"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ötən illər 3500-dən çox
tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı
universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana
qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi
isə özəl sektorda çalışır”. Təhsil Nazirliyinin "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə
"Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda növbəti işgüzar panelində
səslənən fikirlər bu sferada mövcud imkanlara və problemlərə nəzər salmaq üçün
fürsət yaratdı.
Onlara böyük
ümidlərlə baxırıq
Qeyd edildi
ki, Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı
ilk işgüzar panel ötən ilin dekabr ayında ADA Universitetində keçirilib.
Tədbirin moderatoru, Təhsil Nazirliyi İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət
Valehov görüşün məqsədindən danışaraq "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi,
"start-up” və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar
arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin
aparılmasına şərait yaradılmasından ibarət olduğunu qeyd etdi.
Xaricdə təhsil proqramı çərçivəsində təhsil alan
tələbələrin ölkəmizdə müxtəlif sahələrdə çalışdıqlarını bildirən təhsil nazirinin müavini Ceyhun Bayramov
qeyd etdi ki, onlar təhsillərini
başa çatdırdıqdan sonra ölkəyə qayıdaraq, müxtəlif sahələrdə, dövlət və özəl
sektorda fəaliyyət göstərirlər: "Xaricdə təhsil alan yüzlərlə məzun hazırda
ölkənin ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur. Dövlət proqramı
çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər.
Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa
çatdıracaq. Son illər ingilis
dilində tədris olunan fənlərin və ixtisasların sayının artdığını nəzərə
alsaq, xaricdə təhsil alan məzunların potensialından daha geniş istifadə
etməliyik”.Nazir müavini həmin tələbələrin üstünlüyündən danışaraq, onların
sahibkarlığın inkişaf etdiyi cəmiyyətlərdən faydalandıqlarını bildirdi: "Bizim
ölkədə də onların təcrübəsindən faydalanmaq lazımdır. Əsas model yeni fikirli
gənclərin potensialından, intellektual biliyindən istifadə etməkdir. Biz onlara
böyük ümidlərlə baxırıq».
Cəmiyyətimiz bu
hərəkata hazırdır
İqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov məzunlarımızın
xaricdə təhsil alaraq ölkəmizə qayıtmasını qara qızılın insan kapitalına
çevrilməsinin nəticəsi kimi dəyərləndirdi: "Xarici ölkələrin təcrübəsinə baxsaq,
insan kapitalının ən vacib məsələ olduğunu görərik. Hətta, təbii resursları
olmayan ölkələrdə insan kapitalı hesabına böyük uğurlara nail olunub. Biz bu
gün iqtisadi sahədə uğurlara imza atırıq. Ölkə başçısının iqtisadi islahatlar
paketi bu sahədə atılan mühüm addımdır. Nəticədə, ölkə iqtisadiyyatı dünyada
baş verən proseslərə dayanıqlılıq nümayiş etdirir. Sahibkarlığın inkişafı
biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın lokomotividir. Görülən işlər
sahibkarlığın inkişafında, həm də gənc sahibkarların təşəbbüslərinin
dəstəklənməsində mühüm addımdır”. S.Məmmədov bildirdi ki, xaricdə ali
məktəbləri bitirib ölkəyə qayıdan məzunlar səfərbər olsalar, bu istiqamətdə
mühüm nailiyyətlər qazanmaq olar: "Bəzən gənclər biznesə başlamaq üçün hansı
şərtlərin lazım olduğunu bilmirlər. Ona görə də, onların təcrübələrdən
yararlanmaları, ünsiyyət qurmaları çox vacibdir”.
İnsan intellektinin bütün süni intellektlərdən
üstün olduğunu qeyd edən nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd etdi
ki, nə qədər insan istedadı,
qabiliyyəti olacaqsa, robotlar bizə qalib gələ bilməyəcəklər: «İnnovativliyin
kökünü bu təşkil edir. Nə qədər ki, gənclər yeni məhsul yaratmaq istiqamətində
qabiliyyətlərini ortaya qoyacaqlar, ölkə inkişaf edəcək. Xaricdə təhsil
proqramı da bu istiqamətə yönəlib. Artıq ölkəmizdə xaricdə oxuyub gələn
məzunların sahibkarlıq işi ilə məşğul olmalarına münbit şərait var. Start-uplar
artıq yeni fəaliyyət sahəsi deyil. Cəmiyyətimiz bu hərəkata hazırdır. Bizim bu
sahədə standartlar artıq beynəlxalq səviyyəyə çıxıb. Bir neçə start-up var ki,
öz layihələrini satıblar. Xaricdə investisiya cəlb edən start-up layihələrimiz var. Start-upların
əhatə dairəsi get-gedə genişlənir”. Uğurlu layihələrə qrantlar verildiyini
deyən E.Vəlizadə ümumilikdə, 600-dən çox start-up layihəsi təqdim olunduğunu
qeyd etdi: "Müsabiqənin nəticəsinə baxanda maraqlı rəqəmlər görmək mümkündür.
Birinci müsabiqədə 150-dən çox layihə verildi. Ümumilikdə isə indiyə qədər
fonda 600 start-up layihəsi təqdim olunub. Qiymətləndirmə mərhələlərini keçən
91 layihə müsabiqədə qalib olub. Qrant alan layihələrin içində 21 tələbənin də
adı var. Xaricdə təhsil alan 7 tələbə layihə rəhbəri kimi qrant qazanıb. 14
layihə isə universitetlərdə mövcud olan biznes inkubatorlarında hazırlanıb. Bu,
gənclərin marağının göstəricisidir».
Özümüzə inamı
gücləndirməliyik
Azərbaycan Respublikası
Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev
rəhbərlik etdiyi fondun fəaliyyətindən danışaraq bildirdi ki, bizim məqsədimiz
verdiyimiz pulun dövlət büdcəsinə yenidən qaytarılması deyil: "Biz yalnız
maliyyə hesabatını geri istəyirik. Əsas məqsədimiz gəncləri sosial aktivə
çevirmək, vətəndaş kimi yetişdirmək, potensiallarını aşkar etməkdir». Ölkəmizdə
start-up layihələrinin dünya ölkələrindən fərqli olduğunu bildirən F.Hacıyev
bizim gənclərin daha çox informasiya texnologiyaları sahəsində layihələr həyata
keçirdiyini qeyd etdi: «Təkcə informasiya və texnologiya sahəsində deyil, kənd
təsərrüfatı və ya digər sahələrdə də start-up layihələrini həyata keçirmək
mümkündür. Start-upların anlayışı düzgün təbliğ edilməlidir». İcraçı direktor
bu sahədə maarifləndirmə işləri aparmaq üçün müəyyən tədbirlərin həyata
keçirilməsini təklif etdi. F.Hacıyev həmçinin məhsulumuza inam məsələsinin
vacib amil olduğunu qeyd etdi: «Biz özümüzə inamı gücləndirməliyik. Kiçik
layihələr yaransa belə, onlara dəstək göstərməliyik. Bizim xaricdə təhsil alan
intellektli gənclərə ehtiyacımız var».
Texnologiyaların və innovasiyaların işsizliyi
aradan qaldırdığını deyən Dövlət
proqramı məzunu və "GolvenPay” şirkətinin rəhbəri Fərid İsmayılzadə
texnologiyaların inkişaf etdiyi ölkələrin təcrübəsindən nümunə gətirərək, orada işsizliyin ən aşağı səviyyədə olduğunu
qeyd etdi: «Bu gün süni intellekt sürətlə inkişaf edir. Sahibkarlıq
qloballaşıb. Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün bazar var. Kiçik
bazarı burada yaradıb sonra onu inkişaf etdirərək, ölkədən kənara çıxarmaq
mümkündür. Əgər layihələr qlobal deyilsə, o, kənara çıxmayacaq. Azərbaycanda
fəaliyyət göstərməklə, qlobal layihələr həyata keçirmək mümkündür».
F.İsmayılzadə bu sahədə problem kimi kadrların və çıxış imkanlarının olmamağını
qeyd etdi: «Yaxşı kadrlar tapmaq çətindir. Həmçinin yaxşı olardı ki, bəzi
şirkətlərə vergi güzəştləri olsun. Müəyyən fondların yaranması da lazımdır ki,
layiqli layihələrə pul ayrılsın”.
Tədbirdə sahibkarlığın və start-up layihələrinin
fəaliyyətinin inkişafı üçün müəyyən təkliflər səsləndi. Sahibkarlıq
fəaliyyətinin ali məktəblərdə tədrisi, universitetlərdə fəaliyyət göstərən bu
tip mərkəzlərin ünsiyyətinin yaradılması, texnoparkların universitetlərin
nəzdində fəaliyyət göstərməsi və s. təkliflər maraqla qarşılandı. Məzunlar gənc sahibkarlıq və start-up fəaliyyətinin
inkişafı və gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşularaq
rəy və şərhlərini söylədilər. Tədbirdə həmçinin xaricdə təhsil almış məzunlarla
ali təhsil müəssisələrinin rəhbər şəxsləri, sahibkarlar arasında işgüzar
görüşlər təşkil olundu.