AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəngləri ahəngə salan poeziya

Rəngləri ahəngə salan poeziya

02 Mart 2020, 14:45 1922
Hansı yana getsə də, hansı uzaqları seçsə də eşqin sərhədlərindən çıxa bilməz eşq aşiqi. Başqa aləmlərin olduğuna inanan insan dünyanı elə həzin sevər ki... hər ağacını, hər gülünü, hər böcəyini, hər otunu, yarpağını, buludunu, rüzgarını eyni eşqlə sevər, eyni gözlə baxar, eyni anda sevər, təsnifləri bir rəngə salar, ahəng rənginə. Düzər onları sıraya, başına sığal çəkər – baxışlarıyla, sonra əlləri ilə onların sırasını dəyişdirər, qarmaqarış edər, amma onların başı üzərindən bir də sığal gəzdirər, o fərqlilikləri ahəngə salar, onların yerini görər, onları yerinə qoyar, onları tək qoymağayacağına söz verər, onlarsız da qala bilməyəcəyini deyər  onlara, elə özünə də... 
 
Dünyanın nizam-tərəzisi bəşəriyyətdən əvvəl qurulub. Bəşəriyyət üçün qurulub. İnsanların bu nizam-tərəzini pozmaq cəhdlərinə qarşı duruş gətirmək üçün,  dünya özünübərpa haqqını özündə saxlayır, bu sirri insana vermir. Dünyaya, Yaradana asi düşən insan! Sənmi dünyanı, Allahı yaratmısan, yoxsa dünya, Allah səni... İtaət möhtəşəm qüvvədir. Eşq sevdiyin üçün bir az da susmaq deməkdir. Allahın səsini duyan oldumu heç... Ən böyük silahı qızılgülün qönçəsi deyilmi, ahu-zar edən bülbül bağçada divanə ötmürmü... Bu səsdə ən böyük səssizliyi duyan, eşqdən o yana mənanı kəşf edən zahiddir, qəlbdən idraka yetişib eşqi dərk edən şairdir Əhməd Qəşəmoğlu.
 
Haqq dünyası hansı dünyadır? Bu dünyada haqqa ərməyən, yetişməyən o dünyada haqqa qovuşdumu?  Nəfs şeytandandır, hər an insanı yoldan çıxarmağa hazırdır, amma insanın aid olduğu bir aləm var, Uca Dərgah var, yerini təsbit etmək mümkün deyil, əgər insanın öz qəlbi o əlaqədə, o təmasda, o ağılda deyilsə. "Ağıllı qəlb”, "ağıla malik qəlb” deyir Dostoyevski, "ağıllı hiss” deyir Tolstoy, "könül dünyası” deyir Mövlanə. Bəs Əhməd Qəşəmoğlu nə deyir bu dünyaya, nəyi qoyub nəyi axtarır, getdiyi incə və uzun yolda tək addımlamaq istəmir üstəlik, özünə dost, qardaş axtarır... Dünyanın gözəlliyini paylaşmaq istəyir, ahəngi yaradan onu hamı üçün yaradıb axı... Bilənlərə salam olsun!
 
Kitab ilə tanışlıq, adətən,  onun adından başlayır. Əhməd Qəşəmoğlunun son kitabı isə ahəngdən başlayır: həm adı – "eşqdən o yana...”, həm seçilmiş epiqraf – "eşqinlə eşqə çatdım, eşqi keçdim o yana”,  həm də müəllifin soyadı – Qəşəmoğlu –  elə bir səsləşmə yaradır ki, sözlərin içindən boylanan ahəngi, ritmi, pıçıltını eşidirsən, səda dalğalarını görürsən. Tənhalığı unudursan. Sonra müəllifin ön sözdə oxucuya təqdim etdiyi Ahəngyol fəlsəfi yanaşmasının elə bu səslərdən doğduğunu görürsən  kitabın növbəti səhifələrində.
 
