“Sözün əsl mənasında tər tökdüm” - MÜSAHİBƏ

Və ya bilik yarışında nəhəngləri
məğlub edən Hüseyn Qəmbərovun uğura gedən yolu
Nəhənglərin iştirak etdiyi müsabiqədə ən yüksək nəticə
göstərib. Azərbaycanı "WorldSkills Asia 2021” müsabiqəsində təmsil edib. "Məlumat
sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib və
ümumi sıralamada 4-cü yeri tutub.Müsahibimiz tələbə Hüseyn Qəmbərovdur.160 nömrəli klassik gimnaziyanı fərqlənmə attestatı
ilə bitirib. Məktəb illərindən kompüter elmlərinə marağı olduğunu kəşf edib:
"İbtidai sinifdən bilirdim ki, həyatımı kompüter mühəndisi kimi davam edəcəyəm.
Qarşıma məqsəd qoydum və Respublika Fənn Olimpiadasının final mərhələsində
informatika fənni üzrə gümüş medal qazandım”.
Həmsöhbətimiz təhsil müddətində rus, ingilis, alman
dillərini öyrənib.

- İT
sahəsində uğura gedən yolda hansı pillələrdən keçmisiniz?
- Məktəbdə informatika fənni 1-ci sinifdən yüksək səviyyədə
keçilir. İlk ildən məntiqi, alqoritmik düşüncəni öyrənirdik. İnformatika
olimpiadalarına qatılırdım. Bir dəfə məktəbdə elan paylaşıldı ki, seçim turunu
uğurla keçən tələbələr Ramin Mahmudzadənin yeni proqramında olimpiadaya
hazırlaşmaq imkanı əldə edəcəklər. Məktəbdən 3 nəfər seçildi, onlardan biri də
mən oldum. Burada proqramlaşdırma öyrəndik, alqoritmlər yazdıq. Addım-addım
biliklərimiz artırdı. Hər olimpiada bir təcrübə idi. Bütün bu təcrübələrin nəticəsində
respublika səviyyəsində gümüş medal qazandım. Məktəbi bitirdikdə 660 balla Bakı
Ali Neft Məktəbinə qəbul oldum. Universitet komandası nəzdində tələbələrarası
informatika yarışmasında iştirak etdim. Yarışmanın regional yarımfinalına
keçdik və komandanın nəzdində Gürcüstana getdik. Yarışma müddətində komandamız
fərqlənmə attestatı qazandı, fərdi raundda isə 5-ci yerə çıxdım. Universitetdə
oxuduğum zaman tələbələrin ilk elmi konfransları keçirilirdi. Öz şəxsi layihəmlə
ora qatıldım. İştirakçılar arasında ikinci yerə çıxdım. O da böyük nailiyyət
idi. Ən vacib proyektlərdən bir isə "Kibertəhlükəsizliyin
əsasları” adlı təlimdə iştirakım idi. Bu təlim indiki təhsil nazirimiz Emin
Əmrullayevin təşəbbüsü ilə yaradılmışdı. Dünya arenasında məşhur mütəxəssislər
dərs deyirdi. Onların metodları ilə çox vacib və lazımlı kurs keçdik. Öz şəxsi
və karyera inkişafımızda bu günə qədər o biliklərdən istifadə edirik.

- Təhsil
həyatınız yarışmalarda, olimpiadalarda keçib. Daim öyrənməyə "ac”sınız...
- Düzdür. Daim öyrənmək hissi həm ailədən, həm də şəxsi
keyfiyyətlərdən irəli gəlir. Bizim nəsildə demək olar ki, hamı mühəndisdir və
öz sahəsində uğurludur. Hamı uğurlarından danışır, digərinə məsləhət verir. Sənin
nailiyyətin yoxdursa, danışmağa mövzun olmur. Dostcasına rəqabət var. Hər kəs
özünü inkişaf etdirməyə çalışır. Uşaq 1-ci sinifdən ətrafında belə müzakirələr
görəndə rəqabətə uyğunlaşır. Atam uşaqlıqdan mənimlə puzzle, konstruktor yığıb.
Məndə alınmayanda deyirdi ki, bir dəfə də et, ikinci dəfə alınacaq. Heç vaxt
kömək etmirdi. Oyun vasitəsilə düşünməyi öyrədirdi. Sonra məktəbə gəldik və
eyni rəqabət məktəbdə də var idi. Sinif yoldaşlarım çox güclü idi. Yenə "mən nə
edə bilərəm?” düşünürsən. Hamı olimpiadaya gedir, qalib gəlmək istəyirdi. Belə
mühitdə yerində saymaq mümkün deyil.

