• bazar ertəsi, 03 fevral, 00:37
  • Baku Bakı 3°C

Süni intellekt strategiyası hazırlanır

01.02.25 00:28 262
Süni intellekt strategiyası hazırlanır

Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir. Bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də xüsusi əhəmiyyət verilir.

Qazaxıstanın Almatı şəhərində “Digital Almaty” beynəlxalq rəqəmsal forumu keçirilib. Azərbaycanı tədbirdə Baş nazir Əli Əsədov təmsil edib.

Rəqəmsal infrastrukturun inkişafı prioritetdir

Tədbirdə çıxış edən Baş nazir bildirib ki, Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, internet infrastrukturunun inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslər arasında "Onlayn Azərbaycan" layihəsini qeyd etmək lazımdır. Bu layihə çərçivəsində ölkədəki bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksək sürətli genişzolaqlı internetə qoşulub. "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması yolunda ən mühüm addımlardan biri "rəqəmsal hökumət" platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tam rəqəmsallaşdıran "Rəqəmsal körpü" milli məlumat mübadiləsi sistemi tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün "Hökumət buludu" layihəsi işə salınıb", - Baş nazir qeyd edib.

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün imkan

"Biz həmçinin startapların inkişafı, sahibkarlığın stimullaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi üçün əlverişli şəraitin yaradılmasına böyük əhəmiyyət veririk. Fəaliyyətə yeni başlayan sahibkarlara layihələri işə salmağa və potensiallarını inkişaf etdirməyə kömək edən müxtəlif proqramlar həyata keçirilir", - hökumət başçısı bildirib. Ə.Əsədov həmçinin qeyd edib ki, rəqəmsal transformasiya təkcə texnoloji proses kimi deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir imkan kimi nəzərdən keçirilməlidir.

Prioritet sektorlar müəyyənləşdirilir

Baş nazir deyib ki, hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir. “Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin, bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk", - Baş nazir bildirib. Onun sözlərinə görə, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. "Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir”.
Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir.

 

banner

Oxşar Xəbərlər