Sürücüləri maarifləndirməli, yoxsa cərimələməli?
Ekspert sürət həddinin aşılması səbəbi ilə çoxalan avtomobil
qəzalarını cəmiyyətdə maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi ilə
əlaqələndirir
Azərbaycanda
ötən il ərzində baş verən yol hərəkəti qaydalarının pozulması əsasən sürət
həddinin aşılması hesabına baş verib. Trend-in məlumatına görə, 2019-cu il
ərzində Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati
xətaların sayı 3 milyon 999,1 min olub. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş
hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının
pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin
işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya
nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6
faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması,
3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər
səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 119 milyon manat
məbləğində cərimələr tətbiq edilib.
Yəqin
ki, bəzi avtomobillərin, ictimai nəqliyyat vasitələrinin üzərində "sürmə yüz,
yaşa yüz” ifadəsinin yazıldığını siz də görmüsünüz. Sürücülərin sloqanına
çevrilən bu ifadə təəssüf ki, ancaq yazılarda qalır. Reallıqda vəziyyət heç də
belə deyil. Statistik göstəricilər bir daha sübut edir ki, sürət həddinin
aşılması hələ də cəmiyyətimizdə ən aktual problemlərdən biri olaraq
qalmaqdadır. Bu məsələ zaman-zaman aktuallaşsa da, öz həllini tapa bilmir. Bəs
görəsən niyə insanlar sürət həddini aşmağa bu qədər meyllidir? Özümüzün və
digərlərinin həyatına niyə laqeyd yanaşırıq?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürət həddinin aşılması təhlükəli bir əməldir: "Yol
qayda pozuntuları əksərən sürət həddinin aşılması ilə bağlı olur. Bir çox
yollarda radarlar quraşdırılıb. Sürücülər bunu bilməli və əməl etməlidir.
Adətən bu cür pozuntular intizamsız sürücülər tərəfindən törədilir. Radarların
və kameraların olmadığı yerdə bu sürücülər daha da arxayınlaşır və sürət
həddini artırır. Xüsusilə Bakıdan rayonlara, rayonlardan Bakıya sərnişin
daşıyan taksi sürücüləri sürət həddini aşmağa daha çox meyllidir. Bu sürücülər
yollardakı bütün radarların yerini əzbər bilir. Belə halları aşkarlamaq isə bir
qədər çətindir. Çünki radara yaxınlaşdıqda, sürücülər sürəti normaya salır və
daha sonra bildiklərini edirlər. Hesab edirəm ki, yollarda mobil radarlar
quraşdırılarsa, belə xətaların qarşısı alına bilər. Ümumilikdə texniki baxışdan
keçməyən, sığortası olmayan nəqliyyat vasitələri və digər qayda pozuntularının
çox olduğunu qeyd etmək istəyirəm. Əksər sürücülər yol ayrıcından keçmək
qaydalarını bilmir. Sürücülər çox ciddi və təhlükəli qayda pozuntularını
bilərəkdən edirlər. Təəssüf ki, piyadalarla bağlı qayda pozuntuları da az
deyil. Həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına laqeyd
münasibət göstərir. Bu istiqamətdə görülən tədbirlər və təbliğat işlərinin
effekti isə çox zəifdir. Ona görə də maarifləndirmə işlərini mütəmadi şəkildə
aparmaq lazımdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Eyyub Əliyev hesab edir ki, təkcə administrativ qaydada bu problemi həll etmək
olmaz: "Düşünürəm ki, maarifləndirmə işinə də ciddi ehtiyac var. 2011-2012-ci
illərdə BŞDYPİ problemin həlli istiqamətində müxtəlif maarifləndirmə tədbirləri
təşkil etdi. Layihə çərçivəsində bir sıra sosial çarxlar çəkildi. Həmin dövrdə
bu layihə ciddi effekt verdi. Sürət həddi, qırmızı işıqdan keçməklə bağlı
cərimələrin sayında özünü göstərirdi. Bu da o deməkdir ki, maarifləndirmə
metodu hər zaman cərimədən daha effektiv üsuldur. Düzdür, tətbiq olunan
cərimələrin və digər inzibati metodların da müəyyən rolu var. Amma sürücülərin
daha çox maarifləndirilməsinə ehtiyac var. Əksər sürücülər tələsdiyinə görə
sürət həddini aşır, çox az hallarda kimsə bilərəkdən belə qayda pozuntusuna yol
verir. Xüsusilə gənclər arasında bu tendensiya geniş yayılıb. Dünya təcrübəsinə
müraciət etsək görərik ki, inkişaf etmiş Avropa ölkələrində belə hallara çox
nadir rast gəlinir. Orada hər kəs qanun çərçivəsində qoyulmuş sürət həddi ilə
hərəkət edir. Zaman-zaman bu məsələ aktuallaşanda müxtəlif təkliflər
səsləndirilib. BŞDYPİ hal-hazırda bu istiqamətdə müxtəlif işlər görür. Ümid
edirik ki, bu problemlər tez bir zamanda öz həllini tapar”.
Sosioloq Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, sürət həddinin aşılması cəmiyyətimizdə maddi
dəyərlərə üstünlüyün daha çox verilməsi ilə bağlıdır. Bu həm də bir növ özünü
təsdiq etmək kimi qəbul edilir: "Təəssüf ki, insanların, xüsusilə də gənclərin
davranışında özünü nümayiş etdirmə komponentləri müşahidə olunur. İnsanların
davranışına təsir edən 4 mühüm amil var ki, bunlar mühit, xarakter, aldığı
informasiya və üstünlük verilən dəyərlərdir. Amma bizim cəmiyyətdə bu komponentlərin
dördündə də müəyyən problemlər var. Bizim mühitdə insanlar daha çox fərqlənmə
və özlərini göstərməyə çalışır. İnsanlar mənəvi dəyərlərdən daha çox maddi
dəyərlərə üstünlük verir. Sürət həddinin aşılması ilə bağlı qeydə alınan
statistik göstəricilər də bunu deməyə əsas verir. Bizdə sürücü mədəniyyəti
istənilən səviyyədə formalaşmayıb. Ona görə də bu istiqamətdə müəyyən işlərin
görülməsinə ehtiyac var. Çalışmalıyıq ki, cəmiyyətimizdə mənəvi dəyərlərə
üstünlük verilsin. Çünki mənəvi dəyərlərin aşınıb sıxışdırıldığı cəmiyyətdə
belə problemlərin sayı çox olur. Təkcə avtomobil qəzaları deyil, bütün
problemlər məhz bu səbəbdən yaranır”.
Şəbnəm
Mehdizadə