• cümə axşamı, 21 noyabr, 20:30
  • Baku Bakı 14°C

Tarixi Zəfərin dördüncü ili 

08.11.24 05:58 1144
Tarixi Zəfərin dördüncü ili 

İndi biz qalib xalqıq, qalib ölkəyik. İşğaldan azad, sərhədləri bütöv, son 200 ildə ilk dəfə itirən yox, itirdiklərini geri qaytaran dövlətik. Tarixi isə itirənlər yox, məhz möhtəşəm qələbələrə imza atanlar yazır.

Müasir Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açan Zəfərimiz bu gün dünyaya bizi qalib xalq, qalib dövlət kimi tanıdır. 8 Noyabr suverenliyi, ərazi bütövlüyü tam təmin edilmiş güclü Azərbaycan deməkdir. 

Artıq zəfərimizin dördüncü ilini qeyd edirik. 8 noyabr Azərbaycanın hər bir guşəsində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə böyük sevinc və qürurla, coşquyla qeyd edilir. Bu qüruru, bu sevinci bizlərə bəxş edən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz, qazilərimizdir. 

Sabaha olan inamımızı şərtləndirən amillər

Qələbəmizdən bizi ayıran hər gün onun ölkəmiz, xalqımız üçün əhəmiyyətini daha dərindən təhlil etməyə, daha yaxşı anlamağa imkan verir. Bu illər ərzində keçdiyimiz yolda əldə etdiklərimiz, əslində gələcəkdə qarşıya qoyduğumuz hədəflərimizin açarıdır. Bu hədəflərə doğru daha güclü addımlarla irəliləmək üçün qələbəmiz sayəsində sahib olduqlarımızı qoruyub saxlamağı bacarmalı, güclü, müstəqil və suverenliyi tam təmin olunmuş Azərbaycanın təməl daşlarını daha da sağlamlaşdırmalıyıq. Güclü Ordu, güclü iqtisadiyyat, qələbəmizdə mühüm rol oynayan cəmiyyətdəki birlik, dövlətinə, xalqına, ölkəsinə bağlı vətənpərvər gənclik – bunlardır bizim sabaha olan inamımızı şərtləndirən amillər. Tarixi qələbəmizin memarı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə imza atılmaqdadır. İndi ölkəmiz qarşısında iki mühüm vəzifə var: güclü ordu quruculuğunu davam etdirmək və işğaldan azad edilən ərazilərimizin bərpası.  

21-ci əsrin tək qalib ordusu

Artıq Azərbaycan Ordusu "21-ci əsrin tək qalib ordusu" kimi tanınır. İstər 44 günlük Vətən müharibəsində, istərsə də bir gündən az davam edən antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin göstərdiyi peşəkarlıq, beynəlxalq hüququn norma və prinsiplərinə, müharibə qanunlarına tam riayət etməsi beynəlxalq səviyyədə qəbul edilir. Təcrübəmiz bir çox hərbi mərkəzlərdə xüsusi olaraq araşdırılır. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycanın Silahlı Qüvvələri ardıcıl şəkildə dünyanın ən güclü ordularının reytinqində yer almaqdadır. Son olaraq ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlarda qeyd edilir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 29-cu Silahlı Qüvvələridir. 

Sülh yolunda əngəl qalmayıb

Zəfərimizin siyasi əhəmiyyətinə gəldikdə isə, 8 Noyabr - Zəfər günü Cənubi Qafqazda davamlı sülhün, sabitliyin əldə edilməsi istiqamətində ən böyük maneəni, işğal faktını aradan qaldırıb. İndi Bakı və İrəvan arasında sülh istiqamətində danışıqlar aparılır ki, bunun da məntiqi sonluqla yekunlaşması ilk növbədə İrəvandan asılıdır. Digər tərəfdən, vaxtilə bölgəmizdə münaqişənin varlığından qidalanaraq özlərinin maraqlarını təmin edən kənar qüvvələr artıq yeni reallıqlarla üzləşiblər. Bu reallıqlar Cənubi Qafqazda əsas söz sahibinin Azərbaycan olduğunun beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul edilməsidir. Tarixi qələbəmiz bizə həm də keçən müddətdə əsl dostlarımızın kimlər olduğunu aydınlaşdırmaq, beynəlxalq və ikitərəfli münasibətlərimizi məhz bu reallıqlar üzərindən qurmaq fürsəti tanıdı.

Bölgəmiz üçün unikal iqtisadi imkanlar

Zəfərimiz tək Azərbaycanın yox, eləcə də bütün bölgənin sürətli iqtisadi inkişafı üçün unikal imkanlar yaradıb. Təbii ki, Azərbaycan üçün bu zəfər 30 ildən artıq işğal altında qalan ən münbit torpaqlarımızın yenidən ölkə iqtisadiyyatına qazandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, işğal faktının aradan qalxması ilə ölkəmiz dünya maliyyə qurumları tərəfindən artıq riskli zona kimi qiymətləndirilmir. Nəticədə beynəlxalq aləmdə davam edən gərginliklər fonunda xarici investorlar Azərbaycanı sabit inkişaf edən dövlət kimi qəbul edirlər. Bunun nəticəsində ölkəmizə sərmayə qoyuluşları xeyli dərəcədə artıb. Bu amil ölkənin iqtisadi inkişafında özünəməxsus yer tutur. 
Region və daha geniş miqyasda iqtisadi imkanlara gəldikdə isə, söhbət ilk növbədə tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasından gedir. Beynəlxalq ekspertlər də bildirirlər ki, son illər yaşanan kataklizmlər fonunda Zəngəzur dəhlizi Şərqlə Qərb arasında sabit ticarət və nəqliyyat xabı kimi müstəsna əhəmiyyətə malikdir. Dəhlizin işə düşməsi tək Azərbaycan yox, eləcə də Ermənistan, həmçinin Mərkəzi Asiya ölkələri üçün də unikal fürsətdir.  

İtirdiklərimizi geri qaytarmağın vaxtıdır

Bəlkə də Zəfərimizlə bağlı bu fikirləri dəfələrlə yazmışıq. Ancaq hər keçən gün onun dəyərini daha yaxşı anlayırıq. İndi biz qalib xalqıq, qalib ölkəyik. İşğaldan azad, sərhədləri bütöv, son 200 ildə ilk dəfə itirən yox, itirdiklərimizi geri qaytaran bir dövlətik. Tarix itirənləri yox, zəfər qazananları yazır. Tarixi itirənlər yox, məhz möhtəşəm qələbələrə imza atan xalqlar yaradır. 

Zəfərimiz mübarək!

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər