• şənbə, 15 Noyabr, 04:01
  • Baku Bakı 15°C

Çin avtomobilləri “Aİ-95”i də “vurur”

15.11.25 02:36 40
Çin avtomobilləri “Aİ-95”i də “vurur”

Hazırda pərakəndə satış seqmentində “Aİ-92” markalı benzininə olan tələbat “Aİ-95” markalı benzinlə müqayisədə xeyli yüksəkdir. “Aİ-95” markalı benzin baha olduğuna görə sürücülərin böyük hissəsi daha ucuz yanacaq növünə üstünlük verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 067,54 min ton “Aİ-92” markalı avtomobil benzini istehsal olunub. Bu, illik müqayisədə 2,1% artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azdır. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə ümumilikdə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur. Maraqlıdır, Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininin istehsalının azalmasının səbəbi nədir? 

“Sürücülər ucuz yanacağa üstünlük verirlər”

Enerji sektoru üzrə ekspert Zəfər Vəliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, ölkə üzrə “Aİ-95” markalı avtomobil benzininin topdan və pərakəndə satış qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Bu isə bazarda qiymətlərin beynəlxalq neft məhsulları bazarındakı dəyişikliklərə birbaşa bağlı olmasına gətirib çıxarır: “Aİ-95” markalı avtomobil benzininə olan tələbatın azalmasının birinci səbəbi pərakəndə satış qiymətinin yüksək olmasıdır. Hazırda pərakəndə satış seqmentində “Aİ-92” markalı benzininə olan tələbat “Aİ-95” markalı benzinlə müqayisədə xeyli yüksəkdir. “Aİ-95” markalı benzin baha olduğuna görə sürücülərin böyük hissəsi daha ucuz yanacaq növünə üstünlük verir. Digər tərəfdən, “Aİ-95” markalı benzinin əsas hissəsi ölkəyə idxal yolu ilə gətirilir. Xarici bazarlarda neft məhsullarının qiymətində baş verən dəyişikliklər, həmçinin beynəlxalq ticarət şəraitindəki qeyri-sabitlik idxal prosesini çətinləşdirir və bu da daxili bazarda qiymət artımına təsir göstərir. Nəticədə idxalın məhdudlaşması pərakəndə satış seqmentində bu markanın payının azalmasına səbəb olur”.

Bu amil də benzinə tələbatı azaldır

Mütəxəssis bildirir ki, ikinci səbəb ekoloji təmiz avtomobillərin sayının artmasıdır: “Son illər ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin, yəni hibrid, plug-in hibrid və tam elektrik avtomobillərinin sayında kəskin artım müşahidə olunur. Rəqəmlər də bunu təsdiqləyir. 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək Azərbaycana ümumilikdə 122 579 ədəd ekoloji təmiz minik avtomobili idxal edilib. Təbii ki, ölkənin avtomobil parkında ekoloji təmiz avtomobillərinin sayının durmadan artması avtomobil benzininə olan tələbatı aşağı salır. Ümumiyyətlə, “Aİ-92” markalı benzinin istehsal və istehlak həcmlərinin sabit qalacağı, elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin payının isə ilbəil artacağı proqnozlaşdırılır”.

“Benzin istehlakının azalması gözlənilən idi”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, son illər ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinə hibrid, plug-in hibrid və elektrik avtomobillərinə tətbiq edilən güzəştlərdən sonra insanların bu tip avtomobillərə marağı artıb və nəticədə onların satış həcmi əhəmiyyətli dərəcədə yüksəlib: “Bunun fonunda ölkəmizdə benzin istehlakının azalması da təbii və gözlənilən hal idi. Qarşıdakı illərdə həm ekoloji təmiz, həm də kiçik mühərrikli avtomobillərə tələbatın artması, şübhəsiz ki, benzin istehlakında azalmaya səbəb olacaq. Nəzərə alsaq ki, hazırda ölkədə elektrik avtomobilləri üçün infrastruktur həm “Azərişıq” ASC, həm də özəl şirkətlər tərəfindən qurulur və bu proses davam edir. Hazırda həm Bakıda, həm də bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə şarj məntəqələri mövcuddur. Yaxın gələcəkdə bu məntəqələrin günəş panelləri ilə təmin olunması və həmin panellər vasitəsilə toplanan enerjinin avtomobillərə ötürülməsi kimi layihələr də həyata keçiriləcək. Bütün bunların fonunda qarşıdakı illərdə benzinin istehlakında azalma gözlənilir”.

“Azalma tendensiyası davam edəcək”

Mütəxəssis bildirir ki, “Aİ-95” markalı benzinin istehsalının azalmasının ikinci səbəbi Çin istehsalı avtomobillərdir: “Nəzərə almaq lazımdır ki, hazırda ölkəmizə əsasən Çin istehsalı avtomobillər idxal olunur və bu avtomobillərin istehsalçıları 92 oktanlı benzinlə istifadəyə icazə verir. Bu amilləri nəzərə aldıqda, yaxın illərdə elektrikli avtomobillərinin daha da kütləviləşməsi nəticəsində benzindən istifadə həcminin azalma tendensiyası davam edəcək”.

Qeyd edək ki, növbəti il Azərbaycanda “Aİ-95” markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Daxili bazarda istehlak “Aİ-92” markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır.

Aygün Əziz 

banner

Oxşar Xəbərlər