Təbiətə qayıtmağın zamanı...
Karantin şəraiti elan olunan gündən kənddəyəm. İndi bağ mövsümünün
başlanğıcıdı. Kartof, lobya əkilib, ağaclar budanıb, artezian quyuları işləyir,
kəndlilər növbə ilə məhəllələri suvarır. Demək olar, bütün ağaclar çiçəkləyib,
yarpaqlarından təzə ətir gəlir. Arada xırdaca yağış yağır, elə bil xəlbirdən
tökülür. Torpağın iyi uzun zaman burnundan getmir. Yoncanın yaşılının tünd
vaxtıdı indi, yığıb doğrayırlar, yumurtadan təzə çıxmış cücələrə yem
hazırlayırlar. Təbiətin oyanışını damarlarındakı qan kimi hiss eləyirsən. Günəş
torpağı bir az qızdırdımı, qarışqalar səpələnir bütün həyətə. Çiçəklərin
üstündə arılar bal yığır, bəzisi pətəklərinə, bəzisi də əmimin hazırladığı
taxta evlərə doluşur. Kol dibindən kərtənkələ sürətlə çıxıb ayağının üstündən
keçir. Qurbağaların səsi gəlir çay qırağından. Külək "mənə də bir şey düşsün”
ağırlığında əsir. Gecələr göy üzü açıq olur, bir az Ayın qabağında bulud
gördükmü, bilirik ki, ya sabah külək güclü əsəcək, ya da yağış olacaq. Torpaq
çoxdan şumlanıb, hiss edirsən ki, rahatca nəfəs alır. Evlərdən təzə çörəyin
qoxusu əksik olmur. Kənd yerinin pendiri, şoru, qaymaqlı qatığı da dadından
bilinəndi. Göy-göyərtini doğrayıb kükü bişirirlər. Bu fəsildə ən populyar yemək
odu. Bir də təzə keşniş-şüyütdən dovğa.
Rəvan Cavid
Məhəllədə telefonu açıb təzə xəbərləri oxuyanda, ölüm-itim manşetləri
kefini pozanda ağacların təzə yarpaqları, torpaqdan çatlayıb çıxan toxumlar göz
vurur. Yadıma ilin əvvəlində Avstraliyada başlayan yanğınlar düşür. İndi o
yanğında yanan ağacların kömür gövdəsindən yaşıl pöhrələr çıxıb. Duyuq düşüb
qaçan heyvanlar yenə qayıdıb həmin yerlərə. Təbiətlə insan arasındakı
müharibədə əvvəl-axır yenə təbiət udur. Yenə sübut edir ki, üzərində dayandığın
torpaq da, söykəndiyin ağac da, yığdığın çiçəklər də, şəklini çəkdiyin arılar
da mənimdi. Utanırsan, aciz qalırsan. Olmazdımı ki, elə əvvəldən dostlaşaydıq
torpaqla.
Koronavirusun pessimist dalğası əvvəl-əvvəl kənddə hiss olunmurdu.
Adamlar işində-gücündə. Həyat necə var idi, eləcə də davam edirdi. Hər kəsin
başı təsərrüfata qarışmışdı. Sonra yollar bağlandı, postlar quruldu. Elə bir
fərq yenə sezilmədi. Onsuz da burada hər kəsin yediyi, içdiyi öz bağından, öz
quyusundandı. Sonra evdən icazəli çıxmaq məsələsi qaldırıldı. Xəbərlərdə də
daha qorxuducu süjetlər hazırlandı. Kəndin adamları da qeybəti bir kənara qoyub
başladılar virusdan danışmağa. Elə o söhbətlər gözəlim kəndlinin pozitiv ruhunu
qaramatladı. O mehriban söhbətlər, qeybətlər, gəliş-gedişlər azaldı. Ömür boyu
torpağa qulluq edən adamlar, ağac əkib meyvəsini yeyən adamlar nə bilsin ki,
dost olduğu təbiət onları zəhərləyər?!
Şəhərdə olanda günüm gəzməklə, dost-tanışla görüşməklə keçirdi deyə
kənddə darıxırdım. Ancaq torpağın ruhunu ki hiss etdim, yenidən zövq almağa
başladım, mən də hədsiz səbr və sevgi yarandı. Virus dalğası keçib gedəcək,
əlbəttə, yenə bu adamlar torpaqla, ağaclarla, çayla dostlaşacaq, nə təbiət bu
adamlardan, nə də bu adamlar təbiətdən incik düşəcək. Şəhərlər, meqapolislər
isə öz xislətlərində, öz sənaye yarışlarında bu günləri də tarixə çevirəcək.
Təbiətə dönməyin, onun bir hissəsi olmağın, ona yad kimi rəftar etməməyin
zamanı gəlib.
Rəvan Cavid