• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

Şəhidlərlə yürüş - TƏHLİL

02.10.21 09:00 620
Şəhidlərlə yürüş - TƏHLİL
Millətimiz və dövlətimiz mövcud olduqca bu gün yaşayacaq, şəhidlərimizi daim hörmət və ehtiramla anacağıq. Ötən bir ildə Azərbaycan tamamilə dəyişdi. 44 günlük müharibə bizim qədərimizi dəyişdirdi.
27 sentyabr adi bir tarix olaraq yaddaşlara həkk edilmədi. Bu tarix Azərbaycanı zəfərə aparam yolun başlanğıcı oldu. 2020-ci ilin məhz həmin günü 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalında qalan torpaqların azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna "irəli” əmri verdiyi gündür. Heç şübhəsiz ki, Azərbaycan xalqı illər uzunu bu əmrin veriləcəyini səbirlə gözləyirdi. Qəhrəmanlarımız öz canlarını qurban edərək torpaqları azad etdi və baş tacımız olan Şuşaya bayrağı sancdı. 27 sentyabr 2021-ci ildə bütün Azərbaycan zəfəri hər bir azərbaycanlıya bəxş edən Vətən oğullarını andı.
"Şəhidlərimizi qəlbimizdə əbədi yaşadacağıq”
Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına ünvanlandığı müraciətdə I və II Qarabağ müharibəsi zamanı şəhid olanlara, eləcə də qazilərə ehtiramı bir daha görmüş olduq. Dövlət başçısı müraciətində bildirdi ki, düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur: "Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdır. Keçən il dekabrın 2-də mənim Sərəncamımla sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”.
Möhtəşəm abidə ucaldılacaq
Prezident bildirib ki, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq: "Bu da keçən ilin dekabrında mənim Sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır”. Prezident vurğulayıb ki, müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur: "Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi”.
"Biz onların qisasını aldıq!”
Dövlət başçısı qeyd edib ki, 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır: "Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi.
Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Yürüş və sükut
Şəhidlərə ehtiram əlaməti olaraq Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva və hərbçilər əllərində II Qarabağ müharibəsində şəhid olan həmvətənlərimizin portretləri ilə yürüş ediblər. Daha sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu. Ardınca isə bütün ölkə ərazisi boyunca bir dəqiqəlik sükutla şəhidlərin əziz ruhu yad edildi. Prezident İlham Əliyev bir daha şəhidlərə ehtiramını bildirməklə, onların Vətən üçün etdiklərinin nə qədər misilsiz olduğunu göstərmiş oldu.
"44 günlük müharibə bizim qədərimizi dəyişdirdi”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, anım günü bütün millətimizin milli qürur, şərəf və ləyaqət günüdür: "Millətimiz və dövlətimiz mövcud olduqca bu gün yaşayacaq, şəhidlərimiz daim hörmət və ehtiramla anacağıq. 27 sentyabrda bütün millətimiz Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşərək torpaqların işğalçılardan azad edilməsi uğrunda döyüşə başladı. Ötən bir ildə Azərbaycan tamamilə dəyişdi. 44 günlük müharibə bizim qədərimizi dəyişdirdi”.
"Prezidentimizin əlində şəhid portretini tutması...”
M.Qasımlı qeyd etdi ki, bir il sonra, müharibənin başlandığı gün cənab Prezidentimizin Azərbaycan xalqına müraciəti şəhidlərimizə və qazilərimizə olan böyük hörmət və ehtiramın göstəricisidir: "Xüsusən, cənab Prezidentin rəhbərliyi altında şəhidlərimizin portretlərinin qaldırılması həm hər birimizi kövrəltdi, həm də çox qürurverici idi. Həmin gün, eyni zamanda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması, dövlətimizin şəhid ailələrinə, qazilərə, Vətəni müdafiə edənlərə böyük diqqət və qayğısının nümunəsidir. Cənab Prezidentimizin əlində şəhid portretini tutması, milyonlarla azərbaycanlıda millətsevərlik, dövlətsevərlik, vətənpərvərlik hissini daha da gücləndirəcək”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər