• çərşənbə axşamı, 20 may, 08:18
  • Baku Bakı 16°C

Səməd Vurğun poeziyasının ənənə, bədii metod və ədəbi-fəlsəfi qaynaqlarına dair

16.05.16 11:20 6767
Səməd Vurğun poeziyasının ənənə, bədii metod və ədəbi-fəlsəfi qaynaqlarına dair

S.Vurğunun poetikası müxtəlif aspektlərdən öyrənilsə də, şairin 1920-30-cu illər şeirinin ədəbi-fəlsəfi qaynaqları haqqında demək olar ki, elmi-nəzəri fikir söylənilməyib. Şairin poeziyasına ədəbi-tənqidin diqqəti 1920-ci illərin sonlarından başlayıb. Əli Nazim onunla R.Rza mövqeyinə daha tez qiymət verib.

S.Vurğun bədii dünyagörüşü etibarilə həm türk-Avropa, həm də rus poeziyası ənənələrindən öyrənib. Yaradıcılığının 1920-30-cu illəri türk ədəbiyyatı, Tofiq Fikrət, N.Hikmət şeirinin təsiri altında daha çox romantik şeir ənənələri ilə bağlı olub. S. Vurğun həm də Avropa ədəbiyyatını öyrəndiyinə, bu ədəbiyyatdan tərcümələr etdiyinə görə yaradıcılığında Avropa romantiklərindən Corc Bayron, habelə, Şillerin təsiri güclü olub, poeziyasına bir romantik keyfiyyət aşılayıb.

Sənətkar rus, Moskva ədəbi mühiti ilə bağlı olduğundan averbaxçılıq, verxarınçılıq, subyektiv fərdiyyətçilik (abstraksionizm), avanqardizm, dekadentizm, sürrealizm, futurizm, hətta, klassisizm onun baxışlarına yad olmayıb, hətta, bu barədə qiymətli fikirlər söyləyib. Lakin bütün bunlara rəğmən onun şeir sənəti əsrin əvvəllərində romantizm cərəyanından daha çox qidalanıb. Elə buradan belə bir sual da alınır: XX əsr poeziyasına problemli, metodoloji yanaşmada hansı meyar: realizm, yoxsa romantizm üstün keyfiyyətə çevrilməlidir? XX əsr faktoloji olaraq realizm əsri olub – sənətin, ədəbiyyatın əsasında sənət həyat üçündür prinsipi dayanıb. Bu dövrün poeziyası da təbiidir ki, realizm poeziyasıdır. O, romantik keyfiyyətdən sərf-nəzərdirmi, deməliyik ki, yox! Bunu qabartmağa, məsələn, Ə.Cavad, C.Cabbarlı, M.Müşfiq, S.Vurğunu romantizm müstəvisinə keçirib təqdim etməyə ehtiyac varmı? Qarışdırmayaq: M.Hadi, H.Cavid daha çox bəşəri poeziyanın stixiyası ilə, İ.Şinasi, T.Fikrət, N.Kamal, R.Tofiq, Ə.Hamid, bir sözlə, Türkiyə, Avropa (xüsusilə, Fransa) romantik məktəblərinin öyrəncləri ilə (Höte,Bayron, Şiller və s.) bağlı olub, möhkəm ədəbi bünövrə üzərində gəlib, təhsili və bədii-fəlsəfi görüşləri etibarilə fərqlənib. A.Şaiq, A.Səhhət və S.Səlmasini də bu cür düşünmək olar. Ə.Cavad, C.Cabbarlı, M.Müşfiq və S.Vurğun isə təhsil tipi, sənət prinsipləri, bədii metodlar etibarilə daha çox milli məkan mənsubiyyətinə, realizm ənənələrinə bağlı olub. Onlar milli gerçəkliyin və milli mənəviyyatın ədəbi simalarıdır. Lakin bu da inkar olunmazdır ki, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq, S.Vurğun Avropa romantik şeirinin təsiri ilə təmaslı olduğundan, onlardan daha çox tərcümələr etdiyindən şeirlərində romantik keyfiyyət daha qabarıq görünüb. Əslində onlar sovet quruculuğu platformasında dayanıb yazdıqlarından, yaradıcılıqları güclü romantikalı realizm xüsusiyyətlərinə malik olub.Belə düşündükdə, fikrimizcə, Səməd Vurğun yaradıcılığını Ə.Cavad, C.Cabbarlı və M.Müşfiq kimi daha çox romantikalı realist sənətkar kimi hüdudlandırmaq olar.

S.Vurğun 1930-cu illərə qədərki fərdiyyətçi (dekadent) şeirlərini "Ölən şeirlərim” adlandırıb. Əslində onun "ölən” ifadəsi "sərbəst şeirlərinə” də aiddir. Çünki 1932-ci ildən sonra şair demək olar ki, "sərbəstdə” yazmayıb. Bu bizcə, onun klassik və xalq-aşıq şeiri üslubuna – ədəbi irsə olan müsbət münasibətindən irəli gəlib. S.Vurğun yeni tarixi şəraitdə bir təşkilatçı, milli şeirin, ahəng və intonasiyanın yaradıcısı olaraq Nizami, Füzuli, Sabir irsinin öyrənilməsi və təbliğatçısı kimi çalışıb, heca vəznində gələn xalq-aşıq şeiri üslubuna, formalarına üstünlük verib.

XX əsr Azərbaycan poeziyasının üslub və forma cəhətdən öyrənilməsinin metodoloji zəminində fəlsəfi-ədəbi kateqoriyalar, "... izmlər”, dünya ədəbi fikrinə yanaşma meyarları: neopozitivizm, ekzistensializm, strukturalizm, komporativizm, modernizm, sürrealizm, destruktivizm və başqaları dayanıb.

XX əsrin 20-ci illərində ədəbi cərəyanlar geniş yayılmışdı. Bunlar modern fikir və düşüncənin təsiri olaraq meydana çıxmışdı. Birinci Dünya müharibəsindən sonra Qərbdə(Avropa) və Şərqdə, habelə, Rusiyada ictimai-siyasi mühitlə əlaqədar olan ədəbi təsir geniş idi. Bu baxımdan Azərbaycan şeiri də belə təsirlərə həssas olmuşdu. Xüsusilə, M.Hadi, Ə.Hüseynzadə, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Cavad; habelə, M.Müşfiq, S.Vurğun, S.Rüstəm kimi 1920-30-cu illərin ilk kitab müəlliflərinin yaradıcılığında bu təsir aşkar duyulurdu. Həmin illərdə burjua cərəyanları hesab edilən fəlsəfi-ədəbi tendensiyalar bədii fikir və düşüncə dövriyyəsinə daxil olurdu. Nə qədər ki, klassik irs inkar edilirdi, ona nihilist münasibət bildirilirdi, o qədər ədəbi cərəyanlar "işlək” olaraq qalırdı.

S.Vurğun "Sovet poeziyası haqqında” məqaləsində etiraf edirdi ki, A.Blok, V.Bryusov, S.Yesenin kimi şairlərin simvolizmdən və dekadentizmdən uzaqlaşmalarına Oktyabr inqilabı səbəb olub. Şair onu da etiraf edirdi ki, "Oktyabr inqilabı bizim bir sıra qardaş respublikaların poeziyasının, məsələn, gürcü və Azərbaycan poeziyasının dekadent təsirindən azad olmasına kömək etdi” (

Əli Nazim yazırdı ki, "kapitalizm dünyasının iqtisadi və sinfi ziddiyyətləri, xüsusiyyətləri və bu xüsusiyyətlərə uyğun bir ümumi üslubu vardı. Lakin bütün bu üslublarda Avropa texnikasının çox böyük bir təsiri olduğundan kapitalizm cəmiyyətinin ən irəli, hakim üslubu konstruktiv realizm, konstruktivizm, ekspressionizm daha doğrusu, bunların sintezindən ibarətdir” Tənqidçi rus ədəbiyyatındakı cərəyanlar və məktəblərin adlarını da nişan verirdi. Bunlar simvolizm, akmeizm, futurizm, imajinizm, ekspressionizm, formalizm, klassisizm, emosionalizm, kubizm, konstruktivizm idi.

Səməd Vurğun avanqard şeirlərini yazanda futurizmin təsirindən kənarda deyildi. O, fərdiyyətçilikdən uzaşıb, yeni həyata yaxınlaşarkən xitablardan, söz və cümlələrdən (əmr və nida sözləri, sual cümlələri və sual əvəzlikləri, onların fonetik, leksik və qrammatik xüsusiyyətlərindən) istifadə edirdi, əsasən, məna və məzmundan, emfatik vurğulardan, publisistik parçalardan, zahiri effektdən faydalanırdı. Bu onun "Şairin andı”, "Səfil qadın”, "Hərəkət”, "Fanar”, "Mən hazıram” və başqa şeirlərinə aid idi:

Beləcə, bil!

On beş il,

On beş qış,

On beş yaz

Gülmədim bir az.

Varsın ürəklər yanmasın,

İnanmayan, inanmasın. ("Şairin andı”)

"Fanar” şeirindən:

Dərin

dənizlərin

arxasını göstərən

bir fanar,

yanar,

yanar,

yanar...

S.Vurğunun dekadent və sürreal şeirləri onun 7 cildlik seçilmiş əsərlərinin I cildində verilib. Şair 1920-ci illərin şeirlərində H.Cavid, M.Hadi, T.Fikrət, N.Kamal, Ə.Hamid kimi mənəvi axtarış sarsıntıları keçirib, şübhə və gümanlarda bulunub, bayronsayağı ruhla yaşayıb. Həsbi-halını daha çox əruzda dilləndirən şair "nədir” sualı ilə üz-üzə qalıb, əsasən, H.Cavidin Allah, həqiqət axtarışlarını davam etdirib. Şübhə və inam – skeptik fikir və düşüncə onun lirik "Mən”inə hakim kəsilib:

...Dəryalara, səhralara min cilvə sərasər

Ərz etmədə, bilməm nə zamandan bəri aləm

Göylər deyə, göylər deyə çalxandı dəmadəm.

Çalxandı nəhayətsiz olan boşluğa əfkar,

Ən sonra təbiətdəki hikmətlərə naçar

Məruz olaraq enməyə məcbur ilə döndü,

Min dürlü ziya parladı, min ah ilə söndü.

Şair 1924-1932-ci illər şeirlərinin bayronizm, dekadent, sürreal əhval-ruhiyyəsinə görə ifrat fərdiyyətçidir. Və belə poetik müəyyənlik dekadent şeirə tamamilə uyğundur. Onun "Şikəstəyə məktub”, "Sızıltılarım”, "Ondan da gözəldir”, "Şəki maralı”, "Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsun”, "D. Əbədilik pənahgahıma – M.”, "Məni”, "El ayrılığı”, "Qadın”, "Bir qəlb ki, çalxanar, hər zaman coşar” (Ad şərtidir. İlk misrası ilə göstərilir. Red.-Ə.Ə.), "Çəkil”, "Onu görürkən”, "İllər, qərinələr keçirsə aləm”, "Unut”, "Ana”, "Çiçək”, "Bir qətrə yaş”, "Dağlar, sizdəki böyüklük, vüqar”, "Nə vaxt güləcəyəm”, "Şikayət”, "Ona”, "Acı gülüşlər”, "Çəkdiyim ağrılar bir yana dursun”, "Matəm nəğməsi”, "İləri”, "İngilis”, "Həyat dedikləri şübhəli bir şey”, "Səhərə yaxın”, "Ayıq ol” şeirlərinin hər biri S.Vurğunun subyektiv aləmi, fərdiyyəti və Dürrəyə olan məhəbbətinin ifadəsi ilə bağlıdır.

"Nə vaxt güləcəyəm” şeirində dekadentizmə xas olan bir ideya xətti, emosiya fərdiyyətçiliyi: şübhələr, bədbinlik, kədər, düşkünlük, bayronizm əhval-ruhiyyəsi ifadə olunub.

S.Vurğunun lirik "Mən”inin psixoloji sarsıntıları dərindir. İztirab, ümidsizlik, xülya, bədbinlik əhvalı – sürreallıq onun "Bir qəlb ki, çalxanar, hər zaman coşar” şeiri üçün səciyyəvidir:

A dostlar, baxınız bir xəstəyəm mən,

Amandır yetirin o yarə məni!

Bu dərdlə qəflətən əgər ölürsəm,

Siz Allah qoymayın məzara məni!

Amma lirik "Mən”in şübhələri onun son ümidini, son gümanlarının işartılarını hələ söndürməyib. O, özünə qayıdışda bir "çırpınış” arayır:

Çəmənlər, baxçalar, bağlar sararsa,

Fəzalar dönərək, sular qararsa

Hər şeyi bir ölüm qorxusu sarsa,

Əyilməm bir daha... bir həvəs məni...("Unut”)

Lirik "Mən”in şübhələri, gümanları onu haldan-hala salır, "könlünün əşi” bildiyi gözəl ona gah həqiqət, gah da xülya kimi görünür. Hətta, lirik "Mən” ölümlə yuxu arasında çırpınışda qalır:

Əmərdim hüsnündən min incə duyğu,

Sardımı çöhrəni xəzan soyuğu?

Əlvida, əlvida daldığım uyğu

İnanmam ölümmü, röyamı yoxsa?("Çiçək”)

S.Vurğunun dekadent şeirləri davamlı olmayıb. H.Caviddən fərqli olaraq o, Lui Araqon, Anri Barbüs, İohan Bexer, Nazim Hikmət, Pablo Neruda kimi sosializm realizmi cəbhəsinə keçib. S.Vurğunun sosialist realizmi poeziyasına keçidində xüsusi, bir ara mərhələ də var (1931-1938-ci illər) ki, bunu avanqardizmin təsiri kimi qeydə almaq olar. Çünki avanqard şeir yeni həyata, inqilabi pafosa subyektiv çağırışla səciyyəvi olub sosialist quruculuğu həyatının ritmini emfatik vurğularla, xitab və nidalarla, ildırım şaxəli sərbəst misralarla ifadə edib. Xalq dühasından qidalanan qüdrətli ruhlar heç zaman tükənmirlər, ölmürlər. Səməd Vurğunun poeziya ruhu həmişə müasirimiz, əbədi tariximizin yol yoldaşıdır.

S.Vurğun da V.Mayakovski, V.Meyerxold, S.Prokofyev kimi fərdiyyətçi çağırışlardan, estetik subyektivizmdən uzaqlaşıb, 1930-cu illərin ikinci yarısında P.Pikasso, P.Neruda kimi avanqardizmdən sovuşaraq sosializm realizmi yaradıcılıq yoluna qədəm qoyub...

Əlizadə Əsgərli

banner

Oxşar Xəbərlər