Sevgiləri təbrik mesajı ilə başlayan cütlük - AİLƏ
Rahil Sayadoğlu: “İlk görüşdə hiss etdim ki, bu insanın ardınca getmək istəyirəm”
Aynur Kərimova: “Küsəndə Rahilin yaxşı xüsusiyyətləri haqqında düşünürəm, bu, tez barışmağa kömək edir”
5 ildir ki, ailəlidirlər, bir övladları var. Sevgiləri isə bir təbriklə başlayıb. İndi həmin təbrik mesajları şəkil formasında evlərinin divarını bəzəyir. İlk mesajları onlar üçün əzizdir. Söhbət ARB telekanalının aparıcısı Rahil Sayadoğlu və xanımı, müəllim Aynur Kərimovadan gedir. Onlarla o mesajları yazdıqları zamandan bu günə qədər yaşadıqları haqda söhbətləşdik.
İlk addımı atan Rahil olduğu üçün söhbətə də o başladı: “2016-cı ildə Tələbə Gənclər Təşkilatı vasitəsilə universitetlərə, digər təhsil ocaqlarına tədbirlərə gedirdim. Aynuru ilk dəfə orada görmüşdüm, sonra əlaqəmiz yox idi. Dostluğumda olanlara doğum günlərində diqqət göstərən adamam. Oktyabrın 2-si Aynurun ad günündə təbrik yazdım. Təbrikdən sonra profilinə göz atdım, xatırladım. Sən demə, “Facebook”da dost imişik. 30 iyun “Facebook”da dost olduğumuz gündür. Sonra yazdım ki, sizi bir az yaxından tanıya bilərəm? Aynur da belə cavab yazdı: “Olar, nəyi bilmək istəyərdiniz?”
“Ortaq nöqtələrimiz çox idi”
Aynur deyir ki, Rahili həyatda tanıdığı üçün mesajına müsbət qarşılıq verməkdən çəkinməyib: “Universitetdə, efirdə görmüşdüm. Tanıyırdım deyə, sanki ürəkləndim, bir növ etibar etdim. Yaşımı, harada, hansı fakültədə oxuduğumu və s. soruşdu, beləliklə, söhbət davam etdi. O incəsənət adamı, mən isə ədəbiyyatçıyam. Ortaq nöqtələrimiz çox idi”.
Rahil ilk görüşdə artıq bu münasibətlə bağlı qərar verdiyini deyir: “Aynuru ona görə tanımaq istəyirdim ki, ondan o elektriki almışdım. Mesajı mənə o enerji yazdırırdı. İlk görüşdə hiss etdim ki, bu insanın ardınca getmək istəyirəm. Bunun məntiqi əsası yoxdur və heç nə ilə əsaslandıra bilmərəm. Sadəcə, məni ilk görüşdən özünə bağlaya bildi. Sonra, təbii ki, insanın şəxsi keyfiyyətləri - xasiyyəti, davranışı, mənə münasibəti, hörməti və s. ilə bildim ki, mənim adamımdır. 6 ildir birlikdəyik və zaman göstərdi ki, yanılmamışam. Nə yaxşı ki, o təbriki yazdım”.
Baş tutmayan görüş
Rahilin “ilk görüş” dediyi, əslində, baş tutan görüşdür. Bir də Aynurun gəlmədiyi ilk görüşləri var: “Universitetdə dərsdən çıxacağı vaxtı öyrənmişdim. Dedim ki, olar yaxından görüm, dost olaq? “Problem yoxdur” yazmışdı. Mən də getdim, 40 dəqiqə gözlədikdən sonra yazdı ki, mən evə gedəsi oldum, başqa vaxt görüşərik. Havalanmışdım, deyinə-deyinə öz-özümə deyirdim ki, bunu əvvəldən de də (gülür). Dərsi tez bitib deyə, gedib, boşuna gözləmişəm”.
Rahil deyir ki, Aynurda ən çox bəyəndiyi detallar məntiq və prinsipiallıqdır: "Bəzən çıxılmaz vəziyyət yaranır, ikimiz də düşünürük. Aynurun ağlına elə versiyalar gəlir ki, mat-məəttəl qalıram. Məntiqi çox güclüdür. Prinsipiallığına gəlincə, kiçik bir misal çəkim. Sürücülük vəsiqəsi almaq arzusunda idi. Məndən fərqli olaraq o, həm nəzəriyyə, həm də praktiki imtahandan uğurla keçməyi bacardı. Çünki qarşısına məqsəd qoymuşdu. Onun bu prinsipiallığı mənim üçün əla motivasiya ola bilər. Amma tənbəlliyim imkan versə".
“Gecə saat 3-4-ə kimi uşaq yatızdırmışam”
Rahili Aynura sevdirən xüsusiyyətlər də çoxdur: “Xarakterini, intellektini, görünüşünü və s. bəyəndim. Obyektivliyi də çox xoşuma gəlir. Hərdən kimə görəsə hirsli gəlirəm, istəyirəm ki, mənə dəstək versin, ikimiz də qarşı tərəfi tənqid edək. Ancaq o obyektivliyini qoruyur. Məni “günahkar” çıxardığı da olur”.
Aynur deyir ki, ev işlərində, uşaqla bağlı Rahil ona çox kömək edir: “Yemək bişirməyi bacarmır, tozsoranla işləmək də onluq deyil. Amma ümumilikdə əksər ev işlərində yardım əlini uzadır. Uşaq olandan sonra ona vaxtım çox gedirdi. Mən uşağı yatızdırmağa gedirdim, gəlirdim ki, Rahil hər tərəfi yığışdırıb. Xüsusilə uşaq doğulandan sonra daha çox yardım etməyə başladı”.
Rahil deyir ki, onun üçün “bunlar qadın işidir” deyə bir məsələ yoxdur: “Bildiyim işlərdə kömək edirəm. Bir az da olsa evə köməyimin dəyməsini istəyirəm. Uşaq yeni doğulanda yuxusuz gecələr, ananın taqətdən düşdüyü vaxtlar olur. Ətrafımda nə qədər dostlarım varsa - bir neçəsini çıxmaq şərtilə - əksəriyyəti başını atıb yatır. Yaxud keçib o biri otaqda yatır ki, uşağın səsi gəlməsin, səhər işdəyəm. Mən səhər saat 8-9-da işə gedəcəkdim, lakin gecə saat 3-4-ə kimi uşaq yatızdırmışam. Bununla fəxr etmirəm. Övladımdır, borcumdur, etməliyəm”.
“Adamın əlinə telefon keçir, görürsən ki...”
Rahilin ətrafı genişdir, xanımlar da çoxdur. Aynur deyir ki, qısqanclığı yalnız evliliyin ilk aylarında olub: “Sevgili vaxtı Rahildən çox rahat idim. İnanırdım ki, mənəm, başqa qız-filan yoxdur. Heç vaxt onun dostluğundakı qızlara baxmağı düşünmürdüm. Amma evlənəndən sonra adamın əlinə telefon keçir, görürsən ki, zamanında hansı qızlar yazıb, içində şübhələr yaranır. Evliliyimizin ilk vaxtlarında bəzən qısqanclıq etdiyim də oldu. Bir neçə aydan sonra o qısqanclıq da getdi. Çünki güvənirəm”.
“Yenə də futbolu sevdirə bilmədim”
Mübahisə etdikləri mövzulara gəlincə, bunlardan biri Rahilin futbol sevgisidir. Rahil deyir ki, futbol azarkeşliyi mübahisədən daha çox, fikir ayrılığı yaradan səbəbdir. O, nə qədər çalışsa da, həyat yoldaşına futbolu sevdirə bilməyib: “Mən “Yuventus” azarkeşiyəm. Bəzən gün ərzində 2, həftədə bir neçə oyun izləyirəm. Bu, futbolla maraqlanmayan bir adam kimi onu yorur. Özünün həftə ərzində 3-4 serialı olur, biz heç ona qarışmırıq (gülür). Sevgili, nişanlı olduğumuz müddətdə Aynura “Yuventus” forması aldım, soyadımızı yazdıq. Bununla bərabər, müxtəlif məkanlarda “Yuventus”un oyunlarına gedib baxmışıq, “Qarabağ”ın oyunlarına gedib “qol” deyib bağırmışıq. İstəyirdim ki, o da yanımda olsun. O da macəra, kampaniya naminə gedirdi. Yenə də futbolu sevdirə bilmədim. Bəlkə bir gün ola, amma hələ ki, alınmır (gülür).
“Bilirəm ki, əsəbim müvəqqətidir”
İndi isə əsas mübahisə etdikləri mövzu daha çox uşaqla bağlıdır: “Uşağın yeməyi, yatmağı kimi məsələlərlə bağlı olur. Məsələn, mən düşünürəm ki, bu yemək ona çox oldu, bir az yesə bəsdir. Aynur deyir ki, norması budur. Mən öz məntiqimcə müdaxilələr edirəm. Demirəm ki, tam haqlıyam, ya haqsızam. Uzağı 5-10 dəqiqə mübahisə edərik, sonra keçib gedir”.
Ən çox küsəyən Aynur, barışmağa cəhd edən isə Rahildir. Rahilin fikrincə, addım atmaq kişiyə yaraşar. Aynur deyir ki, küsəndə Rahilin yaxşı xüsusiyyətləri haqqında düşünür və bu, tez barışmağa kömək edir: “Ona hirslənəndə ürəyimin bir tərəfində deyirəm ki, Rahilin bu yaxşı xüsusiyyəti də var axı. Həmişə o “yaxşı tərəf” bizə barışmağa, ailəni qorumağa kömək edir”.
Rahil də eyni cür düşündüyünü dedi: “Əsəbiyəm, marketdəyəm. Ləzzətli nə isə görürəm, alıb saxlayıram. Bilirəm ki, əsəbim müvəqqətidir, barışanda verəcəyəm. İncikliyimizi unutduran çox səbəbimiz var”.
Ailə gündəliyi
Rahil həmçinin onları birləşdirən bir dəyəri xüsusilə vurğuladı: "Oktyabr… Oktyabr həm dünyaya gəldiyimiz, həm də tanış olduğumuz aydır. Biz "oktyabr uşaqları"yıq. Oktyabr bizim üçün müqəddəs aydır. 11 ayın sultanıdır".
Onları bir yerdə saxlayan səbəblərdən danışanda Rahil “yaşantılarımız, xatirələrimizdir” dedi: “Elə bir həddə gəlməmişik ki, bizi bir yerdə saxlayan səbəb yalnız uşaq olsun. Bizim 5 illik yaşantılarımız, gözəl sevgi hekayəmiz var”.
Ailənin özünəməxsus gündəliyi var, onu Rahil yazır. Arada vərəqləyirlər, “nə yaxşı ki, yazmışıq” deyirlər. Vərəqlədikcə oxuyurlar və “nə yaxşı ki, bir yerdəyik” deyirlər həm də.
Aygün Asimqızı