• cümə, 19 Aprel, 15:04
  • Baku Bakı 25°C

Şuşanın təməlini qoyan nəslin varisinin həyat hekayəsi - MÜSAHİBƏ

17.07.21 09:30 5785
Şuşanın təməlini qoyan nəslin varisinin həyat hekayəsi - MÜSAHİBƏ
Rəşid Cavanşir: "İndi o qədər bəxtiyaram ki, bundan artığını istəməyə, bəlkə də, haqqım çatmaz”
"Kaspi” qəzetinin qonağı Cavanşirlər nəslinin davamçısı, Azərbaycan elmində, neft sənayesində çoxsaylı xidmətləri olan Rəşid Cavanşirdir. Rəşid bəy 1951-ci il iyul ayının 17-də Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib. Bundan sonra Azərbaycanda və ayrı-ayrı ölkələrdə müxtəlif vəzifələri uğurla icra edib. O, həm də Azərbaycan EA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda şöbə müdiri (1984-1997), elmi işlər üzrə direktor müavini (1988-1995) vəzifələrində çalışıb. 1995-2009-cu illərdə bir neçə nüfuzlu beynəlxalq neft şirkətlərində rəhbər vəzifələr tutub, 2009-cu ilin sentyabr ayında BP-Azərbaycan şirkətinin prezidenti təyin olunub. HəmçininAzərbaycan Elmlər Akademiyasıvə Neft Akademiyasında elmi-tədqiqat və müəllimlik fəaliyyəti ilə məşğul olub. Rəşid bəy dünyanın bir çox dövlətlərində çap olunmuş çoxsaylı elmi-texniki işlərin müəllifidir, AMEA-nın müxbir üzvüdür.Rəşid bəy olduqca dərin bilikli, amma son dərəcədə təvazökar insandır. Bir insan ömrünə sığmayacaq qədər elmi və ictimai uğurları olan bu şəxsiyyət, müsahibə ərzində bəy nəslinə yaraşan kübarlıqla danışır və özünün bütün əzəmətini özünəməxsus sadəliyi ilə ifadə edir. Rəşid bəyin elm sahəsi ilə bağlı fəaliyyəti o qədər çoxdur ki, sanki bir ömür içində bir neçə ömür yaşayıb və öz tərcümeyi-halına neçə-neçə insanın yaşantılarını sığışdırıb. Rəşid bəyin bu günlərdə yetmiş yaşı tamam olur. Onu bu münasibətlə səmimi-qəlbdən təbrik edir, sağlam, firavan, elmi yeniliklərlə dolu ömür arzulayırıq:
– Rəşid müəllim, Şuşa şəhərinin əsasını qoyan bəy nəslinin nümayəndəsi, məşhur Cavanşirlər soyunun davamçısı kimi 2020-ci ili – Zəfər ilimizi necə xarakterizə edərdiniz?
– 2020-ci il həm dünya, həm də xalqımız üçün çox ağır keçdi, amma mən bu ili həyatımdakı ən xoşbəxt il sayıram. Səbəbi 44 günlük müharibə nəticəsində torpaqlarımızın azad olunmasıdır. Açığı, inanmırdım ki, bu günü görmək mənə nəsib olacaq. İndi o qədər bəxtiyaram ki, bundan artığını istəməyə, bəlkə də, haqqım çatmaz. Bilirsiniz, ən yaxınlarım müharibə iştirakçısı olublar, hətta, atam İkinci Dünya müharibəsindən sonra elə psixoloji zərbə almışdı ki, bir neçə il lal-dinməz gəzib heç kimlə münasibət qurmamışdı. Deyilənə görə, həmin nəsildən, yəni 1923-cü ildə anadan olmuş oğlanlardan 2-3 faizi sağ qaldı, qalanları isə həlak oldular. Sözüm ondadır ki, dünya tarixində belə hallar nadirən olur: Vətən müharibəsində qələbə qazanmaq, öz torpaqlarını geri qaytarmaq. Xalq olaraq biz bu tarixi hadisənin şahidi olduq və bu haqlı qürur daima qəlbimizdə yaşayacaq. Mütaliəmə əsasən deyə bilərəm ki, başımız çox bəlalar çəkib: millət kimi, xalq kimi böyük dövlətlər, imperiyalar sayəsində şansımızın olmadığı və ya çox az olduğu tarixi hadisələr yaşamışıq. Mən bu qələbədə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Belə qəhrəmanları böyüdən anaların əllərindən öpürəm. Əlbəttə, qardaş Türkiyəyə də öz minnətdarlığımızı bildirməliyik. Düşünürəm ki, hazırda daha da inkişaf etmək, dünyaya öz sözümüzü daha yaxşı demək üçün əlimizdə çox böyük şanslarımız va­r.


– Londonda yaşayırsınız. Həmin tarixi günü, qələbə anlarını necə xatırlayırsınız?
– Şuşanın ermənilər tərəfindən işğal olunduğu gün anam xəstəxanada idi, mən də həyat yoldaşımla baş çəkməyə getmişdim. Xəstəxanaya daxil olub anamı soruşdum, həkim dedi ki, bir neçə dəqiqə sonra onu yanınıza gətirəcəyik. Biz oturub palatada gözlədik, amma nədənsə, gəlib-gedən yox idi. Dözməyib bunun səbəbini soruşanda, dedilər ki, anan televizorda Şuşanın ermənilər tərəfindən işğalı xəbərini eşidəndən sonra iflic olub. Heç bir il keçmədi ki, anamın ürəyi dözmədi, vəfat etdi. Bu hadisədən də yola çıxaraq demək mümkündür ki, 2020-ci ilin 8 Noyabrı təkcə qarabağlılar üçün yox, bütün Azərbaycan xalqı üçün misli görünməmiş xoşbəxtlik günü idi. Yerlibazlığı xoşlamıram, səhv etmirəmsə, Çingiz Hüseynov yazır ki, Mustafa Kamal Atatürk Məmməd Əmin Rəsulzadəyə deyib ki, Azərbaycanı bölgələrə ayırmaqdan imtina etməsəniz, sizə qələbə qazanmaq çətin olacaq. Mən bu tendensiyanın olmamağını arzu edirəm və bəlkə də, bu birlik qələbəmiz sayəsində mümkün olacaq.

– ­Bir az da mənsub olduğunuz Cavanşirlər nəsli barədə danışaq...
– Biz Pənah xanın nəslindənik. Pənah xanın iki oğlu olub: İbrahimxəlil xan və Mehralı xan. Mən Bakı məktəbində, rus bölməsində oxumuşam, harasa gedəndə soyadımın Cavanşir olduğunu deyəndə inanmır, "belə soyad olmaz” deyib, bəzən gülürdülər. Cavanşirlər nəslinin əksəriyyəti ya güllələnib, ya olduqları yeri tərk ediblər, ya da soyadlarını dəyişiblər. Keçmiş Cavanşirlərin bir qismi indi Pənahxanov, Qalabəyov, İranda isə Pənahpur adlanır. Özüm də başa düşə bilmirəm ki, nə əcəb, babam, atam SSRİ dövründə soyadımızdan imtina etməyiblər. Düzdür, Azərbaycan müstəqillik qazanandan sonra Cavanşir soyadlı çoxları meydana çıxdılar, amma reallıq budur ki, bizim sayımız çox azdır. Babam Abbas bəy Cavanşirin həyat yoldaşı Qumru xanımın atası Cavad bəy Səfərəlibəyov Şuşanın ən parlaq illərində – 1904-1907-ci illərdə oranın meri olub. Deməli, mən bir tərəfdən Cavanşir, o biri tərəfdən Səfərəlibəyovlardanam. Ata tərəfdən babamın anası Bəhmən Mirzə Qacarın qızı olub. Bəhmən Mirzənin 16 həyat yoldaşından biri də mənim böyük nənəm idi. Bunların heç birini biz bilməmişik, çünki ailəmizdə belə söhbətlər olmurdu. Kaş olardı, gedib həmin insanlardan – birinci şəxslərin dilindən tariximizi öyrənərdik. Baxmayaraq ki, mən Bakıda anadan olmuşam, rusdilliyəm, amma qarabağlı olmaq qanımda var. Yadımdadır ki, uşaq vaxtı Ağdama – ana tərəfdən qohumlarımın yanına gedəndə, bəzən gündə iki dəfə Şuşaya qalxırdıq. Ora bizim ata-babadan qalma evimiz idi. Orda elə günlərimiz olub ki, Şuşanın əldən getməsi bizim üçün böyük ağrı, faciə oldu...

– Belə bir nəslin tarixi çox maraqlıdır. Bu xüsusda başqa nələr söyləyə bilərsiniz?
– Deyilənə görə, İranda da bu nəslin davamçıları yaşayır, amma bu barədə bir o qədər dəqiq məlumatım yoxdur. Mehralı xanın nəslindən olan Əhməd bəy Cavanşir Şuşanın Kəhrizli kəndində yaşayırdı, Sovet dövründə isə bu kənd Ağcabədi rayonunun tabeliyinə keçdi. Maraqlananlar üçün deyə bilərəm ki, Qarabağ tarixi barədə üç məşhur əsər yazılıb. Birincisini Pənah xanın vəziri Mirzə Camal Cavanşir, ikincisini Mirzə Adıgözəl bəy, üçüncüsünü isə Əhməd bəy Cavanşir qələmə alıb. Onun ən məşhur törəməsi Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir olub. C.Məmmədquluzadənin mətbuatda təmsil olunmasının əsas maliyyə yardımçısı da elə Həmidə xanım idi. Həmidə xanımın ən yaxın qohumlarından olan əmisi oğlu Əliş bəyin 5 övladı olub, onların bəzilərini mən yaxşı tanıdığım üçün əksər məlumatları bilavasitə özlərindən eşitmək şansım olub.

