AZE | RUS | ENG |

“Süni ajiotajla şou yaratmaq siyasətçiyə yaraşmaz” - Fotolar

“Süni ajiotajla şou yaratmaq siyasətçiyə yaraşmaz” - Fotolar
Tural Abbaslı: “Müsavatın bədxahları, partiyanı indiki zəif, gücsüz duruma salanlardır”

Müxalif düşərgədə, xüsusən Müsavat Partiyasında yenə narahatlıq yaşanmaqdadır. Bu dəfə narahatlığa, gərginliyə səbəb oktyabrın 12-də keçiriləcək qurultaydır. 2014-cü ildə olduğu kimi hazırda da yeni başqanın kim olacağı üzərində "dartışma” gedir. Hazırkı başqan Arif Hacılıdan narazı olanlar AXCP sədri Əli Kərimli ilə yaxın ilişkilərə sahib Tofiq Yaqublu ətrafında cəmləşiblər. Artıq bir neçə gündür ki, T.Yaqublunun dəstəkçiləri, hətta Avropaya sığınan Ramiz Yunus, Arif Məmmədov və qeyriləri Müsavatda A.Hacılı erasının bitməsi anlamında statuslar paylaşıb, onu bu dəfə başqanlığa namizədliyini verməməyə səsləyiblər. Müsavatın oktyabrın 12-də keçiriləcək IX qurultayında başqanlığa namizədlər sırasında T.Yaqublu ilə bərabər, partiyanın Divan üzvü Başxanım Abbaslı, keçmiş siyasi məhbus kimi qələmə verilən Yadigar Sadıqov da var. Hazırkı başqan A.Hacılı isə namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyini bildirib. 
 
 

Belə bir vaxtda Müsavat Partiyasının sədri A.Hacılının qardaşı Mustafa Hacıbəyli "Facebook”dakı şəxsi profilində status yazaraq, hazırkı başqana qarşı olanları Müsavat bədxahları adlandırıb. Onun statusunu ixtisarla təqdim edirik: "Yadıma keçən qurultayımız düşdü. Keçən qurultayımız ərəfəsində Müsavatın bədxahları və Müsavatı özünə rəqib sayanlar Qubad İbadoğlunu, bəziləri isə Tural Abbaslını təbliğ edirdilər. ...Müsavatla yox, deyəsən konkret fərdlərlə - İsa Qəmbər və Arif Hacılı ilə problemi olan Ramiz Yunus və onun kimi bir neçə başqa şəxs də Qubad İbadoğlunu müdafiə edirdilər. Eşitdiyimə görə, onlar yenə bir çox müsavatçıdan, o cümlədən məndən daha əvvəl bu mövzuya baş vurublar. Hələ kimlərin namizəd olacağını, nə vəd edəcəyini gözləmədən, bu mövzuda yenə statuslar yazıblar. Eşitdiyimə görə, Fuad Qəhrəmanlı yazdığını sonradan silib də. O vaxt Rauf Arifoğlu Tural Abbaslıya az qala hər gün yarım səhifə yer ayırırdı. Sərdar Cəlaloğlu isə Turalın təbliğ edilməsi üçün ADP qərargahında 200 nəfərlik görüş təşkil etmişdi. Bu görüşdə müsavatçılardan başqa az qala bütün partiyaların nümayəndələri iştirak etmişdi. Amma bu süni təbliğata rəğmən, Tural Abbaslı heç 20 səs yığa bilmədi. İndi namizəd olan müsavatçılarla Qubad İbadoğlunu, yaxud Tural Abbaslını müqayisə etmək fikrim yoxdur”.
 


M.Hacıbəyli yazıb ki, Müsavata dost olmayanların başqanlığa namizəd məsələsində canfəşanlıqları, heç də təbliğ etdikləri şəxslərə sevgilərindən irəli gəlmir: "Əksinə, onlar İsa Qəmbərə və Arif Hacılıya qarşı olan istənilən şəxsi dəstəkləməyə hazırdırlar. Çünki, guya başqası seçilsə, Müsavatın onların maraqlarına xidmət edəcəyini düşünürlər. ...Kənar müdaxilə qaçılmazdır. Müsavatçılar seçim edərkən mütləq kənara da baxmalı, bu qurultaydan dostların nə gözlədiyini, bədxahların nə gözlədiyini nəzərə alaraq doğru seçimini etməlidir”.
 
 

M.Hacıbəylinin bu statusunda adı hallanan, Müsavat Partiyası başqanlığına sabiq namizəd, hazırda AĞ Partiya adlı siyasi təşkilata rəhbərlik edən Tural Abbaslı ilə əlaqə saxlayıb barəsində səsləndirilən iddialara münasibət öyrəndik. O, "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Müsavata qarşı bədxahların kim olması barədə qeyd olunanlar subyektiv fikirdir və bu barədə hər kəs fərqli düşüncə ortaya qoya bilər. Partiya sədrinin sözlərinə görə, 2014-cü ildə Müsavat başqanlığına namizəd olarkən ona kənardan heç kim dəstək verməyib, barəsində hər hansı təbliğat aparmayıb: "Başqanlığa namizəd olanda nə iqtidar partiyalarının, nə də müxalifət partiyalarının nümayəndələri mənim təbliğatımı aparmayıblar. Amma digər namizədlər, eləcə də Arif Hacılı barəsində istiqlalçı deputatların və bəzi yazıçıların dəstək xarakterli fikirlərini hazırlayıb yayırdılar. Media, eləcə də mətbuat indi də var, o dövrdə yazılanlar arxivlərdə var. "Yeni Müsavat” qəzetində də mənə yer, digər namizədlərdən heç də çox ayrılmırdı. Okeanın o tayından, qoca qitədən bu yana kimlərin dəstək üçün özünə mühacir tutması, təbliğatını aparması da göz önündə idi. Həmin vaxt 3 namizəddən yalnız mən geniş təbliğat aparmadım, kənardan özümə dəstək axtarmadım. Kimsə indi durub bu barədə absurd iddia ortaya qoyarkən, zəhmət çəkib əlahəzrət fakta müraciət etsin, təbii ki, əgər belə fakt varsa. Düşünürəm ki, Müsavatın bədxahları, partiyanı indiki zəif, gücsüz duruma salanlardır. Mənim üçün Müsavat səhifəsi bitib, qapanıb. Ona görə də, bu siyasi təşkilatda nələrin baş verməsi maraqlı deyil. Sadəcə, orada siyasətlə məşğul olmaq istəyənlərə səslənirəm ki, öz partiyalarını gücləndirməklə, partiyadaxili idarəetmə işləri ilə məşğul olsunlar, sağa, sola, yuxarı, aşağı söz atıb süni ajiotaj yaratmağa çalışmasınlar. Süni ajiotajla şou yaratmaq siyasətçi adına iddia edənlərə yaraşmaz”.
 
 

ADP-nin qərargahında görüş keçirməsinin səbəbinə aydınlıq gətirən T.Abbaslı deyib ki, Müsavat Partiyasının qərargahındakı zal kiçik olduğuna görə, o zaman belə bir addım atılıb. Onun sözlərinə görə, həmin görüşdə Müsavatın qurultay üzvləri, digər müsavatçılar da iştirak ediblər: "Belə məsələlərdə siyasətdən anlayışı olmayan həvəskar siyasətçilər, həvəskar jurnalistlərin əlində qalmışıq. Onlar başa düşmür və ya başa düşmək istəmirlər ki, ADP-nin qərargahında görüş keçirməyimizin yeganə səbəbi oradakı zalın genişliyi olub. Müsavat Partiyası ayrı-seçkilik etmədən hamıya qərargahda görüş keçirməyə şərait yaradıb. Qurultay üzvlərinin 20 səsini toplamaq məsələsinə gəlincə, bunu kim inkar edir ki? 20 səs almağımızın səbəblərindən biri də bu idi ki, biz insanları atasının qəbrinə, balasının canına and içdirib özümüzə səs verdirmədik. Yaxud onların xeyir-şərində iştirak etməyimizin, yeyib-içdiyimizin müqabilində, həmi n şəxslərin qarşısında hər hansı öhdəlik qoymur, səs tələb etmirdik. Biz, sadəcə, fikirlərimizi, düşüncələrimizi, ideyalarımızı çatdırır, bunların reallaşması üçün qurultay üzvlərindən dəstək istəyirdik. Kimlərsə bu ideyaya dəstək olubsa, səs verib, dəstək olmayan da səs verməyib. Demokratiya bunu tələb edir. Ona görə də, yaxşı olardı ki, gündəmə gəlmək istəyənlər lazımsız dedi-qodularla deyil, öz siyasətləri ilə gəlsinlər”.

Rufik İSMAYILOV  
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873