• cümə axşamı, 14 noyabr, 16:10
  • Baku Bakı 11°C

Sülhə doğru atılan önəmli addım

09.12.23 06:01 2234
Sülhə doğru atılan önəmli addım

Azərbaycan və Ermənistan arasında etimad mühitinin gücləndirilməsini nəzərdə tutan birgə açıqlama maraqla qarşılanıb. Bu razılaşma tərəflər arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının iki ölkə arasında etimad mühitinin gücləndirilməsini nəzərdə tutan birgə açıqlaması müsbət qarşılanıb. 

Birgə açıqlamada bildirilir ki, hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. 

Müzakirələr davam edəcək

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad edir. Ermənistan isə bunun müqabilində 2 azərbaycanlı hərbçini azad edir. Bundan əlavə, xoş niyyətin təzahürü olaraq, Azərbaycan və Ermənistan beynəlxalq səviyyədə biri-birilərinə münasibətdə bəzi məsələlərdə dəstək nümayiş etdiriblər. “Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”, - deyə birgə açıqlamada vurğulanır .

Onlar siyahıya daxil deyil

Qeyd edək ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.
Bu siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Bu addım Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.

Birgə açıqlamaya beynəlxalq reaksiyalar

Tərəflərin birgə açıqlamasına beynəlxalq reaksiyalar da maraqlıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasını alqışlayıb. O, bu barədə sosial şəbəkə hesabında yazıb. “Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib.

ABŞ də Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsi razılaşmasını alqışlayıb. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.

“Biz Azərbaycan Prezidenti Əliyevin və Ermənistanın Baş naziri Paşinyanın Cənubi Qafqaz xalqlarının daha dinc və firavan gələcəyi üçün zəmin yaratmaq istiqamətindəki birgə səylərini alqışlayırıq. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.

Birgə açıqlamaya Rusiya da münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirilib ki, Moskva Bakı və İrəvan arasında hərbçilərin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışlayır. 

 

banner

Oxşar Xəbərlər