Rusiya-Ermənistan münasibətlərində buzlar əriyibmi?

Rusiya-Ermənistan münasibətlərində buzlar əriyibmi?

Siyasət
13 Noyabr 2019, 18:19 1312
Politoloqların fikrincə, Lavrovun səfəri Ermənistanın müstəqil siyasət yürütmək iqtidarında olmadığını bir daha nümayiş etdirib

Ermənistandakı hakimiyyət dəyişikliyindən və Paşinyanın iqtidara sahiblənməsindən sonra rəsmi Yerevanın Rusiya ilə soyuq münasibətlərində çatlar hiss olunmağa başladı. Forpost ölkənin baş naziri və onun tərəfdarları mütəmadi olaraq Rusiya əleyhinə şüarlar səsləndirməyə, addımlar atmağa başladılar.  Amma Qərbə doğru siyasət yürüdəcəyi ilə bağlı vədlər verən Paşinyan zaman keçdikcə bunun mümkünsüzlüyünü anlamağa başladı. Ermənistanın Rusiyadan iqtisadi azadlığına nail olmaq istəyən Paşinyan hökuməti ABŞ-da, Avropada mütəmadi görüşlər keçirsə də, heç nəyi dəyişə bilmədi. Hətta dünyanın aparıcı ölkələrinin liderləri bir çox halda Paşinyanla görüşməkdən imtina etdilər. Beləliklə Rusiyanın atdığı qabaqlayıcı addımlar və Qərbin Paşinyandan üz döndərməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb. İndi də baş nazir siyasi səbatsızlığını, dayaz dünyagörüşünü, fərasətsizliyini ört-basdır etməyə çalışır. Bütün bunlar Ermənistanı yenidən Rusiya ilə yaxınlaşmağa sövq edir. Bu günlərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun, ardınca isə xarici işlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri bunun təsdiqi kimi qiymətləndirilə bilərmi? 
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistanın indiki hakimiyyəti Rusiya ilə münasibətlərə haradasa yeni və dağıdıcı nəfəs gətirdi: "Faktiki olaraq Rusiyanın siyasi elitası, o cümlədən Kreml, Xarici İşlər Nazirliyi tərəfindən Paşinyana heç vaxt böyük etimad və ondan ümidverici gözlənti olmayıb. Ona görə də Rusiya bir daha Ermənistana eyham vurub və bildirib ki, rəsmi Yerevan xarici siyasət vektorunu dəyişmək iqtidarında deyil və bunun olması mümkün deyil. Rusiya xarici siyasət idarəsinin rəhbəri Yerevana yollanmazdan əvvəl Moskvada bir erməni portalına müsahibəsində bir çox məsələlərlə bağlı fikrini bildirib. Eyni zamanda yada salıb ki, ümumiyyətlə, Ermənistanın açarları Rusiyanın əlindədir. Orada əsas əhəmiyyət kəsb edən təşkilatların, idarələrin, istehsalat birliklərinin səhmlərinin hamısı Rusiyanın iş adamları tərəfindən satın alınıb. Ona görə də ən azından Ermənistanın iqtisadi müstəqilliyindən danışmaq yersiz olar. Ermənistanda iki mindən artıq fəaliyyət göstərən müəssisə Rusiyanın kapitalı ilə idarə olunur. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan faktiki olaraq Rusiya Federasiyasının bir regionudur. Baxsaq görərik ki, Rusiyanın bir çox regionu həm istehsal potensialı, həm demoqrafik resursu, həm də elmi-texniki nailiyyətlər baxımından Ermənistanı bir neçə dəfə üstələyir. Lavrovun qayəsi ondan ibarət idi ki, Ermənistana bildirsin ki, özbaşına siyasət apara bilməz. Əslində onun bütün rıçaqları, idarəolunan mexanizmləri Rusiyanın siyasi və biznes dairələrinin əlindədir”.
T.Abbasov qeyd etdi ki, Ermənistan istəsə belə, suveren xarici siyasət yürüdə bilməz: "Hesab edirəm ki, Paşinyan öz inqilabı ilə həqiqətən də Ermənistanın xarici siyasət vektorunu dəyişmək fikrindəydisə belə, bunu gerçəkləşdirə bilmədi. Bunun üçün praktiki zəminlə bərabər, nəzəri imkan da yoxdur. Çünki istər-istəməz Rusiya Ermənistanı öz təsir dairəsində saxlayır və saxlayacaq. Düzdür, bunun Dağlıq Qarabağ probleminə də təsiri var. Məsələ ondan ibarətdir ki, Rusiya Federasiyası bir növ münaqişənin həlli üçün tələsmir. Doğrudur ki, Azərbaycanın siyasəti həm Xəzər, həm də Qafqaz bölgəsində çox çevikdir, elə Rusiyanın özünə xeyir gətirən bir siyasətdir. Ancaq görünür bir qədər səbir eləmək lazımdır ki, ümumiyyətlə bütün bu geostrateji vəziyyət dəyişilsin”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Sergey Lavrovun Ermənistana səfərinin əsas məqsədi sadəcə olaraq bütün məsələlərin arxasında məhz Rusiyanın dayandığını bir daha göstərmək idi: "Bilirik ki, bu səfərdən öncə Rusiyanın müdafiə naziri Şoyqu Ermənistana gəlmişdi. O da Gümrüdəki 102 saylı bazada bəzi vədlər, bəyanatlar vermişdi. Lavrov da eyni ilə belə etdi və o faktiki olaraq Ermənistan rəhbərliyinə açıq şəkildə bildirdi ki, sizin əsas sahibiniz bizik, heç kəsə güvənməyin. Yəni, Rusiya həm Dağlıq Qarabağ məsələsində, həm iqtisadi-ticarət sahəsində, həm hərbi-texniki əməkdaşlıqda Ermənistanın arxasında dayanır və bu siyasət bundan sonra da davam edəcək”.
F.Sadıxov vurğuladı ki, Rusiya heç vaxt Ermənistanı öztəsir dairəsindən kənara buraxmayacaq: "Ermənistan hakimiyyətində Paşinyan və ya başqa siyasi qrupun olması vəziyyəti dəyişməyəcək. Yəni hakimiyyətdə kimin olmasından asılı olmayaraq Rusiya nə Ermənistandan uzaqlaşacaq, nə də onun uzaqlaşmasına imkan verəcək. Lavrovun səfərində də əsas məqsəd bunu nümayiş etdirmək idi”.
 
BƏXTİYAR