AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təsisçinin borcu nağd qaydada qaytarıla bilərmi?

Təsisçinin borcu nağd qaydada qaytarıla bilərmi?

İqtisadiyyat
06 Avqust 2020, 11:00 362
Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergiödəyicisinin "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 min manatdan və ya 15 min manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Adıçəkilən Qanuna əsasən, vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.