• cümə axşamı, 28 mart, 19:50
  • Baku Bakı 13°C

Şahin Mustafayev: “Pandemiya dövründə Rusiya-Azərbaycan-İran istiqamətində yükdaşımalar bir gün belə dayanmayıb”

04.06.21 11:30 338
Şahin Mustafayev: “Pandemiya dövründə Rusiya-Azərbaycan-İran istiqamətində yükdaşımalar bir gün belə dayanmayıb”
"Azərbaycan "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün çox iş görür”.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən "Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, bir müddət əvvəl Rusiya ilə sərhəddə avtomobil və dəmir yolu körpülərinin açılışı olub: ""Şimal-Cənub” dəhlizinin inkişafı üçün Rusiya və İranla əməkdaşlıq edirik. Pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, biz bir gün olsun belə tranzit yükdaşımalarını dayandırmamışıq. İrandan Azərbaycan vasitəsilə Rusiyaya və əks istiqamətdə yüklər daşınıb. Deməliyəm ki, ötən il, yəni pandemiya dövründə tranzit yükdaşımaları ondan əvvəlki illə müqayisədə 19 faiz artıb. Bunun özü artıq əməkdaşlıq deməkdir. Düşünürəm ki, bu cür əməkdaşlıq sayəsində biz daha yaxşı göstəricilərə nail ola bilərik”.
Ş. Mustafayevin sözlərinə görə, İranın Rəşt və Astara şəhərləri arasında dəmir yolu xəttinin tikintisi başa çatandan sonra dəmir yolu ilə yüklərin daşınması da artacaq, belə ki, bu yol vasitəsilə Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən yüklər daşınacaq.
Baş nazirin müavini vurğulayıb ki, vacib əhəmiyyət daşıyan və Azərbaycan ərazisindən keçən növbəti dəhliz – "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizidir: "Azərbaycan Qazaxıstan və digər Orta Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Biz Xəzərin sahilində müasir liman inşa etmişik. Çox vacib əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttini tikmişik. Bu, Rusiya, Azərbaycan və Gürcüstan dəmir yollarını Türkiyə dəmir yolu ilə birləşdirir və Aralıq dənizinə birbaşa çıxışı təmin edir. Bu gün biz Rusiyadan Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Aralıq dənizi hövzəsinə yük axınının həcminin artmasını müşahidə edirik”.
Azərbaycanın regionun enerji habı kimi oynadığı roldan danışan Ş. Mustafayev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdiyini qeyd edib: "Bu neft kəməri ilə bu gün təkcə Azərbaycanın deyil, eyni zamanda, Rusiya, Qazaxıstan və Türkmənistanın nefti daşınır. Hesab edirəm ki, bu, tranzit yükdaşımalarında əsl əməkdaşlıq deməkdir.
Beynəxalq nəqliyyat dəhlizi ilə bağlı əməkdaşlığın daha bir aspektini qeyd etməliyəm. Bu, enerji dəhlizidir. Biz artıq Rusiya və İrandan olan tərəfdaşlarımızla "Şimal-Cənub” enerji dəhlizinin inşası üçün texniki-iqtisadi əsasları hazırlayırıq. Bu, "Şimal-Cənub” dəhlizinin yeni aspektidir. Rusiya, Azərbaycan və İranı enerji dəhlizi birləşdirəcək. İndi baxın, neft kəməri sistemi, enerji dəhlizi, dəmiryolu sistemi və avtomobil yollarımız birləşir.

Azərbaycan infrastruktur layihələrinin həyata keçməsi üçün də çox işlər görür. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə görə, avtomobil yolları şəbəkəsinin keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci sırada, dəmiryolları nəqliyyatının effektivliyinə görə 11-ci yerdə, hava nəqliyyatında 12-ci sırada qərarlaşıb. Bizim altı beynəlxalq aeroportumuz var. İkisini inşa edirik. Onlar işğaldan azad olunmuş ərazilərdə yerləşir. İşğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində də aeroport inşa etməyi planlaşdırırıq”.
banner

Oxşar Xəbərlər