• cümə, 26 Aprel, 23:28
  • Baku Bakı 22°C

Təsvirdən təfsirə uzanan yol

24.12.18 15:30 1546
Təsvirdən təfsirə uzanan yol
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində rəngə zaman-zaman sərgilənən bədii-texniki münasibətdən yaranan bədii improvizələrin onların yaradıcılarının "tanınma nişanı”na çevrilməsi danılmaz həqiqətdir. Əslində, həm də hər bir rəssamın şəxsiyyətini, dünyagörüşünü və bədii yaradıcılıq metodunu özündə hifz edən bu "tanınma nişanı”nın əldə olunması heç də hər kəsə müyəssər olmur. Yuxusuz gecələrin davamlı axtarışlarından "boylanacaq” bu sənətkar "mən”inin ifadəsində rəng həm də məna-məzmun daşıyıcılığına köklənəndə cəlbediciliyi ilə yanaşı, həm də düşündürücü olması, onu zamansızlığa və məkansızlığa qovuşmasını şərtləndirir. Bunun hər bir yaradıcı üçün qürurdoğurucu olması birmənalıdır. Respublikanın tanınmış fırça ustası, əməkdar rəssam, professor Tahir Məmmədov məhz belə sənətkarlardandır...
Bakıda əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə (1962-1967), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1971-1976) ixtisas təhsili alan rəssamın qırx illik yaradıcılığında təzadlı məqamların kifayət qədər çoxdur. Bu bolluğun bilavasitə onun özünüifadəsinə köklənməsinin nəticəsidir ki, o, bu gün bədii məkanda saldığı cığırla inamlı addımlamaqdadır. Əvvəlcədən özgə cığırına düşməməyi qarşısına yaradıcı məqsəd qoyan Tahir Məmmədovun bu gün tamaşaçısını dialoqa çəkən müxtəlif mövzulu əsərlərinin rəng qatını "qaynar qazan”a çevirməyinin nəticəsidir ki, belə əsərlər duyğuları qanadlandırmaqla, həm də onları tarıma çəkməkdədirlər...
Əslində, kətan səthində yaradıcı ruhdan "şirələnmiş” kimi görünən "yaxı oyunları”nın ənənəvi realistik-gerçəkçi metoddan qaynaqlandığını görmək elə də çətin deyil. Ancaq real həyatda gördüklərindən heyrətlənməyi bacaran rəssamın təfsirində onların özünəməxsus bədii tutum almasının nəticəsidir ki, kətan üzərində əbədiləşənlər reallıqla irreallığın qovşağından "boylanan” "Tahir Məmmədov gerçəkliyi” kimi qəbul olunmaqla, tamaşaçısına zövq verməklə yanaşı, həm də onu düşündürməkdədir.
Onun bədii irsinin təhlilinə keçməzdən əvvəl demək lazımdır ki, müxtəlif mövzuları və janrları əhatə edən əsərlərinin bədii təfsirə köklənmiş ümumi estetikası bilavasitə onun özünüifadəsinin nəticələri olduğundan, onlar səmimilik daşıyıcısı kimi özünəməxsus baxılırlar. Elə bu səbəbdəndir ki, "Tahir Məmmədov” imzalı rəngkarlıq lövhələri Azərbaycan muzeyləri ilə yanaşı, xarici ölkələrin sənət saxlanclarını və nüfuzlu kolleksiyalarını bəzəməkdədirlər. Onun "Bayraq ləyaqət rəmzidir” əsərinin məşhur Dövlət Tretyakov Qalereyasının, "Qala kəndi” lövhəsinin isə Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyinin ekspozisiyasında nümayişi də azərbaycanlı rəssamın sənətinin sorağının çoxdan ölkə çərçivəsini aşdığından xəbər verir.

Azərbaycan Respublikasının əməkdar rəssamı, bir çox nüfuzlu milli və beynəlxalq mükafatların daşıyıcısı olan Tahir Məmmədov ölkəmizin təsviri sənət məkanında son qırx ildə cərəyan edən bədii hadisələrə istiqamət verən yaradıcıların sırasında olmuşdur. Onun zamanın axarında "Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına, "Bakılı” Beynəlxalq cəmiyyətinin təsis etdiyi "Humay” mükafatına layiq görülməsi də onun sənətinin müxtəlif səviyyələrdə dəyərləndirilməsinin göstəricisidir.
Onun nüfuzlu "Yunost” jurnalında (1981, Moskva), Rusiya Federasiyasında (2009,2010, 2012, 2013, Moskva), Kaliforniya ştatında (1991, ABŞ), Fransada (1992, 2011; 1993, Paris; 1993,2015; Lion; 2012, Monte Karlo) Belçikada (2005, Brüssel) və Rusiyada (2009,2010, Moskva) təşkil olunan sərgilər rəssamın fərdi axtarışlarına baxış olmaqla, həm də Azərbaycan təsviri sənətinin təntənəsi olmuşdur...
Zamanında sayagəlməz eksperimentləri ilə fərdi dəstxəttinin estetikasını formalaşdıran Tahir Məmmədov, bu gün həmin tükənməzliyi duyulan keçmiş bədii "güc”dən faydalanmaqla gələcəyə doğru addımlamaqdadır. Keçmişini xatirələrdə, gələcəyini isə xəyallarında canlandıran rəssamın bu iki qütb arasında yaratdığı mənəvi körpü kifayət qədər möhkəm dayağa malik olduğundan, baş verənlərin bədii görütüsü həmişəki kimi təravətli və duyğulandırıcıdır. Fəlsəfi idrakı sayagəlməz rəng çalarlarına bələyə bilməsinin nəticəsidir ki, fırça ustasının ərsəyə gətirdikləri zaman-zaman maraqla baxılırlar...
Yaradıcılığının əvvəlində sovet ideoloji məkanında hakim sayılan ‘‘sosialist realizmi”nə rəğbətini bir o qədər gizlətməyən Tahir Məmmədov, bununla belə özündən əvvəlkilər və müasirləri kimi əslində bədii imkanları nəhayətsiz olan bu bədii prinsipə fərqli töhfələr vermək istəyində idi. Hələ sovet dönəmində ərsəyə gətirdiyi "Bayraq ləyaqət rəmzidir” əsərini bədii həllinə görə özünün "tanıma nişanı”na çevirməyə nail olan gənc rəssamın sonrakı yaradıcılıq axtarışlarında reallığa bədii improvizələrlə tapınması həm də özünün çoxlarına dar görünən bu "çərçivə”ni genişləndirməyə nail oldu.
Heç şübhəsiz rəssamın bu axtarışlarının mayasında ilk növbədə gözümüzdə adiləşən rənglərin dominant gücünə inamı dururdu. O, bəzən ram etdiyi, bəzən də duyulası dərəcədə gücləndirdiyi rənglərin məna-məzmun daşıyıcılığı yükünə daha çox inanmağa başladı və bununla da Tahir Məmmədov davamlı olaraq yaratdığı müxtəlif mövzulu əsərlərində cəlbedicilikdən əlavə, düşündürücülüyə nail oldu. Onun "çərçivəli” real sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq göstərməsi isə o vaxta qədər əldə olunan bədii-estetik məziyyətlərə yeni görkəm bəxş etdi. "Müjdəçi”, "Abşeron”, "Qızmar natürmort”, "Rembrandtla görüş”, "Söhbət”, "İlham”, "Səhər uçuşu”, "Simurq” və s. tablolarında qeyd etdiyimiz bədii keyfiyyətlərin ifadəsini görmək mümkündür. əslində, gerçəkliyin bu cür səmimi, pafosdan uzaq təqdimatı zamanı üçün kifayət qədər başqalarından fərqli idi. Daha çox görünən sadəliyi gerçəkliyin fəlsəfi dərkinə yönəldən rəssam. əslində, formanı rənglərin ovqat daşıyıcılığına qovuşdurmaqla əsərlərinin bütün mənalarda özünəməxsusluğunu şərtləndirmişdi. Obrazlı desək, şair Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var” fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onlar çox vaxt əsrimizə verilən suallar toplusuna çevirə bilmişdi.
Onun həm də emosiyanın və dərin məna-məzmun daşıyıcılığının qovşağını özündə ehtiva edən və əsərlərinin rəng qatına bələnmiş konseptual pozivitizmin əldə olunmasında nümayiş etdirdiyi yüksək sənətkarlıq da yaddaqalandır. Hər bir əsərində duyulası məsafədən o qədər hiss olunmasa da cəlbedici ovqat yaradıcısı olan rəng qatının, bir-birinə "sarılmış” yaxılardan və rəng qatından yaranmış koloritin yalnız rəssamın bu sahənin bədii-texniki ifadə imkanlarına dərindən bələdçiliyndən yaranması da danılmazdır. Etiraf edək ki, bu gün "müasirliyin və səriştəsizliyin” süni olaraq yaradılmış mücərrəd sənət dalğasında ört-basdır edildiyi bir vaxtda, Tahir Məmmədovun bədii-texniki improvizələri nümunəvi görünməkdədir...
Bütünlüklə Tahir Məmmədovun yaradıcılığı ilhamını naturaya tabe etməyinin ifadəsi hesab etmək olar. Elə müxtəlif janrlı hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən və bədii təfsirdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün bunları isə həmişə axtarışlarla yaşayan Tahir Məmmədov sənət uğuru saymaq mümkündür...

Ziyadxan Əliyev


banner

Oxşar Xəbərlər