• çərşənbə axşamı, 23 aprel, 18:31
  • Baku Bakı 20°C

Şərəfli alim ömrünün uğurlu akkordları

10.06.20 14:00 1062
Şərəfli alim ömrünün uğurlu  akkordları
İnsan ömrü çox qısadır. Biz yaşlandıqca bunu daha aydın hiss edirik. Lakin danılmaz həqiqət budur ki, istənilən ömrün ölçüsü, miqyası yaşanan illərlə deyil, insanın əməlləri ilə müəyyənləşdirilir. Professor Nizami Məmmədov Tağısoyun əməlləri onun keçdiyi zəhmətlə dolu həyat yolunun aynasıdır, yaşam tərzinin meyarıdır. Nizami müəllimin çoxcəhətli elmi, pedaqoji fəaliyyətini səciyyələndirən başlıca cəhət onun son dərəcə əməksevərliyidir.
Daim axtarışlarda olmağı sevən bu yorulmaz insan məhsuldar əməyi ilə özünün yaxınlarını, dostlarını, onu tanıyanları, alimləri, tənqidçiləri, ədəbiyyatşünasları sözün həqiqi mənasında heyrətləndirir. Bir dəfə alim həmkarlardan biri yarızarafat dedi ki, Nizami müəllimin bir əsərini oxuyub qurtarmamış o, bizə yenicə çapdan çıxmış digər kitabını təqdim edir. Qəribədir, siz bunları necə çatdıra bilirsiniz? Nizami müəllim isə heç nə olmamış kimi söhbəti tamamilə başqa məcraya yönəltdi.
Biz bu sətirləri qələmə alarkən yaxın dostumuzla bağlı mübaliğəyə yol verməkdən çox-çox uzağıq. Tam səmimiyyəti ilə onu deyə bilərik ki, bu alimin elmi fəaliyyəti kifayət qədər çoxcəhətlidir. Bizə belə gəlir ki, ötən illər ərzində elmi ictimaiyyətə onun təqdim etdiyi çoxsaylı araşdırmalarının bütöv biblioqrafiyasının tərtib olunmasının vaxtı çoxdan çatmışdır.
Bu gün Nizami müəllimin elmdə ilk kövrək addımlarını atdığı vaxtlar bizim kimi çoxlarına dayaq və məsləhətçi olmuş Əməkdar Elm Xadimi, mərhum professor Həbib Babayevin nə qədər uzaqgörən olduğunun bir daha şahidi oluruq. Kimsəsiz gənclərin hamisi olan bu müdrik şəxsiyyət çoxlarımıza atalıq qayğısı göstərməklə bərabər Nizami müəllimin yaradıcı gələcəyinə olan inamını, ümidini o vaxtlar bizlərdən gizlətmirdi.
Ruhun şad olsun, ey boyük insan! Bu gün Sizin yetirməniz Nizami Tağısoy ölkədə və onun hüdudlarından kənarda nüfuzlu alimlərdən hesab olunur. Onun ədəbi əlaqələrdən tutmuş bədii tərcümənin ən müxtəlif problemlərini (poetik tərcümənin prinsipləri, dramatik janrların tərcümə xüsusiyyətləri, bədii tərcümədə milli özünəməxsusluqların qorunması və s.), türkdilli ədəbiyyatların tarixi,o cümlədən qaraqalpaq, qaraçay, noğay ədəbiyyatı, qazax xalqının möhtəşəm abidəsi "Kolbandı batır” dastanının tədqiqi və tərcüməsi kimi sahələrlə məhdudlaşmır. Bu gün Orta Asiya ölkələrində və Qazaxıstanda ədəbi-bədii yaradıcılığa həsr olunmuş ən mötəbər elmi konfranslar və tədbirlərdə bu azərbaycanlı alimin elmi yeniliyi ilə seçilən tədqiqatları, çıxışları böyük maraqla qarşılanır.
Nizami müəllim milli ədəbiyyat tariximizin tamamilə fərqli mövzularına və müxtəlif mərhələlərinə müraciət etməsi ilə də yaxşı mənada bizləri təəccübləndirməyə bilməzdi. Məsələn, XXI əsr postmodernist ədəbiyyatının xarakterik xüsusiyyətlərinin təhlili ilə XIV-XV əsrlər hürufilik ədəbiyyatındakı dini-fəlsəfi görüşlərin mənşəyinin araşdırılması arasındakı mədəni-tarixi fərqlərin nələri ifadə etdiyini təsəvvür etmək o qədər də çətin deyil.
Humboldt deyirdi ki, dil xalqın ruhudur. Nizami müəllim tanınmış bir ədəbiyyatşunas-alim, türkoloq kimi, hansısa mötəbər sənətkarın ədəbi-tənqidi portretini təsvir etməzdən öncə onu öz doğma dilində, mühitində araşdırmağa üstünlük verir: S.Yesenini, A.Tvardovskini rus dilində, H.H.Niyazini – özbək, H.Urtenovu – qaraçay Abayı, M.Auezovu, Kolbandı-batırı qazax, Qavriil Qaydarjini qaqauz dilində daha təbii görmədən ikinci dilin oxucularına bütün dolğunluğu ilə təqdim etməyi məqbul hesab etmir.
Alimin tədqiqatlarında ana dilinə, mədəni-tarixi soykökə bağlılıq, varislik əlaqələri daim diqqət mərkəzində dayanır. Yəqin elə bu istəklə o, türk soyundan olan nisbətən az tədqiq olunmuş qaraqalpaq, qaraçay, noğay, kumux, qaqauz və sair xalqların ədəbi irsini araşdırıb, təbliğ etməyi bir türk oğlu kimi özünə borc bilmişdir.
Nizami müəllimi yaxından tanıyanlar onun son dərəcə maraqlı, duzlu-məzəli söhbətlər sahibi olmasının əsas səbəbini professorun milli folklorumuza vurğunluğunda axtarmağı məsləhət görürlər. Hörmətli alim doğulub boya-başa çatdığı Şilyan torpağının folklor aləmindən, onun lətifələrindən, deyimlərindən, ayamalarından və s. özəlliklərindən ibarət tərtib etdiyi həddən ziyadə maraqlı toplunu oxumaqla doymaq olmur, baxmayaraq ki, bu qiymətli xalq sandıqçasının mahiyyətini anlamayan bəzi bədxahlar (daha dəqiq desək, nadanlar) müəllifi haqsız təhdidlərə, yersiz təqiblərə məruz qoymaqdan da çəkinməmişdilər.
Nizami Tağısoy təkcə elm sahəsində yazıb-yaratmaqla kifayələnməmişdir. Onun şair qəlbindən gözəl şeirlər, poemalar, maraqlı ssenarilər süzülüb gəlmişdir. Alim-şairin şeirləri rus və Azərbaycan dillərində kütləvi tirajla çap olunmuşdur. Bu maraqlı şeir toplularında müəllifin doğma torpağa sonsuz sevgisi, yaxınlarına və əzizlərinə kövrək hissləri, habelə şair qəlbinin həmişəcavan gözəllik vurğunluğu öz əksini tapmışdır.
Bütün bu sadaladığımız və sadalamadığımız fəaliyyətləri sırasında Nizami müəllimin pedaqoji fəaliyyəti əsas yer tutur. Sıravi kənd müəllimliyindən universitetin aparıcı professorluğuna kimi o, məhz gənc nəslin tərbiyəsi və savadlanmasına sərf etdiyi şərəfli alim əməyi ilə gəlib çıxmışdır. Dəfələrlə ilin alimi olmasına rəğmən Nizami Məmmədov Tağısoyun Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Müəllim adına layiq görülməsini onu tanıyanlar sevinclə və fəxrlə qarşılamışlar. Yaxşı deyiblər ki, şagird, tələbə müəllimin barometridir. Nizami müəllim təkcə məzmunlu mühazirələri ilə deyil, həm də şəxsi keyfiyyətləri ilə, parta arxasında əyləşib onun dəyərli tövsiyələrini dinləyən gənclərə göstərdiyi qayğı ilə tələbə kontingentinin rəğbətini qazanmışdır.
Nizami müəllimin şəxsi məziyyətlərindən biri, hətta deyərdik ki, ən başlıcası onun ağsaqqal keyfiyyətinə malik olmasıdır. Səmimi etiraf edək ki, bugünkü şəhər mühitində dədə-baba adətlərini heç də hamımız yetərincə yaşada bilmirik. Ancaq Nizami müəllim uzaqlığından-yaxınlığından asılı olmayaraq tanışlarından birinin çətinliyi, xəstəsi, yaxud uzaq olsun, hüzrü olduğunu eşitdikdə, eldə deyildiyi kimi "Əli daş altında olsa belə, özünü oraya yetirməlidir”. Elə bu xasiyyəti ilə o, bütün onu tanıyanlara əsil örnək olmağı bacarmışdır. Bu gün bütün dünyanı öz dəhşətləri ilə cənginə almış pandemiya dövründə Nizami müəllim bütün dostlara, tanışlara mənəvi dayaq olmağa çalışır, hamıyla telefon əlaqəsi saxlayır, onlardan hal-əhval tutur.
Professor Nizami Məmmədov Tağısoy bütün şəfqəti və rəhimdilliyi ilə bərabər, həm də prinsipiallığı ilə seçilir. Müdafiə şuralarının seminarlarında, dissertasiya müzakirələrində, opponentlik etdiyi dissertasiyaların müdafiəsində alimin qüsura, başdansovluğa qarşı barışmaz mövqeyindən xəbərdar olan gənc tədqiqatçılar həyəcanlarını nə qədər çalışsalar da, gizlədə bilmirlər. Əlbəttə, bu cür tələbkarlıq heç də kiminsə qarşısına sədd çəkmək niyyəti yox, əksinə ağsaqqal, mötəbər alimin gənc tədqiqatçıları məsuliyyətə, özlərinə qarşı tələbkarlığa alışdırmağa çalışması ilə bağlıdır.
Nizami müəllimi yaxından tanıyanlar bu cəfakeş vətəndaş alimin yanında istər-istəməz özünün bir qədər passivliyini hiss etməyə bilmir. O, sözün əsil mənasında, bir qayğıkeş dost, səmimi həmkar kimi bizləri inandırır ki, daha çox işlər görə bilərik və bunları bir ziyalı olaraq etməyə məhkumuq. Əziz dostumuz Nizami müəllim müdrik ailə başçısıdır. O, qayğıkeş ata, olduqca həssas babadır. Təbiətən çılğın, yaxınları üçün daim narahat olan bu şəfqətli insan işlərinin ağırlığına, gərginliyinə baxmayaraq, həmişə nəvələrinin yanında olmağa çalışır, onların hətta ən kiçicik uğurlarına belə ürəkdən sevinir, onlarla fəxr edir.
Səhhətindəki bəzi problemlərə baxmayaraq, möhkəm iradəyə, ciddi prinsiplərə sahib olan bu yaradıcı alim daim axtarışdadır. Doğrusu, dostumuzun 70 - illik yubileyini dilə gətirməyə adam çəkinir. Allah ona can sağlığı, uzun ömür versin! Onun bizləri hələ neçə-neçə uğurlarına, fundamental tədqiqatlarına sevindirəcəyinə inanırıq! Əziz dostumuz, mötəbər alim professor Nizami Tağısoya bu gərgin, mürəkkəb, eyni zamanda məhsuldar elmi axtarışlar yolunda həmişəki kimi gənclik enerjisi, ehtirası ilə işləməyi və yeni-yeni zirvələr fəth etməyi Ulu Yaradandan təmənna edirik!

İslam Ağakərimov
Bakı Slavyan Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər