına və informasiya tutumuna görə özündən əvvəlki dərslikləri daha da əhatəli və etibarlı edir.
 
"Türk xalqları ədəbiyyatının öyrənilməsində ən etibarlı və inkaredilməz qaynaq elə türk xalqlarının özlərinin yaratdıqları ədəbi nümunələrdir. Ayrı-ayrı türk ellərinin ilkin şifahi ədəbi nümunələrdən tutmuş yazılı ədəbiyyatın ən son nailiyyətlərinə qədər yaradılmış hər bir əsər o dərəcədə mükəmməldir ki, özlüyündə onların hər bir nümunə – etalon predmet statusunda çıxış edə bilər.” – deyən Vaqif Aslan kitaba ilkin olaraq "Türklərin ana yurdu və yayılması” mühazirəsini daxil edib. Mühazirədə tüklərin müxtəlif dövrlərdə dünyanın bütün iqlim qurşaqlarında məskunlaşmasından söz açılır. Qeyd edilir ki, Şərqdə Baykal gölündən (Bəygöl) başlayıb Ural dağlarınaqədərki, o cümlədən? Altay-Sayan dağları, Balxaş gölü ilə Aral gölü arasındakı ərazilər türklərin ana yurdudur.  Daha sonrakı mühazirədə – "Türk qövmləri və dövlətləri”ndə ən qədim türklər, türk dövlətləri, Göytürklər, digər türk qövmləri və dövlətləri haqqında söz açılır.   "İslamaqədərki türk mifik düşüncə tərzi və inancları”nda Göy dini – tanrıçılıq, şamançılıq, Budda (burkan) dini, Mani dinindən bəhs edilir. Hər biri haqqında ayrı-ayrı geniş məlumat verilir. Mətn rəsmlərlə daha da dolğunlaşır. Kitabda daha bir maraqlı və dəyərli mühazirə "Saka və Hun türklərinin dastan yaradıcılığı” mühazirəsidir. Burada Saka tüklərinin dastan yaradıcılığından "Alp ər Tonqa” dastanı və "Şu” əfsanəsiylə, Hun türklərinin dastan yaradıcılığından isə "Oğuz kağan” dastanı, bir hun türküsü və bir hun əfsanəsilə tanış olmaq olar.
 
"İslami dövr türk təsəvvüf ədəbiyyatı: Xoca Əhməd Yasəvi”, "İslami dövr türk ədəbiyyatı: Ş.Təbrizi, C.Rumi” və "İslami dövr türk ədəbiyyatı: Yunis İmrə” mühazirələri olduqca maraqlıdır. Burada İslamlaşmanın tanrıçılıq kultu ilə çulğaşması və bunun türk xalqları ədəbiyyatına təsiri – təsəvvüf (din və təkkə) ədəbiyyatının yaranması, həmin dövrdə yaranan türk təsəvvüf ədəbiyyatı haqqında önəmli məqamlar var. Adlarını çəkdiyim digər mühazirələrdə isə Şəms Təbrizi, Cəlaləddin Rumi və Yunis İmrənin həyat və yaradıcılığı öz əksini tapıb.
 
Kitabda 12-ci mühazirə "İslami dövr türk divan ədəbiyyatı: Mahmud Kaşğari və onun "Divanü-it-türk” əsəri” mühazirəsidir. Mühazirədə Mahmud Kaşğarinin söykökü və həyatı, "Divanü lüğət-it-türk”ün yaranmasına səbəb olan tarixi şərait, "Divanü lüğət-it-türk”ün geniş elmi dövriyyəyə daxil edilməsi tarixindən, "Divan”ın tərtibi prinsipləri və ona daxil edilən folklor nümunəli, atalar sözləri, öyüdlər və bayatılar öyrənmək olar.
 
Daha sonrakı mühazirələrdə  Anadolu ədəbiyyatı ilə yaxından tanış olub, bir çox şeyləri mənimsəmək olar. XIII-XIV əsrlər "Anadolu türk ədəbiyyatı: dastanlar və mizahlar”, "XIII-XIV əsrlər Anadolu türk təkkə və divan ədəbiyyatı”, "XV-XVII əsrlər Anadolu türk-Osmanlı ədəbiyyatı: aşıq şeiri və aşıqlar” adlı mühazirələrdə bu mövzular çox geniş şəkildə açılaraq oxuculara təqdim olunur.  Bu mühazirələrdə "Danişməndnamə”, "Saltuknamə” dastanları, mizahlar haqqında məlumat verilmiş, Hacı Bektaşi Vəli,  Sultan Vələd, Səyyad Həmzə, Aşıq Paşa, Kadı (Qazi) Darir, Əlvan Çələbi, Əflaki Dədə, Səid Əmrə, Xoca Dehhani,  Tacəddin Əhmədi yaradıcılığı işıqlandırılmışdır. Bunlardan başqa, XV-XVII əsrlər Anadolu türk ədəbiyyatında "Osmanlı ədəbiyyatı” termini və onun özəllikləri, janr məsələləri, aşıq şeiri və təsnifatı, Osmanlı aşıqları haqqında məlumat əldə etmək olar.
 