Əhməd Qəşəmoğlu kosmosu "Yolumuz” şeirindən başlayır. Haqq yoluna çıxan yolçu bu yolun əbədi bir qurbanlıq yolu olduğunu bilir, itirdiyi onun deyil, bu yolda tapmaq istədiyi onu bəşəri edir, ona ölümsüzlük şərbətini içirir.
Ruhunda yenidən dirilən Allaha sadiqliyindən bəhs edən şair, özünü xoşbəxt adlandırır. Xöşbəxtlik formulunun adi çərçivələrini qıran, onu hamını xilas edə biləcək Allahın varlığında, gözəlliyində, ahəngində görən şairin  fədakarlığı, əslində, onun özünü deyil,  hamını xoşbəxt olmağa səsləyişində və insana inamındadır.  Şeirin özündə bir səs ahəngi, ritm ahəngi vardır.  Dünyanı ifadə edən dörd rəqəmi kimi "yol, haqq, Allah, əhd”  kəlmələri  də dördlük təşkil edərək, mətn üzərindən  nəyin baş verdiyini və sonda nələrin olacağını ifadə edən bütöv bir məna yaradır.
 
Yol mövzusunu davam etdirərək, müəllif onun məşəqqətini, çətinliyinin mahiyyətini açıqlayır "Əhdə vəfa” şeirində. Burda insan öz bəxtinin əlində belə əsir düşməmək üçün mucadilə verə bilər. Şair Allahı unutmayan könlünün daim haqq uğrunda nəfs ilə üz-üzə  durduğunun fərqindədir. Əslində, insanın yer üzündə ömür sürməsi elə bu ömür qədər, əvvəldən axıra qədər könlü ahəngə, haqqa bağlamaqdır.
 
Əhməd Qəşəmoğlu bipolyar dünyada ağı qaradan seçə bilsə də, dünyanı iki rəngə bölməkdən uzaqdır. O, bu rənglərin öz içində də şübhə və təbəddülatların varlığına, onların canlı orqanizm kimi yaşamasına, inkişafı və süqutuna, məhvinə, yox oluşuna və yeni təzahürlərinin sirrinə vaqif olmaq istəyir –  son məramına yetişmək üçün. Dünyanın Ahəng qanunun formulunu tapmaq üçün. "Şairlər əbədiyyətin yer üzündə elçiləridir”  kəlamı buna işarədir. Əbədiyyət isə filosofların düşüncə hədəfidir. Bəzən şair söz demək üçün bu dünyadan başqa dünyaya keçir, uca Aləmin onu götürdüyü yerlərdən, fəzalardan dünyaya baxır. O zaman "sübhün sübhündə” söz demək istəyi yaranır... Bu adda təkrarlanan sözlər belə eyni məna daşımır. Sübhün sübhü –  qaranlıqdır, qaranlıqdan toranlığa, ordan da aydınlığa gedən yoldur, zamandır, məqamdır, özündən sübhü doğandır.
 
Doğulmaq və dirilmək – yoxluqdan və boşluqdan Ahəng yoluna çıxmaqdır.  Buralardan çıxıb gedən lirik qəhrəmanın ruhu da tanımadığı, amma ona doğma  bir məkana düşür. Burda zaman dəqiqəyə, saniyəyə, əsrə, günə bölünmür, burda zaman statikdir (amma durğun  deyil), əbədidir, bu zamanın içindən keçib gedən nə varsa – fanilikdən qurtulmaq istəyidir...Yer üzündə yaşamağa alışmış insan bir gün İlahidən, Səmadan gəldiyinə şübhə edər, bu şübhədən zikrin doğacağını  özü bilməsə də, insanlardan uzaqlaşıb tənhaya çəkilər və şeirdəki qəhrəman kimi, meşədə, bir talada, bir ağac kötüyünün üstündə oturub səs arayar, ün gözləyər. Və uca aləm onu alar ağuşuna, sahiblənər ona pənah gətirən aciz quluna, sarar könül yarasını...
 
