İnsanda
mənəvi saflıq Tanrı tərəfindən bəxş edilmiş istedad kimidir. Heç bir etirafa,
etiraza gərək duymayan ruhun sahibi büllur kimi saf daxili dünyanın
daşıyıcısıdır. O, həm də təvazökar və səmimidir. Tanrı ilə bərabər, həm də Onun
yaratdıqlarını, ən başlıcası isə insanları sevir. Dünyaya sevgi ilə baxan,
nəfsinə, tamahına sahib çıxan kəslər müqəddəslik pilləsinə çatmaq imkanını
qazanmış olur.
Amma qeyd etdiyim müddəalar üzrə
yazdıqlarıma bir mühüm ştrix də əlavə olunmalıdır –bu,
insan olaraq daxili dünyanı kirlənməkdən, ləkələnməkdən qorumağın
mümkünsüzlüyünü etiraf etməkdir. Yəni həyatın istənilən nöqtəsində, küncündə,
dalanında, lap ən müqəddəs hesab edilən məkanında belə günahdan uzaq durmaq
qeyri-mümkündür. Bəs nə
etməli? Özünü, mənəviyyatını hansı divarlar daxilində qorumalı? Bu zaman çıxış
yolu olaraq xilas rolunu daşıyan cümlələri ard-arda düzmək qalır – insanın
ən böyük xilaskarı da elə onun özüdür. Çünki, mərhəmətli və
rəhmdil Tanrının əfv etmək lütfünə sığınaraq mənəvi cəhətdən arınmaq şansı
həmişə var və günahkar
bəndəyə bu şansdan yararlanmaq fürsəti verildiyi üçün, nə xoş halına...
Ömründə heç olmazsa bircə dəfə dua
etmiş şəxs Tanrıya edilən ibadətin nə qədər gözəl duyğu olduğunun şahididir.
Bütün pafoslardan, yalanlardan qurtulub Tanrı ilə təkbətək qalmağın ləzzətini
bir dəfə dadmaq Ona ömürlük bağlanmağına vəsilə olur. Lakin səmimiyyət hissinin
hakim olmadığı ibadət, dua, etiraf günahkar bəndənin növbəti məğlubiyyətidir.
Tanrıya gedən yolun qəlbindən başladığına inanan insan bütün hallarda daxili
dünyasının arınmasının qayğısına qalmalı, kindən, nifrətdən və bu səpgidə
mənfur duyğulardan azad olmalıdır.
Ruhanilik isə şəxsi seçimə söykənir və
bu seçim insandan bir növ individuallıq tələb edir. Tanrıya iman gətirməklə
ruhanilik arasında bütöv bir ömür dayanır. Ruhani termininin kökündəki ruh sözü
də sanki şəxsin Yaradana həm fiziki, həm də mənəvi, yəni cismi və ruhu ilə
bağlılığına işarədir.
Lev Tolstoyun "Sergi ata” əsəri bu
baxımdan ibrətamiz həyat hekayəsi hesab edilir. Şan-şöhrət qazanmış, kübar
cəmiyyətin üzvünə çevrilmiş, çarın pərəstişkarı olan, həm də yüksək mədəniyyət
sahibi Stepan Kasatskin sosiallıqdan uzaqlaşaraq Sergi ataya çevrilməsinə,
zahidliyə çəkilməsindən başlamış, günlərini ibadətdə keçirməsinə, dünyəvi
nemətlərdən uzaq dayanaraq kəskin pəhrizlərə qədər (o, su və qara çörəklə
qidalanır) – bütün hallarda Tanrıya gedən yolun axtarışındadır. O, hətta
möcüzələr göstərərək insanlara şəfa bəxş edir. Qalan ömrünü ibadətə həsr edərək
yaşamaq qərarına gəlmiş bu qürurlu insan günah, peşmanlıq və bəraət arasında
seçim etmək məcburiyyətində olanlar üçün ən faydalı örnəkdir. Lakin... onun
ibadəti görünüş xatirinədir. Həqiqətlə üz-üzə qalaraq əsl inamını tərəziyə
qoymaq məqamı yetişdikdə uzun illər ərzində ətrafdakıları, ən əsası isə özünü
aldatdığını başa düşür.
Qəribədir ki, insanın xisləti əksər
vəziyyətlərdə özünü aldatmağa meyllidir. İstər sosial mühitdə, istərsə də
daxili dünyasında yalançı obraz yaratmaq bacarığı əslində, insanın əlahiddə
fantaziya sahibi olmasının, xəyal qurmaq qabiliyyətinin göstəricisidir. O,
fərqli, ağıllı, müqəddəs görünmək istəyir, həm də bu cür olduğuna inanır.
Stepan Kasatski (Sergi ata) nişanlısının imperatorla eşq yaşadığını öyrənməsi
nəticəsində kübar cəmiyyətə daxil olmaq üçün qət etdiyi yoldan birdəfəlik üz
döndərir. Ləyaqət hissini qoruması onun əxlaq göstəricilərinin yüksək səviyyədə
olmasından xəbər verir. Stepan Kasatskinin Sergi ata obrazına düşməsi həm də
kübar cəmiyyətin kirlənmiş mühitindən uzaqlaşmaq cəhdidir.
Tolstoyun dahiliyi ondadır ki, o insan
xarakterinin ən incə cizgilərini belə ortaya qoymağı bacarır, sanki ey oxucu,
diqqətlə bax, bu sənsən, deyə pıçıldayır. Bu əsərlər bir növ cəmiyyətin
ayrı-ayrı fərdlərinin üzünə tutulan güzgü rolunu oynayır. İnsanın özüylə üz-üzə
gəlməsi isə heç də bütün hallarda uğurlu nəticə vermir. Səmimiyyət duyğusundan
məhrum insanın bircə anlıq da olsa öz daxili dünyasına baxması həqiqətin faş
olmasına gətirib çıxarır. İnsan isə həqiqətdən qorxur, elə bəla da bundadır.
Sergi doğru yolda olduğunu düşünür.
Məhrumiyyətlərlə yaşamaq onun fikrincə Tanrıya yaxınlaşmaq üçün bir vasitədir.
Yaşadığı məkana gələn yüngülxislətli Makovkinanın cazibəsinə tuş gəlməmək üçün
barmağını balta ilə kəsdikdə nəfsini nə qədər cilovladığını nümayiş etdirməyə
və insanların etibarını mütləq şəkildə əldə etməyə müvəffəq olur. Bəs sonra?
Qapısına üz tutaraq nicat axtaran, şəfa tapmaq üçün gələn insanlara yardım edən
Sergi necə olur ki, elə həmin insanlardan birinin, gənc ruhi xəstə qızın
qarşısında zəiflik göstərərək, dünyəvi istəklərə tabe olur? Axı o, Stepan
Kasatskidən Sergi ataya qədər heç də qısa olmayan yol qət etmiş, Tanrı
qarşısına alnıaçıq çıxa bilmək üçün saysız məhrumiyyətlərə dözmüşdür. Axı bu
cür şəxsin şəhvani istəyə tabeliyi heç bir normaya uyğun gəlmir.
Demək ki, mənəvi aləminə boylanmağın
zamanı yetişib. Bu vaxt daxilinin bomboş olduğunu, inam duyğusunun, iman
obyektinin sadəcə qurama olduğunu başa düşür. Məlum olur ki, bu günə qədər
yaşadıqları yalandır, ibadətləri isə təsəllidən başqa bir şey deyil. Allahsız,
inamsız dindar isə dindar deyil, kobud desək, parodiyadır.
İnsana həyat verən Tanrı ona həm də
həmin həyatı şəxsin özünün sonlandırması üçün şərait yaradıb (bu seçim əksər
dinlərdə günah hesab olunsa belə). Sergi intiharın günahkar əməllər sırasında
olduğunu bilsə də, həmin şansdan yararlanmaq qərarına gəlir. Ümumiyyətlə,
Tolstoyun həyatın mənasını axtaran digər qəhrəmanlarından fərqli olaraq, Sergi
öz həyatını sanki eksperimentlər üzərində qurub. Lakin bu dəfə uğursuzluq
qaçılmazdır – üzməyi bacardığı üçün suda boğulmayacağını, özünü asaraq həyatına
son verə bilməyəcəyini anladıqda nə qədər çarəsiz, miskin vəziyyətə düşdüyünün
fərqinə varır. O, hətta ölümü də seçə bilməz. Xalqın pərəstişini qazanmış
qəhrəman Sergi məğlubiyyətin bircə addımlığındadır, bir sözlə, bu, əsl
fiaskodur. Və elə bu zaman Tanrı ona günahdan arınmaq, ruhunu təmizləmək üçün
şans yaradır. "Paşenkanın yanına get, nə etməli olduğunu, günahın
nədir, xilasın nədədir ondan öyrən." Bu, Tanrının lütfü idi, mərhəməti
idi.
Serginin qohumu Paşenka – Praskovya
Mixaylovna yoxsul, məzlum insanlardan biridir. Bu zavallı qadıncığaz sanki
uşaqlıqdan bəri əzilməyə, döyülməyə meyllidir. Nə ailə həyatından, nə də övladları
sarıdan səadətə qovuşa bilməyən Paşenka öz içində nəhəng Tanrı sevgisi
gəzdirir. O, Sergidən – Stepandan fərqli olaraq cəmiyyətə nə imanlı, nə də
müqəddəs şəxs kimi təqdim edilə bilməz. Hətta ibadətxanaya da getmək imkanı
olmayan Paşenka Serginin yalnış düşüncələrinə işıq salmasına səbəb olur. Heç
demə, Sergi Tanrı üçün yaşadığını zənn etdiyi halda insanlar üçün yaşayırmış,
Paşenka isə insanlardan ötrü yaşadığı qənaətində olmasına baxmayaraq, əslində
hər zaman Tanrı ücün yaşayıb.
Sergi atanın şübhələri sübuta yetir –
onun qondarma dindar həyatı, imanlı biri cildində keçən illəri əbəs imiş. Elə
həmin andan şöhrətpərəst Sergi atanın Tanrının sadiq bəndəsi mərhələsinə keçidi
baş verir... Həmin mərhələ isə şan-şöhrətdən, qəzəbdən, nifrətdən arınma ilə başlayır.
O, artıq qarşısına çıxan məzlumlara, çarəsizlərə etdiyi yaxşılıqların,
yardımların əvəzində minnətdarlıq gözləmədən dərhal onların olduğu yerdən
uzaqlaşır və getdikcə içində gizlənmiş Tanrını duymağa başlayır. "İnsanların
düşüncəsi nə qədər az əhəmiyyət daşıyırdısa, Tanrını o qədər çox hiss etməyə
başladı". Və daxilindəki şübhə ilə Tanrıya inam arasında gedən
savaşdan qalib olaraq ayrılan Sergi elə bu minvalla da yoluna davam edir...