• şənbə, 20 Aprel, 03:18
  • Baku Bakı 15°C

Şuşa Bəyannaməsinin yaratdığı reallıq

18.06.21 17:00 1363
Şuşa Bəyannaməsinin yaratdığı reallıq
Və ya regionda üçüncü qüvvələrin Azərbaycana qarşı təhdidləri qarşısında qalxan effekti
İyunun 15-də Azərbaycanda növbəti uğurlu tarixi anlar yaşandı. Belə ki, işğaldan azad olunmuş Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa bəyannaməsi imzalandı. İki ölkə arasında mühüm istiqamətləri müəyyən edən bu sənəd, həm də dünyanın və region ölkələrinin diqqətindən kənarda qalmadı. Şuşa Bəyannaməsi hansı reallıqları diktə edəcək, bundan sonra Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət necə olacaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Şahin Cəfərli bildirdi ki, Şuşa Bəyannaməsi bir daha Azərbaycan-Türkiyə müttəfiqliyinin səviyyəsini göstərdi: "Bu Bəyannamə ilə Türkiyə Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin olunması istiqamətində ciddi siyasi iradəyə sahib olduğunu regional oyunçulara, həmçinin dünya ictimaiyyətinə bir daha nümayiş elətdirdi. Təbii ki, bu, çox önəmli və tarixi bir anlaşmadır. Amma bir neçə gün öncə sosial mediada paylaşdığım statusda da qeyd etdiyim kimi, əslində böyük bir sensasiya yoxdur. Yəni bu Bəyannamənin tarixiliyi ilk növbədə Türkiyə prezidentinin işğaldan azad olunan Azərbaycan ərazilərinə, xüsusən simvolik olaraq ölkəmiz üçün əhəmiyyətli olan Şuşaya səfəri ilə bağlıdır”.

Ş.Cəfərli qeyd etdi ki, sənədin Şuşada imzalanması faktının özü də, eyni zamanda bu hadisəyə tarixilik qatan bir amildir: "Amma konkret olaraq, sənədin müddəalarına gəldikdə, məsələn, orada ən önəmli məqam tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə təhlükə yaranacağı təqdirdə digərinin ona yardım etməsi barədə müddəadır. Əslində iki ölkə arasında belə bir razılaşma daha öncədən də var idi. 2010-cu ildə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Azərbaycan-Türkiyə müqaviləsi imzalanıb. Bu müqavilə hüquqi baxımdan daha üstün sənəddir, nəinki, bir neçə gün öncə imzalanmış bəyannamə. Yəni həmin müqavilə ilə Türkiyə Azərbaycana təhlükəsizlik zəmanəti vermişdir. Şuşa Bəyannaməsi ilə Türkiyənin təhlükəsizlik qarantiyası bir daha vurğulandı. Bu baxımdan, əlbəttə ki, önəmlidir. Xüsusilə, Ermənistanda seçki kampaniyasının gedişində revanşist qüvvələr tərəfindən səslənən əsas ideyalardan və yaxud da əhaliyə verilən vədlərdən biri budur ki, biz hakimiyyətə qayıtsaq, qondarma "Dağlıq Qarabağ respublikasının” sərhədlərini bərpa edəcəyik. Yəni, Hadrut və Şuşanı geri qaytaracağıq. Hazırda eks-prezident Robert Koçaryanın bloku belə bir vədlə çıxış edir. Belə bir məqamda bu Bəyannamə ilə Türkiyə bir daha, istər Ermənistana, oradakı revanşist qüvvələrə, istərsə də onların arxasındakı qüvvələrə mesaj vermiş oldu ki, belə fikrə düşməyin. Türkiyə hər zaman Azərbaycanı istənilən hücumlardan müdafiə etməkdə qərarlıdır. Bunu sübut edən başqa bir fakt isə Şuşada Türkiyə baş konsulluğunun açılması məsələsidir. Bu da çox önəmlidir. Əslində bu addımı diplomatik gedişdən daha çox, konkret olaraq Şuşaya təhlükəsizlik qarantiyası verilməsi kimi dəyərləndirdim. Diplomatik nümayəndəliklər harada və niyə açılır? Misal üçün, İstanbulu götürək. Orada bir çox azərbaycanlı işləyir. Eyni zamanda İstanbul Türkiyə siyasəti və iqtisadiyyatı baxımından çox önəmli şəhərlərdən biridir və biz orada təmsilçilik açmışıq. Amma belə baxanda, Şuşada hələ heç əhali yaşamır və əhalinin nə vaxt köçürüləcəyi də hələ məlum deyil. Yaxud da, Şuşaya Türkiyə vətəndaşlarının belə deyək ki, sıx gediş-gəlişi də olası deyil və olmayacaq. Yəni sırf diplomatik nöqteyi-nəzərindən baxanda, əslində Şuşada baş konsulluq açmağa Türkiyənin heç böyük ehtiyacı yox idi. Ona görə də, bu faktı məhz Şuşanın təhlükəsizliyinin Türkiyə tərəfindən təmin olunmasına yönəlmiş bir addım kimi qiymətləndirirəm”.
Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki,Şuşa Bəyannaməsində ən vacib məqamlardan biri Qars müqaviləsinə istinad edilməsidir: "Bəyannamənin mətnində bildirilir ki, iki qardaş və dost ölkə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə sadiqdir. Bu da, iki əhəmiyyətli mənanı özündə əks etdirir. Birincisi, Azərbaycan və Türkiyə bu bəyannamə ilə Qars müqaviləsini də yenilədilər. 2016-cı ildən etibarən Ermənistan və Rusiyadakı müəyyən dairələr rəsmi Moskvaya Qars müqaviləsinin 100-cü ildönümündə bu razılaşmadan birtərəfli qaydada imtina etməyə çağırışlar edirdi. Məqsəd Türkiyənin Naxçıvanın təhlükəsizliyinin qarantı rolunu sıradan çıxarmaq və muxtar respublikaya olan iddialarını aktuallaşdırmaq idi. Hətta Qərbdəki erməni diasporu və lobbisi də bu istiqamətdə işlər həyata keçirirdi. Şuşa Bəyannaməsi ilə Bakı və Ankara 100-cü ildönümündə Qars müqaviləsini də yenilədi və onun ləğvini istəyənlərə açıq mesaj verdi.İkincisi, bəyannamədə Qars müqaviləsinə istinad edilməsi Qarabağın təhlükəsizliyinin də Türkiyənin zəmanətində olması deməkdir. Beləliklə, Ermənistanda və regionun üçüncü ölkələrindəki müəyyən revanşist dairələrin azad olunmuş torpaqlarda Azərbaycana qarşı yarada biləcəyi təhdidlər də aradan qaldırılmış oldu. Bu kontekstdə Bəyannamə siyasi və hərbi aspektdə konkret nəticələr vəd edir”.


Siyasi şərhçinin sözlərinə görə, sənəddə qeyd olunur ki, Azərbaycan və Türkiyə beynəlxalq platformalarda, təşkilatlarda birgə fəaliyyət göstərəcək: "Bununla Qarabağ üzərindən regiona qayıtmaq istəyən qüvvələrin qarşısına sədd çəkilir.Bilirik ki, Qərbdə Minsk qrupunu diriltmək istəyən, Qarabağın "statusu”nu gündəmdə saxlayan və bunlardan Azərbaycana qarşı siyasi təzyiq olaraq istifadə etmək istəyən ölkələr var. Məhz bu Bəyannamə həmin ölkələrin cəhdlərinin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.Hərbi aspektə gəlincə, Bəyannamədə bu, açıq şəkildə əksini tapıb. Mətndə qeyd olunur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, hərbi müstəvidə birgə addım atılacaq.Bu, regionda üçüncü qüvvələrin Azərbaycana qarşı təhdidləri qarşısında qalxan effekti yaradır və həm Qarabağda, həm də sərhədlər məsələsində bizim maraqlarımızın təmin edilməsi baxımından əhəmiyyətlidir”.

A.Nərimanlı vurğuladı ki, Azərbaycan və Ermənistanın sərhədlərinin demarkasiyası prosesi davam edir: "Üçüncü ölkə, yaxud ölkələrin bu prosesdə Azərbaycana təzyiq etdiyi, yaxud edə biləcəyi perspektivlər var. Bəyannamənin imzalanmasından sonra bu təhdidlər neytrallaşdırıldı və sərhədlərin müəyyənləşməsində də Azərbaycanın haqlı mövqeyinin təmin edilməsi imkanları genişləndi.Şuşa Bəyannaməsi "status” məsələsini birdəfəlik dəfn etdi. Qərbdə müəyyən ölkələr "status” məsələsini gündəmə daşıyır, o cümlədən, region ölkələri arasında "status” məsələsini gələcəyə saxlayanlar və nə vaxtsa, bu məsələdən Azərbaycana qarşı istifadə etmək istəyənlər var. İmzalanan müqavilə bu cəhdləri, təhdidləri və gözləntiləri sıradan çıxardı. Çünki sərhədlərimiz daxilində hər hansı bölgəyə "status”un verilməsi məsələsinin gündəmə gətirilməsi Azərbaycanın suverenliyinə, BMT tərəfindən tanınmış sərhədlərinə müdaxilə deməkdir və müqavilə Türkiyənin müdaxiləsinə əsas yaradır.Fikrimcə, bu Bəyannamə, hazırda Qarabağda sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərdə Azərbaycan idarəçiliyinin təmin edilməsi prosesinin də başlanğıcıdır.Bütün bunların fonunda, Bəyannamə Cənubi Qafqaz regionunda yeni reallıq da yaratdı və bu reallıqda güc balansı Azərbaycanın xeyrinə dəyişdi. Bəyannamənin türk dünyasının gələcəyi üçün də əhəmiyyəti böyükdür. Çünki bu sənəd digər türkdilli ölkələr üçün də presedent yaratmış oldu”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər