Şərq qissəsinə alternativ baxış
Şərq ədəbiyyatında
kifayət qədər məşhur olan və müraciət edilən "Şeyx Sənan” mövzusu Azərbaycan
ədəbiyyatında da müxtəlif səpkilərdə işlənmişdir. Bizə məlum olan yazılı
ədəbiyyatda "Şeyx Sənan” mövzusuna ilk
dəfə müraciət edən Fəridəddin Əttar Nişapuridir. Əttarın "Məntiqüt-teyr” ("Quşların söhbəti”)
məsnəvisinin həcmcə ən böyük hekayati "Şeyx Sənan”dır. (Bəzi araşdırmaçılar
"Şeyx Sənan”ı müstəqil əsər kimi təqdim edir.)
Bu məşhur əhvalatın Azərbaycan mədəniyyətinə də təsiri danılmazdır. Dastanlarımızda, el şairlərinin və aşıqlarının yaradıcılığında Şeyx Sənan mövzusu xatırlanır. Bəstəkar Üzeyir Hacıbəyovun "Şeyx Sənan” operası, Hüseyn Cavidin "Şeyx Sənan” faciəsi və yazıçı Fəxri Uğurlunun "Şeyx Sənan” hekayəsi bu mövzuda yaranmış ən maraqlı sənət nümunələridir.
Bu günlərdə "Şeyx Sənan” mövzusunda daha bir əsər nəşr olunub. Bu dəfə Şərqin unudulmaz hekayətinə yazıçı Sahilə YaYa (İbrahimova) "Şeyx” romanı ilə müraciət edib.
Cəlil Cavanşir
Bu məşhur əhvalatın Azərbaycan mədəniyyətinə də təsiri danılmazdır. Dastanlarımızda, el şairlərinin və aşıqlarının yaradıcılığında Şeyx Sənan mövzusu xatırlanır. Bəstəkar Üzeyir Hacıbəyovun "Şeyx Sənan” operası, Hüseyn Cavidin "Şeyx Sənan” faciəsi və yazıçı Fəxri Uğurlunun "Şeyx Sənan” hekayəsi bu mövzuda yaranmış ən maraqlı sənət nümunələridir.
Bu günlərdə "Şeyx Sənan” mövzusunda daha bir əsər nəşr olunub. Bu dəfə Şərqin unudulmaz hekayətinə yazıçı Sahilə YaYa (İbrahimova) "Şeyx” romanı ilə müraciət edib.
***
Sahilənin
yaradıcılığına çoxdan bələdəm. Hekayələrini və "Çevriliş” romanını oxumuşam,
fürsət düşdükcə yaradıcılığı barədə fikirlərimi özüylə bölüşmüşəm. Şəxsi
müzakirələrimizdən və polemikalarımızdan Sahilənin ədəbiyyata necə diqqətli və
həssas yanaşdığını bilirəm. Ədəbiyyata gəlişimiz eyni dönəmə təsadüf etdiyi
üçün nəsildaş sayılırıq. Sahilə bütün qalmaqallardan uzaq durması, təmkini,
ədəbiyyata yanaşması, kifayət qədər kübar davranışları ilə seçilən
dostlarımdandır və onun yaradıcılığına hər zaman diqqətlə yanaşmışam. "Şeyx”i
mütaliə edərkən bir kənara yazdığım qeydlərə yenidən göz atanda fikirləşdim ki,
düşüncələrimi həm də oxucularla da bölüşüm. Bir məqamı qeyd edim ki, dostluq
etdiyim müəlliflər haqqında yazmaq ikiqat məsuliyyətdir. Eyni zamanda
ədəbiyyatşünaslar və ədəbi tənqidçilərin "sahəsində top qovmaq” bir az
məsuliyyət tələb edir. Əsəri təhlil və tənqid etmək fikrində olmasam da,
tənqidçilərin və ədəbiyyatşünasların əfvinə sığınıram.
***
...İlk növbədə qeyd
edim ki, "Şeyx” postmodern romandır. Fərqli zamanda (orta əsrlər və müasir
dövr) və fərqli məkanda (Şərq və Qərb) baş verən əhvalatların arasındakı incə
əlaqələri hiss etmək, qavramaq bir qədər çətin olsa da, əsərin axarına
düşdükdən sonra zaman və məkan arasındakı əlaqə oxucuya agah olur. Oxucu,
müəllifin "ədəbi priyomları”nı qavramaqda çətinlik çəkməsə, "Şeyx”in qatları
arasındakı əlaqəni də hiss edəcəkdir.
Qeyd etdiyimiz kimi "Şeyx” postmodern romanın janr xüsusiyyətlərinə
cavab verir və müəllif janrın yaratdığı imkanlardan peşəkarlıqla istifadə edir.
Romanda zamanın (orta əsrlər və müasir dövr), məkanın (Şərq və Qərb), dinlərin
(İslam və Xristianlıq), mədəniyyətlərin (Ərəb-türk-alman), dünya görüşlərinin
müxtəlif müstəvilərdə qarşılaşdırılması və qarşıdurması var. Bu qarşıdurmada
müəllifin hansı tərəfə simpatiyası, hansı tərəfə antipatiyasının olduğu bəzən
açıq-aydın hiss olunur. Düşünürəm ki, müəllif islama, ərəb mədəniyyətinə
göstərdiyi simpatiyanı əsər boyu gizlədə bilmir. Və İslam Şərqində doğulub, bu
coğrafiyada yaşayan yazıçının, deyəsən, başqa yolu yoxdur. Bu münasibət bəlkə
də Şərq və İslam haqqında formalaşan önyarğılara, qınaqlara meydan oxumaqdır.
Bəlkə də müəllifin genetik yaddaşı ona nələrisə diktə edib. Hər halda müəllif
öz əsərində sərgilədiyi yanaşmalarda sərbəstdir və bizim onu qınamaq haqqımız
yoxdur. Cahiliyyə ərəblərinə, təsəvvüfə və təriqətə alternativ yanaşma bəlkə də
yazıçının çağımızda populyarlaşan fikirlərlə, düşüncələrlə barışmamasından qaynaqlanır. Bütün bunlara
rəğmən "Şeyx” olduqca həssas və qıcıq
doğuran detallarla zəngindir.***
...Azərbaycanlı
yazıçı Şumeysat Almaniyada uşaqlıq sevgisi ilə – erməni Sənanla qarşılaşır və
bu görüş onların taleyini və yolunu dəyişir. Bu təsadüfi görüş uşaqlıq
sevgisini və ağrılı xatirələri canlandırır. Azərbaycan yazıçısı üçün,
azərbaycanlı xanımla erməni kişinin sevgisini qələmə almaq kifayət qədər
cəsarət tələb edir. Sahilənin bu cəsarətini təqdir edirəm. Amma əsər boyu
erməni vəhşiliyini, Qarabağ savaşını, ermənilərin törətdiyi qırğınları
xatırlamaqla sanki öz qəhrəmanına haqq qazandırmaq cəhdləri hiss olunur. Sahilə
cəsarətlə girişdiyi mövzuda müəyyən qədər tərəddüdlüdür və sanki oxucunu razı
salmaq üçün ermənilər haqda formalaşmış streotipləri dağıtmağa çalışmır. Əsərin
müasir qatındakı gənc hüquqşünas və biznesmen, milliyyətcə erməni Sənan, obraz
kimi natamam görünsə də, Sənana aşiq olduğu üçün təbəddülatlar içində çırpınan
və bütün həyatı boyu uşaqlıq travmalarından əziyyət çəkən yazıçı Şumeysat obraz
olaraq daha dolğun, daha inandırıcıdır.***
...Əttarın və Cavidin
yaratdığı Şeyx Sənan obrazı sufidir, təriqət şeyxidir. Sahilənin Şeyx Sənanı
mənə daha çox qəbilə başçısını, mədrəsə müəllimini xatırlatdı. Romandakı Şeyx
Sənanın müridləri ilə apardığı söhbətlər mənəvi dərsdən daha çox dünyəvi elmlər
haqda ötəri mübahisələri xatırladır. Müasir təsəvvüf şeyxlərini, mürşid-mürid
münasibətlərini fərqli müstəvidə görmüş biri kimi, bu səhnələr məni
inandırmadı. Sözsüz ki, müəllifin alternativ yanaşmasına haqq qazandırmaq, onu
haqlı çıxarmaq mümkündür. Sadəcə mən mənəvi-ruhani qatda oxucunu sarsıdacaq,
silkələyəcək səhnələr axtardım. Sahilə ixtisasca tarixçidir və Şeyx Sənan
obrazını yaradarkən tarixi məlumatların, dini mətnlərin onun daha çox köməyinə
çatdığını düşünürəm. Oysa, təsəvvüf şeyxinin davranışlarını, düşüncələrini,
dinə və Allaha münasibətini təqdim etmək
üçün tarixi məlumatlar və dini mətnlər kifayət deyil. ***
...Uşaqlıq travması,
bu travmaların Şumeysat və bacısının həyatına sonrakı təsirləri psxioanalitik
baxımdan maraqlıdır. Bu baxımdan əsərin "freydist qatı” olduqca güclü və
uğurludur. Şumeysatın ögey qardaşı İnamla və atasıyla olan münasibətlərində
psixaloji-emosianal məqamlar olduqca usta müşahidəçinin qələminin məhsuludur.
Eyni zamanda İnamın atalığıyla (əmisiylə) olan münasibətləri də dərin psixoloji
məqamları üzə çıxarır. Müəllif əsərin
müasir qatındakı ailə-məişət səhnələrini daha canlı və inandırıcı çatdırıb,
Edip (İnam və ata) və Elektra (Şumeysat və ata) komplekslərinin ədəbi müstəvidə
həllini uğurla təqdim edib. Erməni Sənanla azərbaycanlı Şumeysatın
münasibətlərindəki təbəddülatlar, uşaqlığı birlikdə keçmiş iki gəncin
sevgisindən daha çox, iki düşmən ölkənin kifayət qədər müasir dünyagörüşlü
vətəndaşının psixoloji savaşı fonunda daha da dərinləşir. Və ən sarsıdıcı məqam
Şumeysatın öz doğma atasının qatili olmasıdır. Doğmasını qətlə yetirmiş, düşmən
xalqın nümayəndəsi ilə yasaq sevgi yaşayan gənc yazıçı obrazı yaratmaq dramatik
və cəsarətlidir.
***
...Ən sevdiyim nüans:
Sahilə müasir Azərbaycan cəmiyyətinin problemlərindən yan keçməyib. Xüsusilə
mədəniyyətin, mətbuatın və ədəbiyyatın
vəziyyətini bir neçə məqamda tənqid edib. Məncə, yazıçı hansı mövzuda
yazmasından asılı olmayaraq öz ölkəsinə, yaşadığı dövrə, gördüyü və hiss etdiyi
problemlərə biganə olmamalıdır. Bu məqamlarda Sahilənin həm yaradıcı insan, həm
də vətəndaş kimi ağrısını hiss etmək mümkündür.
Cəlil Cavanşir