• cümə axşamı, 09 may, 02:32
  • Baku Bakı 15°C

Rəsul Rzanın poetik yolu və yoldaşları

10.12.18 16:30 574
Rəsul Rzanın poetik yolu və yoldaşları
Böyük Nazim Hikmət Azərbaycan poeziyasını çox sevirdi – Səməd Vurğunla, Süleyman Rüstəmlə, Rəsul Rza ilə, Mikayıl Rəfili ilə dostluq edirdi. Yeri gələndə, onların yaradıcılığından söz açırdı. Məsələn, Nazim Hikmət Rəsul Rza sənətinə bir neçə məqalə həsr etmişdi. Həmin məqalələrdən bəzi fikirləri xatırlayaq: «Rəsul Rza Azərbaycan poeziyasının novatorlarından biri, özünəməxsus orijinal şair, xalq şeirinin, klassik poeziyanın böyük pərəstişkarıdır». «Ola bilər ki, onun şeirləri sizin xoşunuza gəlsin ya gəlməsin – bu, sizin öz işinizdir – ancaq siz onu başqa bir şairlə qarışıq sala bilməzsiniz. Məncə, şair üçün onun şeirlərinin az və ya çox dərəcədə xoşa gəlməsindən daha çox onların orijinallığı və özünəməxsusluğu əsasdır»!. "Rəsul Rza müasir Azərbaycan şeirinə bugünkü şəhərin danışıq dilini, bu dilin harmoniyasını gətirib. Danışıq dili deyəndə mən Bakı və Kirovabad şivəsini nəzərdə tutmuram. Mən azərbaycanlı vətəndaşın dilini nəzərdə tuturam. Bu sahədə Rəsul Rza Sabir ənənələrini davam etdirir. Məgər öz dövrünün poeziyasına Azərbaycan şəhərlisinin dilini gətirmək Sabirin xidməti deyilmi?”. "Axtaran şair xoşbəxtdir. Rəsul Rza həyatın və bizim özümüzün səadətini kəşf edir”.
Doğrudan da, dünya poeziyasının nəhənglərindən olan bir şairin bizim Rəsul Rzaya, ədəbiyyatımızın bu qüdrətli simasına – onun poeziyasına ünvanladığı sözlər qəlbimizdə qürur hissi doğurur. Mən bu silsilədən digər dünya sənətkarlarının fikirlərindən də misallar gətirə bilərdim.
Rəsul Rza haqqında Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında yüzlərlə məqalələr yazılıb. O məqalələr içində birinci yerə layiq, heç şübhəsiz, akademik Məmməd Arifin "Fikir poeziyası” məqaləsidir. R.Rza yaradıcılığı haqqında bir neçə monoqrafiya da qələmə alınıb. Professor Gülrux Əlibəylinin «Axtarışlar, kəşflər», şair-tədqiqatçı Arif Abdullazadənin «Od nə çəkdi», tənqidçi Rahid Uluselin "Rəsul Rza poeziyası”, professor Bağır Bağırovun şairin yaradıcılığına həsr etdiyi doktorluq dissertasiyasını Rəsul Rza sənətinin tədqiqində ən uğurlu əsərlər hesab edirəm. Ötən illərdə yazılsa da, bu əsərlər Rəsul Rzanı öyrənmək üçün indi də faydalıdır. Mənim "Rəsul Rza və müasir Azərbaycan poeziyası” monoqrafiyam isə Rəsul müəllimin poeziya ənənələrinin yaşarılılığına həsr olunub. Çalışmışam ki, bu böyük şairin poeziyası haqqında nəsə bir söz deyim.
Son illərdə filologiya elmləri doktoru, mətbuatda, elmi məcmuələrdə imzasına tez-tez rast gəldiyiniz Yaşar Qasımbəyli də Rəsul Rza poeziyasının tədqiqinə xüsusi maraq göstərir və hiss olunur ki, bu maraq təsadüfi və ötəri deyil. Yaşar Qasımbəyli «Rəsul Rza və ədəbi çağdaşları» adlı bir monoqrafiya nəşr etdirib ("Elm və təhsil”-2018) və doğrudan da, bu əsər yuxarıda adını çəkdiyim sanballı əsərlər sırasına qoşula bilər. Yəqin ki, ədəbi və elmi ictimaiyyət bu monoqrafiya ilə tanış olacaq, bu fikrimlə razılaşacaqlar.
Yaşar Qasımbəyli Rəsul Rza fenomenini açıqlamaq üçün həm ənənəvi, həm də ənənəvi olmayan iki yol seçib. Ənənəvi yol Rəsul Rza poeziyasını fərdi şəkildə öyrənməkdir, yəni şairin poeziyasının orijinallığını, novatorluğunu bir daha kəşf etməkdir. Ənənəvi olmayan yol isə Rəsul Rzanı XX əsr Azərbaycan poeziyası, həmçinin digər xalqların poeziyası ilə ilişgili şəkildə tədqiq etməkdir. Bu sahədə ədəbiyyatşünaslarımız tərəfindən müəyyən cəhdlər olsa da (xüsusilə, Rahid Uluselin monoqrafiyasında) sistemli şəkil almamışdı. Yaşar Qasımbəyli Rəsul Rza poeziyasını həm XX əsr Azərbaycan poeziyası kontekstində, həm dünya ədəbiyyatı çevrəsində, həm "altmışıncılar”la bağlı ədəbi varislik işığında, həm gənc çağdaşlarına təsiri müstəvisində, həm də özbək poeziyası ilə müvazi tədqiq edir. Niyə məhz özbək poeziyası ilə? Oxuculara xatırladım ki, Yaşar Qasımbəydi həm də XX əsr özbək ədəbiyyatının tədqiqatçısıdır, o, 30 ilə yaxın bir müddətdə Özbəkistanda yaşamış, özbək ədəbiyyatı ilə bağlı xeyli məqalələr, kitablar yazmışdır.
