Şuşanın dağları başı dumansız
Və ya əcdadlara sadiqlik, gələcək nəsillər üçün strateji yol xəritəsi
Ortaq kökə, dilə, din birliyinə,
oxşar mədəniyyətə, adət-ənənələrə sahib Azərbaycan və Türkiyə öz tarixlərinin
ən mürəkkəb dövrlərində daim bir-birinə dəstək olublar. Birinci Dünya
Müharibəsi illərində (1915-16) Çanaqqala savaşında azərbaycanlı könüllülər türk
qardaşları ilə birlikdə işğalçı İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya
hərbi birləşmələrinə qarşı rəşadətlə vuruşublar. 1918-ci ildə müsəlman Şərqində
ilk Demokratik Cümhuriyyət quran Azərbaycan xalqının köməyinə Nuru Paşanın
komandanlığı ilə Türk Qafqaz İslam Ordusu yetişib, Bakı şəhəri daşnak-bolşevik
tör-töküntülərindən təmizlənib, yeni yaradılan dövlətin paytaxtına çevrilib. 1920-ci ildə Türkiyə ən sıxıntılı zamanını
yaşayanda, ordusu dağılmış, silahları alınmış, sanki əl-qolu bağlanmış
vəziyyətdə olanda qazi Mustafa Kamal Atatürk yardım üçün sovet Azərbaycanın o zaman
rəhbəri olan Nəriman Nərimanova məktubla müraciət edib. N.Nərimanov Türkiyəyə
maddi və mənəvi dəstəyini əsirgəməyib. Buna görə minnətdarlıq məktubu yazan
Atatürk, Azərbaycan qarşısında borclu olduqlarını deyərkən, N.Nərimanov "Paşam,
bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının
əlindən tutar. Biz qardaşıq və daima əlinizdən tutacağıq” cavabını verib. 1923-38-ci illərdə Türkiyənin Prezidenti olan Mustafa
Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” -
söyləyərək, qardaş dəstəyini bir daha ifadə edib.
Bütün imkanları ilə qardaş xalqın yanında
Müasir Azərbaycanın qurucusu və
memarı, ulu öndər Heydər Əliyev türk ordusunun 1918-ci ildə Bakını daşnak
təcavüzündən xilas etməsinin hər bir azərbaycanlınınqəlbində yaşadığını
söyləyib. Bildirib ki, Azərbaycan xalqı həmin ağır dövrdə türkxalqının ona
göstərdiyi köməyi heçvaxt unutmayacaq. Ümummilli lider Türkiyə-Azərbaycan
qardaşlığını bir millətin iki dövləti kimi xarakterizə edib. Prezident İlham
Əliyev də bu siyasi kursu uğurla davam etdirir. Hazırda Azərbaycan və Türkiyə
arasında hər hansı fikir ayrılığı yoxdur, əksinə, bu iki dövlət bütün
məsələlərdə daim bir-birinə dəstək olur, xalqlarımız həmrəylik nümayiş etdirir.
Ötən il sentyabrın 27-də başlayan və noyabrın 10-da yekunlaşan 44 günlük Vətən
Müharibəsində də Türkiyə və Azərbaycanın həmrəyliyi, qarşılıqlı dəstəyi növbəti
dəfə bütün dünyaya əyan oldu. Türkiyə müharibənin ilk günlərindən Azərbaycanın
haqq işinə mənəvi və siyasi dəstəyini ifadə etdi. Türkiyənin dövlət və hökumət
başçıları, digər rəsmi şəxsləri dəfələrlə bəyan etdilər ki, bütün imkanları ilə
qardaş Azərbaycan xalqının yanındadırlar.
Qars müqaviləsinə sadiqlik və...
Silahlı Qüvvələrimiz Ermənistan
ordusunun belini qıraraq zəfər çaldıqdan, işğal altında saxlanılan
torpaqlarımız azad edildikdən, ərazi bütövlüyümüz təmin olunduqdan sonra
regionda yaranan yeni reallıq fonunda da Türkiyənin Azərbaycana dəstəyi davam
etməkdədir. Bu dəstəyin, birlik və bərabərliyin rəmzi olaraq iyunun 15-də
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri baş tutub. Türkiyəli
həmkarını Qarabağ torpağında qarşılayan Prezident İlham Əliyev ona işğaldan
azad olunmuş ərazilərin indiki vəziyyəti, görüləcək işlər barədə ətraflı
məlumat verib. Ardınca Şuşa şəhərinə yola düşən prezidentlərin təkbətək görüşü olub. Sonra "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şuşa Bəyannaməsində iki dost və qardaş
ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13
oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqlik nümayiş etdirilib. Ümumi
maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni,
humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və
potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Qeyd olunub
ki, beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və
təhlükəsizliyin təmin edilməsində birgə səylər bundan sonra da davam
etdiriləcək. Sənəddə iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf
edən münasibətlərin durumundan məmnunluq ifadə edilərək, siyasi dialoqun bütün
səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin
əhəmiyyəti diqqətə çatdırılıb.
Öndərlərin
vəsiyyətinə sadiqlik
Bu tarixi sənədin imzalanmasının ardınca mətbuata
bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirib ki, Bəyannamə tarixə
əsaslanır və orada xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal
Atatürkün, Heydər Əliyevin kəlamları öz əksini tapıb. Dövlət başçısı deyib ki,
bu tarixi sözlər, kəlamlar hər iki ölkə üçün əsas amildir. Prezident
Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədi olduğunu bəyan edib: "Biz bu
vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini
imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk, gələcək nəsillərə
yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir.
Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi
məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında
imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə
birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət
əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün
sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi
Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm
daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim.
Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi
sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır.
Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman
bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin
edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir
yerdədir, bundan sonra da bu, belə olacaq. İkinci önəmli məsələ nəqliyyat
məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq
ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış
yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı
dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında
nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında
imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.
Hər cür
fədakarlığa hazır olmaq
Türkiyənin
dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ölkəsi Azərbaycanın işğal
altındakı torpaqlarının azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də
qardaş xalqa hər cür dəstəyi verir, verməkdə davam edəcək. O, bölgədə təsiri
olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və
gələcəyə baxmağa dəvət edib. Deyib ki, Türkiyənin gücü Azərbaycanın gücü,
Azərbaycanın gücü də Türkiyənin gücüdür: "Atəşkəs razılaşmasından sonra, artıq
bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı
qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.
Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara
yönəltmək istəyirik. Ermənistanın, ona xoş niyyətlə uzadılan həmrəylik əlini
tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə
etməsini arzu edirik. "Altılı platforma” dedik. Bu platformada, bildiyiniz
kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu "altılı
platforma” ilə birlikdə, artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində
yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür
fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu
istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək. Bu tarixi
fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmamağı
ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin
nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə
istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə
münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər
fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın
imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi
ilə tamamladıqları halda, çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.
Rufik
İSMAYILOV