Kəmali-hüsn veribdir şərabi-nab sana,
Sana həlaldir, ey müğbeçə, şərab sana.
Məhəmməd
Füzuli
Bu
dibaçeyi-məhdudiyyətdir və
səbəbi-təlifi-hekayətdir...
Say, hesab, rəqəm, sən demə, çox vacib nəsnələrmiş... Minin,
milyonun, milyardın, trilyonun öz hikməti, öz mənası varmış. Amma o hikməti
anlamaq, o mənanı tutmaq, o əhatəni görmək üçün iti göz, sərrast baxış,
"ağı-qaradan seçmək” bacarığı, bir də "vicdan barometri”, "ədalət tərəzisi”
lazımdır ki, düzgün görə, dəqiq çəkə, qədərini gərəyincə biləsən. Əks təqdirdə,
o rəqəmlərin hamısı uşaqların əlində gündə dəfələrlə düzülüb-dağılan say
çöplərinin "hərəkətlərindən” ötə bir şey ifadə etməyəcək. Böyük rəqəmlər bizə
həm də saysız-hesabsızlığı, qədər-qəsəmsizliyi, geniş miqyası, ən əsası,
onların mahiyyətini öyrətmək üçündür. Məsələn, deyək ki, şərab dəlisisən, axı,
o şərabdan lap istəsən belə, nə qədər içə bilərsən ki? Üç, beş, min litr... Bəs,
sonra? Lap deyək ki, əşyavilik xəstəliyinə tutulubsan, həvəskarı olduğun
əşyadan nə qədəri sənin ola bilər? Onu, yüzü, mini... Paltar xəstəsi, qadın,
yaxud kişi düşkünü, var-dövlət aşiqi, şöhrət xəstəsi... Sıranı, siyahını bəsdir
deyincə artırmaq da olar. Axı, dünyadakı bütün paltarları alıb geyə bilməzsən,
axı, hər cür var-dövlət bir adamın ola bilməz, axı, bütün qadınlar, bütün
kişilərin öz "xəstə”lərinə nəsib olması mümkünsüzdür. Şöhrətli bir insanı
götürək, bir yerdə çox sevilib, digər bir yerdə heç kim ola bilər, qara qəpiyə
də dəyməz üstünlükləri, haralardasa
tanınmağı və sair və ilaxır. Yəni Allah dünyanı bunca böyük, illəri bu qədər
çox, insanları saysız, əşyaları bir belə hesabsız yaradıb ki, insan onlardan
özünə çatacaq qədərini seçsin, hər şeyi qamarlamaq, sahiblənmək iştahasının
qarşısında əli soyusun, gücsüzlüyünü anlasın. Ancaq nəyinsə, kiminsə azarına
yoluxmuş, həvəskarına çevrilmiş insan özü üçün Allahın qoyduğu bu həddi,
miqdarı, sayı bəzən itirir. "Hədd hissi”, hara qədər getməyi duymaq bacarığı,
özünə "dayan” demək iradəsi isə insana verilmiş ayrı bir xoşbəxtlikdir. Nizami
Gəncəvi yaradıcılığını həm də buna görə sevirəm. Çünki Nizami insana həm də
özü-özünə bəs etməyi öyrədir, tamahdan yorulmağı təlqin edir. "Sirlər
xəzinəsi”ndə Nizami özü həqiqət axtarışından, ədalət aramaqdan yorulur, "Xosrov
və Şirin”də Xosrov müharibələrdən yorulur, "Leyli və Məcnun”da Məcnun çox
erkəncə maddi dünyadan yorulur, "Yeddi gözəl”də Bəhram şah eyşi-işrətdən
yorulur, "İsgəndərnamə”də İsgəndər əbədiyyət tamahından – dünyanı tutub-durmaq
arzusundan yorulur. Nizami əvvəlcə özü yorulur, sonra qəhrəmanları... Yorulmaq,
dayanmaq, toxtamaq, ən əsası, özünə gəlmək əlamətidir, fani olduğunu anlamağın
göstəricisidir. Yorulan kəs "ahəstəcə” öz istəyindən əl çəkir, iddialarından
yaxa qurtarır. Ancaq həyatda həris adamlar yorulmağın fərqində olmur, daim
səfərbər, şövqlü, qıvraq olur, ona görə də dünyadan dördəlli yapışır, "əsrlərə
sığmaz planlar” qurur, xəstələnmək, yataq dustağı olmaq, vaxtsız əcəl, qəfil
ölüm, dayandığı mərtəbədən enmək ehtimalları yadlarına düşmür, ağıllarına
gəlmir. Mən bu qədər uzun girişi, "dibaçə”ni heçdən, bihudə yazmıram, ona görə
qələmə alıram ki, danışdığım məkanı görəndə mən də özümə sual elədim: "Bir ömür
bunlardan nə qədər içə bilərsən?” Cavabım gecikmədi: uzağı burdakı bir neçə
"şərab oyuğu” – şkaflara doldurulmuş şüşələrdəki qədər. Say çoxluğu, rəqəmlərin
böyüklüyü qəlbimdə həmişə fanilik duyğusu oyadıb. Özgəsinə məxsus trilyonlarla
əşya, varlıq, tanımadığımız milyardlarla insan...
Bu
ğəzəl "Mileştii Miçi”yi-həzinin dilindəndir...
Mileştii Mici – yəni mən,
"o yerəm ki, artıq adım 2005-ci ildən Ginnesin
rekordlar kitabındadır. Adım "Dünyanın ən böyük şərab kolleksiyası” kimi "rahatlıq tapıb”. Hazırda anbarlarımda 2 milyondan çox şərab şüşəsi qorunur... Şərablarımın 70 %-dən çoxu
qırmızı, 20 % -i ağ, 10 %-ə qədəri
isə desertdir. Məndə hər qiymətə şərab tapa bilərsiniz, 3 avrodan tutmuş, cibinizin bərəkətinə qənim qiymətlərəcən... Ən bahalı şərablarım isə
hələlik 480 avrodur, Onların qədimliyinə görə bu
pulu verməyinizə dəyər. Onların istehsal tarixi,
"yaddaşımda yanılmıramsa”, 1973-1974-cü illərə təsadüf
edir. Mileştii Miciyəm, amma bəzi
bahalı şərablarımın hüquqları Yaponiyaya məxsusdur, onları ancaq yaponlara sata bilərəm... Bu
Fəridi-biçarənin şərab anbarına üz tutduğudur
və
şəraba sevdasının artdığıdır...
Moldovada "Dünya Şairlərinin Avropa Baharı” adlı ədəbiyyat
festivalında iştirakımın ikinci günü idi, çağırıb qonaq şairlərə Azərbaycan
manatının məzənnəsi ilə hesablasaq, 60 manat pul verdilər. Kağıza qol çəkib
götürdük, izah elədilər ki, bu pula gedəcəyiniz yerdən şərab alarsınız. Düzü,
informasiyanın qıtlığı "icazə vermədi” əməllicə anlayım ki, bu pul məsələsi nə
deməkdir və niyə həmin pula məhz şərab almalıyıq? Sonra avtobus gəldi və
Kişinyovdan xeyli uzaqlaşdıq.
Avtobusda zarafat edən kim, mahnı oxuyan kim, bir-birini sorğu-sual
edən kim. Qarmaqarışıq şairlər "məclisi”. Mənim yerim yaxşı idi, yanımda
Moldova Yazıçılar Birliyin sədri Arkadi Suçevyanu əyləşmişdi, onun da yanında xanımı. Məni
danışdırırdılar, Bakı haqqında, yaşayışımız barədə və Azərbaycanın gözəllikləri
xüsusunda... Arkadi bəy ötən il Bakıda olmuşdu, paytaxtımızı çox bəyənmişdi
və şəhərimiz barədə verdiyi suallar da
elə tərzdə idi ki, bunu "xoş şeylərdən danışaq tələsi” də saymaq olardı. Arkadi
və xanımı son dərəcə sadə və səmimi insanlardırlar, buna görə də söhbətimiz
yaxşı alınırdı...