Yaşarın monoqrafiyası yeddi fəsildən ibarətdir və hər bir fəslin öz mükəmməl ideyası var. Birinci fəsildə Y.Qasımbəyli XX yüzil poeziyasının novatorları haqqında söz açır və həmin novator şairlərin (Sabir, Mayakovski, N.Hikmət, Ə.Cavad) Rəsul Rza poeziyasına təsiri və həmçinin eyni ədəbi zaman çevrəsində çağdaşlığı məqamlarına diqqət yetirir. R.Rzanın sənət qüdrətini araşdırmaq üçün ilk növbədə, onun klassik poeziya ənənələrinə bağlılığını nəzərə çarpdırmaq lazımdır. R.Rzanın özü də etiraf edirdi ki, klassiklərin yaradıcılığı onun üçün bir məktəbdir. O, Nizamini, Füzulini, Nəsimini, Sabiri çox sevirdi, rus şairi Mayakovskini də həmçinin.
Rəsul Rza və Nazim Hikmət, Rəsul Rza və Mayakovski, Rəsul Rza və İlya Selvinski, Rəsul Rza və Çingiz Aytmatov paralellərinin öyrənilməsi əhəmiyyətlidir. Mayakovski də, N.Hikmət də Rəsul Rzanın sevimli şairləri idi, təbii ki, onların poeziyası R.Rza üçün bir örnək idi. Amma R.Rza bu böyük sənətkarları heç vaxt təqlid etməmişdir, çünki onun özünəməxsus yolu vardı.
Əlbəttə, Rəsul Rzanın milli ədəbiyyatımızda yerini, mövqeyini hamımız bilirik. Lakin bir vaxtlar Rəsul Rzanı Səməd Vurğunla qarşı-qarşıya qoyub hansınasa üstünlük verir, hansınısa aşağılayırdılar. Xüsusilə, Rəsul Rzanı. Amma Y.Qasımbəyli haqlı olaraq yazır ki: "Onlar eyni məqsədə və estetik hədəfə müxtəlif ədəbi yollarla irəliləyirdilər”. Səməd Vurğun poeziyasının qüdrətini R.Rza bir neçə yazısında səmimi şəkildə etiraf etmişdi. Y.Qasımbəyl misal gətirir: "Səməd Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də yaradıcılığının çiçəkləndiyi dövründə olduğu kimi eyni qüvvətlə, kamil şeirlər yazmışdır. Onun bir neçə şeiri var ki, şair onları ölümündən az əvvəl yazmışdır. Mən belə hesab edirəm, bu şeirlər incə poetik müşahidələri, dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında yekun, yetkin bir mərhələdir”.
Rəsul Rza elə bir şairdir ki, onun poeziyasını istənilən bir xalqın (rus, gürcü, özbək, qazax, ingilis, fransız, alman, latış, Ukrayna, ispan və s.) XX əsrdə yaşamış modern bir şairinin yaradıcılığı ilə yanaşı qoymaq olar və təbii ki, poetik səsləşmələr aparmaq müşkül olmaz. Ona görə də Y.Qasımbəyli bu üsulu seçir. İlk baxışda əslən azərbaycanlı olub, XX əsr özbək ədəbiyyatının korifeylərindən biri sayılan Maqsud Şeyxzadə ilə Rəsul Rzanı eyni müstəvidə yanaşı qoymaq bir qədər təəccüb doğura bilərdi. Amma Y.Qasımbəyli bu iki sənətkarın yaradıcılığında elə oxşar məqamlar tapır ki…Yazır: "Rəsul Rza və Maqsud Şeyxzadə təkcə Azərbaycan və özbək şeirinin xəritəsində deyil, ümumtürk poeziyasının məna və mahiyyətində köklü təzələnmənin baniləri kimi şöhrətlənirlər. Onlar yeni epoxanın yeni söz sənətini yaradanların öncüllərinə çevrildilər. Amma bu misilsiz estetik missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud Şeyxzadə isə Özbəkistan ədəbi mühitində həyata keçirdi”. Burada təfərrüata varmırıq – R.Rza Azərbaycan poeziyasında hansı novator meyllərlə diqqəti cəlb etmişsə, M.Şeyxzadə də bu missiyanı özbək ədəbiyyatında həyata keçirmişdir.
İkinci fəsildə Y.Qasımbəyli R.Rza poeziyasının Azərbaycanın hüdudlarından kənarda şöhrət tapdığını qeyd edir. Amma bir oxucu və tədqiqatçı kimi mən bu fəslin qısalığından narazıyam. "Rəsul Rza və dünya ədəbiyyatı” adlanan bu fəsil heç də o mənanı özündə ehtiva eləmir. Dünya ədəbiyyatı dedikdə daha böyük üfüqləri tədqiqata cəlb etmək lazım idi.
Söz sənətinin mahiyyətində və sənətkarın estetik dünyagörü­şündə baş verən köklü dəyişikliklər, təbii ki, təkcə Səməd Vurğunla, Azərbaycan poeziyası ilə məhdudlaşmırdı. Bu möhtəşəm estetik inqilab cahanın altıda bir hissəsinə hökmranlıq edən nəhəng imperiyanın bütün sənətində və milli mədəniyyətlərində qüdrətli şəkildə əks-səda verirdi. XX yüzilin böyük sənətkarlarından biri, yeni özbək poeziyasının banilərindən sayılan Qafur Qulam isə 20-ci illərin əvvəllərində öz estetik kredosunu belə ifadə edirdi:

Gözəllik –
güllərdə,
O qara gözlərdə,
Ağappaq üzlərdə
deyənlər yanılır.
Gözəllik – işləmək,
Gözəldir ­– iş, demək!..

Bu Qafur Qulamın yeni estetik manifesti idi. Gənc şairlər zamanın təzə gözəllik meyarını tərənnüm edirdilər. Rəsul Rzanın yeni lirik qəhrəmanı da inamla söyləyirdi: "Mən tüpürdüm hüsnə xal yapışdıran şairlərin yoluna. Durdum yeni şeirin qaravuluna. Udaraq bu günün havasını, könlümdə böyütdüm Şeirin gələcək sevdasını”.
Zamanın amansız ictimai-siyasi basqıları və təzyiqləri altında klassik lirik "mən”in və poetik dünyagörüşünün inkarı Səməd Vurğunun 30-cu illər bədii axtarışları və təcrübələrində daha qabarıq surətdə nəzərə çarpırdı. Tədqiqatçı gənc şairin milli və klassik irsdən məcburən imtinasının söz sənətimiz üçün nə qədər faciəli olduğunu və zamanın tragik poetik mənzərələrini konkret və sərrast bədii nümunələr əsasında canlandırmağa müvəffəq olur: "Gənc Səməd Vurğun isə hazırkı sevginin məna və məzmu­nu­nun əvvəlkilərə oxşamadığını, bugünkü əhd-peymanın özgə olduğunu başqa bir şeirində hərarətlə vurğulayırdı”. Gənc qələm sahibi o qanlı-qadalı illərdə yazırdı:

Sən Xumar deyilsən, mən də ki Sənan,
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı,
Bugünkü sevginin başqadır andı.


Monoqrafiyanın digər fəsilləri isə müəllifin qarşıya qoyduğu məsələləri düzgün, elmi şəkildə nəzərə çapdırır. Bu fəsillərdə qoyulan məsələləri aşağıdakı kimi ümumiləşdirə bilərik.
1.Y.Qasımbəyli otuzuncu illər Azərbaycan poeziyasında üzü bəri gələ-gələ R.Rzanın poetik novatorluğunu misallarla nəzərə çarpdırır. Və Rəsul Rzanın Azərbaycan şeirindəki novatorluğunu dünya ədəbi prosesində baş verən yeniləşmələrin adekvat variantı kimi izah edir. R.Rzanın Əli Kərim şeirinə verdiyi qiymət həm də bu novatorluğun başqa bir şairdə daha orijinal səpgidə üzə çıxması ilə bağlı idi. Əgər R.Rza olmasaydı, Ə.Kərim, V.Səmədoğlu, İ.İsmayılzadə, Ə.Salahzadə də bu dərəcədə novator kimi parlamazdılar.
2. R.Rza azadlıq aşiqi idi. Təbii ki, onun da düşüncələrində müstəqillik arzuları yaşayırdı. Şeirlərinin və poemalarının əksər qismində iki mövzu-İnsan və Vətən mövzuları üstünlük təşkil edirdi. Ancaq bu mövzular çılpaq ritorika və bəlağət tülünə bürünməmişdi. O, Nəsimidən, Füzulidən, Sabirdən, Mirzə Cəlildən yana-yana, həm də böyük vətənpərvərlik coşqusu ilə söz açırdı. Qarabağ haqqında ən yaxşı şeirlərdən birini R.Rza yazmışdı. Əlbəttə, onun vətənpərvərliyi, xalqsevərliyi B.Vahabzadənin, M.Arazın, Xəlil Rzanın şeir və poemalarında eyni ahənglə, bu şairlərin hər birinin orijinal poetik istedadı ilə üzə çıxırdı.
3. Rəsul Rza və "altmışıncılar” mövzusu təzə deyil. Amma Y.Qasımbəyli də bu mövzuda geniş bir panorama yaratmağa cəhd edir. Fikrət Qoca, F.Sadıq, Ə.Kərim, İ.İsmayılzadə, V.Səmədoğluü, Ə.Salahzadə və neçə şair Rəsul Rzadan öyrənmişlər. Y.Qasımbəyli xüsusilə Rəsul Rza, F.Qoca poetik münasibətlərini – ustad-şagird tərəfdaşlığını qabarıq nəzərə çarpdırır.
4. "Rəsul Rza və gənc çağdaşları” fəslimdə Y.Qasımbəyli R.Rzanın yetmiş-səksəninci illərdə ədəbiyyata gələn R.Rövşən, Ç.Əlioğlu, Ə.Ol və b. şairlərə - onların istedadına verdiyi qiymətdən söz açılır. Bir sözlə, Rəsul Rzadan, onun poeziyasından həmişə öyrənmək lazımdır fikri ortaya qoyulur.
Yaşar Qasımbəylinin «Rəsul Rza və ədəbi çağdaşları» monoqrafiyasından xeyli danışmaq olar. Amma bu məqamda mən arzu edərdim ki, müəllif bir daha bu mövzuya qayıtsın.

Vaqif YUSİFLİ



banner

Oxşar Xəbərlər