"XV-XVII əsrlər Osmanlı ədəbiyyatı və ədəbi əlaqələr” mahazirəsində XV-XVII əsrlər Osmanlı ədəbiyyatı və ədəbi əlaqələr, Osmanlının şair hökmdarları, XV-XVII əsrlər Osmanlı divan ədəbiyyatı, XV-XVII əsrlər Osmanlı divan ədəbiyyatının qadın şairlərinin yaradıcılığı ilə yaxından tanış olmaq olar. Osmanlının şair hökmdarlarından Osman Qazi, Sultan I Murad, İldırım Bayazid, Sultan II Murad, Sultan II Bayazid, Sultan Səlim Yavuz, Sultan Süleyman Qanuni, Sultan II Səlim, Sultan II Murad, Sultan III Əhməd, Sultan II Mahmudla, divan ədəbiyyatı nümayəndələrindən Şeyxi, Əhməd Dai, Yazıçıoğlu Mehmed, Nəfi, Şeyxülislam Yəhya Əfəndi, Cevri,  Zeynəb Xatun, Mehri Xatunun həyat və yaradıcılığı haqqında geniş şəkildə materiallar var.
 
"Tənzimat” dövrünə gedən yol, dövrün xarakteristikası, ədəbi nümayəndələri haqqında çox geniş məlumata "Tənzimat” dövrü Osmanlı ədəbiyyatı” mühazirəsində rast gəlmək olar. Dövrün ədəbi nümayəndələrindən  Şinasi, Əhməd Cövdət Paşa, Əli Suavi, Əhməd Midhət Əfəndinin həyat və yaradıcılığı işıqlandırılmış, yazdığı ədəbi nümunələr oxucuların diqqətinə çəkilmişdi.
 
Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi sayılan Tofiq Fikrət haqqında  "Tofiq Fikrətin həyatı və yaradıcılığı” mühazirəsində rast gəlmək olar. Burada Tofiq Fikrətin həyatı, dünyagörüşü, yaradıcılığı və yaradıcılığını özəlliklərini öyrənmək olar. Ardınca gələn "Sərvəti-fünun”dövrü Osmanlı ədəbiyyatı” mühazirəsində həmin dövrün özəllikləri və nümayəndələri haqqında məlumat var. Dövrün nümayəndələrindən Cənab Şəhabəddin və Xalid Ziya Uşaqlıgilin yaradıcılığı ön plana çəkilib.
 
Kitabdakı ən maraqlı mühazirələrdən biri də "Milli ədəbiyyatın yaranması” adlı mühazirədir.  Mühazirə üç hissədən – "Milli ədəbiyyata gedən yol: "Fəcri-ati” ədəbiyyatı (1909-1912) "Sərvəti-fünun” ədəbiyyatının davamı kimi”, "Milli” islahı haqqında. Milli ədəbiyyata keçid” və "Milli ədəbiyyat dövründə fikir axınları və ədəbi topluluqlar” hissələrindən ibarətdir. Mühazirədə milli ədəbiyyatın yaranması tarixi və özəllikləri detallı şəkildə öz əskini tapıb.
Milli ədəbiyyat dövrünün ən böyük nümayəndəsi, yurdun və millətin gerçəklərini ilk dəfə Osmanlı şeirinə gətirən Məhməd Əmin Yurdaqulu  haqqında hər şeyi ətraflı olaraq "Məhməd Əmin Yurdaqulunun həyat və yaradıcılığı” mühazirəsində oxumaq olar.
 
"Milli mücadilə dövrünün xarakteristikası”nda "Milli mücadilə” dövrünü Çanaqqala və İstiqbal hərbi dönəmi kimi iki tarixi zaman kəsiyinə ayıran Ahmed Kabaklı və ümumiyyətlə milli mücadilə dövrü haqqında  olduqca maraqlı məlumatlara rast gəlmək olar.
Kitabın "Əlavələr və internet məlumatları” bölməsində yazıçı, jurnalist, ədəbiyyatşünas Əhməd  Kabaklı haqqında da geniş yazı var. Daha sonra kitabda İsa Həbibbəylinin "Ədəbiyyat tarixçiliyinin Əhməd Kabaklı konsepsiyası”, Kərim Şükürovun "Akademik Bartoldun səhvi və Stalin mifi, yaxud Azərbaycan və azərbaycanlılar haqqında” adlı fundamental məzmuna malik məqalələri də yer alıb.
 
Kitabın sonlarına yaxın "Türk etnosları və ərhun əlifbası”, "Türk bayraqları”, "Türk qızları”, "Şorların Çıl-Pajı”, "Bilirsinizmi?”, Türk rəqsləri”, "Şumerlerdən bizə kalan 13 gələnək – 13 traditons left to Sumerian us” və digər yazılar da var.
Bu kitab olduqca böyük əhəmiyyətə malikdir, zəngin materiallarla əhatə olunub və türk ədəbiyyatını öyrənmək üçün olduqca qiymətli bir nəşrdir.
 
Xanım Aydın