Turizm sektorunun Novruz gözləntisi - ARAŞDIRMA
İnsanlar səyahət
üçün darıxıblar. Pandemiya ilə bağlı qadağaların böyük ölçüdə aradan
qaldırılması Novruz tətilində turizm sahəsində dirçəlişə təsir edəcək. Amma...
Bir neçə gün sonra baharın müjdəçisi
Novruz qapımızı döyəcək. Ölkəmizdə bayram münasibətilə tətil elan olunacaq. Tətil
varsa, deməli, istirahət də var. Səyahəti sevən insanlar səbirsizliklə tətil
günlərini gözləyirlər. İş yorğunluğunu atmaq istəyənlər istirahət üçün müxtəlif
ərazilərə üz tutacaqlar. Novruz tətilindən turizm sektorunun gözləntisi nədir? Pandemiya
ilə bağlı tətbiq olunan qadağaların bayram ərəfəsində yumşaldılması turizm
sektorunun canlanmasına təsir edəcəkmi?
Daha çox o ölkələrdən gəlirlər ki...
Turizm eksperti Ramin Zamanov deyir ki, Novruz bayramında Azərbaycana gələn turistlər, əsasən, o ölkələrdən
olur ki, orada da bu bayramı qeyd edirlər: "Çünki həmin ölkələrdə də bayram tətili
olur. O ölkələrdə ki, tətilə çıxırlar, iş olmur, oradan gələ bilərlər. Məsələn,
Rusiyadan Novruz ərəfəsində çox turist gəlmir. Çünki onlar bu bayramı qeyd
etmirlər. Amma İrandan, Qazaxıstandan, Özbəkistandan gələ bilərlər”.
Artım gözlənilmir, çünki...
R.Zamanov bildirir ki, quru sərhədlər
açıq olmadığı, həmçinin təyyarə reyslərinin sayında da məhdudiyyətlər olduğu
üçün turistlərin sayında böyük fərq gözlənilmir: "Novruz bayramı ərəfəsində turistlər
ən çox İrandan gəlirdi. Hava nəqliyyatı ilə yox, avtobusla və ya şəxsi
avtomobillə səyahət edirdilər. Çünki avtobus və ya avtomobillə gəlmək daha ucuz
başa gəlirdi. Amma nəzərə alaq ki, bu il ancaq hava xətti ilə gələ bilərlər. Çünki
Azərbaycanda quru sərhədləri açıq deyil. Təyyarə reyslərində məhdudiyyətləri nəzərə
alsaq, bu sahədə güclü artım olacağını düşünmürəm. Yəni əvvəlki illərdəki kimi
böyük bir fərq gözlənilmir. Amma nisbətən artım ola bilər”.
Hər şey qaydasındadır
R.Zamanovun sözlərinə görə, turizm
sektoru pandemiyadan ən çox zərər görən sahələrdən olduğu üçün ona diqqət
artırılıb: "Turistlərin gəlişinə hazırıq. Restoranların, otellərin də fəaliyyətində
hər şey qaydasındadır. Otellərin əksəriyyəti artıq fəaliyyətini tam bərpa etməyə
çalışır. Maksimum çalışırlar ki, yaxşı xidmət göstərsinlər. Çünki bu sektor pandemiyanın
ən çox zərər vurduğu sahələrdəndir. Turizm agentliyi də otellərin fəaliyyətinə diqqəti
bir az da artırıb ki, bu sektoru bərpa etsinlər”.
50 faiz olmasa da...
Azərbaycan Turizm və Menecment
Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir
ki, pandemiyada insanlar evdə oturmaqdan beziblər deyə, səyahət etməyə həvəslidirlər:
"50 faiz olmasa da, artım gözlənilir.
Çünki pandemiya ilə bağlı tətbiq edilən qadağalarda nisbətən yumşalma var. Bu
da turizmə öz təsirini göstərəcək. İnsanlar səyahət etməkdən
ötrü darıxıb”.
"Artıq ciddi sıxıntı yoxdur”
R.Səfərov bildirir ki, hazırda
turistləri yerləşdirməklə bağlı əvvəlki problemlər mövcud deyil: "Azərbaycanda
son 10 ildə mehmanxanaların çarpayı sayı ciddi şəkildə artıb. Yəni 2000-ci illərin
əvvəllərində bizdə çarpayı sayı çox az idi, artıq 50 min üzərindədir. Yəni turistləri
yerləşdirmək baxımından ciddi sıxıntı yoxdur”.
Regional şənliklər də olmalıdır ki...
R.Səfərovun sözlərinə görə, Novruz
bayramı şənliklərini təkcə Bakıda yox, rayonlarda da təşkil etmək lazımdır ki,
turistlər sıxılmasın: "Turistlər üçün müxtəlif animasiyalar, bayram tədbirləri
keçirilməsi planlaşdırılır. Novruz bayramının rayonlarda müxtəlif formalarda
keçirilməsi nəzərdə tutulur ki, gələn turistlər sadəcə Bakı və ya ətrafına
deyil, regionlara da səyahət etsinlər. Bu baxımdan bayramın təşkilində regional
şənliklər də olmalıdır ki, turist bir zonadan digərinə keçdikdə fərqliliyi hiss
edə bilsin”.
Rəhman Səfərov sonda qeyd etdi ki, Novruz
bayramının arxasınca yaz, yay fəsli gəlir. Novruz bayramı bundan sonrakı turist
axınına ilkin təsirini göstərəcək.
Zərif Salmanlı