Əhməd Qəşəmoğlunun "sübhün sübhündə” şeirində Allahla, İlahi eşqlə qarşılaşma məkanının təsviri Dostoyevskinin "Kəndli Marey”  hekayəsində və İsa Muğannanın xatirələrində bəhs etdikləri təsvirlərlə üst-üstə düşür. Meşədən talaya canavardan qorxaraq qaçıb canını qurtarmaq istəyən doqquz yaşlı Fyodor otuz ildən sonra, məhbəsdə  işıq axtaranda, şübhələrdən qurtulub Allahı zikr edəndə, kəndli Mareyin sevgi dolu təbəssümünü, palçıqlı barmaqları ilə onun qorxudan əsən dodaqlarına təsəlli sığalını xatırlayır, qorxularını götürən səsini eşidir. "Sakitləş, İsa xatirinə...” –  bu söz sözdən əvvəl səs idi. O meşədə, o talada Allahdan başqa heç kim Mareyi görmürdü, Marey ağanın oğluna qarşı niyə mərhəmətli davransın ki... Demək ki, Allahı başı üzərində görürdü, onun dünyasında yaşayırdı qəlbi, ondan belə nəvazişli və mərhəmətli idi. Bu inam Dostoyevskinin qənaəti idi.  
 
İsa Muğanna uşaq vaxtı evdən qaçıb meşədə gizlənməyi, yarpaqların pıçıltısını, quşların səsini dinləməyi çox sevərmiş. Günlərlə meşədə qalıb çox xoşbəxt olduğunu qeyd edən yazıçının bütün yaradıcılığı quş dilini bilən insan axtarışında, ün, Ağ Səs duyan qəlb, görən könül axtarışına həsr olundu. Hər iki böyük yazıçının bədii təfəkkürünün alt qatında  sabitləşən, onların yaradıcılıq istiqamətini təyin edən işıq, eşq, günəş, cənnət arayışı fəlsəfəsi Əhməd Qəşəmoğlunun da poetik düşüncəsinin əsasını təşkil edir, onu Ahəng yolu konsepsiyasını müəyyənləşdirir.
 
Meşədə, bir talada, pöhrələyən kötüyün üzərində əyləşərək dünya içində dünyaları axtarmağı, bu dünyalarda yerini tapmaq istəyi şeirin lirik qəhrəmanının dünyanın Ahəng sirrini çözmək istəyinə bağlıdır. "Mən özüm özümdə itmişəm indi", –  deyən şair ilk öncə öz nümunəsində düynanın xilas yolunu axtarır, öz xilas təcrübəsində Ahəngi – Allahın dəsti-xəttini, Allahda isə özünü tapa bilməyin gözəlliyini, şərəfini doya-doya yaşayır. O, cismani, maddi "mən”ində yox olduqca, başqa bir "Mən”də böyüyür, çoxalır. İlahi nəsnədə nəfəslənib bütün təbiətin nəfəsinə, ətrinə qovuşur və sonsuz məkanlarda uçuş əldə eldə edir, mələyə dönüş deyək buna.
 
Meşənin içində talada, pöhrələrinə inandığı kötüyün (bu da simvolik səciyyə daşıyan obrazdır, əlbəttə,  kötük – zaman, pöhrə isə  –  inamdır) üstündə oturub işıqların pıçıltısını, göy üzünün gülümsəməsini görən yolçu öz sədəqəsini almış olur. Təmənna gözləməyən Allah Onun eşqini duyan hər bir kəsə yeni yaddaş verir. Onun yerdəki yaddaşını silir, onun qəlbini və zikrini yeni, ağappaq  səhifədən başlayır – onu uşağa çevirir. İncildə bir çox məqamlarda "uşaqlar kimi” olun kəlamı səslənir. Aləmin nuruna boyanmaq, işıq selinə, işıq sürətinə qarışıb, dünyaları, aləmləri  gəzmək, adi gözlə görülməyən bənövşəyi şüaları görmək şükür məqamına yetişməkdir,  şükür etməyi nəsib edən Allaha salam verməkdir. Allahla görüşə gələn insan! Gəlişin mübarək!  Fəth olunan qəlbinə sağlıq! Yenilməyin qələbəndir! Artıq yer üzünə geri dönsən də, qorxusu yoxdur. Axirət səni cəhalətdən qoruyacaq. Get, yolun açıq olsun! Özünlə apardığın eşq odunu bir ahınla, bir nəfəsinlə verə bilərsən insanlara: yol, haqq, Allah, əhd ....Yol – haqq, Allah – əhd...Yol, haqq, Allah – əhd.. Huu, ərənlər, huuu...
 
...ah! nə gözəl, ağappaq işıq
 qaynayır çay kimi, fəvvarə kimi...
 göylərin daha da dərinliyində
 mən özüm özümdə itmişəm indi...
 
 Bu şeirdə bir də bədii haşiyələmə üslubundan istifadə olunmuşdur, lakin adi mətnlərdən fərqli olaraq, burda haşiyələmə bir müstəvidən digərinə üfüqi keçidi ifadə etmir, burda vertikal inkişaf xətti var, bu, ruhun hərəkətidir, hər hansı bir hadisənin  başlandığı yerdə bitməsi ilə bağlı deyil. Yerdən-göyə ucalan ruh, qəlb yenidən və fərqli məzmunda zühur edən dünyayla qarşılaşır, İlahi Aləmi görür. "Yer üzü” adlı köynəyindən silkinib çıxmış insan  qurbağa dərisini yandırmış nağıl qəhrəmanı kimi, özünü tam, dolğun, əzəli  gözəlliyində dərk edir.
 
İnsanın Allahı görmək məqamı yerlə, dinamika, fizika ilə bağlı deyil, mexaniki prosses deyil, göylə, statika, metafizika, qeyri-səlis düşüncə ilə bağlıdır.
 "Əhməd nə xoşbəxt bəndədi”, – deyir şair "Əhdə vəfa” şeirində. Onun şeirlərində xoşbəxtlik formulunun arayışını izləyirik. O, bu dünyanı unudub, o biri dünyanı, faniliyi – sonlu, axirəti isə əbədi görən insandır, söz sahibidir, irfan əhlidir. Şübhələrin içində itən, lakin batmayan, Allahda özünü tapıb, "öz” qazanan və bu "öz”də bütünlüklə əriyib yox olan zahiddir: barmağın kəssən bilməz. O, görünməz olmaqdan qorxmur, Ahəng yolu özü onu qoruyur.  O Gözəgörünməzin səltənətindədir... Allahla şeytanın davasının yaşını bilən varmı...
 
Qəşəmoğlu söz almaq istəyir, söz sahibi olmaq istəyir. Buna peyğəmbərlik iddiasında olmaq deyə bilmərik, amma onun həqiqətində olmaq deyə bilərik.  Allaha qovuşmaq eşqi deyək, arif olub dünyanın sirrindən tam agah olmaq, əslində, haqq uğrunda cihada hazır olmaq, müdriklik məqamına ərimək istəyi deyək. Yolun çətinliyini gözəl anlayan şair, "ahəng içində” şeirində  "bu yer üzü”nü, "bu göy üzü”nü, "dünyanın özünü” bir ahəngdə birləşdirmək istəyir. İnkar   asandır,  təsdiq – insanın sınağıdır, məsuliyyət hissinin ölçüsüdür, meyarıdır. "Qəlblərdən doğan işıq aləmdəki işıqdırmı?” –  sualını hər kəsə və həm də özünə ünvanlayan şair, haqqa yetmədiyini, bu yolda hələ neçə mərtəbələrə çatmalı olduğunu mütəvazi şəkildə qeyd edir. Özü və dünya ilə münasibəti yaradıcılıq zəminində qurulmalıdır insanın. Səni ucaldanın ucalığını görmədən ucala bilməzsən, Ahəng yolunu duymasan, Allaha yetə bilməzsən. Şair  bu ilahi pıçıltını, vəhyi duyur və "ahəng içində” olan dünyanı bəzəməyə söz axtarır. O sözü ki, başlanğıcda gəlirdi...
 
