“Travmatoloqlar sınığı sağaltmırlar...” - MÜSAHİBƏ
İdrak Məmmədov: "Həkimə güvənən, "nə lazımdır edin”
deyən, pozitiv olan, heç nəyə qarışmayan xəstələrin nəticələri əksər hallarda
yaxşı olur. Sümüyün sağalması, regenerasiyası özü-özünə, bioloji üsullarla baş
verir. Bu, təbiətin möcüzəsidir. Bəzi xəstələr insanı çox təəccübləndirir.
Mövcud bilgilərimizlə bəzən açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq”.
"Bir sınığın taleyi sındığı an yazılır” deyirlər.
O, bu taleyi dəyişmək, yenidən yazmaq üçün çalışır. Əməliyyata girərkən həmişə A,
B, C planları olur. Xəstəsi üçün əlindən gələni edir, şəfanı Allahdan diləyir. Müsahibimiz
Türkiyədə çalışan ortopediya və travmatologiya mütəxəssisi, uzman həkim İdrak Məmmədovdur.
Sınıqçılar da həmişə "xoşniyyətli” olur və hamını
"sağaldır”...
- İdrak həkim, sizin sahədə ən böyük problemlərdən
biri ara həkimlərin mövcudluğudur. Onların xəstəyə müdaxiləsi ciddi problem
yarada bilərmi?
- Sınıqçı, çıxıqçı,
qırıqçı kimi ara həkimlərlə sıx-sıx qarşılaşmasaq da, bizim sahədə ciddi
problemdir. Bununla bağlı xatırladığımda, həm güldüyüm, həm də üzüldüyüm hadisələr
var. Bir gün valideyn dedi ki, həkim, zəhmət olmasa, uşağa baxın və mənə deyin
ki, bunu sınıqçıya aparım, yoxsa siz müalicə edə bilərsiniz? Uşağın vəziyyəti
ciddi idi və biz onu əməliyyat etdik. Digər pasiyentim isə mənə zəng etmişdi
ki, dünən uşağımın qolu zədələnib, sınıqçıya apardım. Üzərinə yumurta qoydu və
bu gün yumurtanı açdıq. Yenidən yumurta qoyaq, yoxsa yox? Bunları eşitmək dəhşətli
idi. Əlbəttə, sınıqçıya getmək fəsad yaradır. Xüsusilə də uşaqlarda dirsək və əl-bilək
bölgəsində olan sınıqlarda ciddi problemlər yaranır. Dirsək bölgəsində olan
sınıqlar çox mürəkkəb ola bilər. Bəzən əlimizdəki bütün imkanlarla belə, sınığı
müəyyənləşdirə bilmək və müalicəsinə qərar verməkdə çətinlik çəkirik. Sümük
sındığı anda taleyini yazır. Biz bütün imkanlarımızla bu taleyi dəyişməyə
çalışırıq. Sınıqçı bunu necə edə bilər? Təəssüf ki, yüksək təhsil alanların da
sınıqçıya getdiyini görürəm.
- Bəs səbəb nədir?
Bəzi insanlar nə üçün həkim-travmatoloq, ortopedlərə yox, ara "həkimlərə”,
sınıqçılara güvənir?
- Maarifsizlik, bilgisizlik və digər səbəbləri var.
Bəzi bölgələrdə, kəndlərdə xüsusən də yaşlı nəsil arasında adət-ənənə şəklini
alıb. Eyni zamanda maddi səbəbləri də var. Əslində, xəstənin durumunun ciddi
olduğunu anlasalar, onu sınıqçıya aparmazlar. Çox vaxt vəziyyətin ciddi
olmadığını və sınıqçının da əlçatan olduğunu düşündükləri üçün gedirlər. Sınıqçılar da həmişə "xoşniyyətli” olur və
hamını "sağaldır”. Heç kimi də ağırlıq dərəcəsinə görə geri qaytarmır. Bəzən isə
insanlar həqiqəti eşitməkdən qorxduqları üçün sınıqçıya gedirlər. Xəstələr həkimdən
hər şeyin yaxşı olacağını eşitmək istəyirlər. Sınıqçılar vəziyyəti böyütmür və
həmişə müsbət cavab verir. Təəssüf ki, durumun ciddiyyətini anlamırlar və
sonradan o xəstələr bizə müraciət edəndə onların müalicələri ya çətin olur, ya
da mümkünsüz. İnsanlar anlamalıdır ki, sınıqçı müalicə etmir.
Artıq çəkini
sevən sümüklər, yoxsa sevməyən oynaqlar?
- Pandemiyadan qaynaqlanan hərəkətsizlik əksər
insanlarda artıq çəki problemləri yaratdı. Artıq çəkinin digər orqanlara olan
ziyanını bilirik. Bəs ortopediyada özünü necə göstərir?
- Piylənmə tibbi, sosial və psixoloji nöqteyi-nəzərdən
dünyada ciddi problemdir. Tibbi baxımdan endokrinoloqlar və kardioloqları daha
çox narahat edir. Bizim sahədə isə vəziyyət birmənalı deyil. Sümüklər digər
orqanlardan fərqli olaraq kilonu, ağırlığı və hərəkəti sevir. Ağırlıq artdıqca,
sümüklər möhkəmlənir, osteoporoz riski azalır. Lakin oynaqlar üçün kilo çox zərərlidir.
Ümumi nəticədə biz ortopedlər də artıq çəkini sevmirik. Çünki kilonun oynaqlara
vuracağı zərər sümüklərə verəcəyi faydadan daha çoxdur. Mən hər gün xəstələrimin
ən azı yarısını, xüsusilə, diz və ayaq biləyində oynaq problemləri olanları diyetoloqa
yönləndirirəm. Diz oynağı, qığırdaq problemlərinin ortaya çıxmasında yaşla bərabər,
kilonun da rolu önəmlidir. Təəssüf ki, oynaq qığırdaqlarının zədələnməsinin
geri dönüşü yoxdur. Qığırdağın sağalmaması ortopediyada ən başlıca problemdir.
"Ortopedistin nəticəsi analizindən və verdiyi qərardan
asılıdır”
- İdrak bəy, "bir sınığın taleyi o anda yazılır”
deyirsiniz. Bəs siz sınığın taleyini dəyişdirə bilirsiniz? Ortopediyada analitik
düşüncə nə qədər rol oynayır?
- Ortopediya və travmatologiya geniş, standartlaşdırılması
çətin olan ixtisasdır. Sümük, əzələ, oynaq, vətər, ətraflarda sinirlərin xəstəlikləri
və travmaları, eyni zamanda, anadangəlmə və qazanılan qüsurlar ilə biz məşğul
oluruq. Qarşılaşdığımız xəstəliklər də çoxşaxəlidir. Heç bir travma, sınıq digərinin
eynisi deyil. Nəticədə, müalicə metodları da fərqli olur. Bəzən xəstənin sosial-mədəni
statusu, yaşı, peşəsinə görə müalicə seçmək məcburiyyətindəyik. Bəzən isə xəstəyə
tətbiq edəcəyimiz hər hansı cihaz və ya implant ölkədə olmur. Bütün bunları ümumiləşdirsək, o anda ən doğru
qərarı verə bilmək üçün analitik olmaq lazımdır. Xəstəliyi, xəstəni, öz
bacarığını, nəzəri bilgilərini, təcrübəni, texnoloji imkanları, əlində olan
materialları eyni anda analiz edib qərarı verməlisən. Bir ortopedistin nəticəsi
ən çox onun analizindən və verdiyi qərardan asılıdır. Ortopediyada əməliyyata
daxil olduğun zaman həmişə A, B, C planların olur. Bəzən əməliyyat edəcəyin bir
xəstə ilə bağlı xəstənin özündən də çox düşünürsən. Amma xəstə bunu heç vaxt
bilmir. Sınığın taleyi sındığı anda yazılsa da, sınığın və ya xəstəliyin taleyini
dəyişməyə çalışır, çox vaxt buna nail oluruq.
"Nə lazımdır
edin” deyən, pozitiv olan, heç nəyə qarışmayan xəstələr...
- Bəs intuisiya? İntuisiyanızdan necə istifadə
edirsiniz? Standart qaydalar, yoxsa həkimin intuisiyası?
- Bir çox cərrahı, həkimi düşündürən sualdır. 6-cı
hiss mənim üçün önəmlidir. Təhsil aldığımız müddətdə standartları öyrənirik. Sonra
isə öyrəndiyin standartların əsasında təcrübələrin formalaşır, möhkəmlənir. Tibdə
tətbiq olunması uyğun görülən hər şey hüquq, etik və elmi normalar çərçivəsindədir.
Mütəxəssis olaraq bizim də etdiyimiz hər
müdaxilə nəzəri biliklər çərçivəsində olmalıdır. İntuisiya isə fərqlidir. Elmi
olaraq açıqlamaq olmur. Məsələn, bəzən narahat xəstələr olur. Belə xəstələr hər
şeyin pis olacağını düşünürlər. Əgər bir xəstə məni bu fikirləri ilə çox
narahat edərsə, tibbi olaraq məcbur olmadığım müddətcə o xəstənin müalicəsinə
başlamaq istəmərəm. Yaxud müalicəyə başlamaq üçün neqativ düşüncələrinin dəyişməsini
gözləyərəm. O xəstələrin nəticələrinin yaxşı olacağına inanmıram. Amma həkimə güvənən, "nə lazımdır edin” deyən, pozitiv olan, heç
nəyə qarışmayan xəstələrin nəticələri əksər hallarda yaxşı olur. Təcili
olmasa, gecələr, bayram günlərində, həftə sonlarında, xüsusilə də iş sonunda əməliyyat
etmək istəmərəm. Gecə olan əməliyyatlarla gündüz olanların nəticələri arasında fərq
olduğu sübut edilib.