– C.Məmmədquluzadə və Həmidə xanımla bağlı bildiklərinizi bizimlə də bölüşsəniz, xoş olar...
– C.Məmmədquluzadə Həmidə xanımın əmisi qızı Qəmər xanıma birbaşa kömək edib, daha sonra Naxçıvanda öz bacısı oğlu ilə evləndirib. Qəmər xanımın böyük oğlu Məmməd Vəzirəliyev bizim ailə üçün ən əziz bir şəxs idi, o, məşhur uşaq cərrahı olub. Maraqlananlar Bayram Bayramovun "Karvan yolu” kitabını oxuya bilərlər. Həmidə xanımın əmisi oğlunun ailəsindən Allahyar Cavanşir çox məşhur ovçu olub, hətta Səməd Vurğunla ova gedirmiş. S.Vurğunun "Mən tələsmirəm” şeirindəki "ovçu dost” obrazı Allahyarın özüdür. Allahyarın bacısı oğlu İsa Məmmədxanov xalq tərəfindən çox tanınmasa da, yaxşı heykəltəraşlardan olub. Bildiyiniz kimi, Azərbaycanda bu sahənin banisi Fuad Əbdürrəhmanovdur. Onun son işini – İbn Sinanın heykəlini İsa Məmmədxanov tamamlayıb və hazırda həmin heykəl Özbəkistandadır. Cavanşir nəslindən çox məşhur şəxsin adını çəkmək olar, məsələn İstanbulda ermənilər tərəfindən güllənən Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşir. Çox maraqlıdır ki, ingilis hərbi məhkəməsi qatil Torlakyanı sərbəst buraxıb. Bu nəslin davamçılarından Xan Şuşinskini də misal göstərmək olar. Əsl adı isə İsfəndiyar Cavanşir olub. Dediyim kimi, Sovet dövründə onların çoxları soyadını dəyişmişdi.

– Həmin tarixi şəraitdə siz də yaşasaydınız, soyadınızdan imtina edərdinizmi?
– Heç vaxt. Sovet dövrünün xofu valideynlərimin qəlbində elə möhkəm kök salmışdı ki, biz öz nəslimiz haqqında belə çox şeyləri öyrənə bilməmişik. Bayaq dediyim kimi, kaş onlardan nəslimin tarixi barədə daha çox məlumat əldə edəydim. Təəssüf ki, insan yaşa dolduqca belə məsələlərə daha çox maraq göstərir.

– Valideynlərinizdən konkret olaraq nələri soruşmaq istəyərdiniz?
– Çox şeyi. Necə tanış oldular, tanış olanda hansı nəsildən olduqlarını bilirdilərmi... Özlüyümdə indi də bir şeyi aydınlaşdıra bilmirəm: evdən bir foto tapmışdıq, təxminən 1905-1906-cı illərə aid həmin fotoda iki nənəm də var idi. Belə çıxır ki, anamla atam yaxın qohum olublar, amma əslində, aralarında qan əlaqəsi yoxdur. Bax, bunu aydınlaşdırmaq istərdim. Belə bir soyadı necə saxladıqları da mənim üçün sirli məqamlardandır. Özüm bəzi məlumatlar toplaya bilmişəm. Qızım mənə Pənahpurun bir kitabını bağışlayıb ki, orda da bəzi məlumatlar əks olunub, amma, təbii ki, bunlar bəs etmir.

– Bu nəsildən, bildiyim qədəri ilə, xeyli ədib də çıxıb...
– Həqiqətən də, Şuşa Azərbaycan mədəniyyətinin gözüdür. İncəsənətin müxtəlif sahələri niyə məhz Şuşada bu miqyasda inkişaf edib, bax, bu çox maraqlıdır. Yaşadıqları yerin havasından, suyundandırmı? İnsan zəkası bu sirri izah etməkdə acizdir. Suala qayıtsam, Şuşa torpağının yetirməsi olan Üzeyir Hacıbəyovun adını çəkə bilərəm ki, mənim üçün onun əvəzi yoxdur. Şuşa mədəniyyətinin ən gözəl incisi məhz Hacıbəyovdur. Bir müddət konservatoriyadan Ü.Hacıbəyovun adını götürmüşdülər, açığı, səbəbini bilmirəm, amma sonradan İlham Əliyev bu adı geri qaytaranda mənim üçün toy-bayram oldu. Çox düzgün və yerində verilmiş qərar idi. Çünki konservatoriyanı bu adsız, bu həqiqətsiz təsəvvür edə bilmirəm. Mən həm yazıçı, həm də dövlət xadimi olan Yusif Vəzir Çəmənzəminlini də bu siyahıda qeyd edə bilərəm. "Azerbaijan İnternational” jurnalında Azərbaycanın ən məşhur əsərlərindən biri olan "Əli və Nino” əsərinin müəllifi barədə maraqlı bir ədəbi mübahisə yaranmışdı. Betti Bleyer iddia edirdi ki, Azərbaycandan çıxanda 12 yaşı olan Qurban Səid bu əsəri yaza bilməzdi. Bleyer 300 səhifəlik bir elmi işlə əsərin müəllifinin, əslində Y.Çəmənzəminli olduğunu sübut edir. Bleyer işini bitirəndən sonra bizə oxumaq üçün vermişdi, o istəyirdi ki, əsəri Azərbaycan dilində də çap etdirsin. Biz - BP, bu işdə ona dəstək olduq və əsər iki dildə nəşr olundu. Daha sonra həmin nəşrin AYB-də təqdimatı keçirildi. Anar özü də açıq mövqe bildirdi ki, bu əsərin Qurban Səidə aid olduğuna inanmır. Amma nədənsə bu iş bir o qədər də reaksiya doğurmadı. Bundan başqa Əbdürrəhim bəy Haqverdiyev, Seyid Şuşinski, Əfrasiyab Bədəlbəyli, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Xurşudbanu Natəvan və digərlərinin də adını çəkmək olar.

– Pənahəli xan, Mehralı xan, İbrahimxəlil xan və Mehdiqulu xan Qarabağa 80 ilə yaxın rəhbərlik ediblər. Belə bir liderlik qabiliyyəti sizin ailənizə də miras qalıbmı?
– Mənim də liderlik fəaliyyətlərim olub, düzdür, bəlkə də, bunun genetik irslə hər hansı dərəcədə əlaqəsi var, amma mən birbaşa səbəb kimi bunu göstərə bilmirəm.


– Elmi fəaliyyətinizin özünəməxsusluğu barədə danışaq...
– 1973-cü ildə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Geofizika fakültəsini bitirmişəm. Əslində, istəyim Moskvanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq idi, məktəbi qızıl medalla bitirmişdim, buna potensialım da çatırdı. Fikrimdə iki yer var idi, ya Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi, ya da Fizika Texniki Universiteti. Səylə hazırlaşır və güman edirdim ki, qəbul olunmağa gücüm çatar. Təəssüf ki, alınmadı. Açığı, anam oğlunun Moskvaya getməyini istəmirdi. Məni aldatmaq çətin idi, ona görə də, belə desək, elə əməliyyat keçirdi ki, gedə bilmədim. Bir gün evə gəldim ki, evdə bir nəfər kişi var, salamlaşdım, sən demə, bu şəxs SSRİ-də Qaz Nazirliyini ilk dəfə yaradan Sabit Orucov imiş. Çox məşhur insan idi, valideynlərimlə də məktublaşırdılar. Başladıq söhbət etməyə, məndən gələcək planlarımı soruşdu, iki seçimim barədə danışanda, dedi ki, mən neftçiyəm, amma sənə başqa bir məsləhətim var. Məsləhəti də bu idi ki, geofizika sahəsində təhsil alım. Düzü, əmin deyiləm, amma hələ də düşünürəm ki, bu, anamın məni yolumdan döndərmək üçün planı idi. Nəhayət, razılıq verdim və Moskvaya gedəsi olmadım. Burda oxumaq mənim üçün çox asan idi, hətta, Lenin təqaüdü də alırdım. Sovet dövründə yaxşı oxuyanları komsomol sıralarına rəhbər işlərə çəkirdilər, mənə təkliflər olsa da, özümə söz vermişdim ki, kənar işlərə yayınmayacaq, universiteti bitirən kimi elmi fəaliyyətlə məşğul olacağam. Buna baxmayaraq, 2 il universitetin Həmkarlar Komitəsinin sədri olmuşam. Bu işin gələcəyi var idi, çünki komitədə məşhurlaşanların çoxunun gələcəkdə yaxşı həyatı oldu. Bu yolla irəliləyə bilərdim, amma etmədim. Bir-iki dəfə açıqcasına Azərbaycanın ən yaxşı tələbəsi olduğumu demişdilər. 1971-ci ildə Moskvada tələbələr qurultayı keçirilmişdi. Məni də həmin vaxt komitədən çağırıb dedilər ki, ora 50 nəfər tələbə göndərəcəyik, amma səni indidən yollamalıyıq, çünki Kremldə çıxış edəcəksən. "Mən hara, çıxış hara” dedim, amma sonra razı saldılar ki, özümüz çıxış mətnini təqdim edəcəyik, sən, sadəcə oxuyacaqsan. Uzun sözün qısası, bilet-filan təşkil olundu, ixtiyarıma maşın da verildi. Bütün bunlar baş verəndə cəmi 20 yaşım var idi. Moskvada çıxışımı istədilər, təqdim etdim, "bunu siz yazıbsınız” soruşdular, həqiqəti söylədim. Vərəqi bir kənara qoymağımı və tələbəlik illərim barədə maraqlı nələrsə yazmağımı istədilər. Bir neçə gün ərzində, təxmini, 50 səhifə yazdım. Sonda mənə yeni bir çıxış verdilər. Yeni çıxışda öz yazdıqlarımdan yalnız bir hissəsini saxlamışdılar. O da yaxın dostumun Vyetnamdan olan dostları barədə idi. Səhəri gün bütün qəzetlər qurultaydan, Brejnevin çıxışından yazdılar, mənim də çıxışımdan məhz bu hissəyə yer vermişdilər. Mən də qorxurdum ki, birdən yalanımın üstü açılar. Çünki çıxışda, guya dostumun vyetnamlılara kömək etdiyini yazmışdım, əslində isə tənbəlin biri olan dostuma vyetnamlılar öz kömək əlini uzatmışdılar. Məsələnin əslini bilən yoldaşlarım bu hissəyə yaman gülürdülər. Hətta dostum o qədər tənbəl idi ki, vyetnamlıları evə dəvət edib qonaqlıq verirdi ki, ona kömək etsinlər. Nə yaxşı, yalanımın üstü açılmadı. Deməyim odur ki, bu sahəyə yönəlmədim və qərar verdim ki, yeni yolla addımlamaq istəyirəm. Çünki bəzilərində belə adət var idi ki, çox sadə elmi iş yazırdılar. Rəhmətlik akademiklərdən biri ilə görüşəndə mövzumu bəyənməmişdi demişdi ki, sənə rahat bir iş verərik, 2 ilə yazıb olarsan elmlər namizədi. Nəhayət, Moskvaya gedib çox məşhur bir alimlə görüşdüm və onunla elmi işə başladıq. Açığı, elmi rəhbərimin mənə dediyi bəzi şeylərin əksinə gedir, "düz danışmırsınız” deyirdim. Çünki onun müddəaları Azərbaycan üçün uyğun gəlmirdi. 1975-1976-cı illərdə Moskvada elmi işi müdafiə etmək sisteminə son qoymağın lazım olması barədə bir məqalə çap olunmuşdu. Müəllif iddia edirdi ki, müdafiə lazımsızdır, çünki opponentlər ürəyi istəyəni yazır, hamı müdafiədən sonrakı "məclis”i gözləyir. Bu fikrə qoşulanların sayı çox oldu və hökumət qərar verdi ki, bütün müdafiələri saxlamaq və elmi şuraları bağlamaq lazımdır. Belə bir hadisə də mənim taleyimə düşdü. 1977-ci ildə dissertasiyamı başa çatdırsam da, müdafiə edəcəyim yer yox idi. 1978-ci ildən etibarən tək-tək, ancaq bir ixtisasdan, bir yer üçün elmi şuralar təşkil olunmağa başlanıldı. Mənim ixtisasımdan cəmi bir dəfə şura təşkil olundu və üzvlər də SSRİ-nin ən qabaqcıl ziyalılarından seçilmişdi. Müdafiədən sonra Bakıya gəldim, institutda elmi katib kimi çalışdım. Daha sonra 1988-də doktorluq işimi müdafiə etdim. Yenidənqurma dövründə qərar verildi ki, rəhbərlər seçki yolu ilə seçilməlidir. Həqiqətən də, şəffaf bir seçki idi, saxtalaşdırma mümkün olmasın deyə hər cür vasitəyə əl atılmışdı. Bu yolla elmi işlər üzrə direktor müavini seçildim və 1988-1995-ci illərdə eyni vəzifəni icra etdim.

