• şənbə, 28 Iyun, 12:34
  • Baku Bakı 29°C

Sahibkarlığa dəstək, əlverişli biznes mühiti

19.04.16 11:35 2828
Sahibkarlığa dəstək, əlverişli biznes mühiti
Azərbaycanda bu istiqamətdə həyata keçirilən uğurlu siyasət ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolunu daha da artırıb

Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edəndən sonra iqtisadi sahədə də suveren hüquqlarını gerçəkləşdirməyə, müstəqil siyasət aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində qısa tarixi dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində qısa zamanda makroiqtisadi sabitlik əldə edilib, davamlı iqtisadi artımın əsası qoyulub, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Həmin illərdə sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmağa başlayıb.

Kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsi

Azərbaycan iqtisadiyyatında davamlı artım tendensiyası Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri 2006-cı ilin iyul ayında tam olaraq işə düşəndən sonra ölkəyə daxil olan böyük neft gəlirləri ilə sürətli inkişafa çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin hələ böyük neft gəlirlərinin ölkəyə daxil olmasından əvvəl qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın, regionların və kənd təsərrüfatının inkişafı ilə bağlı başlatdığı iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyasına yönələn proqramlar imkan verib ki, bu məsələ uğurla həll edilsin. Azərbaycan çox qısa müddət ərzində iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirə bilib. Bir tərəfdən ölkə iqtisadiyyatının sürətli artımı baş verib, digər tərəfdən qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın liberallaşmasına, kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, regionların inkişafına yönələn proqramlar həyata keçirilib. Bu məqsədlə ölkə başçısı tərəfindən ardıcıl olaraq qeyri-neft sektorunun inkişafına yönələn fərman və sərəncamlar verilib, qanun və qərarlar qəbul edilib.

İlk texnopark, ilk zavodlar

Prezident İlham Əliyevin fərmanları ilə texnoparkların yaradılması, müasir istehsal sahələrinin istifadəyə verilməsi də qeyri-neft sektorunun, ümumilikdə Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə, sahibkarlığın inkişafına, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Belə texnoparklara nümunə kimi Sumqayıt Kimya Sənaye Parkının (SKSP) adını çəkmək olar. Texnopark Prezident İ.Əliyevin 21 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısı şəxsən parkın təməlqoyma mərasimində iştirak edib. Sözügedən parkın ilk sərmayəçisi isə "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bakı-Quba yolunun kənarında, Sumqayıt şəhərinin yaxınlığında yerləşən bu texnoparkda "Azərtexnolayn” MMC-nin Polad Boru, Polietilen Məmulatları, Texniki Avadanlıqlar adlı 3 zavodu fəaliyyət göstərir. Həmin zavodlar barədə ayrı-ayrılıqda daha ətraflı məlumat verərək bildirək ki, Polad Boru Zavodu beynəlxalq standartlara cavab verən spiral tikişli polad borular istehsal edir. 27 min kvadratmetr qapalı istehsal sahəsinə sahib olan zavodda 3 xətt quraşdırılıb. 350 nəfər bu zavodda daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 200 min tondur.

Almaniya, İtaliya və Çin texnologiyası Azərbaycanda

Zavodun sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə meneceri Mustafa İbrahimovun söylədiklərinə görə, spiral qaynaqlı polad borular spiral formasında və tamamilə tozaltı qaynaq üsulu ilə qövs şəkilli birləşdirilərək istehsal olunan polad borulardır. Burada birinci mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır. Ardınca bu rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq işləri görüldükdən sonra boru xüsusi müayinədən keçir. Növbəti mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Bu mərhələləri keçdikdən sonra boru üzərindəki pasdan və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür. Ümumiyyətlə, istehsal xətti boyunca borular mütəmadi olaraq müvafiq testlərdən keçirilir. Hazır məhsul avtomatlaşdırılmış plazma dəzgahı ilə standart və ya müştəri tələbinə uyğun ölçülərdə kəsilir. Zavod divar qalınlığı 6-25 millimetr (mm), diametri 406-2540 mm, uzunluğu 6000-16000 mm olan borular istehsal edə bilir. Müştəri tələbindən asılı olaraq, zavodun izolyasiya bölümündə borular korroziyaya qarşı uzun illər dayana bilməsi üçün iç tərəfdən eboksit boya ilə, çöldən isə öncə quru boya ilə boyanır və polietilen materialla örtülür. Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında istehsal olunan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur. Hazırda bu zavodda istehsal olunan borular daxili bazarla yanaşı, liman vasitəsilə Türkmənistana da göndərilir.

Ucuz və keyfiyyətli məhsul

Polietilen Məmulatları Zavodu ayrı-ayrılıqda 3 istehsal sexindən ibarətdir. Zavodun keyfiyyətə nəzarət meneceri Emil Bayramovun qəzetimizə bildirdiyinə görə, birinci sexdə polietilen borular hazırlanır. Bunun üçün ilk növbədə yüksək keyfiyyətli xammal seçilir. Bu borular 3 qatdan – yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili qat, polad və yapışdırıcı polietilendən ibarət ara qat, xarici görünüşü hamar göstərən yüksək sıxlıqlı polietilen tərkibli qatdan ibarətdir. Yüksək keyfiyyətli qofralı borular xarici qatındakı büzməli məsamələr sayəsində ağır tonlu yük avtomobillərinə qarşı olduqca dözümlüdürlər. Bununla yanaşı, zavodda istehsal olunan borular gərilmə və burulmaya, xarici sıxışdırmalara, daxili və xarici polietilen izolyasiyası ilə paslanma və digər kimyəvi təsirlərə qarşı da dözümlüdür. Müsahibimin dediyinə görə, bu boruları bir-birinə qaynaq etmək də olduqca rahatdır. Ən önəmlisi isə Azərbaycan istehsalı olan bu borular həm ucuz, həm də yüksək keyfiyyətlidir. Polad armaturla olanlar diametri 800 millimetrdən 2400 millimetrə qədərdir. Spiral borular isə plastikdən olan profillərdir. Bunların diametri 200-dən 600 millimetrə qədərdir. Boruların halqa qalınlığı, yəni yükə dözümlülüyü də müxtəlifdir. Normativ standartlar və tələblərlə yanaşı, sifarişçinin istəyinə uyğun istehsal olunur. Bu borulardan su-kanalizasiya, drenaj xətlərinin çəkilişində daha geniş istifadə olunur.

Əsas hədəf ixracdır

Polietilen Məmulatları Zavodunun Plastik İnjeksiya Sexində alman istehsalı olan ən müasir injeksiya avadanlıqları quraşdırılıb. Məhz bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar istehsal edilir. Sexdə PE boruları üçün fittinqlər, ABS plastikdən sayğac qutuları və sifarişə uyğun hər çeşiddə plastik qablar istehsal olunur. Sexin illik istehsal həcmi 3 min tondur. Hazırda burada bir çox çeşiddə məhsul istehsal olunur ki, onlara misal kimi "Azərsu” Səhmdar Cəmiyyəti üçün hazırlanan su sayğacı qutularını da göstərmək olar. Zavodun Metal Hasar İstehsal Sexində isə eni 2,5 metr və hündürlüyü 2,5 metrə qədər olan tel hasarlar, 3D panellər istehsal olunur. Həmin hasarlar NATO standartlarına uyğun, qoruyucu və sair tipli olur. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca yüksəkdir. Rulon şəklində gələn tellər ilk olaraq düz formaya salınır, ardınca kəsilir, daha sonra qaynaq olunur. Sifarişə əsasən istehsal olunan hasara qəlib vasitəsilə bükülmələr verilir. Son mərhələdə məhsul istənilən rəng ilə boyanaraq qurutma xəttinə daxil olur. Boyama mərhələsi elektrostatik toz boya vasitəsi, bişirmə üsulu ilə həyata keçirilir. Sexdə xüsusi olaraq, hasarlara uyğun dirək və dayaqlar da hazırlanır. Tel hasarlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir. İstehsal olunan hasarların bütün montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq, hasarların üstünə meyllilik vermək və tikanlı məftil əlavə etmək də mümkündür. Ümumilikdə 100 nəfərə yaxın insanın daimi işlə təmin olunduğu bu zavodun sexlərində istehsal edilən məhsullar əsasən ölkə daxili tələbatı ödəmək üçündür. Amma gələcəkdə xarici ölkədən sifariş qəbul edərlərsə, bu sifarişlər beynəlxalq standartlara uyğun şəkildə yerinə yetirilə, istehsal olunan məhsullar xaricə ixrac edə bilər. Bunun üçün zavodun bütün imkanları var. Artıq Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələr zavodun məhsullarına maraq göstərməyə başlayıblar.

Xarici bazarlara çıxış

"Azərtexnolayn” MMC-nin Texniki Avadanlıqlar Zavodunda isə qaz, su siyirtmələri, həmçinin dairəvi siyirtmə, eləcə də yanğın hidrantı, tək və cüt kürəli hava təxliyə vantuzları, menhol sistemi, siyirtmə qovşağı və sair istehsal olunur. Zavodun direktoru Eldəniz Quliyevin qeyd etdiklərinə görə, zavodun laboratoriyasında spektral analiz cihazı ilə analizlər aparılır. Burada həmçinin qum laboratoriyası və mikro quruluş laboratoriyası da mövcuddur Mərkəzləşdirilmiş laboratoriyada siyirtmə və hidrotexniki qurğuların istifadəyə tam yararlı olmasına əmin olmaq üçün onlar, dartılma, uzanma və sinifləndirmə testlərindən keçirilir. Bütün hallarda keyfiyyətə önəm verilir. Zavoddakı bütün işlər metal əritmə və texniki emal sahələrində baş verir. Burada tökmə, emal, model və mühəndis işləri işçilər tərəfindən tələbatlara uyğun şəkildə həyata keçirilir. Zavodun metal əritmə sahəsində hərəsi 5 tonluq olmaqla, iki böyük induksiya ocağı var ki, onların hər ikisi sinxron işlədilir. Avtomatik qəlibləmə sistemi 1 saatda 40 qəlib basma imkanına malikdir. Hazırda zavodda iki növbədə ümumilikdə 250 işçi çalışır və onlar üçün standartlara uyğun iş şəraiti yaradılıb. Onu da əlavə edək ki, bu zavodda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün Türkiyə, Çexiya və Almaniya şirkətləri ilə danışıqlar aparılır.

Sahibkarlığa dövlət dəstəyinin əyani təzahürü

SKSP-nin ilk rezidenti "Azərtexnolayn” MMC-nin texnopark ərazisindəki Polad Boru, Polietilen Məmulatları və Texniki Avadanlıqlar zavodlarının mövcudluğu ölkəmizdə qeyri-neft sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına verilən töhfələrdən yalnız bir nümunədir. Çünki, hazırda SKSP-də rezidentlərin sayı 6-ya çatdırılıb. Bunlar "SOCAR Polymer” MMC, "AzerFloat” QSC, "Azerbaijan Fibro Cement” MMC, Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA” MMC-dir. "Azərtexnolayn” MMC kimi digər rezidentlərin hər biri də SKSP-nin ərazisində müxtəlif istehsal müəssisələri, zavodlar inşa etdirirlər. Təbii ki, bütün bu tədbirlər yeni daimi iş yerlərinin açılmasına, insanların sosial rifahının yüksəlməsinə xidmət edən təqdirəlayiq hadisələrdir. Ən nəhayət yuxarıda qeyd edilən faktlar Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şəraitin, sahibkarlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürüdür. Bu qayğı, bu siyasət ümummilli lider H.Əliyevin dövründə olduğu kimi, hazırda onun siyasi kursunun layiqli davamçısı, Prezident İ.Əliyev tərəfindən də yüksək səviyyədə həyata keçirilməkdədir.



Rufik İSMAYILOV

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər