Tatu psixoloji problemdir, yoxsa zövq? - ARAŞDIRMA

Döymənin məqsədi kənardan estetika və ya bəzək kimi
görünsə də, şüuraltında sosial-psixoloji səbəblər olur. İnsan heç vaxt öz bədənində,
orqanizmində yad formanın olmasını, əslində, istəmir. Sadəcə olaraq...
"Bədənimi belə daha çox sevirəm. Bu mənim üçün bir
aksesuardır. Mənə estetik gözəllik bəxş edir. Amma etiraf etməliyəm ki, bir dəfə
tatu döydürdükdən sonra asılılıq yaradır. Valideynlərimi narahat etsə də, tatu
etdirməsəm, özümü yarımçıq hiss edirəm”.
"İmza” ilə başlayan asılılıq
Bu sözlər bədəninin 30 faizini döymə etdirən Nicata
məxsusdur. Adi "imza” ilə başlayan döymə, illər keçdikcə daha böyük tatularla əvəzlənməyə
başlayıb. Təkcə Nicatda deyil, hazırda gənclərin əksəriyyəti böyük ölçülü "aksessuarlar”la
bədənlərini bəzəyirlər. Artıq onlara zərif, sadə görünüşlü tatular kifayət
etmir.
"Kimi sevgisini, kimi nifrətini yazdırır”
Tatu ustaları da təsdiqləyir ki, son zamanlar müştərilər sadə şəkillərin əvəzinə
öz psixologiyalarını, ruhlarını ifadə edən tatular döydürmək arzusundadırlar.
İnsanlar hansısa aktyorda, aktrisada, futbolçuda gördüyü şəkillər əvəzinə öz
xarakterlərini ifadə edən tatulara daha çox bağlı olur. Çünki bədənlərində
daşıdıqları həmin şəkillər onların həyatlarını və xatirələrini əks etdirir. Bu
tatular onların ən yaxın dostuna çevrilir. Kimi sevgisini, kimi nifrətini bədəninə
yazdırır. Böyük ölçülü tatular sahibinin zövqünü oxşasa da, bir çox hallarda
estetik görüntüyə mənfi təsir edir. Ümumiyyətlə, bunun səbəbi nədir? Tatu
psixoloji problemdir, yoxsa dəbin əlaməti?
Tatunun tarixi
Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi
qəbilələr döymədən bəzək olaraq istifadə etsələr də, bir çox yerlərdə tatu xəstəliklərə
və pis ruhlara qarşı qoruyucu tilsim olaraq tətbiq edilib. Hətta bəzi
qaynaqlarda deyilir ki, bədənlərə vurulan döymələr əsrlər öncə şəxsiyyəti, həmin
şəxsin kimliyini, hansı qəbiləyə aid olmasını və vəzifəsini bildirirmiş. Qədim
dövrlərdə qulları fərqləndirmək üçün damğa vururdular. Tatunun eradan əvvəl
2000-ci illərdə qədim Misirdə, aalliyalılarda, britonlarda, traklarda mövcud olması mumiyalardan bəllidir. Qədim
Yunanıstanda və Romada tatu barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə
və cinayətkarlara məcburi sayılırdı. O zamanlarda xristianlara döymə qadağan
edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını
döydürürdülər.
Daxili dünyanın qarşılığı
Psixoloq Murad İsayev deyir ki, insan heç nəyi səbəbsiz etmir. Atdığımız
hər addımın, verdiyimiz hər bir qərarın daxili dünyamızda qarşılığı var. Döymə
də daxili dünyamızın qarşılığıdır: "Döymənin məqsədi kənardan estetika və ya bəzək
kimi görünsə də, şüuraltında sosial-psixoloji səbəblər olur. İnsan heç vaxt öz
bədənində, orqanizmində yad formanın olmasını, əslində, istəmir. Sadəcə olaraq,
daha çox gözəllik, maksimum yaraşıq, mükəmməlliyətçilik anlayışı insanı buna
vadar edir. Sevgilinin adını, sevdiyi ölkənin simvolunu, xoşladığı heyvanı bədənlərinə
döydürürlər”.
"Mən varam”, "mən buradayam”
Psixoloq vurğulayır ki, böyük tatular daha çox diqqət
çəkmək üçündür: " Yəni məndə digər insanlardan daha fərqli nüans var. Bəzən
qollara vurulur ki, əzələlər görünsün. Yəni
"mən varam” və "buradayam” demək məqsədi daşıyır. Bu, insanın daxili aləminin səssiz
qışqırmasıdır”. Psixoloqun sözlərinə görə, bütün növ tatular psixoloji mənada kənara
informasiya vermək və insanlara, ətrafa öz varlığını, gücünü, möhkəmliyini göstərmək
üçün edilir.
Cazibədar, güclü, özünəinamlı...
İnsan davranışlarını araşdıran tədqiqatçılar hesab
edir ki, döymə həyat hekayəsini simvollaşdıra bilər: "Bəzi hallarda, döymələr
ailə üzvünün və ya yaxın dostunun itirilməsi kimi travmatik həyat hadisələri
zamanı bərpa olunmağa kömək edir. Bu, şəxsi macəra da ola bilər. Döymələri olan
şəxslər ağrı qorxusunu dəf edərək özlərini daha cazibədar, güclü və özünəinamlı
hiss edirlər. Bəziləri üçün döymələr dərinin altından daha dərinə gedir və dərin
bir şəxsi dəyişiklik yaradır, onu ruhi cəhətdən daha güclü edir”.
Adrenalin, endorfin...
Döymənin asılılıq yaratdığını yuxarıda qeyd
etmişdik. Məşhur Avstraliyalı blogger və tatu həvəskarı Nate Jay tatu asılılığının səbəblərini
açıqlayıb. Birinci səbəb adrenalin və endorfindir: "Adrenalin asılılığı olan
insanlar daim tatu etdirmək istəyirlər. Çünki riskə və ağrıya qarşı bədəndən
xaric olunan endorfin və adrenalin onlara zövq verir”.
Tatu ağrısı
İkincisi, psixoloji ağırını tatu ağrısı ilə əvəzləmə
istəyidir: "Bəzi insanlar var ki, özünü yaralamaqdan zövq alırlar. Tatu ağrısı
emosional və zehni stressi aradan qaldırmaq üçün istifadə olunur”.
Üçüncü səbəb özünü ifadə etməkdir: "Hər bir döymənin
mənası var. Yəni insanın bədənindəki döymələr onun bədən dilidir. Tatu dərdlərini
dünyaya çatdırmaq istəyən gənclərin bədənlərinə həkk olunmuş dilidir”.
Üsyankarlıq
Ən əsas səbəblərdən biri üsyandır: "Valideynlər, məktəblər,
dinlər döyməyə qarşı olduqları üçün tatuların üsyan vasitəsi olması təəccüblü
deyil. İnsanların, xüsusən də, gənclərin təbiəti bunun əksini etməkdir”.
Tatu terapiyası...
Tatu həvəskarının vurğuladığı sonuncu səbəb terapiyadır:
"Çətinliklərlə mübarizdə hamımızın fərqli yollarımız var. Bəzilərinin mübarizə
üsulu tatulardır. Tatular keçmişdə edilən səhvləri təkrarlamamaq, insanlara
olan bağlılığı gücləndirmək və mənfi duyğuları aradan qaldırmaq üçün edilir”.
Aygün ƏZİZ
