Sürücünün nağdsız ödəniş “dərdi” - ARAŞDIRMA
Sərnişini acılamaq, qınamaq, pulu kartla ödədiyi
üçün irad bildirmək sürücünün qeyri-peşəkarlığından xəbər verir. Sürücü
narazılığını sərnişinlə deyil, şirkətlə həll etməlidir. Çünki sərnişin ona
verilən seçimdən faydalanır.
- Salam ( sürücü ilə salamlaşdıqdan sonra ünvanı
izah edirəm).
- Xanım, ödəniş kartladır?
- Bəli, kartladır.
Məni həm gülümsədən, həm də təəccübləndirən o cavab
gəlir.
- Lənət sənə, kor şeytan, bütün günü kartla işləmişəm,
sizdə də kartdır. Niyə əvvəlcədən kart olduğunu bildirmirsiniz?
Beləcə, sürücü yol boyu deyinir, sanki taksiyə
pulsuz oturubsan kimi rəftar edir, nəticədə
hər iki tərəfin qanı qaralır. Bütün dünyada nağdsız ödənişlər təbliğ edilsə də,
sürücülərin "kart dərdi” bizi də nağdsız
ödənişdən soyudur.
Başıma gələn hadisələrdən birini bölüşdüm. Yəqin
ki, kartla ödəniş edən bir çox insan sürücü aqressiyası ilə üzləşir. Bir çox
hallarda açıq şəkildə deməsələr də, simalarından aqressiya hiss olunur. Bəs nə
üçün belədir? Taksi sürücüləri niyə nağdsız ödənişləri qəbul etmək istəmirlər?
Daha doğrusu, onları kartdan imtina etməyə vadar edən səbəblər nədir?
DSMF, kontur, benzin, maşının xərcləri...
Taksi sürücüsü Tima Əli deyir ki, kart sistemini tətbiq edən taksi şirkətlərində
sürücülər, əsasən, asudə vaxtlarında işləyirlər. Sürücünün sözlərinə görə,
kartla olan ödənişləri sürücü nağdılaşdıra bilmir: "Səbəb odur ki, çox az adam əsas
iş kimi bu işi görür. Kartla ödənişi nağdlaşdırmaq üçün sürücü VÖEN
açdırmalıdır, VÖEN-ə bağlı kart hesabı olmalıdır, taksi fəaliyyətinə görə
qeydiyyat nişanı almalıdır, DSMF-yə əlavə olaraq pul ödəməlidir. Yəni 1.60
manat olan gedişin 20 faizini taksi şirkəti tutur, 10 faizini nağdlaşdırma
prosesi, DSMF, kontur, benzin, maşının xərcləri və s. Yəni onsuz da su qiymətinə
olan taksidə kartla ödəniş olanda, vəziyyət lap gərginləşir. Ona görə də, ya
şirkətlər bunun həlli yolunu tapmalı, ya da vətəndaşlar bu durumu anlayıb,
sifarişləri kartla etməməlidirlər”.
Bəs mən nə ilə dolanım?
"Bəzi günlər olur ki, gün ərzində 10 sifarişdən
7-8-i kartla olur. Bəs mən nə ilə dolanım? Nə yeyim,
nə içim? Yanacaq əvəzinə su töküm? Əgər pulu kartla almaq bizə rahat olsa, nə
üçün imtina edək? Şirkət onlayn ödənişlərdən yığılan məbləği ən tezi bir ay ərzində
sürücüyə verir”.
"Gündəlik çörəkpuluna işləyən adamlarıq”
"Şirkət sürücünün lehinə iş görmür. Digər tərəfdən,
müştəri kartla ödəyəndə, biz evə əliboş gedirik. Taksiləri qınamayın. Biz gündəlik
çörəkpuluna işləyən adamlarıq. Uşaq evdə kart yemir. Kartdan pulu nağdlaşdırmaq
aylar alır. Kartdakı vəsait sürücüyə həmin gün ödənilsə, problem olmaz. Amma
belə deyil. Balansa oturur, depozit kimi çıxılır. Mənə depozit lazım deyil, nağd
pul lazımdır. Bizdə hələ kart sistemi normal işləmir. Nə
qədər kart sistemi olacaq, o qədər də keyfiyyətsiz xidmət olacaq”.
"Psixoloji baryer”
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycanda sürücülərin nağd ödənişlərə
üstünlük verməsinin səbəbləri çoxdur: "Bunlardan birincisi ənənəvi metodun
hazırda Azərbaycan ərazisində, ümumiyyətlə, insanlar arasında xüsusi çəkiyə
malik olmasıdır. Yəni insanlar hələ də onlayn ödənişləri qəbul etmirlər. Bazarlıq
edən şəxs, marketin qarşısında bankomatdan pulu çıxarır, sonra bazarlıq edir. Halbuki,
kartla da alış-veriş edə bilərdi. Bu, bir psixoloji baryerdir”.
"Onların karta deyil...”
Ekspert deyir ki, əhalinin müəyyən təbəqəsi, eləcə
də bəzi taksi sürücüləri nağd formada istifadəni daha təhlükəsiz, rahat hesab
edirlər. Buna görə də, məhz nağd ödənişlərə üstünlük verirlər: "Onlar onlayn
formada qəbul etdikləri pulu nağdlaşdıran zaman müəyyən vəsait, vaxt itirirlər.
Taksi sürücüləri də belə problemlə üzləşirlər. Onların karta yox, pula daha çox
ehtiyacları var”.
"Hamı eyni sözü əzbərləyib”
Ekspert vurğulayır ki, problemin kökündə bizim cəmiyyətdə nağdsız ödəniş mədəniyyətinin
olmaması durur: "Nəinki taksi, təsəvvür edin ki, Bakının mərkəzində o qədər
yerlər var ki, kartla ödəniş etmək istəyirsiniz, mümkün deyil. Hamının da
standart bəhanəsi var ki, ödəniş terminalımız işləmir. Hamı
eyni sözü əzbərləyib, təkcə taksi sürücüsü deyil. Alış-veriş mərkəzlərində
ödəniş terminalının istifadəsindən yayınmaq cəhdləri varsa, taksi sürücüsündən
nə gözləyək? İnsanlar hələ də maaş kartında olan pulu son qəpiyinə qədər kartdan
çıxarıb pulqabında saxlayır. Taksi sürücüsü VÖEN açdırıb kartını əldə etsə,
onun da pul problemi olmayacaq. Sadəcə olaraq, kart sistemini qəbul edə bilmirlər”.
50 faizdən artıq artım
Problemin həllinə gəldikdə isə ekspert deyir ki, nağdsız
ödəniş mədəniyyətini aşılamaq lazımdır: "Düzdür, bu tendensiya gedir. Misal
olaraq deyim ki, avqust ayında 505 milyon manatlıq nağdsız ödəniş həyata
keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən artıq artım deməkdir.
İnsanlar nağdsız ödənişlərə alışmalıdır”.
Ən əsası, sərnişin pulu necə ödəyəcəyini seçməkdə
azaddır. Əgər şirkət sərnişinə nağdsız ödəniş seçimini verirsə, sərnişin istədiyi
şəkildə ödəməkdə sərbəstdir. Sərnişini acılamaq, qınamaq, pulu kartla ödədiyi
üçün tənqid etmək sürücünün qeyri-peşəkarlığından xəbər verir. Sürücü narazılığını
sərnişinlə deyil, şirkətlə həll etməlidir. Çünki sərnişin ona verilən seçimdən
faydalanır.
Aygün ƏZİZ