Şərab qalereyasının həyətinə daxil olduq, gördüyüm ilk mənzərə məni
heyrətə saldı: "Cənnət”... Bir tərəfdə qırmızı şərab bulağı qaynayır və şərab
fontanı nəhəng badələrə axıb, ordan da yerə tökülür. Digər tərəfdə də ağ şərab
fontanı... o da eyni cür... Hə, onda cibimdəki "pul tərpənməyə başladı” və agah
oldum ki, deməli, bayaq iştirakçılara pulu bura üçün "cənnətxərcli”yi
veriblərmiş. Neynək, "bəy verən atın dişinə baxmazlar”. Sonra yolumuz qaranlığa
düşdü...
Bu
şərab anbarının pəyami-əhvalıdır
və
bizlərə dəfi-məlalıdır...
Məndə – bu şərab qalereyasında çalışan ustaların "əl işləri” indiyə
qədər 76 medala layiq görülüb. Baxmayaraq ki, Moldova dadına doyulmaz, şirəsi bol
üzüm sortlarının vətənidir, bu sarıdan korluğumuz yoxdur, amma bəzi məqamlarda
kənardan da bura məşhur üzüm sortları gətirilir. Şərabın yaxşı olması üçün əsas
səbəb üzümün "ibtidai dadı”nın – ilk tamının itməməyidir, bunu qoruya bildinsə,
afərin, deməli, tutuzdurdun, bazardan cibidolu, rəqabətdən qalib qayıdacaqsan,
qapında növbəyə düzülən sifarişçilərin sayı çox olacaq. Yox, əgər "hər nədirsə,
odur”, yaxud "olanımız budur” əlacsızlığı, həvəssizliyi ilə bu işə qol
qoydunsa, onda ölüm-dirim savaşı gedən, rəqabəti ölçüyəgəlməz nəhəng şərab
bazarlarında barmağını sovuracaqsan – əliboş qalacaqsan. Ona görə, üzümlərin
ilk – təbii dadını saxlamağa üstünlük verir və buna əksərən də nail oluram.
Burda əsas, xammal mənbələri "Traminet”, "Muskat”, "Rislinq”, "Dnestr”,
"Milestko”, "Kodru”, "Puncar”, "Auri” və "Kahor”dur. Yadımdan çıxmamış özüm –
anbar – qalereya, – haqqında bir uğurumu da xatırladım. Mən dünya şərab
sənayesinin "Qızıl kolleksiya”sına sahibəm. Bura ölkənin hər yerindən ən yaxşı
şərablar gətirib saxlayıram, eyni zamanda, burada istehsalım da var, müxtəlif
şirkətlərdən üzüm alaraq şərab hazırlayıram.
2002-ci ilin sentyabr ayında Avropa Parlamentindən 500 nəfərlik
nümayəndə heyəti Strasburqda keçirilən görüş zamanı mənim – "Mileştii Miçi”nin
qızıl fondunu görmək üçün rəsmi təqdimat masasına əyləşmişdilər. Həmin süfrədə
başqa şərablar da vardı, rəqiblərim bəs qədər idi, amma o görüşdən sonra
Moldova şərabının adı "şərabçılıqda beynəlxalq keyfiyyət standartı” kimi təsdiq
olunub. Bunu nəyə görə xatırladım, çünki elə uğurlar var, onun haqqında gərək
özün danışasan ki, kimsə nağıl eləyəndə nəyisə əskildib-çoxaldır, düzü düz,
əyrini əyri deməyə can çəkir. Deyəsən, özümü çox təriflədim, eybi yox, qoy bu
da mənim fəxriyyəm olsun... Bu
Fəridin bahar əyyami seyri-anbar etdigidir
və
orada muradına yetdigidir...
Adı çəkilən şərab anbarı Moldovanın paytaxtı Kişinyovdan 18 km aralıdadır. Şirin
söhbət yolu qısaldır, kəsələşdirir, elə hey şair həmkarlarla yol uzunu nədən
gəldi danışırıq. Paytaxtın insan sıxlığından, izdihamından uzaqlaşdıqca, kəndin
havası, balacalaşan evlər, artan ağaclar göz oxşayır. Moldovadakı yaşıllıq
insanı gözəlliyin əsirinə çevirir, Allah burdan təbiətin möhtəşəmliyini əsirgəməyib,
yaşamaqdan çiyrənən adam belə bu ecazkarlığı görsə, şükür edər, dünyadan
dördəlli yapışar.
"Mileştii Miçi” kəndinin əhalisi azdır, elə evlərin sayından, yolda
adamların gözə seyrək dəyməsindən də bunu görmək olur. Deyilənə görə, burada
adamların sayı heç 4000-ni aşmır. Hərəni də öz qayğısı qanadının altına alıb,
işləyən kim, əli əkində "eşələnən” kim, nəsə daşıyan kim... Gördüyümüz adamlar
isə əksəri əliqabarlı, əməksevər, varlığını öz zəhməti ilə ifadə edənlərdir.
Yaxşı da edirlər, əbəs yerə deməyiblər ki, "yolu xəyal ilə süpürmək olmaz”,[6]
gərək işləyəsən, çalışasan ki, arzularına yetə biləsən – "bulud ağlamasa çəmən
gülərmi?”[7]
Uzun illər burada yaşayan camaatın çörək pulu, sözün həqiqi
mənasında, daşdan çıxırmış. Yəni əhali yeraltı qazmalardan qaynar həvəslə ağ
daş çıxarıb həm özləri satarmış, həm də təyinatı üzrə istifadə edərmişlər.
"Nizəni darıya saplayan”[8]
bu zəhmətkeş camaat bu gün də eyni dərəcədə səriştə ilə öz işində-gücündədir.
Sadəcə, dünən bir şey üçün lazım olan daş anbarları, karxanalar bu gün başqa
məqsəd üçün istifadə edilir. O vaxtlar dərinlikdə olan qazmalarda yaranmış
quyularda həm də şərab saxlayarmışlar. Deyilənə görə, indi şərabların olduğu
ərazidə qədimlərdə Sarmat dənizi olub. İndi də "şərab dənizi” var. Boğulan
boğulur, qədərin bilən də kef çəkir bu "dənizdə”...
200 km-ə qədər uzanan bu quyuları görməyə, demək olar, güzarı
Moldovaya düşən əksər turistlər təşrif gətirirlər. Tüstünün saxlanılan
şərablara ziyanı var deyə, turistlərə burada siqaret çəkmək qadağandır. Ciyəri
"odlanmaqdan” sarı yananlar, tüstünü sinəsinə çəkmək üçün əldən-ayaqdan
gedənlər buradakı məşhur restorana gedə, orada rahatca siqaretlərini çəkə
bilərlər. Turistlər, adətən, beş nəfərlik qruplar şəklində bu gözəl məkanı
seyrə çıxırlar, bircə bazar günü 15 nəfərlik qrupların gəzintisinə icazə
verilir. Həftənin ara günləri qonaqlar, adətən, saat 17:00-dan sonra qəbul
edilir, bazar günləri turist turları yataqdakı iş saatlarına uyğun təşkil
olunur. Bir sözlə, burada çalışanlar öz işlərini möhkəm tutublar, anbarın işini
heç bir turistin səfər rejiminə uyğunlaşdırmayıblar. Bəlkə də, yaxşı edirlər... Təmamiyi-Süxən
1969-cu ildən bəri
şərabsevərlərin xidmətində olan "Mileştii Miçi” tunel tipli anbardır. Anbar
tunellərdən ibarətdir, burada işıqlı yollar azdır. Burada elə üzüm növləri var
ki, onların saxlanılması üçün bu cür mühit və şərait "hava-su kimi” lazımdır,
əks təqdirdə məhsullar zay olar. Anbarın dərinliyi 30-85 metr məsafədə dəyişir
və şərablar isə 12–14 C və 85-90% nisbi rütubətdə qorunur. İşçilər "kaprizli
üzümlər”in, şərabların nazı ilə oynayırlar və doğurdan da, şərabın qadına
bənzədilməsinin real əsası da məhz bu məqamda mənim üçün tam aydınlaşdı. Burda
geniş prospektlər və küçələr mövcuddur. Küçələrin heç də hamısı yüksək
səviyyədə işıqlandırılmayıb, ancaq par-par parıldayan "mərkəzi küçələr” də yox
deyil. Anbarın içərisində maraqlı bir "süni şəlalə” də var ki, bura da
turistlərin baş çəkdiyi sevimli ünvanlardan sayılır. Qalereyanın "Qızıl fondu”nda
ayrı-ayrı dövrlərə aid şərab şüşələri var. Onlardan adı "dillər əzbəri” olan,
şöhrəti ellər dolaşan "Codru”, "Negru de Mileştii Miçi”, "Tranafirul Moldovei”,
"Auriu”nin adını xatırlamaq olar.
Bu
Fərid Hüseynin vadiyi-şərabda sərgərdənlığıdır
və
dequstasiya zalında canfəşanlığıdır
Unutdum deməyi, avtobusumuz şərab anbarının həyətinə daxil olanda beş
dəqiqəyə yaxın bələdçini gözlədik, axır ki, gəlib yetişdi. Sonra biləcəkdim ki,
bəs qədər bilgin, savadlı xanım bələdçinin ad-soyadı Viktoriya Şarcaneondur.
Avtobusa minən kimi əvvəlcə hansı dildə danışacağını müəyyənləşdirmək üçün
seçimi şairlərin öhdəsinə buraxdı və güc yenə də bütün zamanlarda olduğu kimi
çoxluğun əlində idi, avtobusdakıların çoxu moldavan-rumın olduğuna görə, xanım
bələdçidən rumın dilində danışmasını istədilər. Gərək Allahla deyəsən, heç nə
başa düşmədim... Amma gərək orasını da deyəsən ki, hər dəfə avtobusdan düşüb
hansısa şərab küçəsini, yaxud bölməsini təqdim edəndə bələdçi xanım özü mənə
yaxınlaşıb ingilis dilində də müfəssəl məlumat verirdi və sonradan mənim üçün
informasiya ilə zəngin bir buklet də tapıb gətirdi. Bu anbar haqqında reportaj
yazacağımı biləndə isə təklif elədi ki, "facebook”da dost olaq, nə sualım olsa,
yazım. Vədələşdiyimiz kimi də oldu, sonradan məni maraqlandıran suallara
Viktoriya xanım kifayət qədər əhatəli, tutarlı cavablar yazdı. Sanki həmin
cavabların "marşrutu” ilə da bu nəhəng, ucsuz-bucaqsız anbarı addımbaaddım
gəzmiş oldum.
Gəzib-gəzib, gəlib çıxdıq dequstasiya zalına. Amma hara gəldiyimizi
heç özümüz də bilmirdik. Bir də gördüm ki, Viktoriya xanım əlində bir bardaq
mənə yanaşdı və dedi ki, qarşıda gördüyün dörd böyük çəlləkdən hələ heç kəs
şərab içməyib, buyur bu bardağı, çəlləyin kranını açıb dadına bax. Viktoriyanın
gözəlliyininmi, şərabı ilk dadmaq eqoistliyininmi, yoxsa içimdəki uşaq
paklığınınmı, deyə bilmərəm, güdazına getdim. Başladım kranı açmağa, burduqca
gördüm ki, kran sola doğru gedir və çəlləklər biri-birindən ayrılır. Sən demə,
o çəlləklər şərab çəlləkləri deyilmiş, sadəcə qapıların tayları imiş, kranı
açanda, əslində, dequstasiya zalının – restoranın qapısını açmış olursanmış. Bu
da əksər turistlər üçün qurulmuş əla bir "tələ gülməcə”dir. Qapı açılan kimi
isə qapının arxasındakı musiqiçilər milli mahnılar oxumağa başladılar. Həzin
musiqi sədaları altında hamılıqla dequstasiya zalına daxil olduq. Stolun
üzərində qırmızı, ağ və qara şərablar qoyulmuşdu. Uzağı, hərəsində iki
qurtumluq şərab idi. Oradakıların hamısının dadına baxmalısan. Sonra yenə də üç
cür şərab süzürlər və yemək gələnə qədər altı növ şərabdan içib, ağız dadına ən
uyğun olanı seçirsən və yemək boyunca xidmətçilər sənə həmin şərablardan
süzürlər. Orada şairlərlə şam yeməyi yeyib, xeyli tostlar dedik və badələr hər
təmsilçinin timsalında bir xalqın və onun poeziyasının şəninə qaldırıldı.
Süfrəyə yeməklərlə bərabər həm də gözəl üzüm növləri qoyulmuşdu. Üzümlərə
baxa-baxa Jean Anthelme Brilliat-Savarinin məşhur bir fikrini xatırladım:
"Şərab düşkünü bir adama axşam yeməyindən sonra üzüm təklif ediblər. O da
boşqabı kənara itələyərək deyib: "Çox sağ olun, şərabı həb kimi qəbul
eləmirəm”.
Bu,
ərbabi-vəfadan təvəqqeyi-qəbuli-məzirətdir
və
qalereyayi-şərabdan yazdığıma görə
əshabi-zəkadan
təmənnayi-məğfirətdir...
"Şərab odsuz işıq və bədənsiz ruhdur” deyiblər, elə bilirəm, düz də deyiblər.
Moldovanlar iddia edirlər ki, bizim şərabımızın hər damlasında yerin və günəşin
qüvvəsi var. Ümumiyyətlə, bu ölkədə şərab haqqında danışanda ürəkdolusu, sanki
müqəddəs bir şey haqqında söhbət gedirmiş kimi danışırlar. Hətta söhbətə bir az
gec qoşulan olsa, elə bilər, hansısa mötəbər bir adam haqqında söz açılıb.
Şərab Moldovanın həqiqətidir. Şərabı öyən orta çağ şairlər çox olub, amma
onların əksərən şərab haqqındakı fikirlərini ədəbi tənqidçilər, daha çox iman
əhli "ilahi mey”ə bağlayıb "hal-əhli”nin bu nemətdən əlini soyudurlar. Hər
halda, o şeirlərdə real və rəmzi mənaların hər ikisi var. Amma Şərq şeirində də
şərabın, lap elə ilahi meyin insanı həqiqətə çatdıran nemət olduğunu bəzi
məqamlarda deyiblər. Amma Benjamin Franklin şərabın insanı həqiqətə çatdırması
ilə bağlı fikrini kəsə və birbaşa, yozumsuz ifadə edib: "Nuhdan əvvəl insanın içdiyi yeganə maddə su idi və su içən insan
həqiqətə heç cür çata bilmirdi. O qədər sevdikləri su həmin insanlara layiq
olduqları cəzanı verib, onları suya qərq etdi. Bütün çağdaşlarının bu "nankor
içki” ilə məhv olduğunu görən xeyirxah Nuh, suya qarşı mənfi münasibət
formalaşdırdı. Onun susuzluğunu yatırmaq istəyən Tanrı, tənəkləri yaratdı və
ona şərab düzəltməyin qaydasını öyrətdi. Bu mayenin köməyi ilə o, günbəgün
həqiqətləri gün işığına çıxardı”. Bu fikrə əlavə izah vermədən yenə də
qayıdırıq əsas məsələyə. Deməli, bu "yeraltı krallığın” şərab çəlləkləri
sıralanan uzun küçələri ilə getdikcə qeyri-ixtiyari düşünürsən ki, görəsən,
insanları bu qədər illərdir şərabdan uzaqlaşmamağa, əksinə, ona daha da
bağlanmağa sövq edən qüvvənin adı nədir? Burada yığılmış şərabların çoxunun
üstünü toz və hörümçək toru basıb, amma buna baxmayaraq, o şüşələri əlinə
götürüb baxanda "qan qırmızı” şərabların cəzbindən toz-zad adamı qətiyyən
narahat eləmir.
Bura gələn ziyarətçilərə qırmızı mum ilə möhürlənmiş şərab
qalereyasının xəritəsi verilir. Açığı, mən şərablara baxa-baxa bir xeyli
aralanmışdım dostlardan, həm də orada çəkiliş aparırdım, amma o qədər qarışıq,
dolanbac küçələrlə baş alıb getdim ki, sonra geri qayıda bilməməkdən qorxdum və
şair həmkarlarımın yanına qayıtdım. Gərək xəritə götürəydim...
Moldovanların şərab sevgisinin bir ifadəsi də budur ki, onların
fikrincə, üzüm növləri hamısı bir-birindən fərqləndiyi kimi, şərablar da hamısı
bir-birindən seçilir və bu mənada hər şərab təkrarsızdır – insan taleləri,
barmaq izləri kimi... Bu fərqlər isə həm də özünü daha çox içənlərə təsirləri
ilə göstərir. Təsirlərdən danışmışkən Stefen Potterin şərab haqqındakı məşhur
fikrini unutmaq ədalətsizlik olar: "Burqundiya
şərabı insanı sarsaq şeylər düşünməyə vadar edir, Bordo şərabı həmin şeylər
haqqında danışdırır, şampan isə həmin axmaq işləri gördürür”.
Bu
Dionisin röyasında Fəridi
"Mileştii-Miçi”də
gördügüdür...
Bu şərab küçələrində gəzəndə tez-tez palıd qozaları da gözə dəyir.
Bildiyiniz kimi, şərabın ən gözəl saxlanma yerlərindən biri də, heç şübhəsiz,
palıd ağacından hazırlanan çəlləklərdir. "Moldova de Lux” şərabının köpüyü isə
süzən zaman çox adamların ağzının suyunu axıdır və qeyd edim ki, həmin şərab da
palıd çəlləyində xüsusi şəraitdə saxlanılır. Əbəs yerə Moldovaya "Şərab
cənnətinin qapısı açıq olan ölkə” demirlər. Buradakı restoranda
vegetarianlardan tutmuş hər cür yemək kaprizləri olan müştərilərəcən hamıya
mükəmməl qulluq var. Şərab qalereyasının çıxışında isə böyük bir Muzey-mağaza
var ki, oradan müxtəlif qiymətlərə şərab, yaxud şəraba aid suvenirlər, badələr,
mini çəlləklər də ala bilərsiniz. Burda hər gün onlarla tur təşkil edilir.
Turları idarə etmək üçün dünyanın demək olar ki, aparıcı dillərinin hamısında
danışa bilən peşəkar bələdçilər tapmaq mümkündür. Tur sifariş verən qrupların
maşınlarının hündürlüyü isə 2,7 metrdən
çox olmamalıdır.
Mən – Dionis göylərdən yerə baxaraq bu şərab
səltənətini – "Mileştii "Miçi”ni daimi bərqərar görürəm, bura təşrif gətirən
gənc şairinsə yolunu hamar görürəm... Fərid Hüseyn