• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Səhnə məşqləri

21.01.20 11:00 3647
Səhnə məşqləri
Səhnə 1.
Allahın duaları eşidən vaxtıdır – yağış yağır. Bakının öz xatirələrindən qopa bilməyən qala divarlarının arxasında əlləri cibində, gözləri yerə döşənmiş xırda daşların arasında nə isə axtaran, qulaqları arxadan gələn maşınların səsini radar kimi tutan, fikrində, Allah bilir, neçə il əvvəlin fraqmentləri. Şəhər bu əyri-üyrü küçələrin bir neçə kilometrlik sakitliyini, səssizliyini, dualarını qala qapılarından çıxan kimi qələbəliyin rəngli, həm də monoton dalğalarına dəyişir. Saata baxmaq yadından çıxır, səni gözləyən yoxdur, tələsmirsən harasa, göylərə bir tərəfli biletin də hələ sifariş olunmayıb. Tezdir. Ömrünün üçüncü on illiyinin səkkiz fəslini arxada qoyub yeni tale axtarışına çıxacaqsan bir azdan. Solunda əcnəbi müştəriləri qane etmək üçün milli mətbəxin menyusunu həyatının bütün pozitivliyi ilə əllərinə alan restoran işçiləri, sağında eynən sənin kimi nə vaxtsa məhz bu küçədə sərgərdan gəzən bir rəssamın ilham pərilərinin sənət əsəri. Gözlərində yeridiyin odlu-alovlu, imperiya atlarının nal səsləri ilə əbədi yuxusu qaçmış yolların ağrılı xatirələrini danışan aslan şəkli. Divarda, daşların üzərinə yağlı boyalarla çəkilmiş, yağışın israrla yumağa çalışdığı tonlarda. Yoxuş səni aparır Şirvanşahların önünə, tarixin qarşısında cavab verməyə. Qarşında İstiqlal küçəsinə pilləkənlər, yanında o vaxt şəhəri qoruyan, indi qocalıb əldən düşmüş top, arxanda yadından çıxarmaq istədiyin onlarla adam. Nə qədər sarayın həyətindən özünü aşkar edən minarəyə baxıb unutmaq, başını tarix kitablarından bu qala, bu saray haqqında oxuduqlarınla qatmaq istəsən də, öz balaca tarixin əllərinə qandal vurub aparır. Ayaqların döşənmiş daşlarla turistlərə şəhərin ən qədim yeri olduğunu sübut etməyə çalışan yola bitişmiş, gözlərin havada eləcə asılı qalmış halda gözləyirsən ki, yaddaşın nə vaxt geri qayıdacaq. Zamanın axınına nə vaxt qayıdacaqsan, nə vaxt indini də tarixə çevirməyə çalışacaqsan.
(Sizin həyatınızdan kino çəksələr, hansı kadrla başlayar?)
Səhnə 2.
Azan oxunur, Allahın duaları qəbul edən vaxtıdır. Adamların Bakını, Bakının adamları başa düşən saatlarıdır. İçəri şəhər qanadlanıb Bakıdan ayrılır. İçindəki hamını sahilə töküb göyün maviliyində itir. Dəniz "Qız qalası”nın danışıb-doymadığı hekayəsini yenə danışır. Final cümləni deyib əllərə bənzəyən dalğaları ilə sahilə sığal çəkib yenə bizim bilmədiyimiz səmtlərə qarışır. Adamlar da öz səmtlərini axtarır.
Azan bitir, Allahın tale yazan vaxtları başlayır. İndi hər kəs yanındakı dostuna, kiməsə şikayətlənir, öz həyat fəlsəfəsini danışıb qurtarmır. Tərəddüd, narahatlıq, tələskənlik, ucu-bucağı görünməyən problemlər listi, Şərqin qoca müdrikliyi, Qərbin yeniyetmə əyləncələri, Şərqin ənənə sevdası, Qərbin anarxist inkarçılığı, Şərqin sehrli yozumları, Qərbin sərt rasionallığı, Şərqin göylərə inamı, Qərbin yerin üstündə müqəddəs bildikləri, Şərqin nağılları, Qərbin filmləri, Şərqin şeirləri, Qərbin romanları Bakını yavaş-yavaş Şərqdə səyahət etməyi, Qərbdə yaşamağı sevən adamlara bənzədir.
Adamlar dənizə niyə baxır? Balıqları niyə axtarır? Suyun rənginə niyə heyrətlənir? Bu qədər bəhanə nəyə gərəkdir? Qağayılara simit, bulka atanlar o qədər kədərli görünür ki. Qağayılar tez-tez yaşadıqları yeri dəyişən, ətyeyən quşlar olub. Dənizə aşiq olandan sonra simitlə, bulka ilə həyata davam etməyi gözə alıblar. Ya da adamlar qağayıları da özlərinə oxşadıblar. Təbiət qisasını sevgi ilə alır həmişə. Təbiət o hissi – sevgini ondan aldıqlarımızı geri qaytaraq deyə yaradıb. Balıqları dənizin əlindən alan adamlar indi o balıqları evlərində əzizləməyə məcburdurlar. Düzəndə ovçuluq edən adamlar indi əllərindəki son parçanı bəyaz quşlara atırlar. İnsanı mahiyyətindən uzaq tutan şeylər olmasa idi, dünyanın bu qədər yaşı olmazdı.
Səhnə 3.
Məsələn, rəsm sərgilərini gəzməyi sevən adam. Kətanın üstündə həm bu dünyadan nə isə var, həm də yox. Rəssam olsam, çoxlu ağac şəkli çəkərdim, fikirləşirəm. Ya da fotoqraf olsam, dünyada bir düzənliyin ortasında tək qalan yüzlərlə ağac fotolarından sərgi hazırlayardım. Ağaclar səbirlidir. Onlar bizim gedəcəyimiz yerdən gəlirlər. Bizim istədiyimiz şeylərin fövqündədirlər. Ona görə saatlarla onlara söykənib nə isə danışanda cavab ala bilmirik. Susub yaşadıqlarını bir də bizdən dinləyib haradan gəlib haraya gedəcəklərindən əmin olurlar. Məndən soruşsanız deyərdim ki, dünyadakı insan olmayan hər şey insan olan şeyin qurbanı oldu. Qurunun oduna yaş da yandı. İnsan gəlməsəydi buralara ağacların taleyi başqa cür olacaqdı. Yağışlar başqa şeylər üçün yağacaqdı, dənizlər sahilə bu qədər bağlanmayacaqdı. İnsan həm özünün, həm də ağacların günahını daşıyır.
O, ya da sən rəssam yox, fotoqrafsan. Ağac şəkilləri çəkən fotoqraf. Əlində çərpələng olan uşağın ağacın yan-yörəsində ora-bura qaçması. Ya da ağacın gövdəsinə söykənmiş çobanın günorta yuxusu. Yanından maşınlar keçən ağac (Nuri Bilgə Ceylan, "Bir zamanlar Anadoluda”). Çayın kənarında bir ağac, torpağın üstünə çıxmış köklərində qurbağaların oturduğu. Yaşıl, xırda yarpaqları hovuza tökülən ağac (Kim Ki Duk, "Yaz, yay, payız, qış və yaz”).
Şəhərlərdə tək ağac tapmaq çətin olur. Şəhərlərdə ağaclar tək yaşamır. Şəhərlərdə ağaclar adamlara güvənmir. Hər an gəlib kəsə, budaqlarını budaya bilərlər. Bakıda, "Parlament” prospekti boyu zeytun ağacları var. Elə ki mövsümün zeytun ağaclarının üzünə güldüyü vaxt olur küçələri təmizləyən xanımlar və bəylər ağacların budaqlarını əyib zeytun yığmağa başlayırlar, əgər hansısa budaq mane olsa, bir bəhanə tapıb o budağı kəsdirməyin icazəsini alırlar. Bizim şəhərin əsas sahibləri dəmir buruqlardı, ancaq ağaclar da qonaq sayılmaz. Sənin sərgin də onları adamlara tanıtmaq üçündü. Bəzən uniforma geyinmiş gənclər hansısa boş ərazidə yüzlərlə ağac əkir. Sıra ilə, cərgə ilə. Böyüyəndə bir-birinin əlindən tutacaq ağaclar. Budaqları bir-birlərinə keçmiş, bəzən xəlvətcə sevişən yeni ağaclar. Onların arasında tək ağac olmur, ona görə də, süni salınmış parklarda bəzən foto çəkmək maraqsız gəlir. Təklik incəsənətin mahiyyətindəki əsas şərtdir. Ailə haqqında çəkilən filmlər daha maraqlı gəlir, yoxsa bir nəfərin başına gələn hadisələr? Tək adamların şəkilləri yaxşı olur, yoxsa bir neçə nəfərin? Adamlar və ağaclar niyə tək olanda daha rahat, daha müdrik olur? Çünki yaradılış təkliyin tərəfində olub. Qadın sonra yarandı, adamlar sonra düşdü dünyaya. Dənizlərin sahili oldu sonralar. Sonralar qağayılar sahillərdə yaşadı. Uçmağı yadlarından çıxarmasınlar deyə arada dənizin dayaz yerlərində bir-iki dövrə vurub qayıdırlar dəmir tutacaqların üstünə. Şəhərin qala divarları sonralar tikildi. Şəhər sonralar tək qaldı. Tək qalan adamlara, tək qalan ağaclara oxşadı.
Fotosərginin girişində taxta tabloda da yazılıb:
"Sərgi tək adamlar üçündü...”
Səhnə 4.
Pianonun ağ-qara dillərinə qarışan barmaqlarını görmək, izləmək çətindir. Caz janrında gözəllik. Fonda başqa alət olmasa da, saksofonun, drumun səsini eşitdirən nə isə var. Hərdən başını aşağı əyəndə saçları dillərin üstünə düşür, elə bilirsən, barmaqları ilə bacarmadı, indi saçları da ifaya tam dəstək olur. Sonra başını qaldırır, gözləri yumulu, dodaqları bir-birinə sıxılı, burnunun kənarları sürətli hava axınından tez-tez genişlənib-daralır. Notların səliqəsiz düzüldüyü kağız orada – Pianonun üzərindəki yunan naxışları ilə bəzənmiş taxtada yoxmuş kimi rəftar edir. bir azdan kağızlar inciyir, özlərini saçların küləyinə təslim edib pianonun üzərindən döşəməyə atırlar. Onun gözləri qapalı, kirpikləri bir-birinə keçib. Kağızların yerə səpələndiyini lap axırda, özü də dözməyib stuldan yıxılanda görəcək.
(növbəti səhnə bu musiqinin fonundadır)
Səhnə 5.
Oyuncaqlara baxan atanın növbəti ünvanı dibçəklər satılan gül mağazasıdır. Bir də yoluna çıxsa, supermarketlərdən birindən meyvə də alacaq. Ayda cəmi bir dəfə qızını görmək fürsəti var. Sevdiyi cizgi filmi qəhrəmanının formasını hədiyyə paketinə bükdürüb özünü atır yarı xoşbəxt, yarı kədərli, yarı ciddi, yarı gülməli adamların arasına. Aldığı dibçəkləri qızı toplayır pəncərə kənar;na. Atası üçün darıxanda onlara pianoda nə isə çalır. Əsasən də caz. Bilir ki. Atası cazı sevir. Onu bəzən caz musiqilərinin canlı ifa olunduğu kafelərə aparır. Özü fransız şərabı sifariş verəndə, ona yeni sıxılmış meyvə suyu istəyir.
Yarpaqları azca qızarmış, ləçəkləri çəhrayı bir gülün ovuc boyda dibçəyini əlinə alıb mağazadan çıxır. Yolun o tərəfində, orta yaşlı adamların itləri gəzdirdiyi parkda keçmiş həyat yoldaşı ilə qızı əl-ələ tutub onu gözləyir. Bir azdan yağış başlayacaq. Allahın duaları eşidən vaxtı olacaq. Və o dua edəcək ki, qızı dünyanın ən yaxşı bəstəkarı olsun. İllər keçəcək, yağışlar yağmayacaq, qızı dünyanın ən gözəl bəstəkarı olacaq, ancaq Allah onun ifa etdiyi heç bir bəstəni eşidə bilməyib sakitcə kövrələcək.
Rəvan Cavid

banner

Oxşar Xəbərlər