– Elmi yenilikləriniz nədən ibarət idi?
– O dövrdə geologiya əsasən emprik sahə idi, mən də çalışırdım ki, hər şeyi mexaniki, kimyəvi və ya riyazi modelə salım. Deyə bilmərəm ki, məşhurlaşmışam, amma yeniliklərim bununla bağlı idi. Daha sonra ingilis dili öyrəndim və xaricə getmək şansım yarandı...

– SSRİ vaxtında xarici dilləri öyrənməyinizdən söhbət açaq...
– Düzü, o vaxtlar məktəblərdə xarici dil yaxşı tədris olunmurdu, ona görə də o vaxtın gəncləri ingilis dilində yaxşı danışa bilmirdi. Müdafiəmdən sonra qarşıma məqsəd qoydum ki, xaricə getməliyəm. Əsas istəyim isə Amerikaya yola düşmək idi. Müraciətimdən sonra akademiyadan xəbər gəldi ki, bu, mümkün deyil, çünki Amerika ilə diplomatik münasibətlər bir o qədər də ürəkaçan deyildi. Başqa seçim kimi İtaliyanı təklif etdilər, razılaşdım. Səfərdən qabaq ingilis dili müəllimi ilə hazırlaşmağa başladım. İtaliyada ingilis dili vasitəsi ilə ünsiyyət rahat idi, çünki elə özləri də sadə səviyyədə ünsiyyət saxlayırdılar. Oradan qayıdanda artıq italyan dilini də mənimsəmişdim. Orda bəxtim çox gətirdi, düz neft şirkətinin, belə desək, ürəyinə düşdüm. AGİP-də özümü hər cəhətdən təkmilləşdirdim. 1984-cü ildə Moskvadan zəng gəldi ki, Amerikaya getməklə bağlı müraciətlərinizə baxılıb, imkan yaratsaq getmək istəyərsinizmi? İki dövlət arasında münasibətlər o qədər gərgin idi ki, hətta Moskva ilə Vaşinqton arasında təyyarə reysləri də bağlanmışdı. Belə bir şəraitdə Amerikaya gedə biləcəyimi təsəvvürümə gətirmirdim. Bu minvalla, Moskvaya qayıtdım, yenidən forma doldurub gözləməyə başladım. Nəhayət, noyabrın sonunda zəng gəldi ki, hazırlaşın, Amerikaya gedirsiniz. Evdə, hava limanında bütün sevdiklərim çox narahat idilər, anam isə ağlayırdı; onlar belə bir şəraitdə Amerikaya səfərimdən narazıydılar. Bütün bunlara baxmayaraq, getdim. Vizama əlavə olaraq bir məktub vurmuşdular və onu açmağım qadağan idi, yalnız aidiyyəti quruma təhvil verməli idim. Amerika səfərim barədə ayrıca bir kitab yazmaq olar. Çünki çox maraqlı, gülməli, qeyri-adi hadisələrlə yadda qaldı. Onu deyə bilərəm ki, təyyarədən düşəndə cibimdə cəmi 7 dollarım var idi. Verdikləri 100 dolların 93 dollarını bilet üçün sərf etmişdim. Hava limanında məni qarşıladılar, sonra otelə yerləşdim. Səhəri gün akademiyaya çağırıb bir aylıq xərcimi və biletimi verdilər ki, bəs filan yerə getməlisən. Düzü, heç tanımırdım ki, ora haradır, necə gedəcəyəm. Razı olmadım ki, yox, gedə bilmərəm, mən mütləq gedib səfirlikdə qeydiyyatdan keçməliyəm. Razı olmadılar. Uzun sözün qısası, göndərdikləri yerə – bir professorun yanına getdim. Amma Milad və Yeni il vaxtına təsadüf etdiyi üçün universitetdə bir nəfər də yox idi. Professor dedi ki, səni qəsdən bu vaxtı göndəriblər, iki həftən batdı, belə bir vaxtda heç nə edə bilməzsən. Heç olmaya kitabxanadan istifadə edə biləcəyimlə bağlı soruşanda cibindən bir topa açar çıxarıb verdi ki, hansı kitabxanaya istəyirsən, daxil ol, hansı kitabı istəyirsənsə, oxu. Kitabxananın bütün açarlarını mənə verib getdi. Bu 2 həftədə kitabxanada çox səmərəli vaxt keçirdim. Daha sonra Stanford universitetinə yollandım. Pulum da o qədər az idi ki, heç oteldə normal bir otaq da tuta bilmədim. Bütün bu məhrumiyyətlərə baxmayaraq, bu səfər elmi həyatımda yeni qapılar açdı.

