• bazar, 08 Sentyabr, 06:09
  • Baku Bakı 19°C

ŞƏT dünyanı dəyişir - TƏHLIL

06.07.24 06:05 2793
ŞƏT dünyanı dəyişir - TƏHLIL

Prezident İlham Əliyevin Astanada ŞƏT sammiti çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər Bakının beynəlxalq səviyyədə mövqelərini daha da gücləndirir. Bu baxımdan Çinlə imzalanan strateji tərəfdaşlığa dair Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib. 

İlham Əliyevin səfəri və apardığı müzakirələr dünyanın təhlükəsizlik və tədarük zəncirlərində qırılmaların olduğu zamanda Azərbaycanın imkanlarının genişləndirməsi fonunda diqqətəlayiqdir. 

Prezidentin Astana proqramı Avrasiya materikinin qarşılıqlı anlaşmaya, fundamental təhlükəsizlik tendensiyalarına, səmərəli iqtisadi əməkdaşlığa söykənən arxitekturası üçün aparılan müzakirələrdə Azərbaycanın yerini göstərir. 

Azərbaycan ŞƏT-də nə axtarır? 

ŞƏT qısa tarixi dövrdə müasir qlobal siyasi və iqtisadi dünya nizamının ayrılmaz hissəsinə çevrilərək böyük yol keçib. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı  qərar qəbul edilib. 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. 

Astana sammiti də daxil olmaqla, Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur.
Əminliklə söyləmək olar ki, ötən illər ərzində Azərbaycanla ŞƏT-in əməkdaşlığı rəsmi Bakının çoxtərəfli xarici siyasət kursunun ruhuna uyğun şəkildə inkişaf edib.

Təşkilatın ümumi məqsədlərini təsvir etsək deyə bilərik ki, o, Asiya qitəsində regional təhlükəsizliyin qorunub saxlanılması, möhkəmləndirilməsi modeli kimi çıxış edir. Mövcud olduğu illər ərzində ŞƏT dünya miqyasında kifayət qədər siyasi çəki və nüfuz qazanıb. 
Azərbaycanın strateji zehniyyəti görür ki, ŞƏT regional və beynəlxalq münasibətlərdə dəyişikliklərə çevik, effektiv reaksiya verən çoxtərəfli strukturdur. Buna görə də Azərbaycan həm təhlükəsizlik, həm siyasi, həm də iqtisadi inkişaf sahəsində modelləri birləşdirməyə çalışan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. ŞƏT-in cazibə qütbünə çevrilməsi Azərbaycana ümumi planda dayanıqlı qazanc gətirir. Azərbaycan-ŞƏT əlaqələri iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin, sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi geniş spektri əhatə edir. 

Beləliklə, Azərbaycan Avrasiya regionunda təhlükəsizliyi təmin etmək və sabitliyi qorumaq, yaranan çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq naminə qüvvələri birləşdirmək üçün çoxtərəfli birlik modelinə daxil olur. Bu, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir.  

İlham Əliyevin görüşlərindəki strateji məqsədlər

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindəki (Orta Dəhliz) imkanlarını və aktivlərini artırır. Nəticədə ŞƏT sistemi çərçivəsində Şimal-Cənub və Şərq-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərindəki tranzit imkanlarına dəstək qazanır. Burada Azərbaycan həm də üç güc arasındakı manevr imkanlarını genişləndirir. Belə ki, Rusiya Şimal-Cənub nəqliyyat koridorunda Hindistanla müştərək maraqlara malikdir. Şərq-Qərb nəqliyyat şəbəkəsi isə Çinin strateji məramını genişləndirir. Azərbaycan eyni anda hər iki dəhlizdə rol alır və onun bu tutumu rəqib layihələrin başında duran güclərin sinir nöqtələrinə toxunmur. Çünki Azərbaycanın mövqeyi təhlükəsizlik və sabitlik istiqamətində praqmatik yanaşmalara söykənir ki, bu da problem yaratmır. 

Prezident İlham Əliyevin ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Sədri Si Cinpin ilə görüşlər keçirərək müzakirələr aparması dəhlizlər üzrə strateji məramlara işıq salır. 

Bundan başqa, regional təhlükəsizlikdə yeni format və üçtərəfli əməkdaşlıq modeli çərçivəsində İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib. 

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ 

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ ŞƏT-in Zirvə toplantısı çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə müəyyənləşdirilir. Sənədi konseptual formada təqdim etsək qeyd edə bilərik ki, Azərbaycanla Çin dünyanın müxtəlif yerlərində terror, separatizm fəaliyyətinə qarşı birgə mübarizədə səylərini birləşdirir. 

Sənəddə qeyd olunur: 

- Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər, 

- Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir,

- Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Bunlar Azərbaycan və Çinin üzləşə biləcəyi təzyiqlər zamanı tərəflərin vahid cəbhə xəttindən fəaliyyətinin koordinasiyasına imkanlar tanıyır. 
Ümumilikdə Astana Zirvə Görüşü Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. İlham Əliyevin Astanadakı görüşləri zamanı COP29-a ifadə olunan dəstəklər də Azərbaycan üçün xüsusi önəm kəsb edir. 

Aqşin Kərimov

 

banner

Oxşar Xəbərlər