• şənbə, 27 Iyul, 06:53
  • Baku Bakı 26°C

"Şuşaya xoş gəlmisiniz"

11.05.24 05:04 2751
"Şuşaya xoş gəlmisiniz"

Prezident İlham Əliyev: "Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar".

Prezident İlham Əliyev Şuşa, Laçın və Füzuliyə səfər edib. Bir sıra təməlqoyma mərasimlərinə və açılışlara qatılıb.  

"Şuşanın azad edilməsi düşmənin belini qırdı"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Prezident görüşdə çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı: "Bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi".

Şuşanın yeni tarixi başlayır

Prezidentin sözlərinə görə, Şuşanın yeni tarixi başlayır: "Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar".

"Nəyi lazım biliriksə, onu da edəcəyik"

Dövlət başçısı bildirib ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik: "Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".

"Şuşa əzəldən Azərbaycan şəhəri olub"

Prezident vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl: "Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır". Dövlət başçısı bildirib ki, ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək. Onun sözlərinə görə, erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq: "Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb".

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışına qatılıb. Dövlət başçısının Şuşaya səfəri zamanı üçüncü yaşayış kompleksinin, Turşsu qəsəbəsinin təməli qoyulub, Şirin su hamamının, Mamayı məscidinin bərpadan sonra açılışları olub. Dövlət başçısı Laçına səfəri çərçivəsində Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib.

 

banner

Oxşar Xəbərlər