SOCAR-ın kredit reytinqi yüksəldilib
"Standard and Poor's” proqnozlaşdırır ki, "Shah Deniz Compression" layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.
"Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyinin baza ssenarisinə əsasən, 2025-2027-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsaslı xərcləri illik təxminən 3 milyard manat təşkil edəcək ki, bu da son iki ilin göstəricilərindən yüksəkdir. Bu barədə "Report" "S&P"nin hesabatına istinadən məlumat verir. "Demək olar ki, tamamlanmış "Şahdəniz 2" layihəsi və bu il imzalanmış "Shah Deniz Compression" layihəsi SOCAR-ın əlavə investisiyalar hesabına hasilatın artırılması istiqamətində davam edən səylərini nümayiş etdirir", - sənəddə qeyd olunur.
Sərbəst pul axını bir milyard manat proqnozlaşdırılır
"S&P"nin baza ssenarisinə görə, agentliyin metodologiyasına uyğun olaraq təshih edilmiş FFO-nun borca nisbəti 2025-2027-ci illərdə 12-15 % diapazonunda qalacaq və mövcud nağd vəsaitlər nəzərə alınmaqla 20 %-i ötəcək. Bununla yanaşı, müsbət sərbəst pul axını (FOCF) illik təxminən bir milyard manat məbləğində proqnozlaşdırılır.
Agentlik vurğulayır ki, hasilat EBITDA-nın əsas mənbəyi və SOCAR-ın fəaliyyətinin əsas istiqaməti olaraq qalır, buna görə də şirkətin Azərbaycan ərazisində yeni sahələrin işlənməsinə və mövcud aktivlərin genişləndirilməsinə investisiya qoymağa davam edəcəyi gözlənilir.
Maliyyə siyasətinin şəffaflığı əhəmiyyətli dərəcədə yaxşılaşıb
"S&P” həmçinin SOCAR-ın uzunmüddətli kredit reytinqini və təminatsız borc reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib. Agentlik qeyd edib ki, SOCAR-ın maliyyə siyasətinin şəffaflığının və məlumatların açıqlanması səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması şirkətin fəaliyyəti və maliyyə göstəricilərini daha da izlənilə bilən edib.
"Biz bu dəyişiklikləri SOCAR-ın fərdi kredit qabiliyyətinin (SACP) qiymətləndirilməsini "b" səviyyəsindən "bb-" səviyyəsinə yüksəltməklə əks etdirmişik. Sabit proqnoz SOCAR-ın əhəmiyyətli pul ehtiyatlarının dəstəklədiyi idarə olunan likvidlik mövqeyini qoruyacağına və onun əməliyyat göstəricilərinin sabit qalacağına dair fikirlərimizi əks etdirir. Bununla yanaşı, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin (FFO) borca nisbəti dövlət dəstəyinin sabitliyi qorunmaqla 12 %-dən yuxarı səviyyədə qalacaq", - agentliyin məlumatında qeyd olunub.
Əlavə 50 milyard kubmetr təbii qaz
"S&P”-nin proqnozlarına əsasən, "Shah Deniz Compression" (SDC) layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.
Qeyd olunur ki, SDC layihəsi üzrə yekun investisiya qərarı konsorsium tərəfindən 2025-ci ilin iyun ayında qəbul edilib və layihənin ümumi dəyəri 2,9 milyard ABŞ dolları olaraq qiymətləndirilib. "S&P"nin gözləntilərinə görə, SOCAR-ın 2025-ci ildə neft hasilatı 2024-cü il səviyyəsində (7-7,5 milyon ton neft və 7-8,5 milyard kubmetr təbii qaz) qalacaq. "SOCAR ölkədə neft və qaz hasilatına nəzarət edir: 2024-cü ildə onun əsas idarəçiliyində olan aktivlərdə, eləcə də bir sıra nisbətən kiçik birgə müəssisələrdə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr təbii qaz hasil edilib", - agentlik bildirib.