AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şeirdə təbiət

Şeirdə təbiət

02 Fevral 2020, 10:30 3810
Qönçə Özmənin şair kimi üstünlüyü təbiətin "yaşantıları” ilə insanın hiss və duyğularını bir məcrada canlandıra bilməsidir. Onun şeirlərində təbiət ancaq təsvirlərin gücü və imkanları ilə təqdim olunmur. Təbiət iştirakçı qismində poetik prosesə "qatılır” və insanla bərabər, şairlə birgə yaranan poetik ab-havaya qoşulur və onu formalaşdırır. Bu isə özü-özlüyündə şairə fikrini daha əhatəli ifadə etmək üçün əlavə imkanlar yaratmış olur. Təbiət təsvirli şeirlərdə dünyaya xas elementlər passiv olur – yəni daha çox dekor rolunu oynayır və biz oxucular ordan ancaq görə bildiyimiz qədər informasiya alırıq, vəssalam. Amma Qönçə Özmən təbiəti poetik mətləbin əsas "ifadəçi”lərindən biri kimi təqdim edir, fikir formalaşdıran bir qüvvə kimi təbiətə xüsusi rol verir.
 
Onun şeirlərində təbiət əlavə fikirlərlə mənalandırılır. Sanki bu mənalandırma təbiətin həm bugünkü, həm də ilkin mahiyyətini açır. Beləcə, biz bitkilərin dilini bilirik, daşların həyatımızdakı rolunu anlayırıq, suyun həyat mənbəyi olmaqdan əlavə mahiyyətini qavrayırıq. Bu poetik qayələrdə təbiət ancaq insana xidmət edən bir varlıq kimi görünmür, ayrıca bir mövcudluq təsiri bağışlayır. Və təbiətin fonundakı insan o aləmi – haqqında danışılan dünyanı daha da rəngləndirir, öz dərki ilə təbiətə əlavə məna, fikri yük qazandırır.
 
Qönçə Özmənin şeirlərindəki lirik məzmun yaradılan ovqatı ifadə etməkdən daha çox, ovqatın necəliyini bizə fərqli təsvirlərə çatdırır. Əlbəttə, şeirdə baş verənləri görən, müşahidə edən bir insan – şair var, ancaq o, arxa plandadır, onun "kamerası” heç yanda nəzərə çarpmır, dayandığı yer bilinmir, ancaq onun nəzəri bizim gördüklərimizə "qatılır”. Q.Özmən müəllif kimi poetik mətnə daxil olmur.
 
Əlbəttə, şeirdə birinci şəxsin təkindən qaçmaq, "müəllifin yoxluğu” bir qədər çətin məsələdir, hətta bəzi şairlər üçün mümkünsüz görünür. Xüsusən də, süjetsiz şeirlərdə. Şairin danışan tərəfdən görən tərəfə, əsas obrazdan ikinci dərəcəli obraz mövqeyinə keçməsi haqqında danışdığımız şairin şeirlərində çox yaxşı alınır. O, şeiri "özündən kənarda saxlayır”, bədii nümunənin əhvalatını, mənzərəsini önə çəkir, daha çox haqqında danışacaqlarını yox, nə haqqında düşündüklərini bəyan edir. Və düşündüklərini göstərdiyinə görə də bəzən o şeir uyuşmayacaq qədər realist görünür.
 
Q.Özmən üçün şeirdəki poetik dil o qədər də vacib deyil, əsas olan fikrin poetikliyi və gücüdür. O sanki sözləri yox, fikirləri "qafiyələndirir”, o, sözlərdən daha çox nüxtəlif düşüncələrin harmoniyasına can atır. Ona görə də bu cür – yəni bir-birinə bağlanan, bir-biri ilə ahəng yaradan fikirlər fərqli poetik süjet yaradır. Amma qəribəsi budur ki, bu süjet ənənəvi süjetli şeirlərə bənzəmir, onlardan tamamilə seçilir. Burda əhvalat – hekayət poetik fikrin zəncirindədir, oxucu o halqalardan keçə-keçə şeirin hekayətini daha dəqiq anlayır. Ona görə o, haqqında düşündüyü nəsnənin ancaq bu gününü şeirdə canlandırmır, o əgər göldən danışırsa orada gölün yaranışı, bu günü və keçmişi var. Beləcə poetik elementin – gölün mahiyyətindəki tarixilik aşkara çıxır.  O, sanki haqqında yazdığı nəsnənin leksik mənasının daha dərinliyinə baş vurur. Ona görə də onun şeirlərini anlamaq üçün həm müəllifin işarə verdiyi mənaları anlamalı, həm də poetik işarələri mənalandırmalısan. Sanki oxucu  poetik nəsnənin necə kəşf olunmasını izləyə-izləyə özü də kaşifə çevrilir.
 
Ancaq Qonça xanımın şeirlərindəki advermələr, nəsnələri anlayışa çevirmə imkanları onun şeirinin həm gücü, həm də gücsüzlüyüdür. Gücüdür ona görə ki, o, nəsnələri yenidən adlandırır, bizim onlara başqa nəzərlə baxmağımıza, heç zaman ağlımıza gəlməyənləri düşünməyimizə fürsət yaradır. Gücsüzlüyü oradadır ki, o tipli yanaşmaya, adlandırmaya aludə olan şair ondan xilas ola bilmir. Belə demək mümkündürsə poetik uğurun əsirinə çevrilir və onu fərqli göstərən cəhət həm də onun özünü təkrarlamasına gətirib çıxarır. Bu cür hökmvermələr, poeziyanın əsas özəlliyindən biri sayılan poetik fikrin çox variantlılığının qapılarını bağlayır:
 
Dörd divarın söhbətidir otaq.
 
***
Yağış zamanın fışdırığıdır.
 
***
Söz işıqla kölgə arasına bitir.
 
***
Bir-birinə dözməyin damı axıdır hər evdə.
 
***
Anam işıldayan bir gölün təbəssümüdür.
 
***
Səsin havadakı izidir keçmiş zaman.
 
***
Allahlar belə əbədiyyətin öhdəsindən gələ bilmədi.
 
***
Eşq batanda unutmaq qırmızı rəngə olur.
 
***
Ancaq sahillər yadında saxlayar dənizin duzlu tarixini.
 
Yuxarıdakı hökmvermələr, fikri bir istiqamətə yönləndirmələr şeiri həyatilikdən uzaqlaşdıran, sözlərin mahiyyətini məhdudlaşdıran məsələdir. Amma poetik rakurs, görüm bucağı kimi maraqlıdır və aforizmlərin, yaxud fərqli deyimlərin sosial şəbəkələrdə böyük həvəslə paylaşıldığı bir dövrdə ola bilər ki, bu cür fikirlər maraqla qarşılansın. Fəqət zamanla belə hökmvermələr hətta öz mahiyyətindən də uzaqlaşır, belə demək mümkündürsə kirə çıxırlar.
Amma həyatla üzvi surətdə bağlı olan, həyatın anlamına fərqli mənalar qatan, ya müəllifin, ya da ona təsir edən obraz, yaxud situasiyanın təsirinin izləri görünən fikirlər isə yuxarıda dediyimiz arzuolunmaz cəhətlərin əksinədir, yəni bizi bir istiqamətdə yönəlməyə məcbur etmir, əskinə daha dərindən düşünməyə çağırır:
 
***
Hər quş öz səsiylə açar səhəri
 
***
Üzün dərin bir qılınc izidir yaddaşımda.
 
***
Bir rəngin yavaş-yavaş solmağı kimiyəm.
 
***
İnsan özündə köhnəlir.
 
***
Narahat körpülər kimiyik,
Suyun xəyanətini görmüşük.
 
Q.Özmən şeiriləri ilə bağlı fikrimi belə yekunlaşdıra bilərəm ki, o, çağdaş Türkiyə ədəbiyyatında sevilən, diqqət çəkən, kitabları maraqla qarşılanan, müasir poetik fikrin imkanlarını öz bədii əsərlərində gərəyincə ifadə edə bilən bir şairdir. Şeir kitablarını oxuyandan sonra qəlbimizə xeyli unudulmaz sözlər həkk olur, ən əsası şeirlərinin bizdə yaratdığı ovqat onun adına hər dəfə rast gəldiyimizdə qəlbimizdə təkrarlanır.
 
Fərid Hüseyn