AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Rusiya - Azərbaycan əməkdaşlığı möhkəm təməllərə söykənir"

Müsahibə
31 May 2020, 22:37 1181
"Report”un Rusiya bürosuna verdiyi müsahibəsində MDB Gənclər Şurasının sədri Qriqori Petuşkov Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsindəki əməkdaşlıq məsələləri, birgə layihələr və koronavirusun yaratdığı problemlər barədə söhbət açıb.

- Rusiya ilə Azərbaycan arasında gənclər siyasəti sahəsindəki əməkdaşlıq hansı səviyyədədir?
- Ölkələrimizin əməkdaşlığı möhkəm təməllərə söykənərək uzunmüddətli, səmərəli və çoxşaxəlidir. İki ölkə arasında on ilə yaxındır hazırlanmış gənclər siyasətinə dair saziş müxtəlif səbəblərdən imzalanmırdı. Gənclər təşkilatlarının, o cümlədən rəhbərlik etdiyim Rusiya Milli Gənclər və Uşaqlar Təşkilatları Şurasının, habelə iki ölkə nazirliklərinin təşəbbüsü ilə ötən il xeyli iş görüldü və saziş  imzalandı. Əlbəttə, demək olmaz ki, bu sazişsiz heç bir iş görülməzdi və görülməyib, amma hər halda həmin sənəd tariximizdə əlamətdar hadisə olub, aramızdakı yaxından əməkdaşlıq əlaqələrini və bunu daha da inkişaf etdirmək əzmimizi göstərir.

- Əməkdaşlıq hansı sahələr üzrə baş verir?
- Əməkdaşlığımız mədəniyyət, elm, təhsil, idman, son illər həm də könüllülük sahələrini əhatə edir. Sözsüz ki, ölkələrimizin gənclər təşkilatları beynəlxalq aləmdə də yaxından əməkdaşlıq etməklə Avropa Şurası, BMT kimi təşkilatlarda birgə fəaliyyət göstərir. O cümlədən Rusiyanın da, Azərbaycanın da üzvü olduğu MDB Gənclər Şurası çərçivəsində də çox sayda birgə tədbirlər keçirilir. Bu il növbəti dəfə Azərbaycan – Rusiya Gəncləri Beynəlxalq Forumu keçirmək nəzərdə tutulur. Uzun illərdir keçirilən bu forum Azərbaycanda başlayıb və sonradan növbə ilə hər iki ölkəmizdə keçirilir. Rusiya və Azərbaycanın iri gənclər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi forum böyüklərin də ictimai təşkilatları rəhbərləri üçün fəaliyyəti əlaqələndirmək, yeni tərəfdaş qazanmaq, bir-birimizin ölkələrilə tanış olmaq üçün əlverişli arenadır. Bu çərçivədə həmyerlilər təşkilatları arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Məsələn, rəhbəri olduğum Rusiya Milli Gənclər və Uşaqlar Təşkilatları Şurasına daxil olan ən böyük gənclər təşkilatlarından biri də Leyla Əliyevanın başçılıq etdiyi Rusiya Azərbaycanlıları Gənclər Birliyidir. Uzun müddətdir Rusiyada uğurla çalışan bu təşkilat həm ölkədəki azərbaycanlılara dəstək verir, həm də bütövlükdə gənclər siyasəti sahəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinə kömək olur. Həmçinin, bu il növbəti dəfə MDB üzv dövlətlərin Gənclər Təşkilatları Forumunun da Azərbaycanda keçirilməsi gözlənilir.

- İki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinə təşkilatınızın töhfələri barədə nə deyə bilərsiniz?
- Rusiya ilə Azərbaycanın dostluq əlaqələrinə verdiyimiz töhfələr barədə yəqin ki, gələcək nəsillər daha tutarlı fikir söyləyərlər. Bununla belə, sözsüz ki, qarşılıqlı anlaşmanı gücləndirmək, həqiqətən qardaş ölkə olduğumuzu gənclərə göstərmək üçün əlimizdən gələni edirik. Aramızda saysız-hesabsız mədəni, humanitar, qohumluq telləri olduğunu gənclərə çatdırmaq üçün bir çox mexanizmlər, arenalar var. Bu arenalarda gənclər tanış olmaq, bir-birini daha yaxından tanımaq imkanı əldə edirlər.

- Pandemiya dövründə necə ünsiyyət saxlayırsınız?
- Məsafəli ünsiyyət üçün vasitələrimiz çoxdur. Məsələn, bu il mayın 9-da Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından olan həmkarlarımızın təşəbbüsü ilə telekörpü keçirildi, orada Azərbaycan Veteranlar Şurasının sədri nitq söylədi. Bu, çox duyğulu ovqatda keçən mühüm bir tədbir oldu. Çünki müxtəlif ölkələrin gəncləri həmin insanı öz əcdadı, öz keçmişinin bir hissəsi bilib, elə hiss ediblər. Bu səpkili tədbirlər ikitərəfli formatda tez-tez keçirilir. Hərçənd, əlbəttə ki, belə virtual tədbirlər şəxsi ünsiyyətin yerini verə bilməz. Bu il əyani şəkildə bir sıra tədbirlərimiz nəzərdə tutulur və ümidvarıq ki, onları keçirəcəyik.