• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

Süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisi...

27.02.21 11:00 1477
Süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisi...
Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək
"Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”.

Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city”, "smart-village” - yəni "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında olmalıdır: "Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.
Davos Ümumdünya İqtisadi Forumunda iştirakı zamanı onlarla şirkət rəhbərlərilə görüşlərinin olduğunu deyən Azərbaycan Prezidenti bildirib ki, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir: "Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”.
Doğurdan da, "ağıllı kəndlər”in yaradılması çox vacib addımdır və Azərbaycan bu istiqamətdə fəal iş aparır. Bu kimi layihələr kənd təsərrüfatı sektorunda qiymətlərə birbaşa təsir edən rəqəmsal transformasiyanın sürətləndirilməsinə kömək edir. Ancaq nəzərə alınmalıdır ki, ağıllı kəndlər ağıllı şəhərlərdən uzaq ola bilməz, çünki lazımi infrastrukturdan istifadə etməlidirlər. Həmçinin ağıllı kəndlərdə günəş enerjisindən istifadə və müxtəlif innovasiyaların tətbiqinə ehtiyac var. Bəs kəndlərdə rəqəmsallaşdırmaya necə nail ola bilərik? Mütəxəssislər hesab edir ki məlumat bazası yaratmaq və "ağıllı” kommunikasiyalardan istifadə etmək lazımdır. Bundan əlavə, həm hökumətdən, həm də özəl sektordan maraq tələb olunur.
"Ağıllı kəndlər” kənd yerlərində ölkənin və digər xarici ölkələrin elmi, texniki və yaradıcı ziyalıları üçün cəlbedici xüsusi sahələrin yaradılmasını, yüksək texnologiyalı şirkətlərin qərargahlarının və inkişaf mərkəzlərinin, tədqiqat laboratoriyalarının yerləşdirilməsini, elmi və texniki mərkəzlərin, mədəni məhsulların istehsalı üçün obyektlərin yaradılmasını nəzərdə tutur.
Ağıllı kənd nədir?
"Ağıllı kəndlər” Avropa Birliyi siyasətinin yeni bir konsepsiyadır. Bu konsepsiya mövcud güclərinə, yeni fürsətlərin inkişaf etdirilməsinə əsaslanan kənd ərazilərinə və icmalarına aiddir. "Ağıllı kəndlər” ənənəvi və yeni şəbəkələr, xidmətlər, rəqəmsal, telekommunikasiya texnologiyaları, innovasiyalar istifadə edilməklə təkmilləşdirilir ki, orada yaşayan sakinlər və fəaliyyət göstərən bizneslər bundan faydalana bilsin. Rəqəmsal texnologiyalar və innovasiyalar həyat keyfiyyətini artırır, vətəndaşlar üçün ictimai xidmətlər, mənbələrdən daha yaxşı istifadəni təmin edir və ən əsası ətraf mühiti qoruyur.
Avropa Birliyində ağıllı şəhər və kəndlərin çoxalması üçün göstərilən təşəbbüslərə hərtərəfli dəstək verilir. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) 10 ölkə daxildir. Sinqapur başda olmaqla bu ölkələr də "ağıllı şəhər” konsepsiyasına ciddi maraq göstərir. Onlar hətta bu istiqamətdə hətta bir çox Qərb ölkələrini də geridə qoyublar. Çin və Hindistan kimi əhalisinin sıxlığı ilə seçilən ölkələr də müasir texnologiyalara istinadən idarə olunan "ağıllı şəhərlər”i getdikcə daha çox ön plana çıxarırlar. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də bu konsepsiya ciddi uğur qazanıb.
"Cisco”, "Schneider Electric”, "IBM”, "Microsoft” kimi dünyanın ən nəhəng şirkətləri "ağıllı şəhər” konsepsiyasının daha da təkminləşdirilməsində xüsusi fəallıq göstərirlər.
Qarabağda "ağıllı kənd”
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan "ağıllı kənd” layihəsi ilk olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılır. Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu, normal kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: Yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına təmin olunacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva bildirib ki, Prezident İlham Əliyevin "azad edilmiş ərazilərdə qurulacaq "smart-city”, "smart-village” - yəni "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası ilk növbədə dünyada baş verən qlobal çağırışlara cavab verəcək. Onun sözlərinə görə, Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq: "Müasir dünyada "ağıllı şəhərlər”in yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Həmçinin, şəhərləri daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşib. Ümumiyyətlə "smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmək lazımdır”.
Post-konflikt ərazilərdə "ağıllı kənd” layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən G.Quliyeva bildirib ki, beynəlxalq təcrübədə "smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür: "Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə "ağıllı kənd” texnologiyalarını tətbiq etməklə "azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin, "smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. "Ağıllı şəhər” və "ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər”.
Kənd və şəhər fərqi faktiki olaraq...

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli açıqlamasında bildirib ki, bütün dünyada "Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır: "Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, "Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu infrastrukturun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur. Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə iştirakı gözlənilir: "Düşünürəm ki, aidiyyəti qurumlar, NRYTN, VXSİ Dövlət Agentliyi və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır. Maraqlı tərəflərlə, xarici ekspertləri dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə, bu infrastruktur uzunmüddətli "Rəqəmsal Azərbaycan” konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri ilə tamamlanmalıdır. İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd” layihəsinin icra olunacağı pilot ərazilər, "ağıllı” formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri emal mərkəzləri ilə işlənməlidir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər