Təcrübə, dövlətçiliyə sədaqət və müasirliyin vəhdəti

Millət vəkilləri formalaşacaq
yeni parlament barədə fikirlərini bölüşüblər
Milli Məclisin buraxılması
və növbədənkənar seçkilərin təyin olunması haqqında qərar qəbul edilməsi ölkə
ictimaiyyətinin geniş müzakirəsinə səbəb olub. Mütləq əksəriyyət Prezident
İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasına və onun uğurlarına
dəstək ifadə edir. Bunu Prezident Administrasiyası, Nazirlər Kabineti,
idarəetmə orqanları, bütövlükdə, dövlət həyatının bütün sahələrində həyata
keçirilən islahatların davamı kimi qiymətləndiriblər. Qarşıya çıxan yeni
çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər nəzərə alınaraq,
qanunvericilik fəaliyyətində islahatların dərinləşməsinin, parlamentin
yeniləşməsinin zəruriliyi vurğulanıb. Beləliklə, həyata keçirilən islahatlar
qanunverici hakimiyyət sferasını da əhatə etməkdədir. Prezident İlham Əliyevin
dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisinin beşinci çağırışı buraxılıb
və parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub.
Hazırda cəmiyyətdə müzakirə olunan mövzulardan biri yeni parlamentin hansı
xüsusiyyətləri özündə ifadə etməsi, hansı tələblərə cavab verməsi barədədir.
Elə bu mövzuya uyğun olaraq, millət vəkilləri arasında sorğu keçirdik.

Yeni
Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr komissiyasının katibi, deputat Elman
Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, yeni parlament Prezident
İlham Əliyevin müasirləşdirdiyi Azərbaycana adekvat olmalıdır. Onun sözlərinə
görə, yeni parlamentdə son dərəcə bilikli, savadlı, intellektual, vətənpərvər
deputatlar olmalıdır: "Azərbaycanda dövlət başçısı İlham Əliyev tərəfindən
gənclərə xüsusi diqqət və qayğı göstərilir. Hesab edirəm ki, yüksək intellektli
gənclər, bir qədər əvvəl sadaladığım keyfiyyətlərin daşıyıcısı olan şəxslər də
parlamentdə üstünlük təşkil edəcəklər. Amma bu o demək deyil ki, yeni parlament
ancaq gənc deputatlardan ibarət olacaq. Prezident İlham Əliyevin vurğuladığı
kimi, təcrübə - yaşlı nəsil ilə müasirlik – gənclik vəhdətdə olacaq. Bu prinsip
dəyişməzdir. Parlamentdə dövlətə, dövlətçiyə sədaqətli, sadiq deputatlar
əyləşməlidir. O deputatlardan söhbət gedir ki, onlar sürətlə dəyişən,
yeniləşən, çox ciddi, dərin islahatlar aparılan ölkəmiz üçün adekvat olan
hüquqi-normativ baza hazırlamalı, öz fəaliyyətləri ilə bu islahatlara
töhfələrini verməlidirlər. Sözsüz ki, parlamentdə millətin dilindən yaxşı
danışmağı, fikrini çatdırmağı, təşəbbüslər irəli sürməyi bacaran insanlar
əyləşməlidir. Ona görə də ümid edirəm ki, 6-cı çağırış Milli Məclisin tərkibinə
məhz bu kateqoriyadan olan insanlar seçiləcəklər”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafaisə deyib ki, yeni parlamentin tərkibini Azərbaycan xalqı, seçicilər müəyyənləşdirəcək. Onun fikrincə, Azərbaycan xalqının tələblərinə uyğun parlament formalaşacaq: "Beynəlxalq konyukturanı müəyyən dərəcədə anlayan, iqtisadçı, hüquqşünas ağırlıqlı bir parlamentin formalaşması arzu olunandır. Çünki, burada əsas qanunvericilik fəaliyyətidir. Ən azından bu fəaliyyətdən anlayışı və təcrübəsi olanların parlamentdə təmsil olunması önəmlidir. Düşünürəm ki, yeni parlament bu tələblərə cavab versə, kifayətdir”.

Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, parlamentarizm
xalqımızın XX əsrdə əldə etdiyi və gələcək nəsillərə miras qoya biləcəyi
layiqli ənənədir. O vurğulayıb ki, fevralın 9-dan sonra formalaşdırılacaq Milli
Məclisin tərkibi ilk növbədə bu ənənəyə sadiq insanların toplaşdığı orqan
olmalıdır: "Milli Məclisin V çağırış tərkibinin ötən 4 il müddətində kifayət
qədər məhsuldar çalışdığını düşünürəm. Əlbəttə dövr, tələblər, yanaşmalar
dəyişir. Gələcək parlamentimizin daha çevik və işlək struktura malik olması
şərtdir. Məsələn, bir sıra xarici ölkələrdə hər deputatın özünün belə demək
mümkündürsə, ayrıca aparatı var. Biz yalnız bir köməkçi ilə məhdudlaşırıq.
İstərdim ki, tələblərlə ayaqlaşmaq üçün bizdə də oxşar mexanizm tətbiq edilsin.
Yəni, işlərin dinamikliyinə nail olmaq, daha çox vətəndaş məmnunluğu yaratmaq,
həmçinin qanun yaratma missiyasını daha çevik və məhsuldar etmək istəyiriksə,
eyni təcrübəni tətbiq etməliyik”.

Millət vəkili qeyd edib ki,
gələcək parlamentin ümumən dövlətçiliyimizə bağlılığını biliyi və savadı ilə
ortaya qoymuş, istər həyat, istərsə də idarəçilik təcrübəsinə malik şəxslərdən
ibarət olması faydalıdır: "Daha yaxşı olardı ki, Milli Məclisdə bu keyfiyyətləri
özündə daşıyan gənclərimizi görək. Layiqli gənclərimizin sayı kifayət qədərdir.
Onlara şərait yaradılmalı, etimad göstərilməlidir ki, özlərini təsdiqləsinlər
və püxtələşsinlər. Bunu işləyərək etməlidirlər. Bəzən deyirlər ki, parlament,
eləcə də dövlət idarəçiliyi gəncləşdirilməlidir. Bəli, mən də bununla razıyam
şübhəsiz. Həyatın qanunu var. Yaşlılar yerini gənclərə və ya nisbətən
azyaşlılara verməlidir. Amma daha yaxşı olardı ki, proses kampaniya xarakterli
olmasın, təbii getsin. Çünki iş təcrübəsi önəmlidir. İnsanlarla işləmək
bacarığı da həmçinin. Bəzi istisnaları çıxmaq şərti ilə bu keyfiyyətlər
birdən-birə qazanılmır, zamanla əldə olunur”.
Alpər
TURAN