Ocaqda od bəkcilərinin, İlahi həqiqətlərin səsini eşitmiş insanların, övliya həyatda ödəyəcəkləri və ya ödədikləri bədəl var. Uzaqları  görən insan, gözəllik sirlərinə yiyələnmişdir, o mütləq bu gözəlliyi, bu eşqi başqaları ilə paylaşmalıdır. "Uzaqlardan gələn gəmi” şeirinin müdrik  qəhrəmanı unudulduğunu dilə gətirir, şikayəti – görüş həsrətidir. Allah öz bəndəsini tək qoymur, onu gözləyənin yanına gəlir, onun sorağında sazaqlara əsir düşən aşiqinə  sahib çıxır. "Bəxtin üzümü güldü Mənim kimi yazıqlara?” – sətirlərində rast gəldiyimiz  "yazıqlar” ifadəsi "zavallı”, "biçarə”  mənası daşıyır. Xeyir və şərin, sevgi və zülmün, xilaskar və zalımın üz-üzə gəldiyi   dünyada şərin şər ilə, zülmün zülm ilə, zalımın zalımlıqla  yenilməsinin də qanun olmalı olduğu halda, doğru yol olmadığını dərk edən insanlardır sözügedən "yazıqlar”. Yazıqlıq – acizlik deyil, bədbəxtlik deyil,  güclərin qeyri-bərabərliyində xeyrə, sevgiyə, xilaskara ümid etməkdir. Qəbul olunmuş normaların, kütlə çoxluğunun qaranlıqlarına işıq salıb, ölü qəlbləri diriltmək arzusudur, inamıdır.  Bu duruşda bir  peyğəmbər səbri var, şairin çəkdiyi "ah”da bir İsa Məsih  naləsi var: "Tanrım, məni niyə tərk etdin...”
 
Əhməd Qəşəmoğlu şeirlərini oxuduqca, gözümüzün önündə eşq cəngavəri, "uzaqdan gələn gəminin” yükünü çiyinlərində daşıyan və böyük itaətlə Allahı sevməyi özünə borc bilən aşiq obrazı canlanır. O, "quşların qarğışları” şeirində quşların qarğışlarının dumana çevrilib çəmənlikdən qalxmasını görür, digər bir şeirində çay qırağında tənha bir çiçəyin qəm içində hönkürtüsünü eşidir ("Tənha çiçək”). Özü  o taleyi, biçarəliyi yaşasa da, o çiçəyə təsəlli verməyə gücü çatır, o çiçəyin tənha qəlbi elə şairin də qəlbinin tənhalığıdır. Çiçəyə qonan bülbül kimi, o, həm öz eşqinə, həm çiçəyin qısa, amma gözəl  ömrünə yanıb-ötür:
 
 axan su, bir az dayan,
 bəs dalınca ağlayan
 çiçəyə sözün yoxmu?
 o çiçəyə oxşayan
 gerçəyə sözün yoxmu?
 
Allahın böyük qüdrətindən yaranan dünyada insanlar nədən tənhalıq duyğusu yaşayırlar... Şair sadəcə tək qalmaqdan qorxmur, o, cahillərin arasında, bixəbərlərin yanında tək qalmaqdan qorxur. Əgər hər kəs gerçəyin gözəllik olduğunu bilsəydi, yer üzündə cənnət hasil olmazdımı...
"bilmədim ki...” şeirində lirik qəhrəman yerlə göy arasında, cəhənnəmlə cənnət arasında qalsa da, "yerəm, göyəm? bilmədim ki...”  söyləsə də,  bildiyi bir həqiqət onu yaşadır: " hər qəlb ahəngə təşnədir”. Bu, kamil insanınn  dünya ilə insan arasında əlaqəni dəyərləndirməsidir. İnsanın bütün mövcud olduğu məkan ahəng arayışı məkanıdır, başqa məkan yoxdur və insanın gedəcəyi yer elə bu məsafədədir, sonsuz məkanda, amma ahəng içində yaşamaq və sevərək sevilmək. Mütləq olan ölüm belə bütün sualların cavabı olmaya bilər. Ahəng bu dünyanı o dünya ilə birləşdirən gücdür.
 
"Vücud” sözünün başqa mənası "vicdan” deməkdir. Vücudu vicdanı ilə vəhdət təşkil edən əxlaq insanı kimi, müəllif həqiqət və yalan, olmaq və görünmək antitezislərini poetik tərzdə açıqlayır. Böyük qəlb ağrısı ilə o, "sevgilər” şeirində bu fərqliliklərin mahiyyətini üzə çıxarır.  Yer üzünü bürüyən "iblis sevgilər”, "kölgə sevgilər”, "qurd sevgilər” şairi kədərləndirir. "Məni uzaq elə, Tanrım!üstündə nurun olmayan sevgilərdən”, –  deyə, o, yenə də üzünü Xilaskara tutur. Bu dua yenə də bir nəfərin fərdi qurtuluşuna ümid ilə səslənmir –  bu dua hamı üçündür. "Qəlb işıqlarının can verən vədəsidi, Tanrım!” – bu son bir sətir ayrılıqda bir şeirdir, bir duadır. Şeirin bütövlükdə mətni ilə bu sətir arasında pauza var, gözləmə anı var və ağrının dərinliyini ifadə edir. Mən Əhməd Qəşəmoğlunun bu kitabındakı bütün şeirlərinə və bu kitab haqda yazdıqlarıma "sevgilər” şeirinin son sətrini epiqraf olaraq seçdim – "qəlb işıqlarının can verən vədəsidi, Tanrım!”  Ağrı – dağ böyüklüyündə. Ahəngin özüdür ağrı dağı...
 
Əhməd Qəşəmoğlu şeirinin xüsusiyyətlərindən biri də, gözə çarpmayan formanın içində çox zaman hamı üçün qeyri-adi görünə bilən məzmunun gizlənməsidir. Məsələn, onun "ömrümün gözəl insanları”, "sübhün əvvəli” şeirlərində uşaq kimi təbəssüm, sevgi axtaran qəhrəman təsvir olunur. O, gecə yarısı küçənin ortasında tək dolaşıb insanlarla bağlılıq, sevgi, qardaşlıq, ünsiyyət ehtiyacı kimi yüksək hisslərin qəribə görünə biləcəyindən çəkinmir. Bu, gerçək hisslərdir. Hər iki şeir  öz missiyasını kütlədən fərqli  dərk edən, fərqli düşünən, az rast gəlinən insan obrazıını önə çıxarır.
 
Dünyanın zahiri mənzərəsi  dəhşətdir, amma Allahın səltənəti də var. Əhməd  Qəşəmoğlunun antropoloji düşüncəsində cəmiyyət, sosium insanı tamamilə təyin edən cəhət ola bilməz.  "Dünyanın nəfs əlində, qan gölündə çırpınan  zamanında”, "işıqların kölgələrə əsir düşdüyü vaxtda”  onu kənardan seyr edən, dünyanın halına acıyan birisi  var. Allaha üz tutaraq, Onun qarşısında borcunu bilən möminlər kimi, müqəddəslər kimi, bilgələrin öyüdlərini  yerinə yetirən mürid  kimi, yaşadığı dünyanı cahillikdən qurtarmaq üçün mübarizəyə hazırdır:  "dünyanı belə qoyub dərgahına qayıtmağa utanıram... İlahi!” Onun mübarizəsi özü ilədir, Ahəng yoluna çıxış arayışıdır. Bir qəlbi xilas etmək elə Allahı əbədi olaraq xilas etmək deməkdir. Hərə özündən başlasa... Dostoyevski təbiri ilə, "Hər kəs İsa olsaydı, yer üzü cənnət olmazdımı...” Əhməd Qəşəmoğlunun qəhrəmanı dünya malına həris insanların, şeytan sürüsünün çoxalmasını, Tarının nurunun azalmasını təlaş içində müşahidə edir. Dövrün yaraları artıqca, onun qəhrəmanının sevgisi, mərhəməti çoxalır, böyüyür.
 
