Şövqlə qurulan gələcək - FOTOLAR
"Yüzlərlə texnika, minlərlə insan sürətli quruculuq
işlərinə cəlb olunub. Necə ki hərbçilərimiz böyük fədakarlıqlar, qəhrəmanlıqlar
göstərib qısa zamanda torpaqlarımızı işğaldan azad ediblər, eyni fədakarlıqla
da inşaatçılarımız çalışırlar”
Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa
çatdıqdan dərhal sonra işğaldan azad olunan ərazilərin mina və partlamamış
döyüş sursatlarından təmizlənməsinə başlanıldı. Bunun ardınca rayon, şəhər və kəndlərin
bərpası prosesinə start verildi. İlk növbədə yol infrastrukturu quruldu. Qısa müddətdə Şuşa şəhərinə
Zəfər yolu çəkildi, digər yaşayış məntəqələrini birləşdirəcək yeni yolların, həmçinin
hərbi təyinatlı yolların inşasına başlanıldı.
Baş planların təqdimatı olub
Genişmiqyaslı bərpa layihələrinin uğurla icra edilməsi
üçün elektrik, su təchizatı məsələlərinin həlli istiqamətində mühüm işlər
görülüb. Şuşa şəhərində bir sıra obyektlərin istifadəyə verilməsi ilə paralel
olaraq Vaqif Poeziya Günləri, Xarıbülbül Musiqi Festivalı keçirilib. Füzuli, Zəngilan,
Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisinə başlanılıb.
Qarabağın giriş qapısı sayılan Füzulidəki aeroport cəmisi 8 aya hazır vəziyyətə
gətirilib, təyyarə reyslərini qəbul edib. Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdam, Kəlbəcər,
Laçın, Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Şuşa, Suqovuşan səfərlərində bəzi yaşayış
məntəqələrinin baş planlarının təqdimatı olub. Ölkə başçısı və birinci xanım
ictimaiyyət nümayəndələri ilə birlikdə yeni infrastruktur layihələrin, o cümlədən
"ağıllı kəndlər”in, müasir çoxmənzilli binalardan ibarət yeni yaşayış məhəllələrinin
təməlini qoyublar.
"Biz gələcəyə baxmalıyıq”
Bütün bunlar Qarabağ və ətraf rayonların əzəli
sahiblərinin öz torpaqlarına qayıtdığını, Azərbaycan Prezidentinin rəhbərliyi
altında işğaldan azad olunan ərazilərin sürətlə yenidən qurulduğunu, bərpa
edildiyini nümayiş etdirir. Ölkə başçısının vurğuladığı kimi, qalib və qürurlu
Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədiyyən yaşayacaq. Füzuliyə səfəri
çərçivəsində rayon ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev bu barədə
danışarkən qeyd edib ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar
tezliklə öz doğma ocaqlarına qayıdacaqlar.Onun sözlərinə görə, indiyə qədər
təməli qoyulan layihələr bizi hədəflərimizə doğru daha da yaxınlaşdırır:
"Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz
gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq.
Əminəm ki, bütün planlarımız - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin
edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz
bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik
və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində
əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri, maksimum qısa
müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq”.
Qarabağ geniş tikinti meydançasına çevrilib
Dövlət başçısının Ağdam və Füzuli rayonlarının
ictimaiyyət nümayəndələri ilə görüşlərində iştirak edən millət vəkili Aqil
Abbas "Kaspi” qəzetinə açıqlamasında deyib ki, işğaldan azad olunan bütün
rayonlar, o cümlədən Ağdam geniş tikinti meydançasını xatırladır, sürətli
quruculuq, bərpa işləri həyata keçirilir. Deputatın sözlərinə görə, işlərin bu
cür sürətlə gedişi onu deməyə əsas verir ki, məcburi köçkünlər öz ata-baba
yurdlarına daha tez qayıda biləcəklər: "Cənab Prezident İlham Əliyevlə Şuşada
görüşəndə qısa söhbət etdik. O, Ağdama gedib-getmədiyimi soruşdu? Bu söhbətdən
sonra ailə üzvlərimlə birlikdə iki dəfə Ağdama getdim. Orada görülən işlərlə
yerində tanış oldum. Cənab Prezidentlə Füzulidəki görüşümüz zamanı ona Ağdamda
gördüklərim barədə ətraflı məlumat verdim. Ağdamda sürətlə həm dördzolaqlı,
geniş avtomobil yolu çəkilir, həm də dəmiryolu. Demək olar ki, hər iki layihə yekunlaşmaq
üzrədir. Yüzlərlə texnika, minlərlə insan sürətli quruculuq işlərinə cəlb
olunub. Necə ki hərbçilərimiz böyük fədakarlıqlar, qəhrəmanlıqlar göstərib qısa
zamanda torpaqlarımızı işğaldan azad ediblər, eyni fədakarlıqla da
inşaatçılarımız çalışırlar. Ağdam qaynayır. Şəhərdə gözəl bağ salınıb,
Prezidentin xüsusi nümayəndəliyinin, tikinti təşkilatlarının ofisləri
hazırlanıb. Bütün bunlar barədə dövlət başçısına danışanda o söylədi ki,
birlikdə yenə Ağdama gedərik, görülən işlərlə tanış olarıq. Baş verən bu hadisələr,
yaradılan, qurulan rayon, şəhər və kəndlər bütün ağdamlılar kimi məni də
sevindirir”.
Yaşayış məntəqələrinə ikinci həyat bəxş edilir
Deputatın qənaətinə görə, işlər belə sürətlə davam
edərsə, ağdamlılar 4 il ərzində öz doğma yurdlarına qayıda biləcəklər: "Kəndlərə
qayıdış daha tez baş verəcək. Amma şəhərə qayıtmaq üçün haradasa 4 il lazım gələcək.
Çox yüksək səviyyədə böyük tikinti layihələri icra olunur. Təklif edərdim ki,
vaxtilə Nadir Abbasov tərəfindən yay aylarında yaradılan və müsbət təcrübə kimi
keçmiş SSRİ-yə yayılan tələbə inşaat dəstələri yenidən bərpa olunsun. Tələbə gənclərimiz
də azad olunan ərazilərimizin quruculuğunda müəyyən ödəniş müqabilində
iştirakçı olsunlar, əldə etdikləri vəsaiti təhsil haqlarına ödəsinlər, yaxud tələbatlarına
uyğun xərcləsinlər. Bütün Qarabağ geniş tikinti meydanıdır indi. Tikilən, yenidən
qurulan bu şəhərlər, rayon, kənd və qəsəbələr əvvəlki adları ilə adlandırılsa
da, onlara ikinci həyat bəxş edən İlham Əliyevin şəhərləri kimi tarixə düşəcəklər”.
Rufik
İSMAYILOV