"Travmatoloji xəstələr isti və günəşli günlərdə
daha çoxdur”
- İdrak həkim, zədələrin mövsümü varmı? Ortopediya
və travmatologiya sahəsində xəsarətlər qışda, yoxsa yayda daha çox olur?
- Hərəkət artdığı
vaxt travma, hərəkət sürəti artdığı vaxt isə travmanın ağırlığı, ciddiliyi artır.
Mən əvvəllər düşünürdüm ki, qışda, yer buz olanda travmatoloji xəstələr çox
olur. Amma heç də elə deyil. Travmatoloji xəstələr isti və günəşli günlərdə
daha çox olur. Hava bir az günəşli olanda uşaqlar parka, insanlar çölə çıxır, hərəkət
artır və bu da travmanın artmasına səbəb olur. Həyat hərəkətdir. Bizim də
işimiz hərəkəti, həyatı bərpa etmək, ağrını ortadan qaldıraraq həyat keyfiyyətini
artırmaqdan ibarətdir.
- Son dövrlərin daha çox rast gəlinən travmatoloji
problemi nədir?
- Diz, oynaq xəstəlikləri son zamanlar daha çox
rast gəlinir. Qlobal problemdir. Xəstələrə psixoloji təsir edən, həyat
komfortunu azaldan xəstəliyə çevrilib. Gün ərzində qarşılaşdığımız xəstələrin əksəriyyəti
diz oynağı problemləri ilə bağlı müraciət edir. Xüsusən, 45-50 yaş üzərində və
kilolu xanımlarda bunları sıx-sıx görürük. Avtomobildən istifadənin artması, yemək
vərdişlərimizin doğru olmaması və hərəkətliliyin az olması sözügedən problemləri
yaradır.
"Açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq”
- "Qığırdaqlar sağalmır” deyirsiniz. Elm və
texnologiya bu problem qarşısında acizdirmi?
- Tibb dinamikdir. Hər gün dəyişir, yeniliklər əlavə
olunur. 5 il əvvəl doğru bildiyin müalicə üsulunun bu gün ən doğru olmadığın
görürsən. Yenilikləri izləyib, bilgilərimizi yeniləməliyik. Son 40 ildə
metallurgiya və kimya sənayesinin paralel inkişafı ilə birlikdə ortopedik
implantlarla bağlı ciddi irəliləyişlər olub. Qığırdaq problemi olan oynaqların
protezləşdirilməsi ilə insanların həyat komfortunda ciddi dəyişikliklər baş
verib. Bazu, bud-çanaq və diz oynaqlarının protezləşdirilməsi çox güvənlidir və
təcrübələrimiz də var. Bu əməliyyatlar artıq robot vasitəsilə edilir.
Texnologiyanın və proqramlaşdırmanın köməyi ilə insandan qaynaqlanan xətaların
azaldılmasına çalışırlar. Qarşıdakı 30 ildə ciddi dəyişiklər olacağını düşünürəm.
Eyni zamanda texnoloji yeniliklərlə bərabər oynaqların kamera vasitəsi ilə
qapalı yollarla müayinə və müalicə edilməsi son 50 ilin böyük yeniliyidir. Müəyyənləşdirilə
bilinməyən bir çox xəstəlik qapalı üsullarla müalicə edilməyə başlandı. Qığırdağın
bərpası, xüsusən də kök hüceyrə ilə bağlı işlər davam edir.
- Tibb sahəsində möcüzələrə inanırsınız və rastlaşıbsınız?
- İxtisasımızın travmatologiya qismi bu mövzuda mənə
çox maraqlı görünür. Biz travmatoloqlar sınığı sağaltmırıq. Sınığı anatomik və
ona yaxın vəziyyətə gətiririk. Onun bütünlüyünü düzəltməyə çalışır,
implantlarla, metallarla yerinə oturduruq. Düzdür, bunu da elmi qaydalarla edirik. Amma
sağalma prosesi tam fərqlidir. Bir sınıq, əməliyyat zamanı deyil, tamamilə
bitişdikdən sonra sağalır. Sümüyün sağalması, regenerasiyası özü-özünə, bioloji
üsullarla baş verir. Bu, təbiətin möcüzəsidir. Düzdür, bu proses elmi yollarla
açıqlana bilmədiyi üçün möcüzəvi görünür. Gələcəkdə sağalma prosesi, şübhəsiz
ki, elmi yollarla açıqlanacaq. Amma bəzi xəstələr insanı çox təəccübləndirir. Mövcud
bilgilərimizlə bəzən açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq. Mən şəfa
verənin Allah olduğuna inanıram. Demək olar ki, hər xəstənin sağalması üçün ən
doğru olanı etməyə çalışır, hər xəstəmin şəfasını Allahdan diləyirəm.
Aygün ƏZİZ