Ədəbiyyatın əsas mövzularından biri əsl qəhrəmanlıq nədir, əsl qəhrəmanlar kimdir mövzudur. Müxtəlif zamanlarda dünya ədəbiyyatında bu  məsələ xüsusi əhəmiyyətə malik olmuşdur. Məsələn, XIX əsrin 60-cı illərində rus ədəbiyyatında müsbət qəhrəman axtarışları zamanın önə çıxardığı problemlər fonunda kəskin xarakter almışdı. Bütün rus ədibləri: Türgenev, Qonçarov, Nekrasov, Çernışevski və b. –  inqilabçı, nihilist, atesit, materialist, sosialist düşüncəsi daşıyıcılarını real qəhrəmanlar kimi göstərirdilər.  Dostoyevski  isə mənəviyyat böhranının getdiksə son həddə yaxınlaşdığını görərək  yurodivı – dərviş, övliyya, mömin ruhunun daşıyıcısı olan,  cəmiyyətdə "qəribə”, "idiot”, "əbləh”, "dəli”, "sərsəri” adlandırılan, rus reallığında hamının yadırğadığı mərhəmət mücəssəməsi olan  Mışkin kimi ədəbi bir  obraz yaradtı. Bu, üzdə olmayan, amma xalq yaddaşında milli mədəni təfəkkür qatında yatan  müqəddəslik, ruhanilik hisslərini dilə gətirən bir haqq aşiqi,  cəmiyyətin bütün fərqli sosial təbəqələrini barışdırıcı, birləşdirici, bütünləşdirici, rus sobor düşüncəsini bərpa etmək istəyən, bu yolda özünü qurban verən qəhrəman idi. Tənqidçilərin də "fantastik” adlandırdıqları qəhrəman Dostoyevskinin  nəzərində bütün insanlardan ən vicdanlı, ən real, ən doğru, ən həqiqi  insan idi. 
 
Əhməd Qəşəmoğlunun antropoloji düşüncəsində də insan  yerindən qopmuş, film kimi, oyun kimi, rollarda təqdim olunan dünyada Allaha sadiqliyini qoruyub saxlayır. Eşqini tükənməz bilir.  Borclu olmaq  mükəlləf olmaq deyil.  Sevənin qəlbi Ahənglə, Eşqlə təmasdadır. Tək istəyi Allahın dərgahına üzü ağ getməkdir ("Sübhün əvvəli”):
 
 əlimdən gələni edirəm, İlahi!
 ...sağda, solda, dörd yanda
 
 Dörd rəqəminin dünyanın bütövlüyü  rəmzi kimi, Əhməd Qəşəmoğlunun digər  şeirlərində də yer alması, zənnimcə,  təsadüfi deyil, simvolik səciyyə daşıyır.
 Bütünlükdə dəyərləndirməyə çalışsaq, şairin könül dünyası insanı, bütün bəşəriyyəti öz varlığından uzaqlaşaraq, İlahi eşqə, ahəngə, barışıq və hüzura, xöşbəxtliyə səsləyir.  Şair könlü bundan aza qane deyil. Kainatın ədalətinə inanan şair, "Kainat verəcək hökmünü adil” şeirində İlahi mühakiməyə ümidini dilə gətirir:
 
 İblisin hökmündən insan arınıb,
 Axır biləcək ki, niyə yaranıb,
 Uca kəhkəşandan nümunə alıb
 Allahın  yolunda el dəyişəcək.
 
 Puşkinin  poeziya və şair  mövzusunda yazdığı inci əsərlərindən biri  olan "Abidə” şeirində olduğu kimi, Əhməd Qəşəmoğlu da həqiqqətin qələbə çaldığı zamanlarda onun poeziyasının çox ucalarda, hamıya səslənəcək bir yüksəklidə olacağına inanır.
 
 O vədə səmalar olacaq yerim
 Yenidən dillənər mənim hər şeirim,
 Ruhumdan boy verər o ilham pərim,
 Dövran dəyişəcək, il dəyişəcək.
 
