Səhər yeməyini yedi, zarafatlaşdı və bütöv bir epoxa bitdi - Fotolar
Mark
Zaxarov – sovet və Rusiya teatr və kino rejissoru, aktyor, ssenarist və ədəbiyyatçı.
Onun adı ilə bütöv bir teatr epoxası bağlıdır. Onun tamaşaları dillərdə dastan
olub, kinolentləri isə sitatlara bölünürdü. Amma karyerasının başlanğıcı heç də
belə uğur vəd etmirdi.
Çətin, yarı ac, ümidsiz bir həyat...
Mark
Anatolyeviç Zaxarov 1933-cü ildə Moskvada anadan olub. İnqilab vaxtı Markın
atası Voronej Kadet korpusunda oxuyurdu. O, qırmızıların tərəfdarı idi, ordu
sıralarına daxil olduqdan sonra Voronejdən Varşavaya kimi uzun yol getmişdi.
Müharibədən sonra hərbi idman sahəsində işləyib. Gələcək rejissorun anası
aktrisa olmaq arzusunda idi. Qadın, aktrisalıq sənətini Yuri Zavadskidən öyrənirdi.
1934-cü
ildə Markın atası əksinqilabi fəaliyyətinə görə həbs edilir və 3 il sürgünə
göndərilir. Anası teatr karyerası xəyallarını tərk edərək həyat yoldaşı ilə
sürgünə yola düşür. Sonralar atasının Moskvaya girişinə qadağa qoyulur. Anası
isə çox çalışır. Mark anası haqqında nənəsi Sofiya Nikolayevna ilə tez-tez söhbətləşərdi.
O vaxt qadın, uşaq evinin müdirəsi vəzifəsində çalışırdı.
1943-cü
ildə nənəsinin vəfatından sonra ailə Moskvaya qayıdır. Kommunal bir mənzildə çətinliklə
2 otaq alırlar. Mark Zaxarovun özünün yazdığı kimi: «Çətin, yarı ac, ümidsiz
bir həyat başladı». Markın atası Moskva qarnizonunun təhlükəsizlik bölmələrində
işə düzəlir. Eyni maddəyə – 58-ci maddəyə görə, o, yenidən Moskvadan
deportasiya olunur. Anası dram dərnəklərində uşaqlara dərs deyir və oğlunu da
bu məşğələlərə cəlb edə bilir.
Aktyorluqdan rejissorluğa
Sergey
Obrazsov adına Kukla Teatrının markası gənc Zaxarovu cəlb edirdi. Yeniyetmə ikən
anasının rəhbərlik etdiyi bir dram klubuna qatılır və Andrey Tarkovski ilə
birlikdə Pionerlər evinin teatr kollektivində məşğul olmağa başlayır. Məktəbdən
sonra Markın sənətlə bağlı dəqiq bir hədəfi yox idi. Gənc oğlan memarlıq
institutuna müsabiqədən keçmədi, Hərbi Mühəndislik Akademiyası isə atasının tərcümeyi-halına
görə onu qəbul etmədi. Bu vaxt anası müdaxilə etməli oldu: qadın oğlunun gələcəyi
ilə bağlı yuxu gördü. Ana taleyini teatrla əlaqələndirən Marka dəstək olurdu.
Xoşbəxt
abituriyent Moskva İncəsənət Teatrına ilkin dinləmələrə gəlir. O, Robert
Bernsin «Süpürgə kolundan bal» şeirini Marşakın tərcüməsində ucadan oxumağa
başlayır və müvəffəqiyyətsizliyə uğrayır.
Sonra
anası Marka imtahanda «Tacir Kalaşnikov mahnısı» ilə iştirak etməyi təklif
edir. Qadın oğluna proqramı öyrənməkdə kömək edir. Mark sənədlərini Teatr
İnstitutuna təqdim edir və qəbul olunur.
Zaxarovun
yaradıcılıq tərcümeyi-halı teatrda başlayır. Artıq ikinci kursda ikən epizodik
rollarla səhnəyə çıxır. İnstitutu bitirdikdən sonra isə Perm Regional Dram
Teatrına daxil olur.
Permdə
keçirdiyi 3 il yaradıcılıq baxımından məhsuldar olur. Mark Anatolyeviç çox
yazır, rəsmlər çəkir. Karikatura təsvirləri yerli mətbuata yol açır. Eyni
zamanda radioda da çalışır. Məmnuniyyətlə tamaşaların təşkilində də iştirak
edir.
Permdə
Çekmaryovla birlikdə Zaxarov üçün ilk tamaşa səhnələşdirilir. Mark aktyorlarla
işləmək üçün güclü, iradəli keyfiyyətlərə sahib olduğunu hiss edir. Zaxarovun
ideyalarını həvəslə dinləyirdilər. 1959-cu ildə Mark Anatolyeviç həyat yoldaşı,
aktrisa Nina Lapşinova ilə yenidən
Moskvaya gəlir və Qoqol adına teatrda işə düzəlir. Bu anlar onu, yazı masası
arxasına keçmək arzusu da tərk etmirdi. Zaxarov əvəzolunmaz əbədi ustalığa yiyələnir.
Mark
Anatolyeviçin insan mahiyyətini yumoristik bir hekayə ilə ifadə etmək bacarığı
ona «Müəmma», «Vəhşi və kafir» teatr əsərlərini səhnələşdirməyə kömək etdi.
1964-cü ildə Zaxarov bir mərhələnin başa çatdığını anladı. Artıq o, aktyor
olmaq istəmirdi. Bütün enerjisi və istəyi rejissorluq uğurlarına yönəlmişdi.
Moskva
Dövlət Universitetinin Tələbə Teatrının səhnəsindəki debütü «Əjdaha» pyesi ilə olur.
Sonralar Mark Anatolyeviç bu materiala «Əjdahanı öldür» filmində çalışan
Yevgeni Şvarsa görə qayıdacaqdı. MDU Tələbə Teatrı rejissorluq fəaliyyətində
başlanğıc nöqtəsi oldu. Zaxarov orada bir çox tamaşalar hazırladı: Vladimir
Voinoviçin «Dürüst olmaq istəyirəm», Bertolt Brextin «Arturo Uinin karyerası» və
s. əsərlər artıq onu rejissor kimi tanıtdı.
M.Zaxarov
1965-ci ildə Moskva Satira Teatrının peşəkar səhnəsində çalışır. Zaxarovun səhnələşdirdiyi
Aleksandr Ostrovskinin «Gəlirli yer» tamaşası 40 dəfə oynanılır və böyük uğurla qarşılanır. Sonra tamaşanı göstərməyi
qadağan edirlər. Bu, növbəti «Ziyafət» komediyası ilə də baş verir. Lakin
Zaxarovun tamaşaları həmişə populyar idi. 1973-cü ildə Mark Anatolyeviç Moskva
«Lenkom» teatrına rəhbərlik edir. Bir il sonra İnna Çurikova, Nikolay
Karaçentsov, Yelena Şaninanın qatıldığı Qriqori Qorinin «Til» pyesinin tamaşası
əlamətdar oldu. Ardınca Boris Vasilyevin «Siyahıda qeyd olunmayıb» əsəri səhnələşdirildi.
1976-cı ildə rejissor və teatr sənətçiləri tamaşaçılara yeni bir şedevr - «
Joaquin Murietanın – Ulduz və ölüm» tamaşasını təqdim etdilər.
1981-ci
ildə «Lenkom»da tamaşaya qoyulmuş «Yunona və Avos» tamaşası Moskvada bomba kimi
partladı. Tamaşalara bilet almaq mümkün olmur və tamaşaçılar hər dəfə gözüyaşlı
«Eşq duası» final xorunu oxuyurdu.
1983-cü
ildə teatr Parisə qastrol səfərinə çıxır. Buranın mədəniyyət mərkəzində Pierre
Kardinin çıxışları olurdu. Məşhur rok operası «Yunona və Avos» yaxşı
qarşılanır. ABŞ-ın, Almaniyanın və Hollandiyanın tamaşaçıları də tamaşa ilə
tanış olurlar. Rejissor dəfələrlə tamaşaların televiziya versiyalarını
alqışlamadığını, müasir texnologiyaların çox şey edə biləcəyini, ancaq səhnədəki
sənətçilərdən gələn xüsusi atmosferi və enerjini çatdıra bilməyəcəyini qeyd
edib. Bu, bəzən teatrın bütün «duzunu» təşkil edir. Ancaq yenə də əfsanəvi
istehsalın televiziya versiyası iki dəfə – 1983 və 2002-ci illərdə ortaya
çıxdı.
Daha
sonra Mark Zaxarovun əsərlərinin sayı Lyudmila Petruşevskayanın «Mavi rəngdə
geyinmiş üç qız», Anton Çexovun «Çayka», Pierre-Augustin Beaumarchaisin "Dəli
gün və ya Fiqaro ilə evlənmə”, Nikolay Qoqolun "Evlənmə”, Henri İbsenin "Per
Günt” tamaşaları ilə tamamlandı.
"12 stul”dan başlayan yol
1976-cı
ildə M.Zaxarov özünü kinoda sınayır. Nəticədə tamaşaçıların sevdikləri bir film
– Andrey Mironov ilə birgə «12 stul» yaranır.
Tezliklə
ekranlara "Adi möcüzə» filmi çıxır. Aleksandr Abdulov, Yevgeni Simonova, Oleq
Yankovski və Yevgeni Leonovun səsləndirdiyi təsirli məhəbbət məsələsi aktual və
təzədir. Mark Zaxarovun hər filmi diqqət çəkir və klassikaya çevrilir. Bir il
sonra, Qriqori Qorinin ssenarisi və Aleksey Rubnikovun musiqisi əsasında «Həmin
Münhauzen» tragikomediyasının premyerası olur. Baş rolları Oleq Yankovski,
Yelena Koreneva, İnna Çurikova, İqor Kvaşa ifa edir. Rejissorun filmoqrafiyasındakı
növbəti şedevr, Sankt-Peterburqda qastrol zamanı Smolensk torpaqlarında gizlənmək
məcburiyyətində qalan qraf Kaliostro haqqındakı «Sevgi formulu» adlı film olur.
Baş rollarda Nodar Mqalobşvili, Yelena Valyuşkina, Semyon Farada, Tatyana Peltzer
və başqalarının rol aldığı film uzun illər izləyicilərin sevgisini qazanır.
Mark Zaxarovun sonuncu filmi 1988-ci ildə ekranlara çıxan «Əjdahanı öldurmək» antitopiyası idi.
Zaxarovun
son əsərləri 2015 və 2016-cı illərdə teatrın repertuarında görünən «Cadugərlərin
gecəsi” və «Zalımın günü»dür.
Sətəlcəmin qurbanı
Son illərdə
professor Mark Anatolyeviç Teatr İnstitutunda dərs deyirdi. O, 1983-cü ildə müəllimlik
karyerasına başlamışdı. Maestro son günlərə qədər doğma teatr truppasının bədii
rəhbəri olaraq qaldı.
13
oktyabr 2018-ci ildə teatrsevərlər, televiziya tamaşaçıları və Mark Zaxarovun həmkarları
təntənəli tarixə – ustadın 85 illik yubileyinə yığışdılar. Telekanallar bayram
proqramlarını təqdim etdilər. Mark Anatolyeviçin şəxsi həyatı xoşbəxt idi. Nəzakətli,
sadiq Nina Tixonovna Lapşinova ilə evlənib. Gəncliyində aktrisa idi, Mark ilə
paralel kursda oxuyurdu. Onların tanışlığı divar qəzetlərinin birgə çapı zamanı
baş vermişdi. Maraqlıdır ki, Nina gələcək həyat yoldaşını «Zaxarov-Prizaxarov»
adlandırıb və bu ifadə təsadüfən Markın ürəyinə yatıb.
Evlilik
təklifini uzatmadı və Lapşinova dərhal razılaşdı. Əvvəlcə Nina Markdan peşəkar
olaraq daha uğurlu idi, ancaq həyat yoldaşı rejissorun istedadını aşkarlamağı
bacardı. Ailə fotolarında cütlük həmişə xoşbəxt görünürdü.
Toydan 6
il sonra ailə tamamlandı – Aleksandr Zaxarovun qızı Saşa dünyaya gəldi. Daha
sonra Saşa anasının izi ilə getdi. Atasının rejissorluq etdiyi tamaşalarda
uğurla çıxış etdi. Teatrda işlədiyi müddətdə
«Lenkom»un şahzadəsi” ləqəbini qazandı.
2014-cü
ildə, həyatının 83-cü ilində Nina Tixonovna onkoloji xəstəlikdən vəfat etdi. Bu
zaman Mark Zaxarov ayağının zədələnməsi səbəbindən Almaniyada müalicə olunurdu.
Bu, ata və qızı üçün ağır itki idi.
2019-cu
ilin avqust ayının sonunda Mark Anatolyeviç sətəlcəmə tutulduğuna görə, xəstəxanaya
yerləşdirildi. Pərəstişkarları rejissorun səhhətinin yaxşılaşması ilə bağlı hər
xəbərə sevinirdilər.
28
sentyabrda Mark Zaxarov 86 yaşında vəfat etdi. Rus mədəniyyətinin parlaq
xadiminin zəifləmiş bədəni sətəlcəmə qalib gələ bilmədi.
Mark
Zaxarov həmişə xəstələnəndə, heç kəsi
incitməmək üçün dua edirmiş. Belə də olub. Xəstəxanada səhər yuxudan oyanıb. Səhər
yeməyini yeyib. Həkimlər və tibb bacıları ilə zarafatlaşıb və gözlərini əbədi
yumub...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova