• cümə axşamı, 18 aprel, 16:38
  • Baku Bakı 22°C

Roland haqqında nəğmə

12.07.20 13:30 5779
Roland haqqında nəğmə
"Roland haqqında nəğmə” həm fransız ədəbiyyatı, həm də ümumilikdə Avropa ədəbiyyatının qədim abidəsidir. Əsər artıq çoxdan nümunəvi mətn statusunu qazanıb. XX əsrin ən məşhur elmi əsərlərindən biri olan Albert Lordun "Təhkiyəçi” kitabında olduqca maraqlı bir ifadə var: "Dinləyicilərin diqqətinin əsasən Rolanda yönəlməsinə baxmayaraq, nəğmənin həqiqi qəhrəmanı Böyük Karldır”. Yarım əsr sonra oxşar fikir məşhur fransız mediyevisti (Qərbi Avropada orta əsrlər tarixini öyrənən elm adamı – X.N.) Jan Düfernun "Bəlkə Roland haqqında nəğmə eyni zamanda həm də Böyük Karl haqqında nəğmə imiş?” Bu xüsusda sual bu cür səslənir: "Roland haqqında nəğmə”nin əsl qəhrəmanı kimdir? Bu iki replikanın arxasında "Roland haqqında nəğmə”nin araşdırmaçıları ilə oxucu və dinləyicilər arasında kompleks anlaşılmazlıq dayanır. Hər şeydən əvvəl əsas qəhrəmanın heç bir tarixi dəyəri yoxdur. O, miqyasına görə hansısa naməlum, heç kimin tanımadığı personajdır.
Digər tərəfdən Böyük Karl əsərdə olduqca geniş yer almışdır. Bundan başqa, qəhrəman demək olar ki, əsərin orta hissəsində həlak olur və bütün final boyu qəhrəmanın öhdəsinə düşən vəzifə məhz böyük Karlın ixtiyarına verilir. Yada salım ki, "Roland haqqında nəğmə” orta əsrlərə məxsus epik poemalar arasında olduqca çoxsaylı əlyazmaları qorunub saxlanan yeganə poemadır. Bununla belə, nümunələrdən ən məşhuru 1833-cü ildə Oksfordun Bodlian kitabxanasında aşkarlanmış qədim, Oksford əlyazmasıdır.
Əsər hər zaman araşdırmalara səbəb olmuşdur. "Roland haqqında nəğmə”nin sonuncu daha nüfuzlu naşiri olan Yan Şort mətnin məhz 1125-1127-ci illərə aid olduğunu iddia edir. Son paleoqrafik və linqvistik məlumatlar əsərin Oksford əlyazmasında qeyd edilən 1110-1170-ci illərə aid olduğunu göstərir.
Bununla belə biz bilirik ki, 1066-cı ildə Britaniyanın normand istilası zamanı mətn artıq mövcud olmuşdur. Bəzi salnamələr xəbər verir ki, "Roland haqqında nəğmə” 1066-cı ildə Hastinq döyüşündən əvvəl "ifa edilmişdir”. Daha doğrusu, 1066-cı illə xaç yürüşlərinin baş tutduğu XI-XII əsrlər ərəfəsində haqqında bəhs etdiyimiz "Roland haqqında nəğmə”nin mətni yaranmışdır. Onun ərsəyə gəldiyi tarix də çözülməmiş olaraq qalmaqdadır.
Bəziləri deyir ki, o, 778-ci ildə, daha doğrusu, Böyük Karl dövründə Ronseval dərəsində yaranmışdır. Digərləri hesab edir ki, əsas süjet IX əsrin sonu X əsrin əvvəlində Ronseval döyüşünə Qanelonun xəyanəti haqqında süjet əlavə edildikdə yaranıb. Hətta prototipi də qeyd etməyi yaddan çıxarmırlar – bu, 859-cu ildə Keçəl Karlın əleyhinə olan qiyamda iştirak etmiş yepiskor Sanski Venilon ola bilərdi. Üçüncülər deyir ki, süjetin tərtibatı xaç yürüşləri dövrünün başlanğıcında, daha doğrusu, "Roland haqqında nəğmə”nin Oksford əlyazması yarandığı zaman bitir.
Bununla belə, "Roland haqqında nəğmə”də çox sayda təzadlar da var. Onlardan ən parlağı süjetin özüdür, məhz onun necə qurulması, yaranması və tamamlanmasıdır. Məsələn, Baliqanla döyüş poemanın əsas mətninə əlavə edilmiş epizodda özünü daha aydın göstərir. Bu, "Roland haqqında nəğmə”nin Karlın qələbəsi ilə sonlanmasının epik qeyri-məntiqliliyidir: Roland çoxdan həlak olub. Hadisələr isə Karlın iştirakı ilə davam edir. Bu, həqiqi qəhrəmanın problemidir: Karl, yoxsa Roland? Hətta Rolandın buynuzla bağlı səhnədəki hərəkəti də məntiqsizdir. Qanelonun xəyanətində də problem var. Əslində, o, Karlın əmrlərini itaət edən sadiq vassaldır, onun bütün ziyankarlığı isə ancaq Rolanda ünvanlanır.
Karlın poemada əsas qəhrəman kimi irəli çəkilməsinin tərəfdarları səbəbi ideoloji quruluşda axtarırlar. Bu zaman qarşılarında fransız tarixində xüsusi yeri olan Böyük Karlı kafirlərlə döyüşdə ideal başçı kimi təsdiq etmək tapşırığı dayanırdı. Amma hər halda Karl öz ampluasından kənara çıxmır. "Roland haqqında nəğmə”nin mövzusu elə məhz başçının ampluası üçün xarakterikdir: bağda istirahət, şura iclasları, səfirlərin qəbulu, mövhumat-yuxular, məhkəmə səhnəsi. Yeganə olaraq, həqiqətən qeyri-adi görünən başçının qəhrəman üzərində ağlaması mövzusudur. Başçılar da ağlayır – bu qəbildən Priamı, Odisseyin atası Laertini yada salmaq olar. Kralın poemada mühüm epik funksiyası qəhrəmana ağı demək və bununla da ona tərif vəehtiram yaratmaqdır. Onun "Roland haqqında nəğmə”də əldə etdiyi bütün səciyyəvi xüsusiyyətləri burdan qaynaqlanır. Bu zaman dörd ayrı mövzu yaranır: şura, ağı mərasimi, döyüş və qəhrəmanın ölümü. İlk ikisi Karla, digər ikisi isə Rolanda bağlıdır. O ki qaldı Rolanda, ondakı bir çox qəribəliklər epik əsərə cəngavər ideologiyasının daxil olması ilə izah edilir. Ən bariz nümunə isə buynuzla olan səhnədir – burada Roland Karlı köməyə çağırmaqdan imtina edir.
"Nəğmə”nin əsasında real hadisə dayanır. Franklarla lanqobardların kralı, gələcək imperator Böyük Karl Saraqos yanındakı döyüşdə məğlubiyyətə düçar olur, ardınca isə İspaniyadan qayıdır. Ordu dağınıq sıralarla Ronseval dərəsindən keçərək Pireney dağlarına doğru hərəkət edir. Amma elə burada frankların dəstəsinə Karlın müharibə etdiyi ərəblərin müttəfiqi olan basklar hücum edir. Basklar ağacların yamaclarının qalın divar şəklində gizlətdiyi qayaların zirvəsində hücum təşkil edirlər. Hücum franklar üçün gözlənilməz olur – dağ keçidin ən dar yerində mübarizə aparmaq qeyri-mümkün idi. Alayın sonunda gedənlər vurulmuş, onların silahları və dəbilqələri isə yoxa çıxmışdı. Düşmənlər də yoxa çıxmışdı, torpaq üzərində onların qanlı izləri görünürdü. Dəhşətli döyüşdə çox sayda döyüşçülər məhv olmuşdu: Anselm qəsrinin qrafı və Rolandın qoşununun başçısı Eqqohard da həlak olan döyüşçülər sırasında idi. Poemanın nəhəng sətirlərinin həsr edildiyi Eqqohardın epitafiyasına inansaq, mübarizə "sentyabr təqviminin 18-ci günü” baş vermişdi, daha doğrusu 12 avqust 778-ci ildə.
"Roland haqqında nəğmə”də tarix bir az dəyişmişdir. Karlın İspaniyaya yeddiillik yürüşü uğurlu olmuşdu, o təkcə ispan-sarasinlərin əsas şəhəri olan Saraqosanı ələ keçirməmişdi. Saraqos çarı Marsili mavrların Karlın yanına zəngin bəxşişlərlə elçi göndərmək qərarına gəldikləri şura təşkil etmişdi. Elçi Karla Marsilinin onun vassalı olmağa hazır olduğunu bəyan edir.
Frankların şurasında Karlın qohumu gözəl qraf Roland sarasinlərin təklifini rədd edərək Marsilinin yanına getmək qərarı verir. Amma Karl onu buraxmır və Roland insaniyyəti səbəbindən öz atalığı Qanelona Saraqosa getməyi təklif edir, axı riskli işi yerinə yetirmək şərəf məsələsi idi. Amma Qanelon Marsilinin təklifini qəbul etməklə bərabər həm də ögey oğluna qarşı dərin inciklik duyurdu.
Saraqos çarının yanına gələn Qanelon ona Rolandı məhv etməyi, onunla birlikdə isə Fransanın 12 perini (per - İngiltərədə, Fransada, Yanoniyada yüksək zadəgan titulu – X.N.), kralın vassallarını öldürməyi təklif edir. Marsili razılaşdı və Qanelon Marsilinin Karlın vassalı olmaq qərarını və xristian dinini qəbul etdiyini elan etmək üçün geriyə frankların düşərgəsinə qayıdır. Karlın ispanlar tərəfindən mühasirəyə alınmış ordusu indi vətənə qayıda bilərdi.
Frank ordusuna Roland başçılıq edirdi. Amma ensiz Ronseval dərəsində onun 12 minlik ordusunu Marsili ilə Qanelonun mavrlardan ibarət döyüşçüləri əhatəyə alır.
Karlın ordusu isə artıq uzaqdadı. Dağdan enərkən franklar vətənlərinin yaşıl zəmilərini görürlər. Döyüşçülərin üzləri sevinclə dolur, amma imperator Karl heç də sevinmir – onun Marsiliyə etibarı yoxdur, qəlbində narahatlıq var. Karl qılıncı gah qaldırır, gah aşağı salır. O, Rolandı Fransa darvazalarının yanında, Ronseval dərəsində tək qoymamalı idi...
Rolandla sarasinlər arasında şiddətli döyüş baş verir, dostu Olivye sehrli Olifant buynuzu səsləndirərək Karlı köməyə çağırmağı təkid etsə də, məğrur Roland düşmənin öhdəsindən özünün gələcəyini hesab edir və həlak olur. Dostu Olivye, müdrik yepiskop Turpin və 12 perin hamısı döyüşdə həlak olur. Roland son anda Olifantı səsləndirsə də, Karlı vaxtında köməyə gələ bilmir. Roland üzü düşmənə tərəf olmaqla torpağa uzanır. Cəngavər əlcəyi geyindiyi əlini yuxarı qaldıraraq əsl döyüşçüyə xas şəkildə ölümü qarşılayır.
Bu hissə poemanın ən simvolik hissəsidir. Burada krala qarşı sədaqətlə xidmət etmək ideyası təsvir edilmişdir. Roland ölərkən düşmənlə üz-üzə dayanır – bu, onun qaçan zaman deyil, döyüşdə öldüyünə işarədir. Əlcəyini yuxarı qaldırması yeni süzerenə (feodalizm dövründə: öz vassallarının hökmdarı olan böyük feodal – X.N.) – Tanrıya xidmət mənasını daşıyır.
Beləliklə, qədim fransız qəhrəmanlıq eposunun əsasını son damla qanlarına qədər öz torpaqları və inamları uğrunda savaşan cəsur qəhrəmanların iştirak etdiyi tarixi hadisələr təşkil edir. Xristianların sarasinlər üzərindəki qələbəsi haqqında nəğmə orta əsrlərdə o qədər populyar idi ki, onun personajı Roland öz epik taleyini əldə etmişdi. XIII əsrin "Berta və Milon” poeması Rolandın möcüzəvi şəkildə dünyaya gəlməsindən, onun davamı olan "Ronaldin” isə balacaoğlanın valideynləri ilə birlikdə yoxsul vəziyyətdə yaşamasından, imperator Karlın onu necə tapmasından bəhs edir. Növbəti poemalarda Roland sarasinlərlə döyüşə yollanır, mükafat olaraq Karldan Dyurandal qılıncını alır. Bundan başqa Ronseval dərəsində həlak olana qədər çoxsaylı istila yürüşlərində iştirak edir. 1516-cı ildə isə İtaliyada Ariosto tərəfindən yazılmış "Qəzəbli Roland” adlı məşhur poema meydana çıxdı, burada gözəl qrafın sevgi macəralarından bəhs edilirdi.
Lakin orta əsrlər yekunlaşıb intibah dövrü sona çatan kimi "Roland haqqında nəğmə” unuduldu. Ancaq 1837-ci ildə tarixçi və orta əsrlər fransız ədəbiyyatı bilicisi Fransisk Mişel yüzillik susqunluqdan sonra poemanı dərc etdirir. Lakin poemanın süjeti Mişelin nəşrindən əvvəl də "Olivyenin oğlu Qalyen” haqqındakı xalq kitabından yaxşı məlum idi. Bu kitablar XVI əsrdən fasiləsiz olaraq nəşr edilmiş və burada əlbəttə ki, Rolandın Ronseval dərəsində həlak olması süjeti də yer almışdı.
Poema necə sonlanır? Saraqosa ələ keçirilir, Marsili öldürülür, satqın Qanelon Tanrının qəzəbinə tuş gəlir, Karl isə yeni yürüşə yollanır. Amma frankların ölkəsi hələ uzun zaman həlak olmuş Rolandın yasını saxlayır.
Eposun ənənəvi qəhrəmanlıq səhnəsi ilə sonlanması olduqca qəribə, əsassız, düşüncəsiz təsiri bağışlayır. Belə bir nəticəyə gəlmək olar ki, "Roland haqqında nəğmə”də hər bir səhnədə qarşılaşma və birləşmə üz-üzə dayanır.

Mənbələr: www.cyberleninka.ru
www.academia.eu
www.magazines.gorky.ru
İnternet materialları əsasında toplayaraq rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər