• cümə, 29 Mart, 16:41
  • Baku Bakı 14°C

“Sözümüz sözdür”

06.05.19 15:30 2081
“Sözümüz sözdür”
İstedadlı şair, gənc tədqiqatçı Gülnar Səmanın 2019-cu ildə işıq üzü görən "Sözümüz sözdür” kitabında müəllifin müxtəlif mətbuat orqanlarında dərc etdirdiyi məqalələri toplanmışdır. Bu, Gülnar Səmanın oxucuları ilə dördüncü görüşüdür. Gənc yazarın "Mən sehrli səmayam” (2001), "İçimdəki söhbətlər” (2011), "Gül” (2016) adlı şeir kitabları artıq oxuculara yaxşı tanışdır. Gülnar Səma hələ orta məktəb illərindən sözün sehrinə düşmüş, öz poetik düşüncələrini, incə hiss və duyğularını nəzmə çəkərək müxtəlif mövzulu lirik şeirləri ilə ürəkləri fəth etmişdir. Sözün siqlətini, onun məna yükünü və dəyərini verən gənc qələm sahibi artıq üç şeir kitabının müəllifi kimi yeni ədəbi gəncliyin aparıcı qüvvələrindən birinə çevrilmişdir. Onun özünəməxsus poetik dünyasının bütövlüyündə ilmə-ilmə naxışlanmış sözün ecazkar gücünün min bir çaları var.
Gülnar Səmanın zəngin dünyagörüşü, mütaliəsi və analitik təhlil etmə bacarığı onun ədəbiyyatşünaslıq, publisistika sahəsindəki uğurlarına da yol açır. Bu baxımdan Gülnar Səmanın publisistik məqalələrini onun istedadının açılmamış qatlarının yeni təzahürü kimi qiymətləndirmək olar. Gənc tədqiqatçı kitaba sərlövhə seçdiyi sözün çəkisini hiss edən, duyan və onun məsuliyyətini dərk edən bir ziyalıdır.
Gülnar Səmanın "Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış” adlı publisistik yazısında Azərbaycan xalqının taleyində mühüm bir mərhələni təşkil edən dövrün ədəbiyyat və mətbuatı fikir süzgəcindən keçirilir və maraqlı qənaətlər əsasında şərh olunur. Eyni zamanda o, keçən əsrin əvvəllərində ədəbi məktəb yaratmış iki böyük mətbuat orqanına – "Molla Nəsrəddin” və "Füyuzat” jurnallarının araşdırılmasına da ayrıca məqalələr həsr etmiş və milli mətbuatımızın təşəkkülü, formalaşması və inkişafında Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadənin böyük xidmətlərini göz önündə canlandırmışdır.
Gülnar Səma "Cavidanə uçurum” məqaləsində böyük şairin yaradıcılığındakı ən çətin situasiyaları, bəşəriyyəti uçuruma yuvarladan qorxu və fəlakəti, insanı təqib edən kabusu "Ana”, "Maral”, "Şeyda”, "Şeyx Sənan”, "Uçurum”, "Topal Teymur”, "Xəyyam” əsərlərinin motivlərindən çıxış edərək şərh edir. O yazır: "Tədqiqatçılar Cavid yaradıcılığının birincin mərhələsinin "Uçurum”la bitməsini qeyd etməkdə haqlıdırlar. Amma bu bitkinlik özü də nisbidir, çünki uçurumlu mövzular onun dramaturgiyasını addımbaaddım izləyib. Maraqlısı budur ki, böyük sənətkar ən müxtəlif situasiyaları uçurumun bir parçası kimi ayrı-ayrı əsərlərində canlandıra bilib. Bir sözlə, uçurum xofu onun yaradıcılığını qarabaqara izləyib. Şübhəsiz ki, Cavid dühası dibi görünməyəcək bu uçurumların yer üzünü öz cənginə alacağını, müharibələrə, qırğınlara yol açacağını göstərməklə insanları sülhə, barışığa və azadlığa səsləyirdi. Gülnar Səma bu mövzuya müraciət etməklə Hüseyn Cavid ideyalarını, onun məqsəd və məramını açmağa nail olur. Kitabda diqqətçəkən məqamlardan bir də müəllifin həm Azərbaycan nəsrinin, həm də poeziyasının inkişafında xüsusi xidmətləri olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Zəlimxan Yaqub, Məmməd Aslan, Nəriman Həsənzadə, Aqil Abbas, Məmməd İsmayıl, Musa Ələkbərli, Rəşad Məcid, Barat Vüsal, Məmməd İlqar, Akif Səməd, Əlirza Xələfli, Balayar Sadiq kimi söz adamlarının yaradıcılığını tədqiqat obyektinə çevirməsidir.
Gülnar Səmanın şair ruhu onun nəsr haqqında düşüncələrində də poetikləşir və oxucuda incə, zərif duyğuların harmoniyasını yaradır, humanist hisslər aşılayır. Onun nəsr əsərlərinin təhlilinə həsr etdiyi məqalələrin nəinki özünə, hətta seçdiyi sərlövhələrinə də bu ruh hakimdir. "Elçinin "Kölgə” hekayəsində kölgələrin ardındakı işıqlı mətləblər”, "Aqil Abbasın yağdırdığı dolu”, "Rəşad Məcidin "Çiyələk qadın”ı, "Akif Səmədin söz ağrısı”, "Elşən Əzimin güldən ağır sözü”, "Məmməd Aslanın ağlayan qərənfili”, "Ramil Əhməd və ya "Zaman tuneli”ndə zamanı sıfırlayan şair” kimi poetik adların verilməsi müəllifin özünün daxili məninin ifadəsinə çevrilən və məntiqə söykənən sərrast aforizmlər təsiri bağışlayır.
Gülnar Səma özü də şair olduğu üçün onun şeir haqqında düşüncələri, ona verdiyi yozumlar, sətirlərin alt qatında gizlənən metaforik ifadələrə verilən leksik-semantik şərhlər bütövlükdə məna yükünün açılmasına xidmət edir və şair fikrinin qavranılmasını asanlaşdırır:

Dağların başından keçir çən-duman,
Keçir deyilməmiş bir fikir kimi.
Enib dərələrə ilişən duman,
Dağların qəlbində qalır sirr kimi.
(Məmməd İsmayıl).

Gülnar Səmanın təbiətin bu ecazkar mənzərəsinə və onun insan təhtəlşüurunda yaratdığı assosiativ düşüncəyə maraqlı yanaşma tərzi diqqəti cəlb edir: "İlk baxışdan təbiət mövzusunda yazılmış əsər təsiri bağışlayan şeir, əslində, güclü metaforik fikirlər qovşağıdır. İnsan nəyinsə haqqında düşünüb fikirləşə bilər, lakin dağların nə barədə düşündüyünü anlamaq üçün başından keçən çən-dumana nəzər salmaq gərəkmiş. Sən demə, dağların başına dolanan çən-çisək elə onların düşüncələriymiş ki, dərələrə ilişib qalanda artıq gözlə görünən fikir yox, müəmmalı qalan sirr olur. Bəzən isə şair sirrini verməkdən çəkinmir: "Eləsinə vurul, vurulanda da, Desinlər, ay Məmməd, əla gözəldir”.
Gülnar Səmanın təhlilə cəlb etdiyi mövzular rəngarəngdir. O, Vətən, məhəbbət, ana təbiət, müharibə, ayrılıq, həsrət və s. mövzularda yazılmış əsərlərin hər birinə qəliblənmiş, stabil bir yöndən deyil, tamamilə fərqli, hər kəsin görə, duya və dərk edə bilməyəcəyi bir aspektdən yanaşır. Bu, onun cəmiyyətə, həyata, insan taleyinə, təbiətə fəlsəfi düşüncələrinin təzahürü kimi ortaya çıxır və məntiqi fikirlər oxucunu öz arxasınca aparır. Bu yanaşma "Rəşad Məcidin "Çiyələk qadın”ı məqaləsi üçün də səciyyəvidir. Şairin lirik məni misraların zərif və incə duyğularında qərarlaşıb:

Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar etmə sən
- deyən aşiqin təbii hissləri şairin səmimi etiraflarıdır. Gülnar Səma oxucunun diqqətini bu məqama çəkərək yazır: "Bir anlıq çiçəksiz baharın necəliyini göz önünə gətirməyə çalışaq. Mümkünsüzlüyün son həddi görünür. Eləcə də, açarı olmayan qıfıl bağlanmaqdan da, açılmaqdan da məhrumdur. Necə ki sevgiləri olmayan insanlar bir-birilərinə bağlana bilməzlər”.
Gülnar Səma şairin novatorluğunu, yeni fikir və söz sərrafı kimi orijinal deyim tərzini poeziyaya gətirdiyini nəzəri müddəalarla açmağa müvəffəq olur: "Qara gözün, uzun saçın, Bu ağ dişin mənimdimi? Maraqlı bir bədii priyom; ilk baxışdan adama elə gəlir ki, misralarda qüvvətli epitetdən istifadə edilib. Lakin həqiqətdə göz qara, saç uzun, diş də ağ ola bildiyinə görə burada bədii təyin yoxdur. Amma digər söz ustalarından fərqli olaraq, ağ dişin poeziyaya məharətlə gətirilməsi ürək oxşayır”.
"Sözümüz sözdür” kitabında yer alan maraqlı məqalələrdən biri də "Zəlimxan Yaqubun "Yunis Əmrə dastanı”dır. Gənc tədqiqatçı türk dünyasının qüdrətli sənətkarının poemada yaradılan parlaq bədii obrazını təhlilə cəlb edir, şairin ecazkar qələmi ilə süslənmiş Yunis Əmrənin həyat yoluna işıq salır. Onun sufi, ilahi eşqinin mərhələlərini əsərdən gətirilmiş nümunələr əsasında şərh edir. Poemada Yunisin Fatmaya olan sevgisinin onu necə aliliyə, təmizliyə, saflığa səslədiyini şəriət, təriqət, mərifət və həqiqətə yüksəltdiyini ustalıqla aça bilmişdir:

Hansı yana çıxıram, gözə sən görünürsən, (şəriət)
Çiçəklərə baxıram, gözə sən görünürsən! (təriqət)
Yatıram, oyanıram, sözə sən görünürsən, (mərifət)
Ocaq kimi yanıram, gözə sən görünürsən! (həqiqət)

Poemada aydın görünən şair istedadı və qüdrəti tədqiqatçı fəhmi ilə tam sinkretiklik yaratmış və nəticədə maraqlı analitik təhlillər ortaya çıxmışdır.
Topluda diqqət çəkən məqalələrdən biri də "Nəriman Həsənzadənin "Nuru Paşa” poemasıdır. Şair fantaziyası ilə tarixi gerçəkliyin sintezindən yaranan bu poema xalqımızın taleyində müstəsna rol oynayan Nuru Paşanın Azərbaycandakı xilaskarlıq missiyasından bəhs edir. Tədqiqatçı əsərin yazılma məramını açıqlayaraq deyir: "Əsərin yazılmasında əsas məqsəd Nuru Paşanın niyə köməyə gəlməyə məcbur olduğunu göstərməkdir. Ona görə də şair Azərbaycanın o zamankı mövcud durumunu belə canlandırır: "Ermənilər pusqudaydı top-tüfənglə. Gəncəlilər – yol üstündə duz-çörəklə”. Yəni onun gəlişinin səbəbi Azərbaycanın xilaskarı missiyasını yerinə yetirmək olmuşdur”.
Gülnar Səmanın tədqiqatlarında tarixi keçmişimizlə, türkçülüklə, şəhidliklə, qəhrəmanlıqla bağlı əsərlərin təhlilinə qlobal yanaşma var. O həm Azərbaycan torpaqlarının qorunması uğrunda, həm də türk yurdunun yağılardan təmizlənməsində şəhid olan qəhrəmanların igidliklərindən bəhs edən əsərləri özünün təhlil süzgəcindən keçirir. Bu baxımdan onun "Nuru Paşa” poeması ilə yaxından səsləşən Yusif Nəğməkarın "Çanaqqala”, Məmməd Aslanın "Ağla, qərənfil, ağla”, Məmməd İlqarın "Qaratel”, Musa Ələkbərlinin "Mübarizlik dərsi” kimi poemalarını tədqiqat predmetinə çevirməsində əsas məqsəd gənc nəslə xalqımızın qəhrəmanlıq salnaməsini təlqin etmək, onlara vətənpərvərlik hissi aşılamaqdır”.
Gülnar Səmanın "Sözümüz sözdür” məqalələr toplusu özündə bir çox dəyərləri əks etdirən və çağdaş publisistikamızın uğurlu inkişafını göstərən maraqlı və oxunaqlı bir kitabdır. İnanırıq ki, bu qiymətli kitab oxucular tərəfindən maraqla qarşılanacaq. Biz Gülnar Səmanı təbrik edir və ona gələcək tədqiqatlarında uğurlar arzulayırıq!
Gülbəniz Babayeva
banner

Oxşar Xəbərlər