Təkrar istifadədən sonra daha təhlükəli olan qablar

Hazırda ətraf mühiti çirkləndirən
əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə
bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə
qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik
tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır.
Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından, ətraf
mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin
qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı
düşməsinə səbəb olur. Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton
plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq
100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və
təxminən 322 milyon tona bərabər olub. Plastik məmulat istehsalının belə sürətlə
artması plastik tullantıların daha böyük templə çoxalmasına təkan verib.
Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm
addımlar atılır. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik
məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox
olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım
əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir.
Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur.
Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur.
Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il
okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ
gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə
Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların
ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar
səbəbindən tələf olur. İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik
tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan
sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. "Bisfenol A”
fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da,
çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün
təhlükə yaradır. ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə
keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə,
o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır. Alimlərin
sözlərinə görə, plastik qablar günəş isitməsi və ya təkrar istifadədən sonra
daha təhlükəlidirlər.
Maraqlıdır, plastik tullantılardan
istifadənin azaldılması sahəsində hansı işlər görülür? Hazırda
bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin
azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların
toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir
çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara
ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı,
dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər
canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də
görülən tədbirlər sırasındadır. Region ölkələrində də plastik tullantıların
azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülüb. Türkiyədə ilkin
mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik
torbaların istifadəçilərə və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub.
Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı,
istehsalı və satışı qadağan edilib, istehsalçılara istehsal etdikləri
torbaların üzərinə şirkətin işarəsini və adını qeyd etmək tələbi qoyulub. Çində
isə 2008-ci ilin iyunun 1-dən qalınlığı 0,025 millimetrdən az olan polietilen
torbaların istehsalı, satışı və istifadəsi qadağan edilib.

Ölkəmizdə görülən işlərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
ekoloji maarifləndirmə və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova danışdı. Şöbə müdiri
"Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə
mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın
icrası istiqamətində maarifləndirmə işləri həyata keçirildiyini
bildirdi: "İctimaiyyəti məlumatlandırmaq məqsədilə polietilen torbalar, onların
ətraf mühitə mənfi təsirləri, polietilen torbalardan istifadənin
məhdudlaşdırılması, dünya ölkələrinin bu sahədə təcrübələri, eyni zamanda
polietilen torbaların alternativləri barədə maarifləndirmə və təbliğat işləri
davam etdirilir, eyni zamanda sosial şəbəkələrdə, nazirliyin "facebook” və "instagram”
səhifələrində də bu istiqamətdə işlər görülür. Plastik məhsullar, onların ətraf
mühitə mənfi təsirləri və nazirlik tərəfindən bu sahədə görülən işlərlə bağlı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Kooperasiya
Universitetlərinin tələbələri ilə görüşlər keçirilib. Daşgil palçıq vulkanı ərazisində, Buzovna, Novxanı ərazilərində İDEA
İctimai Birliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, "Azərbaijan
Youth Foundation”, "Təmiz Şəhər” ilə birlikdə iməciliklər keçirilərək ərazilər
tullantılardan təmizlənib. Həmçinin "Plastik tullantılara yox deyək”
adlı videorolik çəkilib və televiziya kanallarında, sosial şəbəkələrdə
yayımlanmaqdadır. Plastik butulkaların xüsusi konteynerə atılmasını təbliğ edən
"Qumla şou” roliki hazırlanıb və sosial şəbəkələrdə paylaşılır. Bundan əlavə,
çirklənmiş torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi
məqsədilə nazirliyin müvafiq yerli qurumları tərəfindən "Şəhər və rayon
ərazilərində məişət tullantılarının idarə olunması, görülən işlər, problemlər,
vəzifələr”, "Tullantıların idarə edilməsi” mövzularında əhali arasında
maarifləndirici tədbirlər təşkil edilib”.
Günel Azadə
Bu məqalə "Ekoloji Tarazlığın
Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində
tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb
