• cümə axşamı, 28 mart, 23:46
  • Baku Bakı 13°C

Ürək yox, can istəyəndə…

14.06.21 12:30 1550
Ürək yox, can istəyəndə…
Və ya qurusunun dəyəri artan, dəminin keyfiyyəti azalan çay
- Xaricdə yaşayan ailə dostumuz bizə bir kiloqramı 1000 manata olan qara çay hədiyyə etmişdi. Dəmləyəndə, çox möhtəşəm dad gözləyirdik, düşünürdük ki, indiyədək içdiyimiz çaylardan kəskin fərq hiss edəcəyik. Gözəl idi, amma o möhtəşəm fərqi görmədik.
- Bir neçə dəfə fərqli qiymətlərə olan çayları içmişəm. Məncə, qiymət fərqi tək dada görə olmur, maraqlandıqca, görürsən ki, burda çox incə məqamlar var. Çin çayları ilə bağlı verilişə baxdım və agah oldum ki, quru çay uzun müddət saxlandıqca qiyməti artır. Məsələn, 1950-ci ildən saxlanılan çayın bir qramı qızılın qramından 7 dəfə baha təklif olunurdu
Maraq məni bürüdü, internetdə axtarış verdim, fərqli qiymətlərə olan çaylar haqqında oxumağa başladım. 1 kiloqramı 1000, 3000, 70 000, hətta 1 000 000 dollara da olan çaylar var.

1 kiloqramının qiyməti 3 000 dollara satılan "Qızılı çay başlıqları”nı özəl edən səbəb bu oldu: "Bu çay ildə cəmi bir gün qızıl qayçı ilə dünyada yalnız bir dağda toplanır. Kəsilmiş çay başlıqları Günəş şüaları altında qurudulur, daha sonra qapalı konteynerlərdə saxlanılır. Polifenollar ayrıldıqca saralır və yumşaq gül ətri verməyə başlayır. Daha sonra 24 karat qızıla boyanır, bunun sayəsində içki sayrışır. Çay yalnız Sinqapurda satılır”.

"Narcissus Wuyi Oolong çayı”nın 1 kiloqramının qiyməti 6 500 dollaradır. 2013-cü ildə Honkonqda hərraca çıxarılan çayın qutusu üzərindəki yazıda 1960-cı ildə istehsal edildiyi qeyd edilib. Çayın yarpaqları Fuzzyan (Çin) əyalətindəki "Wuyi” dağında toplanır.
Faydalılıq, müalicəvilik, nadirlik, brendləşmə və s. səbəblərdən qiymətlərdə kəskin fərq var. Bəs kiloqramı 1000 manata olan çayda xüsusi dad hiss etməməyin səbəbi nədir? Ümumiyyətlə, qara çayla bağlı hansı özəlliklər var? Ətirlidir, dadlıdır, amma zərərli olduğu ilə bağlı da çox tez-tez fikirlər səsləndirilir, bəs bu zərəri bizə nə zaman vurur?
Torpağın tərkibini, günəşin istiliyini…
Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) baş direktoruTahir Əmiraslanov bildirdi ki, keyfiyyəti qorunaraq uzun illər saxlanılan çay xüsusi dəyər qazanır: "Bütün ərzaq məhsulları ilə bağlı incə məqamlardan biri də onun necə saxlanmasıdır. Məsələn, pendiri boçkada, motalda və bankada saxlayaq. Hər birində əldə edilən dad fərqli olacaq. Bütün ərzaq məhsulları belədir. Hər şəraitdə çayın tərkibində gedən proses fərqli olur. Çayı elə-belə kənara qoyub saxlayanda, qaldıqca dəyəri artmır. Çay qısa müddətdə evdə açıq qabda saxlanılanda, keyfiyyətini itirir. İllərlə qalmasından söhbət gedirsə, onların da öz saxlanma qaydası var və buna riayət edilməklə, illərlə saxlayırlar. Məhsul xarab olmursa, öz keyfiyyətini saxlayırsa, üstündən illər keçəndən sonra da dəmləyib içəndə, yetişdiyi torpağın tərkibini, havanın necə olduğunu, günəşin istiliyinin dərəcəsini özündə əks etdirir. Bunlar hamısı çayın keyfiyyətinə, dadına təsir edən amillərdir”.

T.Əmiraslanov bildirdi ki, illərlə saxlanılan çaylara bu qiyməti verən səbəb təkcə tərkibində gedən dəyişiklik deyil: "Çayın tərkibi dəyişməsə belə, qaldıqca əntiq bir məhsula dönür. Tutaq ki hansısa bir ərazidə yetişən çay var ki, ondan 50 il əvvəl toplayıb saxlayıblar, bu gün dünyada cəmi 10 kilo qalıb. Bu, artıq özlüyündə çox bahalı məhsula çevrilir. Necə ki qurmanlar üçün 100 illik şərab başqa cür dəyərləndirilir, eynilə də 50-100 illik çay elədir. Ondan çox az qalıb axı”.

Baha qiymətə təklif olunan, illərlə saxlanan çayları içib xüsusi dad almamağımızdan danışan T.Əmiraslanov deyir ki, bunun səbəbi fərqli ola bilər: "Məsələn, futbola maraq göstərməyən adam futbolu izləyəndə, düşünə bilər ki, eləcə, top arxasınca qaçırlar, burda maraqlı nə isə yoxdur. Amma bir də futbol həvəskarlarına, bu işi bilənlərə baxaq. Hər şeyin öz xiridarları, sənətkarları var. Onlar bilirlər, dadı hiss edirlər. Mənim fərqli dadda, uzun müddət saxlanılmış çayları dadmaq imkanım çox olub. Deyim ki, burda çox incə məqamlar var ki, o dadı almağa mane ola bilər. Məsələn, Çində yetişən, uzun illər saxlanan, qiyməti yüksək olan bir çayı burda dəmləyib içəndə, hər hansı özəllik hiss etməmək də olar. Niyə? Çünki Çində çayın öz dəmləmə texnikası var, yaponların ayrı, bizim ayrı. Yaponun saxladığı çayı yapon üsulu ilə dəmləyəndə, yaponların çayı içdiyi qabda içəndə, o dadı almaq olur. Qab məsələsi belə önəmlidir. Necə ki, ağ şərabı gərək uzunsov badədə içəsən. Çünki bu şərabı içəndə, gərək dilin ucu ilə hiss edəsən. Elə şərab var ki, onu dilin ortası hiss etməlidir, eləsi var, kənarı, arxa tərəfi. Badələr də ona əsasən düzəldilir. Buna çox adam heç fikir vermir. Çayların içilmə qabları da elə”.

Çay dəm aldıqda 1-2 dəqiqə gözləmək lazımdır

Çayçı Mahir dayı ilə gündəlik dəmlədiyimiz çayların sirləri haqda danışdıq. O, ilk olaraq dadlı çay üçün dəm prosesindən öncə vacib olan 3 nüansı qeyd etdi: "Birincisi, məkanın, evin aurası önəmlidir. İkincisi, çayın nə vaxt dəmlənməsinə fikir verməliyik. Səhər, günorta, axşam dəmlənirsə, bunların hər birinə fərqli yanaşılmalıdır. Üçüncüsü, sevgi qatmalısan”.

Çayçı dayı deyir ki, yaxşı çay içmək üçün ilk olaraq istifadə etdiyiniz suya uyğun çay növünü tapmaq lazımdır: "Keçən dəfə mağazada müştəri, satıcıdan çay haqqında soruşdu. Satıcı "heç bir fərqi yoxdur” dedi. Əslində, fərqi böyükdür. Buna görə, ilk olaraq evdə işlətdiyin suya uyğun çayı tapmalısan. Bunun üçün dəfələrdə yoxlayırsan və nəhayət evə gələn su ilə aldığın çayın sintez olunduğunu hiss edəndə, dayanmalısan”.

Dəm prosesində isə incə məqamlar çoxdur. Çayçı dayı bu məsələyə xüsusi yanaşmağın vacib olduğunu deyir: "Çay iki yerə bölünür: narın və yarpaq çaylar. Yarpaq çaylar 25-40 dəqiqəyə dəm alır, narın çaylar 3-7 dəqiqə arası. İşlətdiyin çaynikdən asılı olaraq arada bir neçə dəqiqə fərq ola bilir. Çox adam çaydanı qaynadır və 95 dərəcəni keçmiş suyu yarpaq çayının üzərinə süzüb dəmləyir. Bu zaman isti su yarpağı yandırır. 90-95 dərəcədə narın çayı dəmləmək olur. Sırf keyfiyyətli çaydan danışırıqsa, narın çaylara çay da demək olmaz.

Çay dəm aldıqda 1-2 dəqiqə gözləmək, sonra süzmək lazımdır. Bu zaman dadı daha fərqli olur. Çayı dəm alandan sonra gec də süfrəyə gətirmək olmaz. Bu zaman artıq çayda istədiyin dad qalmır.

Evlərdə belədir ki, adətən, bir dəfə çay dəmləyirlər, gün ərzində üstünə ağ su alıb çay süzürlər. Çayın müddəti var, dəmlədin, süfrəyə verildi, içildi. Qaldısa, artıq çay deyil.

Çayı qaynamağa qoymaz olmaz. Qaynanmış çay içməkdənsə, kal çay içmək ondan yaxşıdır. Onda çaydan əsər-əlamət qalmır. Onu içəndə, sinir sistemini pozur”.

Çayçı dayı bildirdi ki, çayı can istəyəndə içmək lazımdır: "Səhər tezdən içilən çay sənin gündəlik ab-havan deməkdir. Kimi tünd sevir, kimi açıq, kimi orta və s. Əgər siz istəmədiyiniz çayı içirsinizsə, bu, sizi əsəbiləşdirə bilər. Bu səndən deyil, insan orqanizmindən asılı olan şeydir. Çayın sirri bilirsiniz nədədir? Çox nemətləri ürək istəyir, çayı isə can istəyir. Çayı dadan adam "bu nədir” deyirsə, deməli, o, istədiyi çayı içmədi və içəndən sonra əsəbiləşə də bilər. İstədiyi çayı həmin vaxt adama vermək lazımdır. Həkimlər deyirlər ki, çay ziyandır. Bəli, bekarçılıqdan içilən çay ziyandır. Ancaq çayı can istəyən vaxtı bir stəkan içmək faydalıdır”.

Ev və kafe-restoran çayının fərqi

Çayçı Rəfael Kiçikmirzəyev evlə restoran çayı arasındakı fərqin səbəblərindən danışdı: "Ev şəraiti ilə restoran və kafelərdə dəmlənən çay arasında fərq çoxdur. Evdə proses belədir ki, çaydanda su qaynayır. Sonra çaynikə 3-4 qaşıq çay və qaynanmış su əlavə edib dəmə qoyurlar. Stəkanın yarısına qədər dəm, yarısına qədər isə ağ su süzürlər. Biz isə çayı bir dəfəyə dəmləyirik. Su və dəm bir yerdə olur. Ona görə, evdəki çay restorandakıların dadını vermir”.

R.Kiçikmirzəyev deyir ki, əgər aldığınız çay təbii deyil, rənglənmişdirsə, bu zaman çay dəmlənməsinə bir az fərqli yanaşmaq lazımdır: "Çay dəmləyəndə, çox vaxt çayniki soyuq su ilə yaxalayıb, quru çayı əlavə edib dəmə qoyurlar. Mən çaynikə əvvəlcə yarım stəkana qədər isti su tökürəm, isti su ilə yaxalayıram, o suyu atıram. Sonra müştərinin zövqünə görə quru çay əlavə edirəm. Sonra yenə yarım stəkan su tökürəm, yaxalayıb suyunu boşaldıram. İndi çayların çoxu rəngdir. O çayın öz acılığını çıxarıram. Sonra yarım çaynik su əlavə edib dəmləyirəm. Sonra 5-10 dəqiqə dəm alır, çay suyun üstünə yığılanda, çayniki doldururam. 1-2 dəqiqə kənarda saxlayıram, sonra müştəriyə təqdim edirəm. Bu zaman 20-25 il öncəki Lənkəran çayının dadını verir”.

2 bəsdir

Həkim, dərman bitkiləri üzrə ekspert Elnur Eldaroğlu deyir ki, təbiidirsə və vaxtında içilərsə, qara çayın öz faydaları var: "İstər qara çay, istər də bitki çayları dərman kimi təsirlərə malikdir. Söhbət rənglənmiş deyil, keyfiyyətli çaylardan gedir. Qara çay stressi azaldır enerjini artırır, xoşbəxtlik faktoru sayılır. Amma burda vaxtında içilməsi məsələsinə də fikir vermək lazımdır. Çinlilər hazırlanma və istifadə qaydasını çayın paketinin üzərində çox aydın şəkildə yazırlar. Çay hazırlanandan sonra maksimum 6 dəqiqə ərzində içilmirsə, onun tərkibindəki efir birləşmələri uçur və orqanizmə lazım olan maddələrin böyük hissəsi itir.Əks halda, sevə-sevə içdiyimiz çay zəif ətirli və faydasız məhlula çevrilir. Çayı bir dəfə hazırlamaq və gün ərzində bir neçə dəfə yenidən qaynadıb içmək də orqanizm üçün çox təhlükəlidir”.

"Biri qaydadır, ikincisi cana faydadır, üç nəhsdir, dörd bəsdir”. Çay haqqında olan bu deyimi yəqin ki, hər birimiz tez-tez eşidirik. Bu mövzuda tibbi yanaşma haqqında danışan E.Eldaroğlunun sözlərinə görə, əgər ziyanını deyil, faydasını görmək istəyirsinizsə, qara çayı gün ərzində iki-üç stəkandan artıq içmək məsləhət deyil: "İstər yaşıl, istər qara, istər də ağ çay olsun. Bunların hər birinin öz antioksidant özəlliyi var. Məsələn, qara çayın tərkibində tannin maddəsi var. Uzun müddət istifadə etdikdə, bağırsaqlarda büzüşdürücü təsir yaradır, qəbizliyə səbəb olur. Damarlarda spazma yarada bilir. Ürək-damar sistemi üçün yaxşı nəticə verən məhsul sayılmır. Yaxud təzyiq yaradır. Təzyiqi yüksək olanlar üçün daha problemli ola bilər. Ona görə, çayları çox istifadə etmək tövsiyə olunmur. Hələ təbiisini çox içmək olmaz, qaldı da ki, boyanmışını. Boyanmış çay mədə-bağırsaq, böyrək, sidik yollarımız üçün davamlı təhlükələr yaradır”.

Bəs çox çay içməyə öyrəşən adamlar nə etsinlər? E.Eldaroğlu deyir ki, ən yaxşı üsul bitki çayları ilə əvəz etməkdir, ondan yaxşısı isə sudur: "Əgər adam çox çay içirsə, bunu bitki çayları ilə əvəz edə bilər. Məsələn, gün ərzində 10 stəkan çay içirsə, iki dəfə adi çay, bir dəfə cökə, bir dəfə itburnu, bir dəfə yemişan, bir dəfə çobanyastığı və s. şəklində dəyişdirərək içə bilər. Artıq çəkisi olandırsa, ətotu bitkisindən istifadə etsin. Yaxud birinin böyrək-sidik yollarında problem varsa, qırxbuğum, yaxud qatırquyruğu istifadə edə bilər. Dayaq-hərəkət sistemi problemi olanlar çinar yarpağı, söyüd qabığı və ya yarpağının çayını içə bilər. Gün ərzində dəyişmək yaxşı olar. Amma çayı su ilə əvəz etmək daha doğru yanaşmadır. Çünki bədənimizin üçdə iki hissəsi çaydan deyil, sudan ibarətdir. Ona görə də, bədən şəffaf şəkildə olan suyu istəyir”.

"Yeməkdən sonra çay gəlsin” kimi vərdişimiz var. E.Eldaroğlu deyir ki, yeməkdən dərhal sonra çay qəbulu məsləhət deyil: "Bizdə yeməkdən sonra çaya, bir növ, qida qəbulu prosesinin davamı kimi yanaşılır. Mütəxəssislər çayın həmin qaydada qəbulunun orqanizm üçün faydasız olduğunu iddia edirlər. Yeməyin ardınca çay qəbulu həzmi gecikdirir. Ona görə, çayı yeməkdən iki saat əvvəl və ya sonra içmək yaxşı olar”.
Ekspert, səhərlər şirin çay içmək məsələsindən də danışdı: "Şirin çay içilməsi, bütün hallarda məsləhət görülmür. Şirin çay – süni şəkər və boyalı çay birlikdə qanda şəkərin miqdarını artırır və təzyiqi yüksəldə bilir. Mədə turşululuğunu artırır. Allergiyaya meyilli olanlara mənfi təsir göstərə bilir. Əgər çay təbiidirsə, bu mənfi təsir 50 faiz azalmış olur”.

Çayı nə ilə içmək məsələsi də var. E.Eldaroğlu bildirdi ki, bu zaman çayın kalorililik dərəcəsini artırılmamağına diqqət etməliyik: "Bir çox xalqlarda çayın mütləq balla, südlə, şirin nemətlərlə içilməsi kimi vərdişlər formalaşıb. Eləcə də, bizdə. Bu, çayın kalorilik dərəcəsinin artırılmasına xidmət edir. Meyvə quruları – xurma, kişmişlər daha məsləhətlidir, nəinki kalorilik verən şirin nemətlər”.
Aygün Asimqızı

Foto:Tapdıq Abdullayev / Global Media Group



banner

Oxşar Xəbərlər