- Məntiqlə
yanaşı dil biliklərinizi də inkişaf etdirmisiniz...
- Atamdan
məntiq, anamdan dil bilikləri almışam. Anam rus və ingilis dillərini özü öyrənmişdi.
O həmişə maraqlı idi ki, mən bütün fənləri oxuyum. Yəni mən birinci qrupa gedirəmsə,
məhz həmin fənlərə fokuslanmayım. Çünki hansı dərsin sənə nə vaxt lazım
olduğunu bilmirsən. Anam həmişə deyirdi ki, bu dünyada dil bilmədən inkişaf
yoxdur. Amma evdə üstünlük Azərbaycan dilində danışmaq idi. Valideynlərim
deyirdi ki, qarşındakı sənlə Azərbaycan dilində danışırsa, mütləq öz dilində
cavab ver. Dil sənin inkişafın üçün lazımdır. Ünsiyyət üçün öz dilin var. Dil
bilmək lovğalanmaq, imtiyaz deyil.

- "WorldSkills
Asia”dan danışaq. Yarışmaya qatılmaqda məqsədiniz nə idi?
- Qalib
gəlməyi düşünmürdüm. Seçim turunda fikirləşdim ki, biliklərimi yoxlayım və səviyyəmi
müəyyənləşdirim. Qalib gəldim və final turunda iştirak etmək imkanı qazandım. Biz
o yarışa ilk dəfə idi qatılırdıq. Bizlə birgə yarışan ölkələr - Rusiya, Cənubi Koreya, Hindistan, Malayziya,
Çin artıq bu yarışmada öz sözünü deyən ölkələr idi. İT sahəsində də güclü idilər.
Yarışma müddətində özümə deyirdim ki, fərqi yoxdur bu yarışmada udacaqsan, ya
uduzacaqsan. Edə biləcəyinin maksimumunu et. Çünki sən bilə bilməzsən ki, bu
yarışma sənə nə verəcək. Nəhənglərlə yarışmaq çətindir. Əsas məqsədim o idi ki,
öz biliklərimi maksimuma qədər qaldırım və göstərim ki, bu gün bunu bacarıram.

- Nəhənglərlə
yarışmaq və qalib gəlmək necə hissdir?
- Sözün əsl mənasında tər tökdüm. Yarışmanın ən
böyük çətinliyi o idi ki, bizə verilən tapşırıqları ancaq orada bildik. Üstəlik,
orada işlənilən proqramlar haqqında internetdə məlumat yox idi. Nə edəcəyini
yarışma müddətində anlamalısan və öz proqramında düzgün istifadə etməlisən.
Yarışma müddətində öyrənir, dərk edir və istifadə edirdik. İlk dəfə idi ki, bu
tip yarışmada iştirak edirdim. Rəqiblər çox güclü idi. Əminəm ki, o yarışmada
öyrəndiklərim mənə gələcəkdə çox kömək edəcək.
- Nazir
və rektor sizə status həsr etdi. Bunu gözləyirdiniz?
- Düzü, gözləmirdim. Postun linkini qardaşım göndərdi.
Çox sevindim. Mənim üçün qürur idi. Buna görə minnətdaram. Yarışma müddətində çəkdiyim
bütün əziyyətimin bəhrəsini gördüm.

- Gələcək
planlarınız nədir?
- Ölkəmizin peşəkar kibertəhlükəsizlik mütəxəssislərinə
ehtiyacı var. Peşəkar olmaq üçün mühitin içində olmalı, işləməlisən. Xaricdə iş
təcrübəsi və bilik qazanıb ölkəmdə tətbiq etməyi planlaşdırıram. Hazırda
banklardan birində kibertəhlüksizlik mütəxəssisi işləyirəm. Öz biliklərimə güvənmək
üçün hər saniyə öyrənmək üçün çalışıram. Çünki məni arzularıma bildiklərim
çatdıracaq.
Aygün ƏZİZ