  Əhməd Qəşəmoğu poeziyası böyük ümid, inam poeziyasıdır. O, öz şeirlərində insanları inama, eşqə səsləyir, aqillər kimi, "bir olalım, diri olalım” fitrətini  qoruyur. "Qorxma, dünya bu gündədi” deyir şair oxucusuna kitabının ilk səhifəsində, ilk şeirində ("yolumuz”), "hələ ruhdan salır səni bu duman, hələ itirmisən özünü, qorxma” öyüdünü səsləndirir  "Qəlbində bir işıq oyana bilsə...” şeirində. Tanrının səninlə olduğunu və sənə bütün yol boyu kömək etdiyini bilmək gələcəyinlə üzləşməyə lazım olan cəsarətlə təmin edir, belə ki, sən Tanrının davamlılığında, sonsuzluğunda və gücündə hər bir maneəyə qalib gələcəyini bilirsən. Bu inam şairin  işıqlı dünya ilə qarşılaşması məqamını ifadə edir. Onun   dünyasında baş vermiş  bu görüş, təmas ruhaniyyət məqamıdır,  İlahi gözəlliklə, məna ilə bütünləşməsidir.
 
Şair insanları seyr etdiyi Aləmin gözəlliyinə dəvət edir: "Bəlkə də, dindirsən sən hər birini, Görərsən hamısı eşq bürcündəndi...” Bu bir humanizm göstəricisidir, həqiqətə çağırışdır, qardaşlaşmağa, eşqdə çoxalmağa, birliyə haraylamadır və inamdır.  Bu,  bir insanın başqa insana, bir bəndənin digər bəndəyə sevgisi deyil, peyğəmbər həqiqətinin insana çatdırılması məqamıdır.  Yerdən göyə, qaranlıqdan işığa, ölümdəm əbədiyyətə gedən yolun yolçusu peyğəmbərlərə öz vətənində var olma haqqını elə zamanın özü verdiyi kimi, Əhməd Qəşəmoğlunun da şeirlərinə, fəlsəfi, ruhani poeziyasna, Ahəng universumu yaratmaq cəsarətinə əbədi zaman öz haqqını verəcək. Bu ehtiyac var olduqca, dünyanın varlığına ümid yaşayacaq.
 
O dünyasında belə insanları cahil görmək şairin ruhunu narahat edir, qəlbini ağrıdır. "Məni də ağlayan var?” şeirində iki dünyanı bir inamda, ahəngdə görmək istəyini dilə gətirir şair. O, bu dünyada anlaşılmaqla, axirətini də xilas etməyi düşünür.  Varlığın nə olduğunu bildiyi üçün, yoxluğun da necə olduğunu bilən şair kimi, boşluqda və xaosda ahəngi fərqləndirən filosof  kimi, Əhməd Qəşəmoğlu əbədi dünyaya köçməkdən qorxmur, onu sağlığında anlayanların olmasını istəyir.. Məzarına gül qoyanlar olsun deyə... Ölümsüzlüyə inam insanın yer üzünü cənnətə çevirməsi  üçün yeganə şərtdir. Əhməd Qəşəmoğlunun da  bircə şərti var: insanlar  Allahın onlara verdiyi bu lütfü, bu bağlılığı, bu müqəddəs hissi, iman duyğusunu, xilas cəhdini ciddi qəbul etsinlər. Məsxərəyə qoyula bilməz müqəddəslik.
Əhməd Qəşəmoğlunun "eşqdən o yana” kitabı etiraf ədəbiyyatının nümunəsi kimi,  bütöv bir poetik mənzərəyə malikdir. Bu bütövlüyü  təşkil edən prinsiplərin, cəhətlərin öyrənilməsi vacibdir. Başqa aləmlərdən danışan,  eşqin, Allahın, ahəngin və Ahəng yolunun bədii ifadəsinin qanunauyğunluğunu öz yaradıcılığı ilə təsdiq edən  filosof-şairin yeni kitabında sevgi və vətənpərvərlik ruhunda yazılan bir sıra  şeirlər də öz əksini tapmışdır. Onların hər birində real və irreal, görüntü və mahiyyət, güc və çarəsizlik, gerçəklik və həqiqət mövzuları insanın ahəngə qoyuşması, ölümsüzlük qazanması və dirilmə diskursu üzərindən aparılır. Ümid edirəm ki, onlar da başqa bir yazının mövzusu olar. Ahənglə yazılan.
 
Kəmalə Umudova