– BP şirkətinə yolunuz necə açıldı?
– Bunun çox maraqlı tarixçəsi var. 1985-ci ildə Stanford Universitetində elmi işim barədə məruzə edərkən bir nəfər yaxınlaşdı, elmi əsərlərimdən xəbərdar idi və məni öz təşkilatına dəvət etdi. Sovet vətəndaşı olduğum üçün bir az tərəddüd içində idim, amma "bunlar hamısı boş şeydir” deyib ürək-dirək verdi mənə. Elmi mövzum onun üçün maraqlı idi. Həmin insan dünya şöhrətli hidroloq-alim Con Britxoft idi. Hər gün velosipedlə onun yanına gedib-gəlirdim. Sona yaxın birlikdə bir məqalə yazdıq, dünya şöhrətli bir jurnala göndərdik və 1988-ci ildə həmin məqalə nəşr olundu. Bu məqalə dünya elmində klassik iş kimi tanındı və xarici neft şirkətləri Bakıya gəlməmişdən qabaq Xəzərin neft geologiyasını bu məqalədən öyrənirdilər. Daha sonra çıxış üçün Stenforddan Los-Ancelesə yollandım və orada da məşhur bir çinli alimlə tanış oldum. Teh Fu Yen məni "Energy Sources” jurnalının redaksiya heyətinə dəvət etdi və regional redaktor təyin olundum. Sovet dövründə bu, adi bir hadisə deyildi. Orda ünvanımı soruşanda SSRİ yox, Bakı yazdım. Azərbaycan alimlərinin məqalələrinin də bu jurnalda çap olunmasına yardım etdim, həmin məqalələrə rəy də yazırdım. 1988-ci ildə Hollandiya nəşriyyatlarından biri məni "Journal Petroleum Science and Engineering” jurnalının redaksiya heyətinə dəvət etdi. Bir neçə ildən sonra xəbər göndərdilər ki, ayrıca bir buraxılışın redaktoru kimi məqalələr toplayın və sizin adınızla nəşr edək. Demək istəyirəm ki, elmdə işlərim yaxşı gedirdi. Azərbaycan müstəqillik əldə edəndən sonra xarici şirkətlər Azərbaycana daxil olmağa başladılar. Fəaliyyətim və dil biliyim sayəsində xarici nümayəndələrlə görüşməkdən çəkinmir və elmi əməkdaşlıq təklifləri irəli sürürdüm. Və belə də oldu. Mən Azərbaycanda beynəlxalq şirkətlərlə elm sahəsində ilk dəfə danışıqlar aparıb müqavilələr imzalayan şəxs olmuşam. İlk belə müqavilə Kanada şirkətləri ilə oldu. Kanadaya gedib çox maraqlı əməliyyatlara şahidlik etmişəm. Biz ora Azərbaycandan bir ton neft qumu göndərmişdik. Belə şey sovet dövründə mümkünsüz idi. Bu, sanki palçıq idi, həm də sizə deyim ki, çox ucuz idi. Nə isə, gəldik gömrüyə, hamı şokda idi. Hamı soruşurdu ki, bu nədir Kanadaya göndərirsiniz. Daha sonra Amerika neft şirkətləri də yavaş-yavaş Azərbaycana ayaq açmağa başladı. Onlar bizdən 3-4 nəfər istədilər ki, gəlib Amerika təcrübəsi ilə tanış olsun. Amma artıq Amerika təcrübəsi olan biri kimi bilirdim ki, oradakı qiymətlər, həyat şəraiti necədir. Ona görə də, bu əməliyyata nə qədər büdcə ayırdıqlarını soruşdum. Büdcəni mənə göndərdilər, çox lüks şərtlər var idi. Mən də təklif etdim ki, belə bir şey lazım deyil, gəlin hərəsində 4 azərbaycanlı alim olan 4 qrup təşkil edək, 2 ay müddətində Amerikaya gəlsinlər və ortada real bir iş olsun. Razılaşdılar və 1992-ci ilin yazında birinci qrup yola düşdü. Bu, həmin dövr üçün böyük xoşbəxtlik idi. İlk dəfə gedəndə işçilər naşı idilər, bilmirdilər ki, nəyi necə etmək lazımdır. Belə-belə, miqyası artırdıq, başqa ölkələrə də səfərlər təşkil etdik. Daha sonra Fransaya elmi konfransa getdim, ondan sonra "Amoco” mənə iş təklifi etdi. Fikirləşdiyimi dedim, çünki burda da öz işim, aspirantlarım var idi, onları yarı yolda qoya bilməzdim. Onlar da bir neçə il akademiya ilə əlaqəmi kəsmədən davam edə biləcəyimi söylədilər. Çox çətin seçim idi. Çünki belə işlərə imza atmaq üçün insanda bir çox faktor birləşməli idi: dil bilgisi, ixtisas uyğunluğu, iqtisadi sistemi anlamaq. Bütün bunları özlərində birləşdirən şəxslərin sayı çox az idi. Bir sözlə, bu qədər şəraiti geridə qoyub xaricdə yeni səhifə açmaq çox riskli məsələ idi. Amma bu addımı atdım, çünki üç əsas səbəbim var idi. Birincisi, Azərbaycan müstəqillik qazandıqdan sonra SSRİ Elmlər Akademiyası dağıldı və aydın oldu ki, fundamental elm istədiyim qədər inkişaf etməyəcək. Çünki bunun üçün imkanlar məhdud idi. İkincisi, mənə tam aydın oldu ki, xarici şirkətlərin Azərbaycana gəlməyi, investisiya yatırmağı vacibdir. Bax, gələcək bunu tələb edir. Üçüncüsü isə o zaman "Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təşkil olunanda azərbaycanlıları işə götürməyə başladılar. İş də nə iş... Qızlar katibə, oğlanlar isə təhlükəsizlik sahəsinə. Çünki hələ hazır kadrlar yox idi, xaricdən işçilər gəlirdi. Mən isə istəyirdim ki, həmvətənlərim başqa sahələrdə də çalışsınlar. Getmək fikrimi akademiyaya dedikdə Midhət Abbasov çox narahat oldu, mənim kimi adamı itirmək istəmirdi. Amma çox yaxşı insan olduğu üçün getməyimə razılıq verdi. Azad Mirzəcanzadəyə fikrimi bildirəndə isə reaksiya bir az fərqli oldu. Çox əsəbiləşdi və dedi ki, mən ölənə qədər sən Ali Attestasiya Komissiyasından çıxmayacaqsan. Düzdür, bir neçə il sonra çətinliklə də olsa, razılıq verdi. Həm məni itirmək istəmirdi, həm də "bu nədir, gedib düşmən tərəfdə işləyəcəksən?!” deyirdi. Dedim, düşmənçilik odur ki, Azərbaycanda rüşvətlə işləyəsən. Mən heç vaxt icazə vermərəm ki, hər hansı hərəkətim Vətənimə qarşı olsun. Xaricdə işlədiyim 20 il müddətində bu ideyanı əlimdə bayraq tutdum. Uzun sözün qısası, 1995-ci ilin dekabrında "Amoco” şirkətinə daxil oldum. Bir həftə keçməmiş Hyustona bir həftəlik ezamiyyətə göndərildim, orada texniki məruzələrim oldu. Bir il keçməmiş məni Hyustona bir illik ezamiyyətə göndərdilər, orda tamamilə əlaqəm olmayan bir sahədə çalışdım. Daha sonra xəbər gəldi və 1998-ci ilin fevral ayında Bakıya qayıtdım. Bakıda "Amoco”nun Xəzərdə kəşfiyyat üzrə direktoru vəzifəsini icra edirdim. 1998-ci ilin iyul ayında azərbaycanlı R.Cavanşir amerikalılar tərəfindən "İnam” əməliyyat şirkətinə prezident təyin olunur. Nəzərə almaq olar ki, "Əsrin müqaviləsi” 1994-cü ildə imzalanıb və 3-4 il keçməmiş Azərbaycan mütəxəssisi o cür nəhəng bir vəzifəyə təsdiq olundu. Mənə elə gəlirdi ki, bu qədər böyük vəzifələri tutduğuma görə, məni Bakıda xarici vətəndaş hesab edirdilər, ağıllarına belə gəlmirdi ki, azərbaycanlıyam. Bir ay keçməmiş işdə olduğum vaxt elektron məktub gəldi ki, "Amoco” və BP birləşir. Daha sonra belə qərar verildi ki, operatorluğu bir şirkətə versinlər və o vaxtdan BP bütün layihələrin operatoru oldu. Düzdür, bunun mənə təsiri olmadı, amma xaricilər əl-ayağa düşdü, çünki iki şirkət birləşdiyi üçün böyük miqyaslı ixtisarlar baş verəcəkdi. Hətta prezidentlərdən belə işdən uzaqlaşdırılanlar oldu. Naməlum vəziyyət idi, hamı oturub nə olacağını gözləyirdi. Bu vəziyyətdə mənə "İnam”, "Şahdəniz”, "Araz-Alov-Şərq” şirkətlərinin prezidenti vəzifəsini təklif etdilər. 1999-cu ilin yanvarın 1-dən vəzifənin icrasına başladım. Ən uğurlu fəaliyyətim isə "Şahdəniz”lə bağlı oldu – o nəhəng qaz yatağı mənim rəhbər olduğum dönəmdə aşkar olundu. Bu layihənin uğurlu olması o zaman Heydər Əliyevi də çox sevindirmişdi. Biz quyunun kondensatını da H.Əliyevə xatirə kimi bağışladıq. "Şahdəniz”lə bağlı ilk məruzəni isə Vaşinqtonda etmişəm. Azərbaycanın ilk dəfə dünya bazarına çıxması məhz "Şahdəniz”lə mümkün oldu. Mütləq qeyd etməliyəm ki, bu işlərdə Valeh Ələsgərovun da böyük rolu olub.


– Rəşid müəllim, neftin gələcəyini necə görürsünüz? Dünyada hibrid maşınlar çoxalır, elektrik stansiyaları azalır... Belə bir vəziyyətdə Azərbaycan neft sahəsində hansı strategiya ilə irəliləməlidir?
– Çox yaxşı sualdır. Artıq Qərbdə böyük neft şirkətlərinə "neftdən əl çəkin, əvvəl qaza, daha sonra təmiz sistemə keçin” kimi təzyiqlər var. Amma bu o demək deyil ki, neftə ehtiyac birdən-birə azalacaq. Düşünürəm ki, neftə tələbat nəinki azalacaq, əskinə, çoxalacaq. Qərb şirkətlərinin neft istehsalını azaltmağı milli neft şirkətlərinin qazanması deməkdir. Neftin gələcəyi ilə bağlı bir o qədər narahatlığım yoxdur. Düşünürəm ki, Azərbaycanın gəlir mənbəyinin neftdən qaza keçməsinə hələ çox uzun müddət lazımdır. Amma ikisinin paralel olması çox yaxşı haldır. Bilirsiniz, "mütəxəssislər” neftin gələcəyi barədə çox proqnoz verirlər, amma Qarabağ qələbəsindən sonra mənim fikirlərim bir nöqtədə cəmləşdi: Azərbaycanın neft strategiyası tamamilə düzgün idi! Bu strategiya ilə biz hələ çox qələbələr qazanacağıq. Düzdür, neftin istehsalı tədricən azala bilər, amma qaz perspektivimiz çox böyükdür. Müqaviləsini iki azərbaycanlının – Rövnəq Abdullayev və mənim imzaladığım "Şəfəq-Asiman” layihəsinin gələcək perspektivinə hədsiz güvənirəm. Xəzərin digər yanından qaz gətirilməsi ilə bağlı da imkanlarımız var.

– Cənab Prezident İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılıbsınız. Bu görüşü necə xatırlayırsınız?
– Bu, mənim üçün gözlənilməz idi. Adətən, xarici şirkət rəhbərləri "Dostluq” ordeni ilə təltif olunur. Yəqin ki, azərbaycanlı olmağımı nəzərə alıb bu ordeni təqdim etdilər. O görüşdə mənə elə fəxarət dolu sözlər deyildi ki, heç vaxt yadımdan çıxmaz. Mən görüşə gedəndə heç nədən xəbərim yox idi, içəri girdim ki, hər tərəfdə jurnalistlər var. Utandığımdan nə edəcəyimi bilmirdim. Həmin görüşün bizim işlərimizin gələcəyində müsbət təsiri oldu. Bu ordeni almağıma görə fəxr edir və prezident İlham Əliyevə bir daha öz təşəkkürümü bildirirəm.


– Rəşid müəllim, 70 yaşınız tamam olur. Bu yaşın pəncərəsindən baxanda, sizcə, Rəşid Cavanşir kim ola bilərdi, kim oldu? 70 ili ürəyinizcə yaşaya bildinizmi?
– Düzü, qazandığım uğurlar Sovet dövründə heç birimizin ağlına belə gəlməzdi. Müxtəlif sahələrdəki bilgi və təcrübəm mənə kömək etdi, amma həmçinin şəxsi keyfiyyətlərim də bu yolda yardımçım oldu. Mənim əsas sınağım Şimal dənizinin cənub hissəsindəki 3 illik fəaliyyətim olub. Maraqlıdır ki, bütün məşhur BP prezidentlərinin yolu burdan keçib. Bu, sanki əsas sınaq, tramplin idi. Dənizə gedib fəhlələrlə birgə işləmək çox məşəqqətli idi. Təcrübə və bilikdən əlavə bu yoldakı prinsiplərim də mənə kömək oldu. Birinci prinsip ondan ibarət idi ki, mən insani saflığa, təmizliyə həmişə əhəmiyyət vermişəm. Əsasən də, rəhbər işdə çalışanlara. Ən yaxşı mütəxəssisin daxili keyfiyyətlərində belə nə isə əskiklik görsə idim, o adamla yola davam etməzdim. İkincisi, ətrafımda məndən ağıllıların olmasından qorxmurdum. Ətrafıma elə insanlar toplamışam ki, məndən də bilgili olsunlar. Mənim yetirmələrim indi dünyanın hər yerindədirlər. Çünki daim gənclərə bütün bilgimi, təcrübəmi ötürməyə çalışmışam. Yetirmələrim hazırda BP-nin Qərbi Afrika, İraq hissəsinin prezidentidirlər. Mənə sual verirlər ki, bu qədər sahədə necə çalışa bilibsən? Cavabım bu prinsiplərimdir: ətrafına yaltaqlıqdan, rüşvətdən uzaq, təmiz, bilgili insanlar yığmaqla. Ən vacibi isə 24 saat işləsən belə, evə gələndə sənə müsbət enerji verən ailənin olmasıdır. Bu mənada, mən ən birinci öz ailəmə borcluyam. Həyat yoldaşımla 49 ildir ki, birlikdəyik və həyata baxışımız tamamilə üst-üstə düşür. Bu, mənə güc verən amillərdəndir. Həmçinin övladlarıma o qədər minnətdaram ki, öz ayaqları üstə özləri dayanıb, mənim vəzifə səlahiyyətlərimdən sui-istifadə etməyiblər. Bir sözlə, ən ağır günlərimdə belə arxalana biləcəyim ailəm olduğu üçün çox xoşbəxtəm.
Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər